“Həkim üzümüzə dedi ki, altı ay ömrü qalıb...”-
Məşhurların xanımları
“FİKRƏTLƏ
MƏN BİR- BİRİMİZƏ ADƏT
ETMİŞİK”
Müsahibimiz “Evimizi çox axtardız, yorulmadınız ki? Amma mən bu xanımı axtarıb tapana qədər çox
yoruldum. ” sözləri
ilə bizi qarşılayan Xalq şairimiz Fikrət Qocanın ömür gün yoldaşı, Raya xanım Qocayevadır.
– Raya xanım, ilk öncə müsahibəyə razılıq
verdiyiniz üçün
sizə təşəkkürümüzü
bildiririk. Mümkünsə ilk öncə özünüz
haqda danışın.
–Hər ikimiz Ağdaş rayonunda, ziyalı
ailəsində dünyaya
göz açmışıq.
Təbii
ki Fikrət məndən çox-çox
qabaq dünyaya gəlib (gülür).
Orta məktəbi də Ağdaşda bitirmişəm.
Əvvəllər istəyirdim
ki Tibb Universitetində
təhsil alım, amma sonra müəyyən
səbəblərdən fikrimi
dəyişdim... Sənədlərimi Pedaqoji Universitetə verdim, universiteti bitirdikdən sonra işləmədim. Amma uşaqlar
orta məktəbdə
oxuyandan, yaxın keçmişə qədər
işləmişəm. İxtisasca kimyaçı
bioloqam... Ailə quranda mənim
iyirmi bir, Fikrətin otuz altı yaşı var idi. İki qızımız dünyaya gəldi : Günay və
Gülay.
–Şekspirin belə
bir sözü var- insan sevmirsə
yaşamır. Raya xanım
sizin üçün
həyat nə vaxt başladı?
– Ailələrimiz arasında
dostluq əlaqələri
var idi. Amma Universitetə qəbul olunmazdan əvvəl mən Fikrət müəllimi görməmişdim.
Tanışlığımız, ailə həyatımız
bir təsadüfdən
doğub. Əvvəl
dost olmuşuq, sonra dostluq münasibətlərimiz öz
məcrasından çıxdı.
Fikrətə qarşı
dərin hörmətləri
olsa da, aramızdakı böyük
yaş fərqinə görə valideyinlərim
bu evliliyə qarşı çıxırdı.
Zaman keçdikcə aydın oldu ki, mən
yanlış seçim
etməmişəm. Mən ikinci
kursda olanda nişanlandıq, universiteti
bitirəndən sonra ailə qurduq. Nişanlı olduğumuz illərdən
yadımda qalan ən gözəl xatirələrdən biri görkəmli bəstəkarımız
Ramiz Mirişlinin evinə getməyimiz olub.
–Həyatınızın ən
çətin anlarını
nə vaxt yaşamısınız?
– Təzə ailə qurduğumuz vaxtlarda hamı kimi bizim də aramızda
anlaşılmazlıqlar olub,
çünki əvvəllər
mən çox səbrsiz idim, hər deyilən sözə cavab verirdim, səbrimi cilovlamağı bacarmırdım,
cavan idim. Aramızda olan yaş fərqinin
müsbət cəhəti
onda idi ki, Fikrət bu səbrsiz hərəkətlərimi anlayışla
qarşılayırdı. Amma bu kiçik mübahisələri çətinlik
adlandırmaq olmaz.
Mənim
həyatda tək çətinliyim Fikrətin
keçirdiyi xəstəliklər
olub. Hər xəstəliyi digərindən
bir az
daha ağır gəlirdi. Birinci dəfə mədəsindən
(yazvadan) çox əziyyət çəkdi.
Sonra Fikrət Afrikaya getmişdi, sərhədi keçəndə hər
kəsə dərman veriblər. Fikrət
öz dərmanını
bir qadına verib ki, mənə
heç nə olası deyil, səfərdən qayıdandan
sonra qızdırması
oldu, elə bir xəstəliyə tutuldu ki, heç
kim nə
olduğunu tapa bilmirdi. Xəstəliyin yeddinci günü
artıq nə yemək yeyə, nə də su içə bilirdi. Təsadüfən həkimlərdən biri aşkar etdi ki, sən
demə Afrikada ağcaqanad sancmasından malyariya xəstəliyinə
tutulub. Üçüncü dəfə xərçəng
xəstəliyinə tutuldu.
Həkimə getdik, həkim üzümüzə
dedi ki, altı ay ömrü qalıb. Əlim yerdən, göydən
üzüldü. Amma ölüm
fikriylə heç cür barışa bilmirdim. Heydər Əliyevin köməkliyi
ilə, Moskvaya əməliyyata getdi.
Ağciyərinin bir hissəsini kəsib götürdülər, amma
əməliyyatın mənfi
cəhəti onda idi ki , səs tellərinə
toxundular. Fikrətin elə gözəl səsi var idi
ki, heç kim ondan
sonra şeir demək istəmirdi. Öz şeirlərini oxuculara özü təqdim edərdi. Çox şükür ki,
o xəstəlikdən də
qurtula bildik. Ay qızım, əmin ola bilərsiz
ki, Allahdan başqa heç kim, insana ömür
biçə bilməz.
Allah var, mərhəməti
də var...
–Raya xanım, yazdığı
şeirlərin ilk oxucusu
sizsiniz?
–Fikrət ailəsinə bağlı, qayğıkeş
bir atadır. Gündüzlər işdə olur,
gecələr yazmaqla məşğul olur.
Şeirlərinin ilk oxucusu mən
olmuşam. Mənə
yazdığı şeirləri
elə təmtəraqla
təqdim etmə adəti yoxdu. Mən ədəbiyyatçı deyiləm,
amma bir oxucu kimi şeir
haqqında olan fikirlərimi deyirəm.
