Din elmlərinin məzmun və mahiyyətinə
müfəssəl baxış
Dinin görünən tərəflərini sistemli şəkildə
tədqiq edən elm sahəsi din fenomenologiyası adlanır. Bu elm sahəsi
bütün dinlərin əslinin bir olduğunu isbat etməyə
çalışır. Bununla
yanaşı dini simvollarda gizlənmiş mənaları ortaya
çıxarmağa və məcazi mənada işlənmiş
sözlərin müqəddəs mənalarını
açmağa cəhd edir. Din fenomenologiyası sahəsində
ilk əsər Vander Lyuya məxsusdur. Müxtəlif
dinlər və din psixologiyası ilə məşğul olan
bu alim eyni zamanda şeir yazan və musiqi bəstələyən
bir kilsə adamı idi. Lyu dinin
özündən başqa heç bir şeylə
açıqlanmasının mümkün olmaması qənaətinə
gələrək naturalist fikirləri rədd etdi. Ona
görə din fenomenologiyası hər şeydən əvvəl
qurban, dua, mif və s. kimi dini qavramlar üzərində
dayanmalı, dinin tarixi inkişafı, qaynağı ilə
uğraşmamalıdır. Vander Lyu R.Ottoya nisbətən
fenomenologiya fəlsəfəsindən daha çox təsirlənmişdir.
Ona görə əgər həyat təcrübəsi
bir fenomen, insanın vəhyə verdiyi cavab isə başqa bir
fenomen olarsa onda vəhyin özü tamam fərqli bir
şeydir. Din fenomenologiyası özünün həll
edə bilmədiyi fəlsəfi və metafizik məsələlərə
baş vursa da din fəlsəfəsi deyildir. Amma din fəlsəfəsi
etnoloji mahiyyətli mövzularda yanlışlığa yol
verməmək üçün din fenomenologiyasından
faydalanır. Hollandiyalı alim C.J.Blikerə
görə dinlər tarixi sadəcə insanlıq aləminin
müştərək mənəvi aləmini səciyyələndirmək
üçün deyil, eyni zamanda dünya dinlərində
tipik, misilsiz, müstəsna olanı aydınlaşdırmaq
üçün səy etməlidir. Amerikada
müqayisəli dinlər tarixi sahəsində aparılan tədqiqatlar
hər şeydən öncə yaşayan dinlərlə əlaqədar
olmuşdur. Uzun illər Amerikanın Çikaqo
Universitetinin dinlər tarixi kafedrasına
başçılıq etmiş avropalı əsilli alim
Mirciya Elyadenin (Mircea Eliade) dinlər tarixi, müqayisəli dinlər
tarixi, din fenomenologiyaları sahəsində çox əhəmiyyətli
əsərləri vardır. Asiyanın dinləri,
inancları, mədəniyyətləri və miflərinə,
şamanist dinlərin müxtəlif fenomenləri və
problemlərinə, dinlər tarixinin metodoloji mövzularına
və müqayisəli araşdırmalara qədər çox
müxtəlif mövzularda tələbkar və metodlu bir
çalışma tərzinə sahib olan Elyade din elmləri
sahəsində son illərin ən sevimli tədqiqatçısı
pasportunu qazanmışdır. İngiltərədə
Maniçestr Universitetində müqayisəli dinlər
çalışmaları ilə tanınan S.G.F.Brandon və
Erik Şarp, Lançastr Universitetində din tədqiqatçıları
Ninyan Smart,
E.G.Parrinder və R.C.Zihner nümunə olaraq
göstərilə bilər. Digər ölkələrdən
Ugo Byançi (İtaliya), Kantvel Smit (Kanada), Hans Şöps
(Almaniya), Əhməd Midhad, Hilmi Ömər, Əhməd Qəhrəman
(Türkiyə) kimi şəxslər dinlər tarixi sahəsində
sanballı əsərlər ortaya qoyan alimlər arasında
xatırlana bilər.
