“SÖZ dostca, QOXU gözəl, əl edən SEVGİLİM”- Yüz Gözəl Sevgi Şeiri

 

PƏRVİNin təqdimatında

 

 

 

Sona yetişdiyini düşünmək və o anı – son nəfəsi, son ahı gözləmək qədər kədərli nə isə ola bilərmi? Bəlkə sadəcə kədərli yox, həm də ağır, mənasız, cansıxıcı... Bütün gözəllikləri görmüş, hər ləzzəti dadmış sanırsan özünü. Hələ keçdiyin əzablardan, dözülməz dərdlərdən, xəyanətlərdən, itirdiklərindən demirəm. Bir sözlə, boğaza kimi toxsan! Yaxşını da, pisi də o ki var yaşamısan. Hə, yaşamısan! Hər halda sən belə fikirləşirsən. Həyat dünəndə qalıb, indi elədiyin elə-belə gün keçirməkdi, gələcəkdən isə heç nə gözləmirsən... Axı nəylə təəccübləndirə, təsirləndirə, sevindirə bilər səni o gələcək?! Yeganə umacağın rahatlıqdı, sakitlikdi. Dəyməsinlər, toxunmasınlar, işləri olmasın səninlə...  Adamsız, kiçik evində, səssiz hücrəndə özünlə, xatirələrinlə, köhnə fotoşəkillərlə, saralmış kağızlarla baş-başa qalmaqdan böyük zövq ola bilməz indi səndən ötrü. Balaca kətili altına çəkib pəncərə önündə oturdunmu, hamısı bir-bir düşəcək yadına... Ötən günlərinin parıltısından gözlərin qamaşacaq, şüşənin o tayındakı bozluğu eyninə almayacaqsan. Ağlayırsan, ya gülürsən? Sevinirsən, ya kədərlisən? Ayırd etmək çətindi... Çünki indi bütün hisslərin, emosiyaların qatmaqarışıqdı.

...O filmə baxanda niyə qımışırsan, bu aktrisa hansı xatirələrini salır yadına, nədən elə alışıb yanır gözlərin, heç kim bilməyəcək... Yanında pişik kimi qısılaraq oturan, saçları arasından bic-bic baxıb gülən balaca qızın sual dolu nəzərlərindən diksinəcəksən, çaşacaqsan əvvəl! Sonra gülümsəyəcəksən, gözündə donan yaşın səbəbini anlamayacaq çoxbilmiş qız... Axı hardan bilsin? Hardan bilsin ki, bu yaş ötənlərin həsrətindəndi... Bütün həyatı qarşıda olan uşaq sənin keçmişlərə və bir daha yaşanmayacaqlara görə yas saxlamağını necə başa düşsün?!

 

Əslində, heç kim başa düşmür, heç kəs dərk eləmir.

 

Özgələri yandırıb yaxan “çöl”ünün arxasında bərk-bərk gizlənmisən, ona görə. Kimsə bilmir nə qədər tənha olduğunu?! Hamıya böyük görünən bu işlərlə sadəcə baş qatmağından, gözləməkdən bezməmək üçün vaxt öldürməyindən xəbərləri də yoxdu. Birdən kimləsə söhbət eləmək keçir könlündən. Bölüşmək istəyirsən... Amma kimlə? Ürəyinlə danışmaqdan yorulmusan. Ürəyini də yormusan. Həkim bu dərmanların niyə fayda vermədiyini anlaya bilmir...

...Aktrisa gülümsəyir sənə ekrandan... Necə şirin idi səndən ötrü bu təbəssüm, Allah! O anı, küçənin başında salamlaşmağınızı xatırlaya bilirsən, evinə ötürməyin də yaxşı yadındadı... Əlindən tutmağın, yumşaq yanaqlarını sığallamağın, uzun, ipək saçlarına toxunmağın, gözündəki qığılcımdan alışmağın, hamısı, hər şey sanki dünən olub! Amma sadəcə elə film kimi, foto kimi gəlir gözünün önünə bunlar. Hissləri, həyəcanı qaytarmaq olmur, yada salmaq mümkünsüzdü. Sən də elə buna qəmlənirsən... Bu qız da gözünü üzündən çəkmir, balaca canında nələr var bunun?!  Kədərini, düşüncələrini gizlətmək üçün “gəncliyimizin filmidi, o vaxt hamımız vurulmuşduq bu qadına...” – deyirsən.  İndiki uşaqlar da yaman çox bilirlər. Səhər qızın gülə-gülə axşamkı sərgüzəştlərdən danışanda heyrətdən donursan: “Gecə bu qızı yatızdıranda bilirsənmi nə dedi mənə? Hə, yorğanı burnunun üstünə çəkib deyir ki, bir gözəl qız olsaydı, babamı sevsəydi nə gözəl olardı, hə?” Hamı qəhqəhə çəkib gülür, sən də gülürsən heyrətini gizlətmək üçün... Amma bu uşaq nə cür anlayıb dərdini, necə bilib sənə nəyin lazım olduğunu?! Bəlkə doğrudan belədi?! Məncə də belədi...

