Gənc oğlanın və çöl bənövşəsinin
nağılı
Nağıllar silsiləsindən
Gənc
Oğlan Bakıda ev kirayələyib texniki peşə məktəbində
oxuyurdu çilingər olacaqdı, çünki onların kəndi
böyüyürdü, yaxşı çilingər isə
yox idi və hər dəfə də fürsət
düşəndə bayram günlərində, bəzən
hətta şənbə, bazar günləri avtobusa minib kəndə
gedirdi.
Bir
otağı və şüşəbəndi Gənc
Oğlana kirayə verib, mənzilin qalan birotaqlı hissəsində özü
yaşayan Ev Sahibəsi deyirdi:
A bala,
kasıb oğlansan, niyə avtobusa pul verib, həftə səkkiz,
mən doqquz, kəndə gedirsən?
Əlbəttə,
Ev Sahibəsi bu gediş-gəlişlərin
səbəbini başa düşmürdü.
Məsələ
burasında idi ki, Gənc Oğlanın doğulub boya-başa
çatdığı kənd Bakıdan cəmi 80 kilometr
uzaqda idi, ancaq məsafənin beləcə
qısalığına baxmayaraq, Gənc Oğlanın
Bakıdakı bu müvəqqəti yaşayışı o kəndin
nisgili ilə dolu idi.
O kənd
dağların qoynunda idi və yay-qış təpələrindəki
qarın ağlığından tutmuş yazda
yamaclarındakı lalələrin qırmızısına
kimi o rəngbərəng dağların mənzərəsini
görməmək, sübh tezdən kəndin
bağ-bağatındakı quşların səsini,
xoruzların banını, qoyun-quzunun mələşməsini,
evlərinin böyründəki yarğan boyu axan
çayın şırıltısını, gecələr
ordan gələn qurbağa qurultusunu eşitməmək
ömründə ilk dəfə kənddən ayrı
düşmüş o Gənc Oğlanın Bakı həyatının
ən çatışmayan hissəsi idi.
lll
Gənc Oğlan Bakının köhnə məhəllələrindən
birindəki birmərtəbəli binada kirayənəşin
yaşayırdı və məskəni də, dediyim kimi,
balaca bir otaqdan, o otaqdan da kiçik bir şüşəbənddən
ibarət idi.
O birmərtəbəli
binanın həyətində Gənc Oğlanın
şüşəbəndilə üzbəüz bir Tut
Ağacı var idi və o qollu-budaqlı Tut Ağacını
hələ Ev Sahibəsinin rəhmətlik
atası əkmişdi.
Yaxşı ki, o Tut Ağacı var idi.
Gənc Oğlanın Bakıda gedəsi bir yeri yox idi hərdən
kinoya getmək, bəzən də təkbaşına dənizkənarı
bulvarda gəzmək vəssalam. Onun günlərinin
çoxu səhərdən günortayacan Texniki peşə məktəbində,
sonrada bu balaca otaqda və bu kiçik şüşəbənddə
keçirdi.
Və Gənc Oğlan dərsdən evə qayıdanda,
çox zaman şüşəbənddə dayanıb Tut
Ağacına baxırdı. Şüşəbənddəki pəncərə
çərçivələri köhnə olduğu
üçün, Ev Sahibəsi adda-budda
mismar vurub, onları bir-birinə bərkitmişdi və buna
görə də o pəncərələrin heç biri
açılmırdı.
Gənc Oğlan da Tut Ağacına ancaq şüşənin
arxasından baxırdı.
lll
Bir
gün o vaxt aprelin əvvəlləri idi yenə kəndə
getmiş Gənc
Oğlan bir dostunun sınıq-salxaq Cipinə minib təzədən
geri qayıdırdı. Dostu Gənc
Oğlanı rayon mərkəzindəki avtobus
dayanacağına gətirəcəkdi və o da avtobusa minib
Bakıya gedəcəkdi.
