Unudulmaz görüş
(“Ürəyimdən kimlər keçdi”
silsiləsindən)
Şəkildə:
soldan Bəxtiyar Vahabzadə, Nazim Axundov,
Kamran Məmmədov və başqaları. Hacıkənd.
1949-cu il.
Bu günlərdə
şəxsi arxivimi araşdırarkən professor
Nazim Axundovun 20 yanvar 1991-ci ildə mənim “Xallı gürzə”
tarixi romanım barədə yazdığı məqalənin
əlyazmasına rast gəldim. Yazını bir
daha oxudum. Yaddaşımda Nazim müəllimin
səsi canlandı, onun nurlu çöhrəsi, bəylik ədası
xəyalımda cilvələndi. O vaxt
çalışdığım “Yazıçı” nəşriyyatının
1989-cu ilin tematik planında 15 müəllif vərəqi həcmində
kitabım plana salınmışdı. Lakin məlum 1988-ci il hadisələri bu kitabı çap etdirmək
həvəsimi öldürdü. Mən Qarabağ
xanlığının, Şuşa
qalasının banisi Pənahəli xan Cavanşir haqqında
roman yazmaq fikrinə düşdüm. Bu da təsadüfi
deyildi. Mən hələ 1982-ci ildə Pənahəli
xanın nəvəsi Ağabəyim ağa haqqında “Təbəssüm
çiçəyi” adlı povest yazmışdım, lakin
onun İran həyatını əks etdirən mənbələri
əldə edə bilmədiyimdən bu əsəri çap
etdirməyə tələsmirdim. Bu mövzu ətrafında
işləyərkən Pənahəli xan haqqında da müəyyən
məlumatlar əldə etmişdim. Nə
isə, mən roman üzərində çox həvəslə
işləməyə başladım. Baş verən
ictimai-siyasi hadisələr də mənim bu işimə təkan
verdi. 1990-cı ildə
romanın böyük bir hissəsini yazıb, o zaman 45 min
tirajla nəşr olunan “Karvan” jurnalına verdim.
Əlyazmanı redaksiyanın bütün əməkdaşları
– baş redaktor Oqtay Salamzadə, məsul katib Əmir
Mustafayev, şair Ağasəfa, Dilarə Vəkilova, Mahmud
Abbasov oxuyub, çap üçün qəbul etdilər.
Romanın böyük bir hissəsi elə həmin il jurnalın 11–12-ci saylarında çap olundu.
Mən bundan ruhlanıb, romanı bitirdim. Lakin tarixi mövzuda ilk qələm təcrübəm
olduğundan çox nigarançılıq hissi
keçirirdim. Nigarançılığıma
son qoymaq üçün romanı Qarabağ
xanlığının tarixini yaxşı bilən bir adama
oxutmaq istəyirdim. Bu niyyətlə
soraqlaşanda dostlar romanı professor Nazim Axundova
oxutdurmağı məsləhət bildilər.
Doğrusu, mənim o vaxta qədər Nazim Axundovla
tanışlığım yox idi. Amma mən onun mətbuatımızın
tarixinə aid yazılarına yaxşı bələd idim.
Onun “Molla Nəsrəddin” jurnalının nəşri
tarixi”, “Azərbaycan satira jurnalları” kitablarını
oxumuşdum.
Nazim
Axundov Xankəndində
Dövlət İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işlədiyi
üçün Bakıda yaşamırdı. Mən
romanımın əlyazmasını Nazim müəllimə
göndərməyin yolunu aradığım bir gündə rəhmətlik
Namiq Babayev (“Xarı-bülbül əfsanəsi”ni də “Azərbaycan
təbiəti” jurnalında ilk dəfə bu istedadlı gənc
alim yazıb çap etdirmişdi) “Yazıçı” nəşriyyatına,
mənim müdir olduğum nəsr şöbəsinə gəlmişdi.
Hal-əhvaldan sonra ondan xahiş etdim ki,
romanımın əlyazmasını Şuşaya aparsın, əvvəl
özü oxusun, sonra Nazim müəllimə mənim
xahişimi yetirsin. Beləcə, Namiq
Babayev əlyazmamı götürüb apardı. Bir müddət sonra zəng edib, məni romanın
yaxşı yazılması münasibəti ilə təbrik
etdi və əlyazmasını Nazim müəllimə verdiyini
söylədi.
