İşıqlı və ibrətli həyat
yolu
Xatirələrdə
yaşayan Firudin Hüseynov belƏ bir ömür
yaşayıb
Görkəmli
ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor,
uzun illər Bakı Dövlət Universitetində
çalışmış Firudin Hüseynov respublikanın
elmi-pedaqoji, ədəbi ictimaiyyəti tərəfindən
tanınan, sevilən, unudulmayan tədqiqatçı alimlərdən
biri idi. Bu ustad pedaqoqdan dərs alanlar, onunla
yaradıcılıq ünsiyyətində olanlar, bir yerdə
çalışanlar həyatsevər, nikbin ruhlu, daim
axtarışda olan, fədakar ziyalını hələ də
unutmayıblar. Onun nurlu çöhrəsini,
zəngin daxili aləmini əks etdirən, portretini daim
canlandıran kövrək xatirələri necə yada salmamaq
olar?
Neçə-neçə insana Azərbaycan ədəbiyyatından
dərs deyib Firudin Hüseynov. O vaxt çoxumuza elə gələrdi
ki, Firudin müəllimin ən azı 60-70 yaşı var. Həmişə
də görkəmli yazıçımız Mir Cəlalla
qoşa gəzərdilər. Hətta
imtahanları da birgə götürər, birlikdə dərsliklər
nəşr etdirərdilər. O vaxtlar Mir Cəlal müəllim
bir qədər yaşlı idi. Bəlkə də
bu səbəbə görə bizə elə gəlirdi ki,
Firudin müəllim min ilin qocasıdır. Biz ali məktəbi bitirəndən 9 il sonra (1986)
Firudin Hüseynov qəflətən vəfat etdi. Onda bildik ki, dünyaya çox tələsik "əlvida"
deyən bu görkəmli ədəbiyyatşünas alimin 52
yaşı tamamlanıb. Görünür, bu da taleyin
yazısıdır ki, müdriklik, nəciblik cavan insanı
bir az da yaşlı göstərir.
İşıqlı və ibrətli bir həyat yolunun
sahibi olan Firudin Hüseynov 1933-cü ilin noyabrında yurdumuzun
dilbər guşəsində - Şahbuz rayonunun Nurs kəndində
anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Gəncə
Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə daxil
olmuşdu. Burada təhsilini axıra qədər
davam etdirmədən yenidən doğma kəndinə
qayıdaraq kolxozda işləmişdir. Sonrakı tələbəlik
taleyi isə Cəlil Məmmədquluzadə adına
Naxçıvan Müəllimlər İnstitutu ilə
bağlanmışdı. Bu təhsil
ocağını fərqlənmə diplomu ilə bitirən
Firudin Hüseynov arzu və düşüncələrinin
qanadı ilə Bakıya gələrək Azərbaycan
Dövlət Universitetinin Filologiya fakültəsinə daxil
olmuşdu. Hələ tələbəlik
illərindən ədəbiyyata son dərəcə
güclü marağı olan Firudin Hüseynov dərin biliyi,
insanlara münasibəti, həssaslığı ilə
seçilirdi. Müəllimləri də,
tələbə yoldaşları da məziyyətlərinə
görə onu çox sevirdilər. Ali məktəbi
bitirdikdən sonra bir il Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda işləyən Firudin
Hüseynovu doğma universitet yenidən qoynuna çəkdi.
O, burada aspirantlıqdan professorluğa qədər şərəfli
bir yol keçərək fakültə dekanı, kafedra
müdiri kimi vəzifələrdə
çalışmışdır. Təhsil
yollarında pillə-pillə ucaldığı kimi, elmi
axtarışları da bu şəkildə davam etmişdir.
