Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış
Milli dinlər bir
qrup, yaxud cəmiyyətə xas olan dinlərdir. Bəzən milli bir dinin
hakim olduğu çevrədən
ümumbəşəri bir
dinin çıxdığı
(Hinduizmin hakim olduğu
Hindistandan Buddizmin çıxdığı kimi),
bəzən də ümumbəşəri bir
struktura sahib dinin milliləşdirildiyi görülür
(yəhudi dini kimi).
Milli dinlərdən bəziləri
ilə tanış olaq:Konfusiçilik: Hal-hazırda Çində Yəhudilik, Xristianlıq və İslamdan başqa rəsmi səciyyəyə malik üç din vardır. Bunlar Konfusiçilik, Taoizm və Buddizmdir. İlk iki din milli,
üçüncüsü isə ümumbəşəri
xarakterlidir. Konfusi (Kunq
Fu-Tzu) miladdan öncə
551 - 479-cu illər arasında
yaşamışdır. Üç yaşında atasını itirmiş,
on beş yaşından etibarən özünü elmə sərf etmişdir. Elmdə şagirdlər yetişdirməklə
bərabər siyasətlə
də məşğul
olmuşdur. Əlli yaşında
ikən ona dövlət məclisində
vəzifə də verildiyi söylənilir.
Konfusi əxlaq təlimçisi kimi görünsə də dövrünün dini ayin və
mərasimlərinə önəm
vermiş, hər şeyi idarə edən ilahi bir inayətə böyük bağlılıq
nümayiş etdirmişdir.
Çin
ənənəsində göy
əhəmiyyətli yer
tutur.
Konfusi göyün
rəbbi anlamında Tyen deyilən bir Uca Varlıqla
əlaqəsi olduğunu
iddia edirdi. Tyen insanlar
və bütün varlıqların qədərini
təyin edən qüdrətdir. Konfusi bəşəri
münasibətlərdə daxili təmizliyi, səmimiyyəti və doğruluğu önə
çəkirdi. Doğru olan
bir şeyi görmək və bunu etməmək cəsarətsizlikdir. İnsanlar doğruluq
üçün dünyaya
gəlmişlər. Özünü elmə həsr edənlər üstün
və böyük insanlardır. Böyük və
üstün insanlar davranışlarında düşüncəli
və diqqətli olurlar, üz ifadələrində səmimiyyətə,
sözlərində nəzakətə
üstünlük verirlər,
valideynlərinə qarşı
gözəl davranırlar.
İnsanın rahat bir həyat sürə bilməsi üçün
orta yolu tutması, ifratçılıqdan
çəkinməsi, yaxşılığa
yaxşılıq, pisliyə
isə ədalətlə
cavab verməsinin zəruriliyi qeyd olunur. İsrafçılıq pislənir, qənaətcillik
təqdir olunur. Konfüçyüs ədalət
və mənfəəti
bu cür dəyərləndirir: "Yüksək
insan ədaləti, alçaqlar isə mənfəəti anlar".
Hökmdarın riayət etməsinin
gərəkdiyi başlıca
əsaslar xalqın güvənini və sevgisini qazanmaqdır.
Əgər insanlar qorxu
və dəhşətlə
itaətə məcbur
edilərsə idarə
edənlə idarə
olunan arasındakı
rabitə qırılar,
əxlaq sarsılar və fəsad meydana gələr.
