Azərbaycan "Çingiz
Aytmatov və müasir
türk dünyası" simpoziumunda
uğurla təmsil olunub
Qazaxıstan Respublikasının paytaxtı
Astana şəhərində görkəmli yazıçı
və böyük ictimai xadim Çingiz
Aytmatovun anadan olmasının 85 illiyi münasibətilə beynəlxalq
elmi konfrans keçirilib. Türkdilli ölkələrin dövlət
başçılarının 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində
keçirilmiş Sammitinin
qərarları əsasında
formalaşan Türk Akademiyasının təşkil
etdiyi "Çingiz Aytmatov və müasir türk dünyası" mövzusuna
həsr olunmuş simpoziumda Azərbaycan Respublikasını Milli Elmlər Akademiyasının
vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli təmsil edib.
AMEA Ədəbiyyat İnstitutundan
verilən məlumata görə, Beynəlxalq elmi konfransı giriş sözü ilə açan Türk Akademiyasının
prezidenti, akademik Şakir İbrayev Çingiz Aytmatovun dünya ədəbiyyatı qarşısındakı
xidmətlərindən və
əsərlərindəki geniş
müasirlik imkanlarından
danışıb.
Qazaxıstan parlamentinin deputatı,
Qazaxıstan Yazıçılar
İttifaqının sədri
Nurlan Orazalin ölkə rəhbərliyi
adından beynəlxalq
elmi konfransın əhəmiyyətini qeyd edib, Çingiz Aytmatovun türk dünyası ədəbi-ictimai
fikrinin inkişafındakı
roluna yüksək qiymət verib.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin "Ədəbiyyatda millilik və bəşəriliyin vəhdətinin Çingiz Aytmatov modeli" mövzusundakı məruzəsində görkəmli yazıçının sənət qüdrətinin özünəməxsusluqları şərh olunub. Məruzədə həmçinin "Çingiz Aytmatov və Azərbaycan" mövzusundan ətraflı danışılıb. Akademik İ.Həbibbəyli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük söz ustadının yaradıcılığı haqqındakı "dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir" kimi yüksək qiymət simpozium iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı Çingiz Aytmatovu 26 fevral 2008-ci ildə "Dostluq" ordeni ilə təltif etməsi ölkəmizdə qüdrətli sənətkara dövlət səviyyəsində göstərilən yüksək ehtiramın ifadəsidir. Çingiz Aytmatovun Azərbaycandan M.F.Axundov, C.Məmmədquluzadə, S.Vurğun, R.Rza, T.Salahov, T.Nərimanbəyov, B.Vahabzadə, Anar və başqalarının sənətinə dair fikirləri, həmçinin Azərbaycan ədəbi-ictimai fikrinin tanınmış nümayəndələrinin dünya şöhrətli qırğız yazıçısı barəsindəki mülahizələri və araşdırmaları ədəbi-mədəni əlaqələrin əhəmiyyətli səhifələri səviyyəsində dəyərləndirilib.
Beynəlxalq simpoziumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya Federasiyasının Tatarıstan Respublikası və başqa ölkələrin tanınmış alimlərinin məruzələri dinlənilib.
Beynəlxalq simpozium çərçivəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə Türk Akademiyası arasında qarşılıqlı əlaqələrə dair protokol imzalanıb. Çoxcəhətli əlaqələrə imkan yaradan əməkdaşlıq protokolunda Qazaxıstanda Azərbaycan mühacirət ədəbiyyatının və diaspor nümayəndələrinin bədii irsinin öyrənilməsi, ortaq ədəbiyyat dərsliyinin yaradılması məsələləri də öz əksini tapıb. Qarşılıqlı əməkdaşlıq protokolunu Azərbaycan tərəfdən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli, Türk Akademiyası tərəfdən isə həmin qurumun rəhbəri, akademik Şakir İbrayev imzalayıblar.
KƏMALƏ
525-ci qəzet.- 2013.-
15 noyabr.- S.7.