Firudin müəllim XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli şəxsiyyətləri haqqında dərin məzmunlu,
ciddi tədqiqat əsərləri yazırdı. Onun
yaradıcılığının baş qəhrəmanı
Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin"
jurnalı olmuşdur. Maraqlıdır ki,
namizədliklə əlaqədar yazdığı dissertasiya
Əli Nəzmi yaradıcılığına (mollanəsrəddinçi
şair), doktorluq işi isə "Cəlil Məmmədquluzadə
nəsrində əsas problemlər" mövzusuna həsr
olunmuşdu. 25-26 yaşlarından başlayaraq
respublikamızın müxtəlif mətbuat orqanlarında
müntəzəm surətdə klassik və müasir ədəbiyyatımızla
bağlı maraqlı məqalələrlə
çıxış edən Firudin Hüseynov ömrü boyu
gərgin işləmiş, həyatının 26 ilini Azərbaycan
ədəbiyyatının tədqiqinə həsr edərək
gözəl müəllim, istedadlı natiq, fədakar alim kimi
şöhrət qazanmışdır. Tələbələri
təsdiqləyər ki, onun mühazirələri öz elmi səviyyəsinə,
aydınlığına, səlis üslubuna görə
seçilər, elmi fəaliyyəti isə
orijinallığına, dərinliyinə görə fərqlənərdi.
Firudin Hüseynov həqiqətən, XX əsr Azərbaycan
ədəbiyyatının həm kamil bilicisi, tədqiqatçısı,
həm də onun aşiqi, ürəkdən təbliğ edən
vurğunu idi.
Bunların bir səbəbi də onunla
bağlıdır ki, Firudin Hüseynov ustad müəllimlərdən
- Ə.Sultanlı, Ə.Təhmasib, M.Hüseynzadə kimi alimlərdən
dərs almışdı. Onların təlimləri gənc
alimin bütün varlığına elə hopmuşdu ki, o, ömrü boyu
- istər pedaqoji fəaliyyətində, istərsə də
elmi axtarışlarında öz sələflərinin ənənəsinə
sadiq qalmışdı.
Görkəmli ədəbiyyatşünas alim, professor
Mir Cəlal Paşayevlə birlikdə yazdığı
"XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyi
dəfələrlə nəşr edilmişdi. Bu, indi də tələbələrin
istifadə etdiyi ən mükəmməl ali
məktəb dərsliyidir.
Xalq
şairi Nəriman Həsənzadə Firudin müəllimlə
bağlı qələmə aldığı xatirələrində
yazır: "Firudin Hüseynovla Mir Cəlal müəllimi
bir-birinə bağlayan səbəblər çox idi. Hər ikisi səmimiliyi, alicənablığı ilə
seçilirdi. Firudin həqiqətən,
çox xeyirxah və nəzakətli insan idi. Mir Cəlal müəllim bunları bildiyindən onu
çox istəyirdi. Mir Cəlal müəllimin
yumorla danışması məşhur idi. Firudin də ondan geri qalmazdı. Ən
ciddi sözü yumorla deyər, başqasının ürəyini
qırmazdı. Üzündə həmişə
təbəssüm olardı. Doğrudan da,
belə insanlar əvəzolunmazdır. Firudinin
yeri əbədi boş qaldı. Hər kəsin
öz taleyi, hər kəsin öz yeri var. Biz nə qədər
sağıqsa, Mir Cəlal müəllim də, Firudin də
xatirəmizdə, ürəyimizdə yaşayacaqdır".
Tələbəlik
dostu və həmkarı, məşhur ədəbiyyatşünas
alim Şamil Qurbanov isə xatirələrində Firudin
Hüseynovu belə təqdim edərdi: "Firudin ədəbiyyatın
vurğunu idi. Onu dərindən bilirdi. Bu
gün danışdığını sabah
olduğu kimi təkrar etməzdi. Həmişə
yeni söz, yeni fikir deyərdi. Bu,
xüsusilə, doktorluq dissertasiyalarının müdafiəsi
zamanı hiss olunardı. O, elmi şuranın sədri, mən
isə elmi katib idim. Müdafiələr də
bir dərs idi, mühazirə idi. İddiaçı
da öyrənirdi, dinləyicilər də".