Nazim
Axundov isə
romanı nəinki oxuyur, hətta institutda onunla birgə
çalışan şair Ənvər Əhmədə,
tarixçi-yazıçı Şahlar Həsənoğluna və
başqalarına da oxutdurduqdan sonra müzakirəsini
keçirir. Bununla da rahatlıq tapmayıb, əsərdən
müəyyən parçaları müəllif haqqında
kiçik bir tanıtdırma ilə “Şuşa” qəzetinə
təqdim edir. O, şuşalı oxuculara məni belə
təqdim eləmişdi: “Mustafa Çəmənli müasir
Azərbaycan nasirlərindən biridir. Onun hekayə
və povestləri oxucular tərəfindən rəğbətlə
qarşılanır. Hazırda
“Yazıçı” nəşriyyatında nəsr bölməsinə
rəhbərlik edir.
Mustafa
Çəmənli Pənahəli xanın həyat yolunu,
Qarabağ xanlığının əsasını qoymasını, Bayat, Şahbulaq və
Şuşa qalalarını tikdirməsini, xarici və daxili
düşmənlərə qarşı qalibiyyətli
mübarizəsini əks etdirən “Xallı gürzə”
romanını bitirmişdir. Romandan bəzi fəsilləri
oxuculara təqdim edirik”.
Beləliklə, “Şuşa” qəzetinin
1991-ci il 12 yanvar tarixli nömrəsindən başlayaraq
romandan parçalar hissə-hissə dərc olunur. Bu ərəfədə mən çox narahat idim.
Həm erməni separatçılarının
üzündən, həm də qış fəsli
olduğundan Şuşaya gediş-gəliş xeyli çətinləşmişdi.
Ölkədə xaos hökm sürürdü.
Mən romanın vaxtında nəşr
olunmasını istəyirdim. Əsərin
əlyazması isə Şuşada, Nazim müəllimdə
qalmışdı. Mən çox çətinliklə
onunla əlaqə yaradıb, əlyazmanı Bakıya – mənə
göndərməsini xahiş elədim.
Bir neçə gündən sonra nəşriyyatın
baş redaktoru Cəmil Əlibəyov daxili telefonla məni
yanına çağırdı. Onun kabinetinə girəndə
ağsaçlı, nurlu sifətli bir kişinin Cəmil
müəllimlə üz-üzə oturub, söhbət
etdiyini gördüm. O məni tanımırdı, mən
isə onu kitabındakı şəklindən, bir də
qarşısındakı qovluğumdan
tanımışdım. Qəlbi təmiz Cəmil müəllimin
üzü nurlanmışdı:
– Nazim
müəllim, – dedi, – bayaqdan romanını təriflədiyin
cavan oğlan budur.
Nazim
müəllim qalxıb, mənimlə mehribancasına
görüşdü:
– Təbrik
edirəm! Cəmil müəllimə də
demişəm, sənin romanın bu gün 100 min tirajla
çap olunsa, satılar.
– Belə
yüksək fikirdə olduğunuza görə sizə təşəkkür
edirəm! – dedim.
O, əlyazmanı və
bir topa qəzeti mənə uzadaraq:
– “Şuşa” qəzeti 12 nömrəsində
romanından fəsillər çap edib. Darıxdın, redaksiya istəyirdi
ilboyu əsərini çap etsin, – dedi.
– Nazim
müəllim, buna görə də təşəkkür
edirəm. Görürsünüz də hadisələr
necə cərəyan edir. İstəyirəm əsərim
kitab halında çıxsın, qorxuram sonra gec ola.
–
Doğrudur, – dedi, – romanın haqqında ürək sözlərimi
də yazmışam. Xoşun gəlsə,
çap etdirərsən.
–
Çox məmnunam, – dedim. Sağollaşıb əlyazmamı
götürmək istəyəndə Cəmil Əlibəyov
gülə-gülə:
– Qoy
qalsın, aparım oxuyum. Görüm nə
yazmısan belə, Nazim müəllim bərk tərifləyir.
– Nə
olar, Cəmil müəllim, çox şad olaram ki, bu əsəri
siz də oxuyasınız, – dedim və qəzetləri, Nazim
müəllimin məqaləsini götürüb
çıxdım.
Bir həftədən sonra Cəmil müəllim əsərimi
çapa imzaladı və “ürəyində daha bir şey
qoymamısan qala, təbrik eləyirəm” deməyi də
unutmadı.
1991-ci
ilin mart ayında “Qızıl Şərq” mətbəəsinə
göndərilən romanım, xeyli gec, 1992-ci ilin
fevral ayının 17-də 30 min tirajla işıq üzü
gördü. Mən Nazim müəllimin məqaləsini
makinada yazdırıb, “Ədəbiyyat qəzeti”nə təqdim
etdim. Nazim Axundovun romanım haqqında yazdığı
“Tarixin yaddaşı – yazıçının romantikası”
məqaləsi “Tarixi yaddaşın bərpası” adı ilə
“Ədəbiyyat qəzeti”nin 6 mart 1992-ci il
tarixli nömrəsində dərc olundu.
