Araz boyu
şimşək çaxa!..
Gülüstan müqaviləsinin 200 illiyinə
1813... Payız... Gülüstan...
Çeşməkli cənabla topsaqqal ağa1
Sərhəd dirəyini qələm
ucunda
gah sola sürüdü,
gah da ki,
sağa.
... Dünyanın gözünə
kül üfürdülər,
Ocaqlar kül oldu kül bələyində.
Arpaçay daşmadı, Kür
mələmədi
Özgə torpağında iki
qəsbkar
Arazı qərəzlə kürmələyəndə.
Ayrılıq deməyə gəlməyir
dilim,
Hicran cücərtdilər,
həsrət əkdilər.
Gülüstan kəndində Azərbaycanın
belinə tikanlı
kəmər çəkdilər.
Özgə xırmanında taxıl
döyənlər,
Yoxu bircə
anda var elədilər.
Bığaltı güldülər, bu
qələbəni
yaxına-uzağa car elədilər.
Necə
saxlayasan vaxtı, zamanı,
Qələmlə-kağızla ötüşən
anı...
Bir ağır fərmanla bu gen dünyanı
millətin başına
dar elədilər...
Fərman
dönməzlərin qolunu
burdu,
Adınabazarın2
boynunu vurdu...
Yadlar Gülüstanda bir qurğu qurdu,
Qeyrəti, təpəri xar elədilər.
1813...Payız rüzgarı
Bir özgə
həvəslə, maraqla
gəldi.
Salıb
yedəyinə qaxdağanları,
Gəldi şaxta ilə, sazaqla gəldi.
Tarixin ilməsi düşürdü
düyün,
Özünü itirdi dünya büsbütün...
Özgə yedəyinə düşən
"on üç"ün3
ovcunda gizlənən duzaqla gəldi.
Küldən köynək geydi
hər od,
hər ocaq,
Köksünü ötürdü dirsəklənən
dağ...
Barış kəlməsiylə gəlmişdi,
ancaq
Gülüstan kəndinə yaraqla
gəldi...
Sərhədlər qazıldı bu
yaraq ilə,
Biri digərinin nazını çəkdi...
Yaraqla dikələn sərhədlər
hələ
tikanlı məftillər
bitirəcəkdi...
Əlləri qoynunda qaldı
məmləkət,
"Dur!" deyən
olmadı o payız günü.
"Mənim tariximə yazılır həsrət,
Vur!" deyən
olmadı o payız günü.
Fars rusun, rus farsın
əlini sıxdı,
Özgə torpağında suç elədilər.
Gülüstan kəndində bir
ulduz axdı,
Yanar ocaqlara su çilədilər.
Arşını əyilən dünya
irişdi,
"Möhürə baxdılar, qola baxdılar".
O gün Xudafərin tilsimə düşdü,
Fərmanla kəsilən yola
baxdılar...
Ağacdan qopurdu yarpaqlar bir-bir,
Cəllad
kötüyüydü burda
masa da,
Çatmışdı, elə bil son zamanıydı...
Fars rusu, rus farsı anlamasa da,
Bu fərman onlara
tərcümanıydı.
Gözü tox olmayıb işğalçı, yenə
o tərəf, bu tərəf işğal acıydı.
Əli silahını əzişdirənə
hər sərhəd dirəyi dar ağacıydı.
Fərmanla qırdılar qanadlarını
O gün Savalandan əsən yellərin.
Fərman
verənlərə lənət
yağdırıb,
Fərman alanlardan küsən yellərin.
Bu qəfil gəlişdən
dağlar da küsdü,
Qərəz yeli əsdi, şər yeli əsdi.
İki şər birləşdi bir axşam üstü,
Min illik tarixin təməli əsdi.
Qarabağ xanlığı, Bakı
xanlığı,
İrəvan xanlığı, Şəki
xanlığı...
Hərənin öz mülkü,
öz xanimanı,
Hərə öz qəhrində,
dərdi-sərində...
Elə buna görə Azərbaycanı
ikiyə böldülər
günün birində...
Günah
qılıncının kölgəsi
altda
Xalqın
tarixini puç elədilər;
Neçə min illəri yoran
tarixi
Gülüstan kəndində qıc elədilər.
Kimin tamahına tamah saldı kim,
Nə fərqi, kim
kimin bəhsinə düşdü.
Tarix yazan xalqın tarixi o gün
təntimiş zamanın
nəsinə düşdü.
Kim deyir olmuşlar çözüldü dən-dən,
Sözü ötkünlərin dili üyüşdü.
Gülüstan kəndində elə
o gündən
tilsim qıran qılınc tilsimə düşdü.
Bir saray yapdılar bir fərman ilə,
Qərəz baxışların heyrəti
üstə.
Göylərin buludu vurnuxur hələ,
Göylər haray çəkir "Heyratı" üstə.
İşğalın quluna döndüyü üçün
dəyişdi yolların
rəngi büsbütün...
Mənə elə gəlir,
elə həmin gün
ilk dəfə oxunub "Kəsmə şikəstə".
Qara buluduydu, boşaldı o gün,
Hər gözdən bir ovuc yaş aldı
o gün,
Qürbətə atılan daş
oldu o gün,
Heysiyyət bələyi düşdü
Araza.
