"İstəyən adam"  

 

 

Kim idi o?..

 

Tanrı onu anadangəlmə yarıtmamışdı. Dünyaya şikəst gəlmişdi, anasını da vaxtsız itirmişdi. Bəlkə elə bunlar olmuşdu hələ lap uşaqlıqdan sözlə ülfət bağlamağının, həmdəm olmağının səbəbi; axı, söz mehriban idi, onun sehri ilə, gücü ilə qəlbini ovundurub toxtaya bilirdi...

Elə buna görə də tələbəsi olduğu universitetin nüfüzlu İqtisadiyyat fakültəsində təhsilini yarımçıq qoyub Filologiya fakültəsinə keçmişdi.

Ancaq o öz sözünü hələ deməmiş dünyadan köçdü, nə vaxtsa öz sözünü deyə biləcəyinə qəlbində böyük bir inam var idi, bəlkə də elə bu inamın gücü ilə öz istəyinə çatacaqdı da.

Əmirqulu Quliyevin paytaxtdan, ədəbi mərkəzdən uzaqda, Dəvəçi adlı balaca əyalət şəhərində yazıb yaratdıqları - şeir və hekayələr isə elə indinin özündə bədii ədəbiyyatın, söz sənətinin böyük bir pərəstişkarından danışmağa, söhbət açmağa imkan verir...

Bəs kim idi Əmirqulu Quliyev?

 

Təsəlli

 

İstər şəxsi, istərsə də ədəbi taleyindən özü heç vaxt şikayətlənməsə də yadımdadır, tez-tez A.P.Çexovun "Qağayı"sını dilə gətirər, həmin səhnə əsərindəki obrazlardan birinin - Sorinin sözlərini təkrar edərdi: "Kostyaya povest üçün bir süjet vermək istəyirəm. Onun adı belə olmalıdır: "İstəyən adam". Mən cavanlığımda ədəbiyyatçı olmaq istəyirdim, amma ola bilmədim.

...Həmişə şəhərdə qalmaq istəyirdim, amma gördüyünüz kimi ömrümü kənddə başa vururam". Sorinə təsəlli vermək üçün deyirlər ki, həqiqi "statski sovetnik" olmaq istəyirdin, oldun da...

Sorinsə belə cavab verir: "Mən buna can atmırdım. Bu iş öz-özünə oldu".

Əmirqulu Quliyev də zəmanəsinin Sorin taleli, "istəyən adam"ı idi... Ancaq öz istəklərinə çata bilmədi, 1966-cı ildə filologiya ixtisası üzrə təhsilini başa vurduqdan sonra doğulduğu Şabrana qayıtdı, o vaxt "Qurucu" adı ilə nəşr olunan (indisə "Şabran") rayon qəzetində əvvəlcə-ədəbi işçi, sonra isə məsul katib oldu.

Həmin illərdə Şabran bölgəsindəki qaynar ədəbi mühit məhz onun adı ilə bağlıdır. O zaman orta məktəb şagirdləri olan bir çoxumuzun ilk ədəbi müəllimi Əmirqulu Quliyev oldu. Çox vaxt tədris proqramından kənara çıxa bilməyən ədəbiyyat müəllimlərinin görəcəyi işləri Əmirqulu müəllim təkbaşına gördü. O, kiçik formatda çıxan rayon qəzetinin səhifələrini ədəbiyyat həvəskarlarının, gənc yazarların üzünə gen-bol açdı.

Həmin yetmişinci illərdə ədəbi mərkəzdən kənarda yazıb-yaratmağın nə qədər çətin və ağır olduğunu bilən Əmirqulu müəllim Şabranda ədəbi mühit yaratmağa çalışıb az-çox nail də oldu.

 

Xatirələr işığında

 

Ağalar Mirzə: - "Yetmişinci illərin ortalarında qar kimi təzə nəfəslə hər gün misraya hörülüb söz ömrü yaşadığımız günləri xatırladım. O vaxt bizim ədəbi mərkəz, ədəbi məktəb deyilən bir ünvanımız var idi: "Qurucu" qəzeti. Ən gözəl duyğularımızı qar üstündə ilk ləpir salan kimi o qəzetin səhifələrində nəqşləndirərdik.

O ilahi günlərdə bizim intəhasız söz dünyamızda bir bələdçimiz vardı - Əmirqulu Quliyev! Əmirqulu müəllimin ədəbi kumir olmasına baxanda, heç bir real imkanı yox idi - kitabı çap olunmamışdı, adlı-sanlı mətbuat orqanlarında işləmirdi, şeir-sənət aləmində populyar deyildi.