Onları aparan Cip dağların arası ilə
qıvrıla-qıvrıla uzanan
daşlı-çınqıllı yolla gedirdi və bu vaxt Gənc
Oğlanın gözü yolun kənarında dağın ətəyində
yarpaqlayıb, hərəsi üç-dörd çiçək
çiçəkləmiş adda-budda çöl bənövşələrinə
sataşdı.
Gənc
Oğlan dostuna:
Saxla!- dedi və Cipdən düşüb, diqqətlə
baxa-baxa o çöl bənövşələrindən bir təzə-tərini
seçdi, elə barmaqları ilə də eşələyib
o çöl bənövşəsini yarpaqları, gökləri
ilə birlikdə torpaqdan çıxartdı.
Dostu
gülümsəyib dedi ki, nəyinə lazımdı bu, əksən
də, təzədən bitən deyil, çöl bənövşəsinin
yeri çöldür.
lll
O
Çöl Bənövşəsi dünyaya göz
açdığı vaxtdan etibarən, yəni on
beş-iyirmi gün bundan əvvəl, kənddən rayon mərkəzinə,
rayon mərkəzindən də kəndə, demək olar ki,
beş-altı köhnə maşın gedib-gəlirdi,
hamısıda eyni maşınlar idi və Çöl Bənövşəsi
də o maşınları tanıyırdı, onlara nifrət
edirdi. O maşınların səsi, quraqlıq vaxtı o
maşınların təkərlərinin
qaldırdığı tozanaq, həqiqətən də, niftətə
layiq idi.
Çöl
Bənövşəsi çox həssas idi və həmin
Cipin də səsi hələ lap uzaqdan eşidiləndə,
Çöl Bənövşəsinin sövq-təbiisi ona
dedi ki, bu dəfə o səs heç bir yaxşı şey vəd
etmir, hansısa bəd bir vaqeədən xəbər verir və
o vaqeə də, deyəsən, elə onun qismətinə
düşəcək.
Sonra elə
ki, o eybəcər maşın iyrənc bir səs salıb
düz onun qarşısında dayandı, o zaman onsuz da səksəkə
içində olan sövq-təbiisi Çöl Bənövşəsinə
dedi ki, deyəsən, onun, yəni o Çöl Bənövşəsinin
bu dünyadakı həyatının son məqamı
yetişdi.
Və elə ki, Çöl Bənövşəsi
insanın Gənc Oğlanın o eybəcər
maşından düşüb onun yanında
dayandığını, diqqətlə ona
baxdığını gördü, sonra da o insan əyilib
barmaqları ilə onun dibini eşələməyə
başladı, o zaman Çöl Bənövşəsi o qəddar
barmaqların amansızlığını bütün
varlığı ilə hiss etdi.
Çöl Bənövşəsi dəhşət
içində uçuna-uçuna gözlərini o
yarpaqları və çiçəkləri ilə
görürdü qapadı və bundan sonrası daha onun
yadında qalmadı.
lll
Gənc Oğlan avtobus dayanacağında bir qəzet
parçası tapıb, onu yaxınlıqda axan arxın bulanıq
suyunda islatdı və Çöl Bənövşəsinin
köklərini o qəzet parçasına bürüyüb,
özü ilə Bakıya apardı.
Həmişə
saf su içdiyinə görə o bulanıq arx suyunun
bulanıq da qoxusu, yoxsa kələ-kötür yolla gedən
avtobusun atıb-tutması Çöl Bənövşəsini,
elə bil, dərin və ağır bir yuxudan oyatdı,
gözlərini açıb
yan-yörəsinə baxdı.
Çöl
Bənövşəsi ilk dəfə idi ki, avtobusla gedirdi,
ümumiyyətlə, ilk dəfə idi ki, o, yol gedirdi və hər
şey avtobusda oturmuş bu cürbəcür insan sifətləri
də, bu oturacaqlar, pəncərələr də və o pəncərədən
ötüb keçən o bomboz çöl mənzərələri
də Çöl Bənövşəsi üçün
tamam yad idi.