Dinlər tarixinin mövzusu bəşəriyyət
tarixindəki bütün dinlərdir. Bu gün mənsubu
qalmamış dinlər də mövcuddur. Dinlər müxtəlif şəkildə təsnif
edilir. Amma dinə verilən təriflərdə
müxtəliflik olduğu kimi təsnifatda da qəti bir
bölgü yoxdur. Yoakim Vah dinləri
"qurucusu olan dinlər"; Gustav Menşinq isə "milli
dinlər", "ümumbəşəri dinlər" deyə
ikiyə ayırır. A.Şimmel dinləri
"ibtidai qəbilə dinləri", "milli dinlər",
"ümumbəşəri dinlər" şəklində
üçə ayırır37. Digər təsnifata
görə dinlər 1) sakramental (dini ayin və mərasimə
dayanan) din; 2) Profetik (Peyğəmbərə dayanan) din; 3)
mistik (təsəvvüfi) din kimi qruplara ayrılır. Bunlardan başqa da müxtəlif təsnifatlar
mövcuddur.
İslam alimləri dinləri "haqq dinlər",
"batil dinlər", yaxud vəhyə dayanan ilahi dinlər
və vəhyə dayanmayan təbii dinlər şəklində
ikiyə bölmüşdürlər. İbn Hazim (ö.1064) və
Şəhristani (ö.1183) kimi müsəlman din tarixçiləri
haqq dinlər üçün "miləl", batil dinlər
üçün isə "nihal" istilahını işlətmişdirlər.
İBTİDAİ
QƏBİLƏ DİNLƏRİ VƏ MİLLİ
DİNLƏR
İbtidai
qəbilə dinləri: Bu gün yer kürəsində ibtidai
həyat tərzi keçirən qəbilələr
mövcuddur. Onların bəziləri başqa
inancları mənimsəsələr də öz əski adət-ənənələrindən
ayrıla bilməmişdirlər. Günümüzdə
ibtidai qəbilə mənsubları dünya əhalisinin 5
faizini təşkil edir. Bu qəbilələrin
sahib olduqları inanc formalarını ifadə etmək
üçün "ibtidai qəbilə dinləri"
istilahı işlədilir. İbtidai qəbilə dinləri
üçün ortaq olan geniş yayılmış bəzi
qavramları nəzərdən keçirək: a) Mana:
malenezyalılar fövqəltəbii, gözə görünməyən
gücü ifadə etmək üçün "mana"
terminindən istifadə etmişlər. İbtidai qəbilələrdə
güclü, təsirli, yaxud toplum yönündən əhəmiyyətli
şeylər (heyvanlar, bitkilər, daşlar və s.) və
insanlarda (qəbilə başçısı, sehrbaz həkim)
mövcud olduğu qəbul edilən gizli qüvvəni ifadə
etmək üçün "mana" termini işlədilmişdir.
İbtidai insanlar özlərinin böyük
sayda gözəgörünməz güclər tərəfindən
əhatə olunduqlarına inanırlar və onların fikrincə,
hər bir məxluqun bir manası vardır. Üzərində daşıdıqları təqdirdə
onlara güc verdiyinə inanılan daşlar, zəncirlər,
gözmuncuğu, uğur gətirən təsvirlərə
"fetiş" deyilir. Fetiş kəlməsini ilk dəfə
1760-cı ildə nəşr olunan "Fetiş tanrılar
kultu" adlı əsərində Dö Bros işlətmişdir;
b) Uca Tanrı:bütün ibtidai qəbilələrdə
yaradıcı tanrı inancı vardır. Həmin
Uca Tanrı hökmdar, yaxud daha aşağı dərəcədə
olan ruh və tanrıları idarə edir. F.V.Şmid
öz araşdırmaları nəticəsində bütün
ibtidai cəmiyyətlərdə bu və ya digər şəkildə
bir uca tanrı qavramının - təkallahlılığın
mövcudluğunu müəyyən etmiş, məhz bundan
sonra animizm, fetişizm, çoxallahlılıq kimi
sapmaların olduğu fikrini irəli sürmüşdür;
c) Tabu - polineziya dilində "işarələnmiş, təyin
edilmiş", dinlər tarixi və sosiologiyada "müqəddəsliyinə
görə toxunulmaz şey, söylənməsi qadağan
edilmiş söz, icra olunması arzuedilməz hərəkət,
bir şeyin təbiətüstü qüdrəti"
anlamına gəlir. E.Durkeimə görə,
tabu müqəddəs olanla müqəddəs olmayan iki
ayrı dünya meydana gətirir və bi iki dünyanın
arasına bir sərhəd qoyur. Mana
inanışının təbii bir nəticəsi olaraq manaya
sahib olduğuna inanılan kimsələr, yerlər və əşyalar
müqəddəs, dolayısı ilə tabu qəbul edilir.