Dikələn dağlar da dağ deyib gələr,
Cığır kürmələyər, yol əyib gələr...
Oğullar əyninə ağ geyib gələr:
Təbrizin küləyi düşdü
Araza!..
İndi
ot basıbdı
cığırı, izi,
Acılar göynətdi ürəyimizi.
Haray oyadarmı heysiyyətsizi,
Bir durna lələyi düşdü
Araza.
lll
Rus farsın kəhərində,
fars rusun
kəhərində
sərhəd boyu çapdılar...
Tarixin tağlarını
bir möhürlə çapdılar.
Azərbaycan adında yağlı
tikə tapdılar...
Millətin taleyini
Gülüstanda siyasət təndirinə
yapdılar...
Zamanın sərhəddini çığnadılar,
keçdilər,
Haraya boylanana
tikanlı məftillərdən
bir dar köynək
biçdilər.
Necə,
nə cür quruldu
ərişi Araz olan bir fərmanın
xanası?
Tələsik qabqarıldı işğalın
barxanası.
İşğalıydı. İşğala xoş bir niyyət dedilər.
İmzalanan fərmana əbədiyyət
dedilər4.
Qara daş atmalıyıq biz hər qara niyyətə.
Lənət, min lənət olsun
belə əbədiyyətə!
lll
O gün bir fərman
ilə
Başdan başa qoyuldu sərhədlər papaq kimi.
Sərhəd-sərhəd bölündü göylər
də torpaq kimi.
Ağır qəsdə durdular,
Tarixin qollarına cin duyünü vurdular...
...bu düyün
Millətin taleyinə Qorde
düyünü11 oldu.
Tarix yazan millətin öz doğma torpağından
öz doğma torpağına qəfil sürgünü oldu...
lll
Qayım-qədim
məmləkəti
Araz adlı qılınc ilə o tay-bu tay elədilər,
Heysiyyəti para-para, tikə-tikə
elədilər,
Yarı elə, yarı belə müstəmləkə
elədilər.
O tay rusa
müstəmləkə,
Bu tay farsa
müstəmləkə...
O tayda da, bu
tayda da
Anayasa -
müstəmləkə...
Sızım-sızım sızıldadı
Azərbaycan;
Can ruhuna həsrət qaldı, ruhuna - can...
Rusla farsın ittifaqı məmləkəti gizildətdi
can nədir ki, ruhunacan!..
lll
Bir xalqın taleyi düşürdü düyün,
Zəhər verirdilər dərman yerinə.
Fərman
imzalandı... Qan düşdü o gün
Füzuli babamın qəzəllərinə.
Fars rusun, rus farsın
sıxdı əlini,
Qara niyyətlilər
durmuşdu qəsdə.
Qara yellər əsdi...
Qar yağdı o gün
Nizami babamın
"Xəmsə"si üstə.
Yönü hayanaydı bu qərib köçün?
Fərman Gülüstanın son nəfəsiydi.
Gülüstan kəndində yadın
yad üçün
yazdığı ən böyük mədhiyəsiydi!..
lll
Göylərin çalmasını
yellərə yem elədi dağın-daşın
harayı.
Cavadın17
qolu üstə
ucaldıldı həmin
gün imperiya sarayı...
İllərin quluncunu qırası oğul hanı?
Tarixin kəhərini
yorası oğul hanı?
Heysiyyət sancağıyla Təbrizə,
Ərzincana,
Ərdəbilə, Mərəndə. varası
oğul hanı?
Oğul
gərək tilsimi birdəfəlik qırmağa,
Gülüstanda vurulan kilidi sındırmağa.
Gözümün işığını gözümə qaytarmağa,
Ləçəyindən qan daman
bənövşəni, nərgizi
düzümə qaytarmağa,
Dünənki şöhrətimi özümə
qaytarmağa...
Sərhəd məntəqələri
bu boyda, bu biçimdə bir qəhər pəncərəsi...
Aysız
gecələrimiz şəbi-yelda
gecəsi...
Tikanlı məftil alıb Bənövşənin yerini.
Küləklər daraqlayır xalqın
dərdi-sərini...
lll
Ha çalışdım, açammadım,
Kim salıbdı kim, düyünü?
Nişanəsi bəlli deyil,
Bu düyün kimin düyünü?
Kim ağladıb, kim ağlayıb,
Kim doğub, kim qundaqlayıb?!
Nə müddətdi pas bağlayıb
sim üstündə sim düyünü.
Göylərdə bir ah ağlayır,
Günahsız günah ağlayır,
Açılmaz sabah ağlayır,
Taleyi bir cin düyünü...
lll
Ruhu candan üzübdü dərd,
Dərd
sapına düzübdü
dərd,
Dərdlilərdən bezibdi dərd,
Dərdi dərddən seç, Savalan.
Deyirlər: - Dərdin
boyatdı,
Dillənmədin, dərd boy atdı...
Ağıya dönüb bayatı,
Bir dərd
olub üç, Savalan.
Gələrik, səslə, gələrik,
Ayrı
həvəslə gələrik,
Axır
nəfəslə gələrik,
Tükənməyib güc, Savalan!..
Rəşid Faxralı
525-ci qəzet.-
2013.- 14 noyabr.- S.7.