... Bəzən tənhalığı ürəyinə salan, hər şeydən bezgin, yorğun adamlara həkimlik eləmək həvəsinə düşür adam. İri bir resept yazmaq istəyirsən... Həbin adı: “Sevgi”. Qəbul qaydası: Hər gün yeməkdən əvvəl, sonra və yemək zamanı... yatmazdan qabaq, yuxudan duran kimi, yatanda – yuxuda, oyaq olanda – ayıqlıqda... evdən çıxmamış, güzgü önünə keçəndə, kitab oxuyanda, su içəndə, televizora baxanda, yol gedə-gedə, toyların hay-küyündə, yasların hüznündə, təklikdə və adam içərisində... bir sözlə, həmişə, hər yerdə fasiləsiz, ara vermədən qəbul etməli...  Yalnız bu xilas edə bilər o “böyük qaranlığın yaxınlaşması” xofundan, ancaq bu yolla uzaqlaşa bilərsən, unuda bilərsən ölüm sevdasını.

Hərdən mənə elə gəlir adamı Nazım Hikmət qədər pis öyrədən, ərköyünləşdirən sənətkar olmaz... Çünki o yazdıqlarıyla bütün hissləri təbii edir, səhvləri gözəlləşdirir, boz hərəkətləri rəngləyir, mənalandırır.   onu oxuyanda, səsini dinləyəndə özünü sevirsən, yanlışlıqlarına bəraət alırsan  sanki. Nazımı da sevirsən... Bu qədər böyük, amma eyni zamanda yaxın, anlaşıqlı, məhrəm olduğuna görə!  Elə dünən kofe içəndə düşündüklərini “min il” qabaq yazdığına, özü də belə yazdığına görə bilmirsən nə edəsən ondan ötrü?! Elə ki anlamazların arasında düşdün, Nazımın yeri daha çox görünür. Düşünürsən o sağ olsaydı, necə anlayardı səni, necə yazardı bax bu hisslərini?! Və birdən kitabın səhifəsini çevirirsən, görürsən ki, yazıb artıq... Elə bil danışmısan bütün olanları ona, masmavi gözlərindən gülüb və qələmə atıb əlini...  Bəlkə elə böyüklük də, qeyri-adilik də budu. Nazım sadəcə başına gələnləri, hisslərini, sevgilərini, ağrılarını, əzablarını, qayğılarını, qorxularını qələmə alıb, amma bunu elə edib ki, hər kəs özünə aid təsvirləri, hətta lap avtobioqrafik məqamları görə bilər bu əsərlərdə...

Nazımdan ötrü sevgi hər şeydən vacibdi, sevgilisi hər kəsdən yaxındı... Elə ona görə dərdləşməsi də, şikayəti də, ərköyünlükləri, yaxud cığallıqları da hamısı sevdiyi ilədi... “Son avtobus” şeirində Nazım yorğun, bəlkə bir az bezgin adamın hisslərindən danışır. Daha doğrusu elə-belə dərdləşir sevgilisi ilə... İtirilmiş hisslərin acısını bölüşür!

Şeirin müəllifi Nazım Hikmətdi! Axı daha çox nəsrə məxsus cümlələrlə,  üslubla son dərəcə poetik ovqatı Nazımdan başqa kim yarada bilərdi?! “Gecə yarısı, Son avtobus, biletçi kəsdi bileti...” Gözəl bir nəsr əsərinin çox uğurlu başlanğıcı ola bilər bu cümlələr, deyilmi? Lap roman oxuyanda olduğu kimi – gecə vaxtı vam sürətlə, boş küçələrdə ləngər vura-vura gedən, içində tək-tük yuxulu adam aparan avtobus, səhərdən bu yana eyni marşrutla fırlanmaqdan yorulmuş laqeyd, biganə biletçi gəlir göz önünə... Hələ biletin cırılmağını da eşidirsən! Və bir də o adamı görürsən! Çox toxdu, doyub hər şeydən... Qara xəbər, yaxud rakı ziyafəti eynidi indi ondan ötrü... Onu gözləyən ayrılığın yanında bütün bunlar heçdi ona görə... Əlbəttə, burda bir adamdan, sevdiyindən, yaxud ailəndən ayrılıq nəzərdə tutulmur. Nazım böyük ayrılıqdan, ona yaxınlaşmaqda olan nəhəng qaranlıqdan danışır...  Və çox maraqlı bir priyomdan istifadə edir burda... Təsirini itirmiş, əhəmiyyətsiz nələrisə danışanda əslində həm qismən öz xatirələrini, xarakterini, həm də bir vaxt ondan ötrü vacib sayılan, taleyində iz buraxan məsələləri açmış olur... “Əlini sıxarkən kürəyindən saplayan xəyanətkar dost, zərbə vuran düşmən, adamların yaratdığı bütlər, nazirin təkəbbürü, katibin süni alqışı...” bunlar hamısı mənasızdı indi şairdən ötəri, təəccübləndirmir, təsirləndirmir onu... Əlbəttə, zamanla, insan sözün hər mənasında böyüdükcə, kamilləşdikcə bir az daha təmkinli olur və bunlara da sakit baxır... Lakin bu şeirin kədərli tərəfi odu ki, şair təkcə həyatın pisliklərini, naqisliklərini yox, yaxşı, xoş, gözəl tərəflərini də adiləşdirib özü üçün. Heç nə titrətmir, tərpətmir onun ürəyini... Bəlkə, özü demiş ayrılığa, ölümə  qorxusuz, kədərsiz yürümək üçün edib bunu, bilmirəm! Amma hər halda o naməlum vaxtda, məchul zamanda yetişəcək qaranlığa qədər yaşamaq lazımdı... Hə, yaşamaq!