Azərbaycan
mollanəsrəddinçi irsinin Mirzə İbrahimov, Abbas
Zamanov, Mir Cəlal, Əziz Mirəhmədov,
Əziz Şərif, Qulam Məmmədli, Turan Həsənzadə
kimi tədqiqatçılarının sırasında Firudin
Hüseynovun da özünəməxsus yeri vardı. O, mollanəsrəddinçi
ədəbiyyatşünaslığın əsas
yaradıcılarından biridir. Akademik İsa Həbibbəyli
deyir: "Mollanəsrəddinçi ədəbiyyata həsr
olunmuş tədqiqat əsərləri Firudin Hüseynovu
geniş mənada Azərbaycan ədəbiyyatşünaslığının
görkəmli yaradıcıları sırasına daxil
etmişdir. Aradan xeyli illərin keçməsinə və
ideoloji sistemin dəyişməsinə baxmayaraq, indi də bu
görkəmli alimin elmi irsi öz aktuallığını
itirməmişdir. Bu zəngin və dəyərli elmi irs - çoxsaylı məqalələr,
sanballı monoqrafik tədqiqatlar yenə də mütəxəssislərin,
müəllimlərin, tələbələrin, "Molla Nəsrəddin"
jurnalını öyrənmək istəyənlərin xidmətindədir".
Görkəmli alimin "Molla Nəsrəddin"lə
bağlı ilk tədqiqatı namizədlik dissertasiyası ilə
başlamışdı. O, ədəbiyyat tariximizdə "ikinci Sabir" kimi
tanınan istedadlı mollanəsrəddinçi şair
Əli Nəzmi haqqında geniş araşdırmalar apararaq
onun ədəbi irsi ilə bağlı əsl elmi abidə
yaratmışdır. "Əli Nəzminin həyatı
və yaradıcılığı" adlanan bu tədqiqat əsərində
şairin dövrü, yaradıcılığı mükəmməl
və dolğun əks olunmuşdur. Bugünün
özündə də həmin əsər faydalı mənbədir.
Latın qrafikası ilə əsərin
çapına ehtiyac duyulur.
Firudin Hüseynov həm də mirzəcəlilşünas
alim kimi mükəmməl fəaliyyət göstərmişdir. Həm
doktorluq işi Mirzə Cəlilin bədii nəsrinə həsr
olunmuşdur, həm də ədiblə bağlı bir
sıra qiymətli monoqrafiyalar yazmışdır. Müəllifin "Adi əhvalatlarda böyük həqiqətlər"
adlı əsəri Cəlil Məmmədquluzadənin ədəbi
irsinə həsr olunmuş ən dəyərli və qiymətli
tədqiqatlardan biridir. "Molla Nəsrəddin
və mollanəsrəddinçilər" monoqrafiyası isə
professor Firudin Hüseynovun uzun illər apardığı tədqiqatların,
elmi araşdırmaların yekunudur. Alim böyük təvazökarlıqla
bu monoqrafiyasını "realist mətbuat və ədəbiyyatımızın
araşdırılması və təbliği sahəsində
tikilməkdə olan möhtəşəm binanın
divarına qoyulan bir kərpic" adlandırsa da, əslində,
həmin monumental əsər "Molla Nəsrəddin"ə
münasibətdə ən dəyərli, qiymətli, əvəzsiz
və analoqu olmayan abidədir. Bu fikir abidənin
ayrı-ayrı bölmələrində "Molla Nəsrəddin"
jurnalının nəşrə başlama səbəblərindən,
ədəbi xəttindən, nəzəri görüşlərindən,
naşirlərindən, yazarlarından tutmuş, digər mətbuata
təsirindən, ideya-bədii körpü vəzifəsini ləyaqətlə
yerinə yetirməsindən mükəmməl, məzmunlu, eləcə də
yaddaqalan, düşündürücü söz
açılır.
Qısa,
lakin işıqlı ömür yolu keçmiş, əsl
alim və müəllim həyatı yaşamış
professor Firudin Hüseynov "Molla Nəsrəddin" jurnalı
ilə bağlı müntəzəm araşdırmalar
apardığından, bu məcmuənin səhifələrində
dərc edilmiş yazıları dönə-dönə
oxuduğundan, Mirzə Cəlillə bağlı dərin elmi
araşdırmalar dəryasına tez-tez baş vurduğundan
böyük məhəbbətlə təqdim etdiyi bu
müdrik ədəbi abidənin təsiri altında nəfəs
almışdır. Bəlkə də elə bu
səbəbdəndir ki, biz nəslin müəllimi olmuş
Firudin Hüseynovun tələbələrə, həmkarlarına
münasibətində yüksək ehtiram, dərin nəzakət,
həssaslıq duyulardı. Öyrəndiyi,
təqdir və təqdim etdiyi "Molla Nəsrəddin"in mənəvi
saflığı, təmizliyi, zənginliyi başdan-ayağa
onun varlığına hopmuşdu. Cavan ikən
ağsaqqallıq etmək, elə o cür də sevilmək,
yaddaşlarda əbədi yaşamaq, unudulmamaq hər kəsə
nəsib olan qismət deyil. Bunun
üçün Firudin Hüseynov kimi böyük ürəyə
malik olmaq lazım idi.