Lakin onun da, bizim də isti bir ocaq deyib qısıldığımız rayon qəzetində sən demə, sonralar professional sənət davamçılarının ilk yazıları çap olunurdu. Əmirqulu müəllimin zövqü, istedadı, zaman, insan haqqında təcrübədən gələn bilikləri bu vaxt bizim əlimizdən tutur, çılğın hissə, emosiyaya ağıl, müdriklik əlavə edirdi.

Tale onun sağlamlığını əlindən almışdı, amma əvəzində aydın təfəkkür, ciddi yumor, sevgi haqqında qeyri-adi danışıq tərzi vermişdi. Gözəl lirik şeirləri vardı. Bəlkə də heç vaxt qızlar tərəfindən sevilməyən bir hiss idi gözəlliyə bu qeyri-adi baxış...

Biz elə bu gün də neçə-neçə kitabımızın çap olunduğuna baxmayaraq, Əmirqulu müəllimin söz-sənət sehrindən çıxa bilmirik. O, ilk müəllim kimi unudulmazdır..."

 

Özgəsinin sevincinə sevinən adam

 

O vaxt - 1967-ci ildə "Gənclik" nəşriyyatında çapdan çıxmış "Gənc qələmlər" adlı almanaxda onun da bir şeiri çap olunmuşdu:

 

Bu gecə kənddə toydur,

Şaddır gəlinlər, qızlar,

Gözaltı danışan var,

Xəlvət pıçıldaşan var.

Oynayır qoca-cavan,

Dayanıb bir qıraqda

Düşünürəm bayaqdan:

İki nəfər bu günü

Hər gün arzulayıbdır.

Sən bir sevincə bax ki,

İki qəlbə sığmayıb

Bir kəndə yayılıbdır...

 

İlk dəfə o almanaxda çap olunanlardan bəziləri sonralar adlı-sanlı qələm yiyələri oldular, ədəbiyyatımızda özlərini təsdiq edib sözlərini dedilər. Almanaxda "Sevinc" adı ilə çap olunan bu şeirin müəllifinə isə qələm yoldaşlarını ədəbi uğurlarına sevinmək payı düşdü...

Heç kəs inkar etməz ki, qələm adamının yetişməsində, püxtələşməsində vaxtaşırı çap olunmağın rolu, əhəmiyyəti böyükdür. Ədəbiyyata bir vaxtda gəldiyi yaşıdlarından Əmirqulu Quliyevin "geridə", "kölgədə" qalmağının bir səbəbi də, bəlkə də, onun rayonda, əyalətdə "ilişib qalması", müntəzəm çap olunmaması, ən başlıcası isə elə buna görə də özünü və sözünü qıraqdan görə bilməməsi idi...

Bəlkə elə buna görə də Bakı onun qibləgahı idi. Bakının adı çəkiləndə az qala ağzında dili titrəyirdi. Lakin nə yazıqlar ki, illər uzunu yolunu Bakıya sala bilmirdi.

Həyatda bir növ tənha, kimsəsiz adam idi. Və bu təkliyindən, tənhalığından qaçmaq, uzaqlaşmaq üçün insanlara tərəf can atırdı, bəlkə də elə buna görə yaman söhbətcil, qılıqlı idi...

...Dünyaya gələn gündən Tanrı tərəfindən yarımayan Əmirqulu Quliyev daxilən çox kədərli, qəmli, nisgilli idi, ancaq bir insan kimi onun böyüklüyü bu fiziki şikəstliyini unuda bilməsində idi. Şikəstliyini kiminsə üzə vuracağından, ona yazığı, rəhmi gələcəyindən qorxurmuş kimi şən görünər, özünü həmişə tox tutar, bərkdən danışıb ucadan gülərdi... Baxan da deyərdi ki, beş bəxtəvərdən biridir...

Əmirqulu Quliyevin zahirən bu deyib-gülənliyi əvvəllər bir növ özünü "gizlətmək" üçün idisə, sonralar o, gülə-gülə dünyadan sanki hayıfını almağa başladı... Şirin yumor, ciddi və kəskin satirik duyuma malik Əmirqulu müəllim qələmini nəsrdə sınadı, dadlı-duzlu, məzəli hekayələr yazmağa başladı.

