Azərbaycanda ordu quruculuğu yeni yüksəliş
mərhələsində
UĞURLA START VERİLƏN
İSLAHATLAR ORDUMUZUN GÜCÜNÜ VƏ XALQIN İNAMINI
DAHA DA ARTIRIR
Azərbaycanda dövlət quruculuğunun mühüm tərkib hissəsi olan Silahlı Qüvvələr hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində dayanıb. Bu gün müasir və güclü orduya sahib olan Azərbaycanda ordu quruculuğu 1993-cü ildən - ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilməyə başladı. Yalnız bundan sonra Azərbaycanda hərbi sahədə yeni mərhələ başlandı. Hələ sovet dövründə Azərbaycanda hərb sahəsinin inkişaf etdirilməsinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra da bu məsələdə prinsipial mövqe nümayiş etdirdi. Hərbi təhsil, hərbi səhiyyə sahəsində islahatların aparılması, bu sahədə beynəlxalq əlaqələrin qurulması və gücləndirilməsi sözügedən sahədəki yeniliklərin əsas tərkib hissəsi idi. Bundan başqa uzaqgörən siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda savadlı zabit kadr potensialı yetişib. Təcrübələri ilə Silahlı Qüvvələrin idarə edilməsinə, inkişafına öz töhfələrini verən bu hərbçilər Azərbaycan Ordusunun əsas hissəsini təşkil edir.
Çətinlikləri arxada qoyan Azərbaycanın bu gün güclü hərbi kadr ehtiyatı, müasir silahları və hərbi texnikası var. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmiş ordu quruculuğu siyasəti bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tez-tez hərbi hissələrə, cəbhə bölgələrinə səfərlər edən Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşərək onların problemləri ilə şəxsən tanış olması bu sahəyə diqqətin hansı səviyyədə olmasından xəbər verir. Dövlət başçısının sərəncamı ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yaradılması, son illər keçirilən hərbi paradlar, ordunun beynəlxaq əlaqələrinin genişlənməsi Azərbaycanın hərbi büdcəsinin Ermənistanın dövlət büdcəsindən çox olması və digər islahatlar ordumuzun hansı gücə sahib olduğunu sübut edir. Son illər keçirilmiş hərbi təlimlərin hazırda başlanmaqda olan yeni mərhələdə daha yüksək səviyyədə davam etdirilməsi həm döyüş hazırlığını bir qədər də artıracaq, həm də ordumuzun yenilməz gücünün növbəti nümayişi olacaq.
Son illər aparılan uğurlu islahatlardan biri kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasını göstərmək olar. Xidmət yaradıldıqdan sonra müasir standartlara uyğun səfərbərliyin təşkil edilməsi istiqamətində, orduya çağırış məsələlərində mühüm nailiyyətlər əldə olunub. Müasir dünya təcrübəsindən əldə olunan yeniliklərin tətbiqi, qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətlə işin aparılması, gənclərin hərbi xidmətə hazırlığı istiqamətində vacib işlər görülüb. Demək olar ki, rayon xidmətləri yenidən formalaşıb, onların fəaliyyəti yeni dövrə uyğunlaşdırılıb.
Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrin əsas tərkib hissəsi Müdafiə Nazirliyidir. Düşmənlə mübarizənin təşkilində əsas iş Müdafiə Nazirliyinin üzərinə düşür. Bu səbəbdən digər ordu növlərində olduğu kimi, Müdafiə Nazirliyi sistemində də daim islahatlar aparılır. Son günlər yeni müdafiə nazirinin gördüyü işlər də bu islahatların tərkib hissəsidir. Artıq Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında yeni mərhələyə qədəm qoyulub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Daxili Qoşunların komandanı olanda da DQ-da xeyli islahatlar aparmışdı. Bu işlər Müdafiə Nazirliyi sistemində də davam edəcək. Müdafiə nazirinin cəbhə bölgəsinə səfərlər etməsi əsgər və zabit heyətində ruh yüksəkliyi yaradıb. Bu səfərlər zamanı nazir, əsgər və zabitlərin problemləri ilə maraqlanıb, hərbi hissələrin qışa hazırlıq prosesi istiqamətində, hərbi hissələrin maddi texniki bazasının yüksəldilməsi, yeni hərbi hissələrin, əsgər yataqxanalarının tikilməsi, yeni infrastrukturun formalaşdırılması, qarşıya qoyulan tələblərin, xüsusilə döyüş hazırlığının yüksəldilməsi üçün mühüm tapşırıqlar verib. Sevindirici haldır ki, general-polkovnik Zakir Həsənov keçmiş döyüşçüləri, Milli Qəhrəmanları, dövlət qarşısında xidmətləri olan təcrübəli hərbçiləri ordu sistemində idarəetməyə cəlb edir. Hesab edirəm ki, bu hərbçilər da öz bilik və bacarıqlarından, təcrübələrindən istifadə edərək ordumuzun güclənməsinə öz töhfələrini verəcək. Aparılan islahatlar ordumuzun döyüş hazırlığının yüksəldilməsi və torpaqlarımızın işğaldan azad olunması naminədir.
Müdafiə Nazirliyi sistemində general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə edilən yeni təyinatlar təqdirəlayiqdir. Yaş həddi və başqa obyektiv səbəblərlə əlaqədar bir sıra şəxslərin vəzifələrindən azad edilməsi, şəxsi heyətin üzvlərinin bir çoxuna yeni rütbələr təqdim olunması prosesi hələ də davam edir. Bu islahatların aparılmasında tək məqsəd Ali Baş Komandanın qarşıya qoyduğu məsələlərin həll olunmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan dövlətinin, Silahlı Qüvvələrin qarşısında duran ən vacib məsələ Qarabağ probleminin həll olunması, torpaqlarımızın işğaldan azad olunmasıdır. Bunun üçün də ordunun güclənməsi, onun maddi-texniki bazasının təmin olunması, zabitlərin və hərbi qulluqçuların sosial problemlərinin həlli, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin hər zaman yüksək olması, gənc nəslin vətənpərvərlik təbliğatı Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdir. Bu istiqamətdə dövlət proqramlarının qəbul olunması, Qarabağ müharibəsi əlil və veteranlarının, şəhid ailələrinin xüsusi diqqət və qayğı ilə əhatə olunması, yeni büdcənin müzakirəsi zamanı Silahlı Qüvvələrin büdcəsinin artırılması, ordunun saxlanması, eyni zamanda zabitlərin mənzil və məişət problemlərinin həll olunmasına ayrılan vəsaitin artırılması Azərbaycan dövlətinin bu sahəyə nə qədər əhəmiyyət verdiyini göstərir. Əminəm ki, bu sahəyə diqqət davamlı olacaq. Bütün bunlar Azərbaycan dövlətinin əsas prioritetlərini təşkil edir.
Müharibə şəraitində olan ölkədə gənclərin hərbi xidmətə hazırlanması, vətənpərvərlik tərbiyəsi əsas məsələlərdən biridir. Orduya gedəcək gənc hərtərəfli hazır olmalıdır. Bunun üçün müasir baza sistemi qurulub. Müasir məktəblərimiz, olimpiya komlekslərimiz, hərbi hissələrimiz var. Gənclər və İdman nazirliyi, Təhsil Nazirliyi bu istiqamətdə lazımi işlər görür. Qeyd etdiyim ki, bu istiqamətdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də mühüm rolu var. Gələcəkdə bu qurumların əlaqəli və sistemli şəkildə işləri genişləndirməsi vacibdir. Çünki gənclərin orduya hazırlığı məsələsi daim diqqətdə saxlanılmalıdır.
Emin HƏSƏNLİ
525-ci qəzet.-
2013.- 15 noyabr.- S.2.