Uzun illər
eyni kafedrada Firudin müəllimlə bir yerdə
çalışmış filologiya elmləri doktoru İfrat
Əliyeva unudulmaz həmkarını belə xatırlayır:
"Firudin müəllimin hər zarafatında Mirzə Cəlil
yumoru, Mir Cəlal ruhu hiss olunurdu. Təsadüfi
deyildir ki, ən çox sevdiyi və bağlandığı
yazıçılar içərisində hər iki müqtədir
insana böyük üstünlük verərdi. Ömrünün sonunadək Mir Cəlalı
özünə ustad bilər, onun hər cümləsini, ifadəsini
olduğu kimi söyləyər, atalıq
qayğısını xüsusilə qeyd edərdi. Firudin müəllimin olduqca güclü hafizəsi
var idi. Ona vaxtilə dərs demiş müəllimlərindən
- Cəfər Xəndandan, Hadi Mirzəzadədən, Kamil
Mirbağırovdan, Əli Sultanlıdan, Nəsir Məmmədovdan,
Məmməd Arifdən, Məmməd Cəfərdən, Cəfər
Cəfərovdan ürəkdolusu danışardı. Onların hər birinin söylədiyi hikmətli
sözləri bizə çatdıraraq hamımızı
nağıllar dünyasına aparardı".
Firudin Hüseynovu yaxından tanıyanlar həmişə eyni fikri söyləyirlər ki, o, başdan-ayağa ziyalı, milli düşüncəli, çox təbii və səmimi bir insan idi. Həmkarları onu yarıciddi-yarızarafat "təfəkkür çırağı" adlandırırdılar. O qədər şən, həyatsevər, yumorla danışmağı sevəndi ki, kimsənin də ağlına gəlməzdi ki, Firudin Hüseynovun ömrü yarıda qırılacaq. Xatirələrdən bəlli olur ki, əslində o, elmi işlərini axıra çatdıra bilməyib. Gecə-gündüz yorulmadan çalışan bu cəfakeş alimin qəlbi arzularla dolu idi. Arxivdə toz basmış neçə-neçə sənətkarın, klassikin əlyazmaları Firudin Hüseynov kimi tədqiqatçının qələminə möhtac idi. Təəssüf ki, əcəlin caynağından heç kəs qurtulmayıb. Gənclik illərində nişanlısına yazdığı bir məktubda ona həm də şeir göndərən Firudin Hüseynov hansı hissin təsirindənsə belə misralar qələmə almışdı:
Alışıb yanacaq üfüqdə könlüm,
O yolda, o izdə sən məni yad et.
Nə qədər səhər var, Günəş var, gülüm,
Dünyada mənsiz də sən məni yad et.
Ömür-gün dostu Lalə xanımın sədaqətlə
arxivində saxladığı bu zərif duyğulu şeirdə
həm də bir alim ömrünün mənası gizlənir.
Gör, onun neçə tələbənin, qələm
dostunun, iş yoldaşının yaddaşında əziz
xatirələri var. Əməlləri ilə könüllərə
iz salan insanlar həqiqətən, hər səhər
doğulan Günəş kimi yada düşür, ehtiramla
xatırlanırlar. Elə bizim unudulmaz, sevimli müəllimimiz,
görkəmli ədəbiyyatşünas alim, "Molla Nəsrəddin"in
cəfakeş tədqiqatçısı Firudin Hüseynov
kimi... Sənsiz keçirdiyimiz 75 yaşının istisi
neçə xatirəni yada saldı.
Flora XƏLİLZADƏ
525-ci qəzet.- 2013.- 15 noyabr.- S.7.