Evin kişisi ailəsi həyatda ikən onu tərk edib uzaq diyarlara getməməli, ailə fərdlərini düzgün və nəzakətlə tərbiyə etməlidir. "Özünə uyğun olmayan kəslərlə dostluq etməmək" Konfusinin başlıca tövsiyələrindəndir. Dostluq faydalı və zərərli olmaqla ikiyə ayrılır: "Dürüst, səmimi və anlayışlı bir dost faydalıdır, ikiüzlü, hiyləgər və çox danışan bir dost isə zərərlidir". Konfusiliyin əxlaq sistemi cəmiyyət və millət üçündür. Məqsədi milləti siyasi bir tərbiyə ilə səadətə qovuşdurmaqdır. Konfusinin əxlaq anlayışı dövlət idarəçiliyində də keçərlidir. Məmləkəti idarə etmək xalqı doğru yola yönəltmək deməkdir. Məmləkətinə xidmət etməkdən boyun qaçıran kimsəyə ağıllı deyilməz. Bir ölkəni idarə etmək üçün zəruri olan ilk şey dili doğru-dürüst bilməkdir. Çünki düşüncəni ifadə edən yeganə vasitə dildir. "Düşüncələr yaxşı ifadə edilməzsə, edilməsi gərəkən şeylər yaxşı edilməz. Gərəkli şeylər edilməzsə əxlaq və mədəniyyət pozular. Əxlaq və mədəniyyət pozularsa ədalət yolunu azar. Ədalət yolunu azarsa gücsüzlüyə və sərxoşluğa düçar olar, nə edəcəyini, işin hara varacağını bilməz. Buna görə də söylənilən sözü doğru söyləmək lazımdır. Bundan ötrü heç bir şey dil qədər mühüm deyildir". Konfüçyüsə görə hökuməti idarə etmək üçün iqtidarda olan şəxsin beş üstün şeyə dəyər verməsi və dörd pis şeydən çəkinməsi gərəkdir. Beş üstün şey: ifrat dərəcədə xərc sərf etmədən faydalı olmaq, xalqına peşmanlıq gətirməyən vəzifələr vermək, acgözlük etmədən istədiyi şeyi almaq, qürurlu olmadan etibar qazanmaq, qorxunc olmadan uca olmaqdır. Dörd pis şey isə: xalqı öyrətmədən ölümə sürükləmək, buna "zülm" deyilir. Xəbərdar etmədən ani olaraq iş yükləmək, buna "təzyiq" deyilir. Tələsik olmayan əmrlər çıxarıb bunların dərhal yerinə yetirilməsini tələb etmək, buna "qəddarlıq" deyilir. İnsanlara bir şey verərkən, yaxud mükafatlandırarkən xəsis davranmaq, buna "yersiz davranış" deyilir. Konfusinin məzarı bir ziyarətgaha çevrilmişdir. Onun adına çox sayda ibadətgahlar qurulmuşdur. Şagirdləri onun və öncəki Çin hakimlərinin söylədiklərini iki kolleksiyada toplamışdırlar (beş klassik, dörd kitab). Dörd kitab XI əsrdə Sunq xanədanı zamanı toplanılmışdır. Bu kolleksiya idarəçilik təliminin təməlini təşkil edirdi. İdarəçilər məmur götürmək üçün verilən imtahanlarda bu kitablardan istifadə edirdilər. Konfusiçilik 1912-ci ilə qədər Çində rəsmi dövlət dini olmuşdur.
Taoizm. Bu din "Tao" qavramı üzərində qurulmuşdur. Özünəməxsus ayinləri və bu ayinlərin qədim bir ənənəsi vardır. Bahar bayramında tonqal qalanır, taoist rahiblər yarıçılpaq halda odun üstünə düyü və duz ataraq ayaqyalın qaçıb odun üzərindən tullanırlar. Çin filosofu və taoizmin qurucusu Lao-tzunun Konfusi ilə eyni əsrdə yaşadığı söylənir. Əsl adı Li Tandır. Lao-tzu ona verilmiş ləqəbdir və "qoca alim" mənasına gəlir. Onun təliminin əsası mistik bir panteizmdir. Təlimdə zahidlik başlıca yer tutur. Tao dünyanı idarə edən səbəbdir. O, gözlə görünməz, eşidilməz və qavranılmazdır, əzəli və əbədidir, öz-özünə mövcuddur, heç bir təsvirə sığmaz. Hər şeyin təməli Odur. Təbiət və kainatın var olması Onun sayəsindədir. O, hər şeyin arxasında və altındadır. Hər şeyi yaradan və bəsləyən də Odur. Buna görə də Tao bəzən "Ana" da adlandırılır.Taodan bir doğar, birdən iki: Yin və Yanq; ikidən üç: Yin, Yanq və nəfəs; üçdən yaradılmış kainat. Tao göyün və yerin qaynağı, yaradıcı, eyni zamanda yaşadıcı prinsipdir. Hər şeyi yaradan Taonun heç bir şeyə ehtiyacı yoxdur. Başqa güclərlə rəqabət etməz.