Gənc
Oğlan Dağ Bənövşəsini əlində
tutmuşdu və taqətdən düşmüş,
yarpaqları, çiçəklərinin sapları solub zəifləmiş
Dağ Bənövşəsi bütün içini
bürümüş vahimə ilə fikirləşdi ki,
görəsən tale onu hara aparır? bunu
fikirləşdi və yenidən bayıldı.
Gənc Oğlan Bakıya axşam gəlib çatdı
və elə həmin axşam da bir dəmir konserv
qabının içini Tut Ağacının dibindən
götürdüyü torpaqla doldurdu. Çöl Bənövşəsini
o konserv qabında əkib, suladı və şüşəbənddəki
kiçik mizin üstünə qoydu.
lll
Tut
Ağacı, dediyim kimi, yaşlı idi, dünyada çox
şey görmüşdü, amma birinci dəfə idi ki,
Çöl Bənövşəsi görürdü.
Elə
ki, səhər açıldı və Tut Ağacı
qarşısındakı şüşəbəndin
şüşəsindən o Çöl Bənövşəsini
gördü, çox təəccüb etdi, çünki bu
Ev Sahibəsi heç vaxt gül-çiçək bəsləməmişdi.
Çöl
Bənövşəsi dəmir dibçəyin içində
tamam taqətsiz idi, yarpaqları da, çiçəkləri
də zəifləyib o dəmir dibçəkdəki
torpağın üstünə sərilmişdi və Tut
Ağacının onsuz da Ev Sahibəsindən xoşu gəlmirdi,
bu dəfə də fikirləşdi ki, bu arvad nahaq belə bir
sevdaya düşüb, çünki bu çiçək o dəmirin
içindəki aqibətilə heç vəchlə
barışmayacaq və yaşamayacaq.
Amma Tut
Ağacı elə ki, Gənc Oğlanın yuxudan duran kimi,
xüsusi bir cidd-cəhdlə Çöl Bənövşəsinə
su verdiyini gördü, başa düşdü ki, sevda Ev Sahibəsinin
deyil, bu Gənc Oğlanındır.
lll
Çöl Bənövşəsi həmin günün
günorta vaxtı o şüşəbənddə ilk dəfə
gözünü açanda özünü o balaca dəmir
dibçəyin içində gördü və bütün
dəhşəti ilə dərk etdi ki, onun o dağların
qoynundakı azadlığı həmişəlik əlindən
alınıb.
Həmin
məqamda Çöl Bənövşəsinin ən
böyük istəyi intihar etmək idi, ancaq bitkilərin bir bədbəxtliyi
var: onlar nə qədər istəsələr də intihar edə
bilmirlər buna imkanları yoxdur və Çöl Bənövşəsi
təmiz su içdiyinə görə bir az dirçəlmiş
yarpaqları, çiçəkləri ilə ətrafa
baxdı: burada hər şey yad idi və
bu elə bir yadlıq idi ki, Çöl Bənövşəsi
başa düşdü bu yadlıq heç zaman
doğmalaşmayacaq.
O həyətdə
nisbətən doğma bir şey vardısa, o da Tut
Ağacı idi.
Düzdür, Çöl Bənövşəsi təmiz
su içmişdi, yarpaqları, çiçəklərinin
sapı, ləçəkləri dirçəlmişdi, ancaq
nə olsun?
onun bütün içi dərdlə dolu
idi.
Tut
Ağacı Çöl Bənövşəsinə təskinlik
vermək istəyirdi, ancaq parniklərdən, gül
mağazalarından yox, çöllərdən gətirilib o
balaca dəmir dibçəyə salınmış
çiçəyə necə təskinlik verəydi?