Qızım, bilirsiz necədi,
bir – birimizi nə qədər tanısaq da ayrı- ayrı ailələrdə böyümüş
iki insan idik. Zamanla bir- birimizə
uyğunlaşdıq. Məndən tez-tez soruşurlar ki, Fikrət
əməliyyat olub, bəs yaxşı sənin səsin niyə batıb? Fikrət müəllimin tez-tez işlətdiyi yaxşı bir söz var, atı-atın
yanına bağlasan həmrəng olmasa da, həmxasiyyət olar.. Odur ki, Fikrətin yanında qala-qala mənim də səsim batıb (gülür).
–Bir oxucu kimi
deyə bilərik ki, Fikrət Qoca olduqca güclü
qələm ustasıdır.
Onun oxucular arasında bu qədər sevilməsinə paxıllıq
edənlər olubmu?
–Bilirsiz, qızım, zaman dəyişir amma insanların xudbinliyi, nankorluğu, qəsdi dəyişmir.
Sanki əvvəllər baş
vermiş hadisələr
yenidən dövr
edir. Yəni Fikrət Qocanın yaradıcılığının əvvəllərində ona
qarşı olan haqsız hərəkətlər , ömrünün ahıl vaxtlarında da təkrarlanır, amma müxtəlif insanlar tərəfindən.
Fikrət ümumiyyətlə, dosta sadiq bir
insandır. Dost dediyi
insanlarla yalnız söz xatirinə deyil, əsl dost, həmdəm olur. Dost dedikləri onun
ayağının altını
qazır, maneə olmağa çalışır.
Bu cür hadisələri
görəndə insanlara
qarşı olan inam da azalır...
–Peşəniz üzrə müəllimə işləmisiniz,
yoxsa başqa bir sahədə çalışmısınız?
–Bir müddət mətbuat sahəsində jurnalist kimi çalışmışam. Mətbuatda işlədiyim
dövrlərdə, məqalələr,
hekayələr də
yazmışam. Amma insanın
peşəsi həmişə
onu özünə çəkir. Bir az işlədikdən
sonra müəllimlik məni özünə cəlb etməyə başladı. İşə
müəllim kimi başlamaq
imkanım olsa da, laborant olmağı
seçdim. Müəllimlik asan peşə
deyil, ilk dərsin həyəcanını azaltmaq,
uşaqlarla davranışı
qavramaq üçün
təcrübə keçmək
qərarına gəlmişdim.
Mən uşaqlara tək biologiya, kimya öyrətmirdim. Onları ədəbiyyata
yönləndirirdim, bədii
əsər oxumağa
maraq oyadırdım.
Biz uşaqlarla birlikdə, dərsdən çox həyatı öyrənirdik.
–Əsl xoşbəxtlik
sizin üçün
nədi: Fikrət Qoca ilə ailə
qurmaq, yoxsa ana olmaq?
–Ailə quranda çox həyəcanlı,
çox xoşbəxt
idim. Mən heç xəyalıma
da gətirməmişəm
ki, Fikrətdən başqa kiminləsə ailə qura bilərdim. Özümü onsuz təsəvvür
edə bilmirəm.
Amma balalarım dünyaya gələndə, tamam başqa hisslər yaşamışam. Ay qızım,
o qədər xoşbəxt
idim ki, həyəcandan neyləyəcəyimi
bilmirdim. Əli Kərimin yaşadığı
binada, bizə ev verdilər.
Qızım Günel də
elə o evdə dünyaya gəlmişdi.
Çox
qayğıkeş ata
idi. Evimizin əşyaları az idi, rəngli
televizor təzə çıxanda, Fikrət dedi ki, qiyməti
neçəyə olur
olsun, ondan uşaqlara almalıyam.
–Ailənizdə Fikrət
Qocanın yolunu davam edən varmı?
–Kiçik qızımız
Gülayın ədəbiyyata
marağı çox
böyük idi. Uşaq vaxtı yazdıqlarını böyük
maraq və həvəslə oxuyardı.
Bir gün atası ona dedi ki, qızım
sən şeir yazmırsan, yazmayacaqsan. Elə o sözdən sonra Gülay bir daha əlinə qələm almadı.
İnam böyük qüvvədi, əgər inansaydı
ki, yazacaq, yaza bilərdi. İndi nəvəmiz- balaca Fikrət Qoca ədəbiyyata böyük
maraq göstərir.
Mən də istəyirəm ki, bütün xatirələrimi qələmə
alım, çap etdirməsəm də bir tərəfdə qalsın. Fikrət də bu fikrin tərəfdarıdır.
–Sonda oxucularımıza nə demək istərdiniz?
– Bir – birimizə güzəştə getmişik,
hər xırda məsələni böyütməmişik
deyə gözəl və mənalı ömür sürmüşük.
Təkrarolunmaz xatirələrimiz
var. Nə mənim, nə Fikrətin dünya malında
gözümüz olmayıb.
Allahdan tək arzum odur ki, bizi
yetim qoymasın.
Mən olmasam Fikrət kimsəsiz qalar, Fikrət olmasa mən. Həyatda olan bütün
hərəkətlərin hamısı
vərdişdir. Yazıçı, şair gördüyünü,
eşitdiyini qələmə
alır. Rəssam təbiəti
çəkir. Fikrətlə mən də bir- birimizə adət etmişik, bərabər yaşamağa
öyrənmişik. Biz də daxil olmaqla,
bütün xalqımıza
can sağlığı, sağlam
ömür arzu edirəm.
Məhəbbət
HACIYEVA
Firəngiz
AĞALAR
İdeya müəllifi Tofiq
Abdin
525-ci qəzet.-
2013.- 16 noyabr.- S.20.