Yurddaşlıq və soydaşlıq borcu
Yusif Vəzir Çəmənzəminli
və repressiya qurbanları ilə bağlı iki təklif
Bir müddət önsə, daha dəqiqi, “Ulduz” jurnalının
2005-ci il mart sayında
Yusif Vəzir Çəmənzəminli barədə
məqalə yazmış
və bir çoxları kimi mən də “Əli
və Nino” romanının
onun qələminə
məxsus olduğunu söyləmişdim. “Əli
və Nino: Azərbaycanın
kimlik kartı” adlı yazıda bildirmişdim ki, bu
əsər müəllifin
“Studentlər” romanı,
bəzi pyes və hekayələrilə
səsləşir. Onu da demişdim ki, ermənilər və gürcülər bizim yerimizə olsaydı, özününküləri qoya-qoya,
milləti və kimliyi bilinməyən yad bir müəllifi
bu məşhur əsərə sırımazdılar.
Sözüm bunda deyil, yəni bu
barədə polemika açmaq fikrim yoxdur.
Mən Yusif Vəzirin “İki od arasında”,
yaxud “Qan içində” əsəri
barədə danışmaq
istəyirəm. Əsəri bu
yaxınlarda bir daha oxudum və
bir azdan deyəcəklərimi də
elə həmin oxu prosesində düşündüm. Bəri başdan
onu da deyim
ki, məqsədim bu əsəri də dərindən saf-çürük etmək
deyil. Sadəcə bu, mənim
sonradan deyəcəklərimə
bir körpüdür.
Yusif Vəzir Çəmənzəminlinin
“İki od arasında” romanı “Qarabağnamələr”, xüsusən
də Mirzə Camal Cavanşirin “Tarixi Qarabağ” əsəri əsasında
yazılıb və tarixin bədiiləşdirilmiş
güzgüsü rolunu
oynayır.
1936-cı ildə yazılmış
bu əsər bir növ proqram
xarakteri daşıyır,
rus və erməni məliklərinin
Azərbaycanı necə
parçaladığını açıb göstərir. Və bu
işdə xanlıqlarımız
arasında olan dartışma və çəkişmələrin də
böyük rol oynadığını ürək
ağrısı ilə
qeyd edir. Bu qənaətlərin üstündən
cəmi 50-55 il
keçəndən sonra
rus-erməni birləşmələri
yenidən Azərbaycanı
parçalamaq siyasəti
aparır və istədiklərinə nail olur.
Və yenə də özümüzünkülərin başısoyuqluğu və
məsuliyyətsizliyi üzündən.
Yusif Vəzir Çəmənzəminli
müsavatçı və
“pantürkist” damğası
ilə sürgün olunsa da, heç
şübhəsiz onun
repressiyasının əsl
səbəbi “İki od arasında” romanı, müsavatçılıq
və öz xalqının gələcəyilə
bağlı məqalələridir.
Yəni
o, hansısa dövlətin
cəsusu kimi yox, daha çox
rusların və ermənilərin əleyhinə
çıxdığı üçün sürgün
edilib. Bu böyük
ədib və mütəfəkkir milli qeyrətin
və Vətən təəssübkeşliyinin badına
gedib. Əlbəttə, mənim məqsədim
bütün bunları
sübuta yetirmək deyil. Çünki görünən bağa bələdçi
gərəkməz.
Yusif Vəzir
təkcə romançı
kimi yox, həm də gözəl hekayəçi
kimi tanınır. Onun ədəbiyyat
tariximizə və folkşünaslığımıza verdiyi töhfələr də göz qabağındadır. Bircə onu
deyə bilərəm
ki, Yusif Vəzirin “İki od arasında” əsəri onun canı və qanı ilə yazılıb və həyatı bahasına başa gəlib.
Keçməkeşli həyat keçirən, ağrılı-acılı
günlər yaşayan,
zaman-zaman vətənindən
didərgin düşən
və bütün bu çarpışmalarda
yüksək təhsil
alan Yusif
Vəziri Qırmızı
imperiya nökərləri
Özbəkistanın əyalət
şəhərlərindən birində tutub, vətənə gətirib
və sürgün ediblər. Çünki ona öz vətənində yer yox idi.
Bütün bunları Yusif Vəzirin bioqrafıyasından öyrənmək mümkündür. Ona görə də dərinə getmək və yenidən Amerika kəşf eləmək fikrində deyiləm.
Sözümün canı nədir? Azərbaycanın ədəbiyyat tarixi və tarix ədəbiyyatı sahəsində böyük xidmətlər göstərmiş, bizlərə sənət nümunələri qoymuş, vətənpərvərlik örnəyi nümayiş etdirmiş Yusif Vəzir Çəmənzəminlinin nəşinin qalıqları hələ də vətənə gətirilməyib.
Onun sürgün edildiyi yer də (Nijni-Novqorod) vəfat etdiyi kənddə (Suxobezvodnaya), dəfn olunduğu qəbristanlıq da (Betluqa çayının sahili) məlumdur.
Təklifim: Yusif Vəzirin nəşinin qalıqları vətənə gətirilsin: əgər həmin qəbristanlıq və məzar durursa. Onun adı bir daha əbədiləşdirilsin, heykəlləşdirilsin. Bir daha ona görə deyirəm ki, Yusif Vəzirin əsərləri orta və ali məktəblərdə tədris olunur, adına küçə də var.
Bu təklifin davamı
olaraq repressiya qurbanlarına bir park yaratmağı da təklif edirəm. Azərbaycanın ədəbi-mədəni, ictimai,
siyasi, elmi –hərbi həyatında mühüm rol oynamış, dəyər
vermiş insanların
da nəşinin qalıqları (məzarları
məlumdursa) vətənə
gətirlisin, həmin
parkda dəfn olunsun və onlara abidə, yaxud abidə kompleksi ucaldılsın.
(Repressiya olunmuş
yazıçı və
şairlərin barelyefi
AYB-də var). Çünki ziyalı elitasının
repressiyası soyqırımdan
da betərdir.
Bildiyimə görə, ikinci təklifi bəndənizdən
qabaq da səsləndirənlər olub. Mən onu
bir daha aktuallaşdırmaq istəyir
və bu məsələdə məni
dəstəkləyəcək ziyalılarımıza və
bu işi gerçəkləşdirəcək dövlətimizə arxayınam.
Bizim repressiya
qurbanlarına bir soydaşlıq və yurddaşlıq borcumuz
var.
Elçin Hüseynbəyli
525-ci qəzet.-
2013.- 16 noyabr.- S.19.