Bunu hətta o Qoca Tut Ağacı da bacarmayacaqdı.
lll
Çöl Bənövşəsi Gənc Oğlanı
ilk dəfə həmin günün axşamı gördü. Gənc Oğlan
barmaqları ilə torpağı eşib, onu gökləri ilə
bərabər doğma torpaqdan dartıb çıxaranda, o
barmaqlarda elə bir qəddar istək var idi ki, həmin qəddarlıq
Çöl Bənövşəsinin bütün
varlığını sarsıtmışdı və o, yəni Çöl Bənövşəsi
heç Gənc Oğlanı sifətinə də
baxmamışdı.
Texniki peşə məktəbinin şagirdləri
artıq Bakı zavodlarında təcrübə keçməyə
başlamışdılar və payızın əvvəllərinədək
təcrübə keçib, sonra təhsillərini başa
vuracaqdılar.
Gənc Oğlan evə axşam gəlib
çıxdı, gələn kimi də şüşəbəndə
keçib Çöl Bənövşəsinə baxdı,
barmaqları ilə onun yarpaqlarını yoxladı,
çiçəklərinə toxundu.
Çöl
Bənövşəsi o barmaqları o saat tanıdı və
qəribəsi də bu idi ki, düzdür, Çöl Bənövşəsi
əvvəlcə qorxdu, amma o barmaqların həmin qəddarlığını
daha hiss etmədi, o qəddarlıq yox olub getmişdi, əksinə,
elə ki, o barmaqlar onun yarpaqlarını yoxladı, sonra
çiçəklərinin sapına, ləçəklərinə
toxundu, o zaman Çöl Bənövşəsi o azad, gözəl
çöllərdə də heç zaman
duymadığı bir nəvaziş hiss etməyə
başladı və həyatında ilk dəfə duyduğu
bu nəvaziş hissiyyatı yavaş-yavaş, elə bil ki,
içdiyi su kimi, nəfəs aldığı hava kimi Çöl
Bənövşəsinin içinə doldu.
O azad,
gözəl çöllərdə Çöl Bənövşəsinin
yarpaqlarını, saplarını, ləçəklərini
ancaq hərdən əsən yüngül meh
tumarlamışdı, bu barmaqlardan gələn nəvazişi
isə Çöl Bənövşəsi ömründə
heç vaxt duymamışdı.
Dediyim
kimi, Gənc Oğlan Cipdən düşüb ona
yaxınlaşanda Çöl Bənövşəsinin
bütün varlığı həyəcan içində
uçunurdu və buna görə də Gənc Oğlana
baxmamışdı, amma bu dəfə diqqətlə ona
baxdı.
O
axşamçağı o kiçik şüşəbənddə
Gənc Oğlanla Çöl Bənövşəsi diqqətlə
bir-birinə baxırdı, ancaq fərq bunda idi ki,
Çöl Bənövşəsi Gənc Oğlanın ona
baxdığını görürdü, Gənc Oğlan isə
Çöl Bənövşəsinin də ona
baxdığını görmürdü.
Gənc
Oğlan bilmirdi ki, Çöl Bənövşələrinin
də gözləri var, onlar da görürlər, ancaq
Çöl Bənövşəsi bunu bilirdi, bilirdi ki, Gənc
Oğlan onun baxışlarından xəbərsizdir və bu
çox kədərli idi, ancaq qəribə idi həmin kədər,
elə bil, azadlığı əlindən alınmış
Çöl Bənövşəsinin içindəki o dərdi
sıxışdırıb çıxartdı.
Bu kədər duyğusu çox anlaşılmaz idi,
çünki o kədərin içində nəvaziş dolu
bir işıq da var idi və Çöl Bənövşəsi
o işığın hərarətini açıq-aşkar
hiss etdi.
Və Çöl Bənövşəsi birdən-birə
qəhərləndi, amma niyə, nə üçün qəhərləndi? bunu
bilmədi.