Tabu sayılan insanın (kral, rahib, qəbilə
başçısı, sehrbaz həkimlər)
ayağının dəydiyi torpaq da tabu sayılır. İbtidai qəbilə cəmiyyətlərinin
inancına görə tabulu sayılan əşyadan çəkinmək
və tabulu olan işi görməmək lazımdır.
Bir əşya, yaxud şəxsin tabulu olması
üçün müqəddəs olması vacib deyildir.
Bəzi din tarixçilərinə görə, yəhudilikdəki
şənbə gününə məxsus yasaqlar (od yandırmamaq, ət və südü birlikdə
yeməmək) və xristianlıqdakı bəzi inanclar
(ikonalara, bəzi bütlərə, heykəllərə
toxunmamaq, Hz.İsanın ölüm günü deyə
inanılan cümə günündə ət yeməmək və
s.) tabudan qaynaqlanır; ç) Totem - əlamət, işarə
deməkdir, ibtidai qəbilə mənsublarının özlərinə
yaxın saydıqları heyvan, bitki, yaxud cansız əşyalara
verilən addır. Eyni totemə bağlı insanlar öz
aralarında evlənməzlər; d) Şaman - sözün
tunquz dilində "saman"dan, yaxud "ruhlarla dəstəklənmiş
adam" anlamına gələn sanskrit
dilindəki "sramana"dan törədiyini irəli sürənlər
vardır. İbtidai qəbilələrdə
rahiblərdən və sehrbaz həkimlərdən başqa
ruhlar aləmi ilə təmasa girmək qabiliyyəti olan şəxslərə
şaman deyilirdi. Şaman manaya sahibdir, ruhlara hakim ola bilir. Türklərdə
şaman yerinə "kam" kəlməsi işlədilir.
Bu gün
dünyanın dörd qitəsində yaşayan ibtidai qəbilə
dinlərindən böyük qruplar halında yaşayanlarla
yanaşı bir neçə yüz insanı aşmayan qruplar da
vardır. Bu dinlər mənsub olduqları qəbilənin
adı ilə adlandırılır. Məsələn,
dinka dini, maori dini, ainu dini, qa dini, piqme dini
və s. Dinkalar cənubi Sudanda yaşayırlar. Onlar "cok" (qüvvə) dedikləri fövqəlbəşər
güclərin olduğuna inanırlar. Dinkalar
həmin güclərin ən böyüyü hesab etdikləri
"Nhyalik"ə dua edər, onu yaradıcı kimi qəbul
edirlər; ainular Yaponiyanın şimalındakı adalarda
yaşayırlar. Onlar göyün ən
yüksək təbəqəsində mövcud olduğunu qəbul
etdikləri "Kando-koro Kamui" adlandırdıqları bir
Uca Tanrıya inanırlar. Ainular çox
sayda tanrı və ruhlara da diqqət göstərirlər.
Bu ruhların bəzisinin yaxşı, bəzisinin
isə pis olduğunu qəbul edirlər. Ainuların
axirət və Uca Tanrı inancı mövcuddur; Cənubi
Sakit Okean adalarında yaşayan polineziyalılardan bir qrup maorilər
adlanır. Maorilər bütün tanrıların ən
böyüyü saydıqları Uca Tanrılarına
"lo" deyirlər; Qa din mənsubları Qananın
paytaxtı civarında yaşayır, "Naa Nyonmo" dedikləri
çox güclü bir varlığa inanırlar. O, göydə
yaşayır, ancaq müqəddəs yeri və rahibləri yoxdur;
Cənubi Sakit Okeanda Malekula adasında yaşayan nambalar
"Tana" adlandırdıqları bir uca qüdrətə
inanırlar. Onlar insanın başına gələn fəlakətləri
"pis ruhlar"ın fəaliyyəti ilə, eyni zamanda qəbilə
başçısına sayğısızlıq göstərilməsi
ilə izah
edirlər. Cənazə 100 gün saxlanıb
skelet halına döndükdən sonra dəfn edilir. Qəbilə başçılarının skeleti
gömülmədən qalır. Ölümdən
sonra yüz gün yas saxlanılır. Uşaqlar
10-12 yaşlarından sonra qəbilə
başçılarının izni ilə sünnət edilirlər.
Özlərinəməxsus dini mərasimləri,
rəqsləri və "qurban" üsulları vardır.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 14 noyabr.- S.6.