“Durub dinlənmədən qocaman bir diş kimi ağrıyan ürək” də bunu istəyir.

Alman şairi Henrix Heyne sevgini ürəkdəki diş ağrısı adlandırırdı. Və Nazımın məhz bu misrasıyla Heynenin aforizminəmi, yaxud elə sadəcə infarktınamı işarə etdiyini bilmək çətindi...  Amma hər halda şeir boyu “şikayətim yox” deyə-deyə sərxoş etməyən sözdən, aldada bilməyən yalandan, göz qamaşdırmayan günəşdən şikayətlənən Nazımın ovqatında xoş, nikbin çalar da duyulur...

 

Axı o qürbətdə, qayınların arasında da “sarı, sıcaq pəncərə” tapa bilən,  görə bilən Nazımdı!

O dünyanı pal-paltarı kimi əynindən soyunsa da “Dünya hər zamankından daha gözəl, dünya”dı...

Qatar pəncərəsi tək hərəkətli, mənzərələri hər an təzə-tər, qaynar aşiq stansiya kimi ətalətə, sükuta qərq olsa da, “Dünya hər zamankından daha gözəl, dünya”dı...

Bilmirəm niyə? Amma elə indi, yazımın bu yerində Nazımın misraları  altında gizlənmiş mənalar, xüsusən son bənddəki tərz, üsul aydın göründü mənə... Nazım kömək istəyir sevdiyindən, şikayət eləmir doğrudan da, xilas gözləyir amma. Xanıma “İyicə yaxınlaşdı mənə ölüm!”deyir... SOS-du! Həyəcan siqnalıdı bu. Sevdiyi qadının öhdəsinə, həllinə buraxdığı dərddi! İndi o hər zamankından daha bəyaz qarı həm də sıcaq etmək xanımın işidi! Onun sevgisinə, bacarığına bağlıdı!!!  

 

Nazım Hikmət: “İyice yaklaştı bana büyük karanlık...”

 

Gece yarısı. Son otobüs.

Biletçi kesti bileti.

Beni ne bir kara haber bekliyor evde,

ne rakı ziyafeti.

Beni ayrılık bekliyor.

Yürüyorum ayrılığa korkusuz

ve kedersiz.

 

İyice yaklaştı bana büyük karanlık.

Dünyayı telaşsız, rahat

seyredebiliyorum artık.

Artık şaşırtmıyor beni dostun kahpeliği,

elimi sıkarken sapladığı bıçak.

Nafile, artık kışkırtamıyor beni düşman.

Geçtim putların ormanından

baltalayarak

ne de kolay yıkılıyorlardı.

Yeniden vurdum mihenge inandığım şeyleri,

çoğu katkısız çıktı çok şükür.

Ne böylesine pırıl pırıl olmuşluğum vardı,

ne böylesine hür.

 

İyice yaklaştı bana büyük karanlık.

Dünyayı telaşsız, rahat

seyredebiliyorum artık.

Bakınıyorum başımı kaldırıp işten,

karşıma çıkıveriyor geçmişten

bir söz

bir koku

bir el işareti.

 

Söz dostça

koku güzel,

el eden sevgilim.

Kederlendirmiyor artık

beni hatıraların daveti.

Hatıralardan şikayetçi değilim.

Hiçbir şeyden şikayetim yok zaten,

yüreğimin durup dinlenmeden

kocaman bir diş gibi ağrımasından bile.

 

İyice yaklaştı bana büyük karanlık.

Artık ne kibri nazırın, ne katibinin şakşağı.

Tas tas ışık dökünüyorum başımdan aşağı,

güneşe bakabiliyorum gözüm kamaşmadan.

Ve belki, ne yazık,

hatt? en güzel yalan

beni kandıramıyor artık.

Artık söz sarhoş edemiyor beni,

ne başkasınınki, ne kendiminki.

 

İşte böyle gülüm,

iyice yaklaştı bana ölüm.

Dünya, her zamankinden güzel, dünya.

Dünya, iç çamaşırlarım, elbisemdi,

başladım soyunmağa.

Bir tiren penceresiydim,

bir istasyonum şimdi.

Evin içerisiydim,

şimdi kapısıyım kilitsiz.

Bir kat daha seviyorum konukları.

Ve sıcak her zamankinden sarı,

kar her zamankinden temiz.

 

 

PƏRVİN

525-ci qəzet.- 2013.- 16 noyabr.- S.21.