Həmin axşam həyətdən onlara baxan QocaTut
Ağacı başa düşdü ki, Çöl Bənövşəsi
aşiq olub, ancaq bundan heç özünün də xəbəri
yoxdur.
lll
O balaca
otaqda çarpayı yox idi və Gənc Oğlan köhnə
divanda yatırdı. Hər səhər yerindən qalxan kimi
şüşəbəndə keçib Çöl Bənövşəsinə
baxırdı, barmaqları ilə onun yarpaqlarının
diriliyini yoxlayırdı, sonra ümumi mətbəxə gedərək,
kranı açıb, əvvəlcə suyu bir az
axıdır və elə ki, su sərinlədi, bir fincan
doldurub, gətirib, Çöl Bənövşəsinə su
verirdi.
Çöl Bənövşəsi səhərlər Gənc
Oğlandan tez oyanırdı və oyanan kimi də divanda yatan
Gənc Oğlana tərəf boylanırdı.
Gənc
Oğlanın divanın üstündə uzanaraq, gözlərini yumub
eləcə yatmağı Çöl Bənövşəsinə
çox qəribə və bir az da gülməli
görünürdü. Hərdən Gənc Oğlan o tərəf-bu
tərəfə çönəndə təpiyi ilə vurub
üstündəki adyalı kənara atırdı və belə
zamanlarda Çöl Bənövşəsi Gənc
Oğlanın çılpaq ağ bədəninə baxa-baxa
heç zaman duymadığı bir hiss keçirirdi: elə
bil, o köhnə divandan həmin nəvaziş dolu mehriban və
doğma bir dalğa gəlib onun bütün içindən
keçirdi və Çöl Bənövşəsinin
vücudunu bir həyəcan, coşğunluq, hətta
anlaşılmaz bir ehtiras titrədirdi.
Artıq
uzaq bir keçmişdə qalmış o azad və gözəl
dağ ətəklərində də hərdən
gül-çiçəklərin, otların qoxusu ilə dolu
həmin yüngül meh əsirdi və o meh o qədər
xoş idi ki, az qalırdı Çöl Bənövşəsini
bihuş etsin bütün bunlar belə idi və Çöl
Bənövşəsi də bunu yaddan
çıxarmamışdı amma o köhnə divanda
yatmış çılpaq Gənc Oğlandan gələn o
dalğa tamam başqa bir şey idi.
Başqa bir şey, yəni nə?
Çöl Bənövşəsi bu sualın
cavabını bilmirdi.
Və Çöl Bənövşəsi sübh tezdən
oyanan kimi, Gənc Oğlanın da yuxudan durmağını,
su gətirməyini, barmaqları ilə onun yarpaqlarına
toxunmağını gözləyirdi. Çiçəklərinin
isə artıq vaxtı keçmişdi, solub, qurumuşdular,
bir də gələn yazda açacaqdılar və
Çöl Bənövşəsi indi ancaq yaşıl
yarpaqlardan ibarət idi.
lll
Çöl
Bənövşəsi tütəyi çox sevirdi və
dağların ətəklərində sürü otaran
çobanlar hərdən tütək çalmağa
başlayanda, o tütək səsində o qədər bir
doğmalıq var idi ki, Çöl Bənövşəsinə
elə gəlirdi, elə bil, tütəyi çobanlar yox, o
dağlar, meşələr, çöllər çalır.
Güllərin,
çiçəklərin anaları olmur və Çöl Bənövşəsini
də anası yox idi, ancaq çobanlar o tütəyi
çalanda, elə bil, həmin dağlar, meşələr,
çöllər o tütək səsi ilə ona layla deyirdi.
Gənc Oğlan axşamlar zavoddan evə gələndə,
hərdən özü ilə cürbəcür dəmir-dümür
gətirirdi, şüşəbənddəki kiçik mizin
üstündə vintləri
açırdı-bağlayırdı, xırda boruların
uclarını cürbəcür ölçülərdə
yonurdu bir sözlə, zavodda öyrəndiklərini
axşamlar evdə də davam etdirirdi.