Lao-tzu öz təlimlərində əxlaqi dəyərlər üzərində də dayanmışdır. Nümunəvi insan yaxşı, mərhəmətli, sadiq, dürüst və təvazökar olmalıdır. Amma onun bu keyfiyyətlərə yetişmək üçün tövsiyə etdiyi yol mənfidir. Belə ki, Vu vey (heç bir şey etməmək, sükunət) prinsipi taoizmin idealıdır. İnsan dünyanın nizamına tabe olaraq yaşamalı, səy göstərmədən Taonun qanunlarına tabe olmalıdır. Taoizmə görə əxlaqi prinsiplər sadəcə fərdlər üçün deyil, millətlərarası münasibətlər üçün də keçərlidir. Sayğı və itaətlə hər şeyin əldə olunacağı, sevgi ilə düşmənlərin belə məğlub ediləcəyini, qadının etiraz etmədən itaət etməsi ilə ərini idarəsi altına ala biləcəyi fikri irəli sürülmüşdür. Lao-tzunun fəlsəfəsi "yaxşılıq edənlərə yaxşılıq edirəm, yaxşılıq etməyənlərə yenə yaxşılıq edirəm. Beləliklə, hamısı yaxşı olur" şəklindədir. Lao-tzu başqalarını tanıyanın zəkalı, özünü tanıyanın ağıllı, başqalarına qarşı zəfər qazananların qüvvətli, öz nəfsinə qarşı zəfər çalanın isə qüdrətli olduğunu bildirir. Onun fikrincə nəzakət insanı ucaldır və diqqətəlayiq edir, iqtisadiyyat müstəqillik qazandırır. Təvazökarlıq isə insanı qabiliyyətli edir. Halbuki insanlar nəzakəti tərk edərək qaba, iqtisadiyyatı buraxıb asılı, təvazökarlıqdan imtina edib qabiliyyətsiz olurlar. Taoizmdə ilahi dinlərdəkinə oxşar yaxşılıq və pislik, təvazökarlıq və qənaətkar olma kimi əxlaqi prinsiplər mövcuddur. Amma ölüm və ölüm sonrasından bəhs edilməsinə baxmayaraq cənnət və cəhənnəm mövzusunda aydınlıq yoxdur. Bununla yanaşı ruhun ölümsüzlüyü və dünyada yaxşı bir həyat sürənlərin Tao ilə yanaşı olacağı kimi anlayışlara rast gəlinir.
Şintoizm. "Şinto" tanrıların
yolu deməkdir. Çin dilində "şin"
və ya "şən" təbiət
ruhu, tanrı,
"to" ("tao") yol
mənasına gəlir.
Yaponlarda
"Kami no miçi"
şəklində ifadə
edilən şinto yaponların yerli dini inanclarının ifadə etmək üçün işlədilmişdir.
Yaponlar
VI əsrdə Buddizm Yaponiyaya gəldikdən sonra öz əski
dini inanclarını buddizmdən ayırmaq üçün "şinto"
deyimini işlətmişdirlər.
Şintoizm məhz bu deyimdən törəmişdir.
Şintoizm milli, ibtidai,
politeist, digər dinlərə təzyiq göstərməyən və
rəsmi inanc sisteminə malik olmayan bir dindir.
Bu dinin qurucusu
yoxdur. Tipik din olan şintoizmdə təbiətə pərəstiş
önəmli yer tutur. İmperatora tapınma bir
ayin halını almışdır. İmperator kultu
dövləti şintonun
dəstəyinə bağlamışdır.
Yaponiyanın İkinci Dünya
Savaşında məğlubiyyətindən
sonra şintonun dövlətə nəzarət
etməsi aradan qaldırılıb, imperator özünün
tanrı olmadığını
və artıq tanrıların nəsli olaraq ona tapınılmayacağını
açıqlamağa məcbur
olub.
Şintoizmdə səkkiz milyon tanrının mövcud olduğuna inanılır. Bunların ən böyüyü Günəş Tanrıçası Amaterasudur. Atəş tanrısı "Ataqo" önəmli tanrılardan olub təhlükəlidir. Şintoistlər Amaterasunun mərkəzi ayin yeri İsəni ziyarət edib "hacı" olurlar. Bundan başqa şintoistlər ay, dəniz, fırtına və atəş tanrısından tutmuş qida, ev, ocaq, mətbəx, müəyyən yerlər, yollar, müxtəlif məsləklərin tanrılarına qədər çox sayda tanrının daxil olduğu bir panteona (allahların şərəfinə tikilən məbədə) sahibdirlər. Dünyanın idarə edilməsi bir tanrılar məclisinin əlindədir.
İbadət dua və qurbanlardan ibarətdir. Qədimdən heyvan qurban edilməsinə baxmayaraq, bu gün heyvan qurbanı yoxdur. Öz istəkləri ilə insan qurbanı olurdusa bu gün artıq belə bir ayin icra olunmur. İmperator Meycinin qəbrə qoyulduğu gün general Noqi və arvadı "harakiri" (qarnına bıçaq saplayaraq özünü öldürmə) ilə özlərini qurban ediblər.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
15 noyabr.- S.6.