O zaman "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri işləyən, Əmirqulu Quliyevin ədəbi taleyində ən xeyirxah yaxşı adamlardan birinə çevrilən Sirus Təbrizli bu hekayələri yetmişinci illərin sonlarında qəzetin demək olar ki, hər sayındakı satira və yumor guşəsində gen-bol çap etdi. Sirus Təbrizli Əmirqulu Quliyev haqqında isti və səmimi bir söz də yazıb qəzetdə şəklini də verdi. Və bəlkə də bu, Əmirqulu müəllimin mətbuat səhifəsində o vaxtacan dərc olunan ilk şəkli idi...

Sonralar Əmirqulu Quliyevin "Məhəmmədhəsən əminin "Volqa"sı" adlı nisbətən iri həcmli hekayəsi Əkrəm Əylislinin diqqət və qayğısı sayəsində "Azərbaycan" jurnalında çap olundu.

 

Yenə də bir xatirə

 

Sadıq Elcanlı: "Təxminən 27 il əvvəl Bakı Dövlət Universitetinə daxil olub Şabrana qayıdanda ilk qarşıma çıxan Əmirqulu müəllim oldu. O vaxt o, "Qurucu" qəzetinin məsul katibi idi və ədəbiyyat işığına üz tutanların - Şabran gəncliyinin qayğıkeş dostu, təmənnasız köməkçisi idi. İndi mənim onacan kitabım çap olunub, amma ilk yazılarımın sevinci hələ də yadımdadır. Və o da yadımdadır ki, 27 il əvvəlin o isti yay günündə universitetə qəbul olunduğumu eşidib uşaq kimi sevindi, qəzetin növbəti sayına təzə yazı istədi.

O, böyük istedad sahibi deyildi, lakin balaca boyu ilə böyük ürək sahibi idi. Ədəbiyyat tilsiminə düşən Şabran gəncliyi, xüsusilə, bizim ədəbi nəsil - Bakı-Quba arasında unudulduğumuz, çap olunmaq çətinliyinin soyuğunda üşüdüyümüz ən küləkli, yağışlı, çovğunlu havada o böyük ürəyin istisinə, işığına güvəndik. Əmirqulu müəllim ədəbiyyata, sənətə fanatik sevgisi, inamı, fil dözümü ilə bizi çox xilas edib. Əslində, bizim ilk ədəbi yığıncağımız Əmirqulu Quliyevin köhnə mətbəə küncünə qısılan balaca kabinetində olub.

Şabranın göbəyində, Bakı-Quba yolunun düz üstündəki həmin balaca, tənha otaqda Əmirqulu müəllimin sevinci az, əzabı çox, dünyası əbədiləşmişdi. Özü dünyadan köçəndə səsi-sözü yaddan çıxıb o tənha otaqda qalmışdı. Və neçə il əvvəl o köhnə mətbəə söküləndə Əmirqulu müəllimin qəribsəyən, göynəyən səsini-sözünü eşidib heyfsləndim.

Əmirqulu müəllimin poeziyası iddialı deyildi, kənd uşağı kimi sadə, sadəlövh idi. Bu daha çox təbiətə üz tutan, təbiətə qulaq asan və təbiətdən gələn səs-sədanı, gizli ahəngi tutmağa çağıran poeziya idi. Əlbəttə, həqiqət naminə deyək ki, Əmirqulu Quliyev poeziyada getmək istədiyi yolun hələ əvvəlində idi və eləcə də yolun əvvəlində ilişib qaldı. O, getmək istədiyi sənət yolunu getmədi, gedə bilmədi. Bakıdan uzaqlaşmağı, əyalətdə ilişib qalmağı da, şikəstliyi, imkansızlığı da, gündəlik qəzet, mətbəə, ev-eşik qayğısı, çox şey mane oldu. Və bəlkə də bu, taleyin hökmü, hikkəsi idi ki, Əmirqulu Quliyev getmək istədiyi, gedə bilmədiyi sənət yolunun əzabını, yanğısını yaşadı. O, poeziyasını, deyə bilmədiyi poetik sözünü qəlbində dəfn eləmişdi və bəzən tənha, balaca məzar başında şam işığında göynəmək qisməti idi.

Yadımdadır, "Azərbaycan" jurnalında hekayəsi çap olunmuşdu, onu təntənə ilə mənə təqdim edib məlum misranı ucadan dedi: "Hələ ölməmişəm, hələ mən sağam?" - Və mən köhnəlməyən köhnə dostum Əmirqulu Quliyevin qəlbində gedilmək istəyən, yəqin ki, bundan belə gediləcək yolun qəfil səsinə, közərən, alovlanan işığına sevindim. Elə bil Əmirqulu müəllim ədəbi həyata təzəcə başlamışdı. Və min təəssüf ki, həyatın özünün sonuna az qalmışdı.