Nazim müəllimin roman haqqında yekun fikri o zaman bir gənc
müəllif olaraq mənim üçün çox qiymətli
idi. O
yazırdı:
“Heç kəsə sirr deyil ki, tarixi həqiqəti
üzə çıxarmaqda bədii ədəbiyyatın
imkanı hər hansı sənədli tarixi əsərə və
publisistikaya görə daha geniş, daha böyükdür. Bu baxımdan
Mustafa Çəmənlinin “Xallı gürzə” romanı
bir çox tarixi həqiqətləri dərk etməkdə
oxucuya kömək göstərir. Böyük
dövlətlərin “parçala, hökm sür” siyasəti
xanlıqlar dövründə də Azərbaycanın birliyinə
mane olmuşdur. Lakin müəllif bir ana xətt
kimi bütün əsər boyu Azərbaycan birliyi
ideyasını Pənahəli xanın və
başqalarının səylərində qabarıq göstərməyə
çalışmışdır.
Əsər rəngarəng həyat lövhələri,
fərdi obrazlar aləmi ilə zəngindir. Birinci növbədə
və doğru olaraq müəllif Pənahəli xanı və
onu əhatə edən şəxsiyyətlərin səciyyəvi
cəhətlərini açıb göstərməyə cəhd
edir. Xanın böyük oğlu İbrahimxəlil
ağanın hələ 15 yaşında ikən uzaq
Əfqanıstan sərhədlərindən hərəkət
edib, Qarabağda atası ilə qovuşması, sürgündə
olan elatın vətənə köçürülməsi,
xalqın öz rəhbərləri ətrafında sıx birləşməsi
və əfsanəyə bənzər igidliklər təsirli,
ibrətamiz səhifələrdə canlandırılır. Bu döyüşlərdə, igidlərin tərbiyəsində,
şəhər və kəndlər salınmasında
qadınlar kişilərdən geri qalmırlar.
Yeri gəlmişkən
ustalıqla işlənmiş “Xallı gürzə” barədə bir
neçə kəlmə danışmaq istərdik. Bu, əsl bədii kəşfdir. “Xallı gürzə” Pənah xanı, Qarabağ
xanlığını, bəlkə bütün Azərbaycanımızı
əzəl gündən izləyən xəbis, qəddar bir
niyyətdir, qara bir tale, iyrənc bir ruh, amansız bir alın
yazısıdır. İndi bizim
çağdaş Azərbaycan ictimaiyyətini sarsıdan hadisələrə
“Xallı gürzə” əsəri ibrətamiz bir cavabdır.
Roman bizi mənəvi yüksəkliyə,
bütövlüyə, haqq işi uğrunda mübarizəyə
səsləyir. Aydın olur ki, Xallı
gürzə təzə məsələ deyil, o əlimizə
qılınc aldığımız gündən bizi – Qazan
xanımızı, Koroğlumuzu, Şah
İsmayılımızı... izləmişdir. İndi ondan qorxub sarsılmaq, ruhdan düşmək
olmaz. Ona sinə gərmək,
babalarımız kimi layiqincə cavab vermək lazımdır.
Yazıçı Pənahəli xanın həyatındakı
tarixi dəqiqliyə sadiq qalmaqla bərabər, eyni zamanda
özünün inandırıcı fantaziyasının
köməyi ilə, heç şübhəsiz, maraqlı əsər
yazmışdır. Əminik ki, roman xalqımızın
yaxın keçmişində və müasir həyatında
onun bədxahlarını – xallı gürzələri
tanımaqda oxuculara kömək göstərəcək”.
Professor Nazim Axundov çox işıqlı, xeyirxah
şəxsiyyət idi. İlk tanışlıqdan sonra
aramızda səmimi ünsiyyət yaranmışdı.
O, “Yazıçı” nəşriyyatında iki cilddə
çapa hazırlanan “Qarabağnamələr”in tərtibçisi,
“Qarabağ salnamələri” kitabının müəllifi
kimi nəşriyyatla müntəzəm əlaqə
saxlayırdı və buna görə də tez-tez
görüşürdük.
Bir dəfə eşitdim ki, xəstə yatır. Cərrah dostum Çingiz Baxşəliyevlə
onu yoluxmağa getdik. Yataqda olsa da,
nikbin ruhdaydı. Çingiz ona bəzi məsləhətlər
verdi. Gəlişimizdən
çox məmnun olmuşdu. Bu mənim
onunla son görüşüm idi.
Professor Nazim Fərrux oğlu Axundov 20 iyun 1924-cü ildə Şuşada anadan olmuşdu. 10 mart 1994-cü ildə isə Bakıda vəfat etdi. Allah ona rəhmət eləsin. Onun işıqlı xatirəsi həmişə mənimlədir.
Mustafa Çəmənli
525-ci qəzet.-
2013.- 16 noyabr.- S.16.