Həmin vaxtlar
Çöl Bənövşəsi Gənc Oğlanın dəmir-dümürlə
əlləşən barmaqlarına baxa-baxa fikiləşirdi
ki, gərək sən bu barmaqlarla tütək
çalaydın və Çöl Bənövşəsi xəyala
dalıb Gənc Oğlanın bu dünyada ancaq onun
üçün çaldığı tütəyə qulaq
asırdı. Gənc Oğlan səhər evdən
çıxıb zavoda gedəndə və Çöl Bənövşəsi
o şüşəbənddə tək qalanda da Gənc
Oğlanın onun üçün çaldığı o
tütək səsinə qulaq asırdı.
Və Çöl Bənövşəsi o tütək
səsinə qulaq asa-asa bütün təbiət
qanunlarını pozaraq, yeni bir çiçək
açdı.
Hətta
Tut Ağacı da bu işə mat qaldı.
Çöl Bənövşəsi o çiçəyi
Gənc Oğlan üçün açmışdı.
lll
Yay bitdi, payız gəldi və Çöl Bənövşəsi
gözəl və rahat bir qış yuxusuna getdi.
Vaxt ötdü, fəsillər dəyişdi və yenə
də yaz gəldi.
Erkən bir yaz günü sübh tezdən Çöl
Bənövşəsi yuxudan oyandı.
Yuxuda nələr görmüşdü? bunlar Çöl Bənövşəsinin
yadında deyildi, ancaq gördüklərinin sevinci,
işığı onunla birlikdə idi və Çöl Bənövşəsi
bilirdi ki, o sevinc, o işıq, əslində yuxuda yox, həyatdadır.
Və Çöl Bənövşəsi həmin sevinc
və işıq içində, gözəl bir həyəcanla
şüşəbənddəki mizin üstündən
otaqdakı divana tərəf boylandı.
Köhnə divan boş idi, üstünə
salınmış yorğan-döşək də
götürülmüşdü.
Çöl Bənövşəsi bilirdi ki, hələ
dan yeri yenicə sökülür və bu vaxtlar Gənc
Oğlan divanda uzanıb yatmalı idi, amma o yox idi.
Bəlkə nə isə olmuşdu və Gənc
Oğlan hələ səhərin gözü
açılmamış yerindən qalxıb getmişdi?
Axşam düşdü, ancaq Gənc Oğlan gəlib
çıxmadı.
Çöl
Bənövşəsi, dediyim kimi, çox həssas idi və
həmin erkən yaz axşamı sövq-təbiisi ona dedi ki,
bir də heç vaxt Gənc Oğlanı görməyəcək.
lll
Ev Sahibəsi o balaca otağı da, şüşəbəndi
də tərtəmiz silib-süpürmüşdü və Gənc
Oğlan təhsilini başa vurub kəndlərinə
qayıdandan sonra, təzə kirayənişin axtarırdı. Ancaq
Çöl Bənövşəsinə
toxunmamışdı və Çöl Bənövşəsi
eləcə şüşəbənddəki kiçik mizin
üstündə idi.
Ev Sahibəsi
hər səhər Çöl Bənövşəsinə
su verirdi, ancaq Çöl Bənövşəsi
gözgörəti solurdu və bir səhər Ev
Sahibəsi o dəmir dibçəyi əlinə alıb,
orasına-burasına baxdı:
A-a-a...
dedi.- Bu niyə belə soldu, getdi...
Tut
Ağacı bu sözləri eşitdi, amma heç nə demədi,
çünki Ev Sahibəsi onsuz da onun tut
dilində dediklərindən xəbər tutmayacaqdı.
Ev Sahibəsi
tut ağaclarının dilini bilmirdi, ancaq bilsəydi də,
Tut Ağacının dediklərini eşitsəydi də, fərqi yox idi,
yenə heç nə başa düşməyəcəkdi.
11 iyun 2011.
Zuğulba
ELÇİN
525-ci qəzet.-
2013 .- 16 noyabr.- S.18-19.