Ölüm lap yaxın döngədə idi, pusquda dayanmışdı..."

Nizami Əlioğlu: "Əmirqulu müəllim öz yazılarını Bakıya, mətbuat orqanlarına poçtla yollamağı xoşlamazdı, sanki onların it-bata düşəcəyindən ehtiyatlanırdı. Bəlkə də xatircəmlik üçün idi ki, o, Bakıya yolu düşən tanıdığı adamlarla redaksiyalara yazdıqlarını göndərərdi. Onun o vaxt "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilən satirik və yumoristik hekayələrini redaksiyaya mən aparardım. İndi bunları söyləməkdə məqsədim var; Əmirqulu müəllimin xeyirxahlığından, təzə qələm tutanlara qayğısından danışmaq istəyirəm. O vaxt mən də təzə-təzə hekayələr yazardım. Əmirqulu müəllim bir neçə yazımı bəyənib rayon qəzetində buraxdırmışdı...

Bir gün dost-tanış "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmiş hekayəmə görə məni təbrik edəndə çaşıb qaldım. Axı, mən redaksiyaya hekayə göndərməmişdim.

Əmirqulu müəllim ilə növbəti görüş zamanı məsələ mənə agah oldu. Demə o, rayon qəzetində dərc etdiyi bir hekayəmi öz yazıları ilə birgə məndən xəbərsiz "Ədəbiyyat və incəsənət" qəzetinə yollayıbmış...

O zamankı çap sevincini indi də unutmamışam.

Əmirqulu müəllim belə canıyanan bir insan idi. Öz qısa ömrünü çox böyük arzularla yaşamış cəfakeş insan təəssüf ki, az şeyə nail oldu. Amma onu üstələməyə, əzməyə can atan dərdi, kədəri özünə yaxın qoymadı.

Bəlkə də o, öz dərd-qəmini içində çəkirdi, amma bunu büruzə vermədiyindən biz də heç xəbər olmamışdıq..."

"İçindən üzülə-üzülə qırxa çatmaq olmaz..."

Bir gün kitabının çapdan çıxmasını görmək! Bu, Əmirqulu Quliyevin ən böyük arzusu, ən böyük həsrəti idi... Bu həsrətini heç gizlətmirdi də: "Kitabım çıxsa, ölmərəm..."

Kitabı çıxmadı və Əmirqulu Quliyev də yaşı qırxı haqlamamış 28 il bundan qabaq dünyasını dəyişdi. A.P.Çexovun əsərindəki Sorinin şəhərdə qalmaq, ədəbiyyatçı olmaq arzusunu, həsrətini tez-tez yada salan Əmirqulu müəllim özünü toxtatmaq üçün "Qağayı"dakı həmin Sorinin bir cümləsini tez-tez təkrar edərdi: "Qərəz ki, kiçik bir ədəbiyyatçı olmaq da xoşdur".

Əmirqulu müəllim yataqda az xəstə yatdı. Ölümündən bir neçə gün əvvəl ona baş çəkən dostlara: "Heç bir ağrım yoxdur, - demişdi, - amma elə bil ki, üzülmüşəm..."

Demə, içindən üzülə-üzülə qırx yaşa çatmaq olmazmış.

Taleyin-qismətin işi imiş, nə imiş - onun vəfatından az sonra hamının Əmirqulu müəllimi görməyə adət etdiyi köhnə mətbəə bir təsadüf nəticəsində od tutub yandı. Mətbəə başqa yerə köçdü, sonra o köhnə mətbəənin yerləşdiyi yastı-yapalaq binanı söküb yerində yaraşıqlı dükan tikdilər.

Mətbəədəki bu qəfil yanğın sanki Əmirqulu müəllimin yaxınlarının, dostlarının gözlərini itkiçilikdən yığmaq üçün Tanrının yazısı, qisməti imiş.

Bizlərinsə neçəsinə sözün, sənətin vurğunu olmağı öyrətdi Əmirqulu müəllim! İndi çoxumuzun neçə-neçə kitabı da çıxıb. Xeyirxah, söz-sənət qədri bilən imkanlı həmyerlilərinin köməyi ilə onun da bir gün kitabı axır ki, işıq üzü görəcək.

Öz sözünün sirri-sehri ilə Əmirqulu Quliyev yenidən dünyaya gələcək.

 

Aydın TAĞIYEV

 525-ci qəzet.- 2013.- 14 noyabr.- S.8.