Özbəkistan və Azərbaycan şeirində Nigar Rəfibəyli obrazı

 

Nigar Rəfibəyli – 100

 

 

XX əsr milli söz sənətimizin yenilməz və mübariz qadın sənətkarlarından biri Nigar xanım Rəfibəylidir. Nigar Rəfibəyli və ümumən, Rəfibəylilər taleyinin Azərbaycan ədəbiyyatında və ədəbiyyatşünaslığında geniş şəkildə əks etməsindən söz açarkən görkəmli ədib və ədəbiyyatşünas Rafael Hüseynovun “Rəfibəylilər” kitabına münasibət bildirməmək mümkün deyil. XX yüzil Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan bu əsərin ədəbi və tarixi dəyəri haqqında Xalq yazıçısı Anarın söylədikləri fikrimizi təsdiq edir: “Onu da deyim ki, “Əslim, nəslim, əsrim” romanımın mənim üçün ən çətin yazılan fəsli məhz “Rəfibəylilər”ə aid fəsil oldu. On görə ki, indi bütün burda yazdıqlarımı və bundan daha geniş, ətraflı, müfəssəl şəkildə Rafael Hüseynov “Rəfibəylilər” adlı çox dəyərli kitabında yazıb. Bu kitab çıxandan sonra Rafaelə deyirdim ki, daha ana nəslim haqqında yazmağa mənə bir şey qoymamısan. Bu yaxınlarda “Rəfibəylilər” kitabının təkmilləşdirilmiş və əlavələrlə zənginləşdirilmiş yeni nəşri – “Yurdun adındakı can” adı ilə yenidən çap edildi. Kitabın böyük bir fəsli – “Gəncənin atası” fəsli Ələkbər bəyə, “Yetim ağ at” adlı başqa iri fəsil Xudadat bəyə, “Nigaran çiçəklər” adlı geniş fəsil də Nigar xanıma aiddir. “Nigaran çiçəklər” Nigar Rəfibəyliyə həsr olunmuş bu qarşınızdakı xatirələr kitabına da daxil edilib”.

    Nigar Rəfibəylinin özünün obrazı və poeziyası da çoxdan məşhurlaşmış, əfsanəviləşmiş və şeirin mövzusuna çevrilmişdir. Bir sıra şairlərimizin və şairələrimizin bu mövzudakı poetik axtarışları ədəbi ictimaiyyətə yaxşı məlumdur. Fikrət Qoca, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Önər kimi görkəmli sənətkarlarla bir sırada cavan qələm sahibləri də Nigar Rəfibəyli obrazına müraciət etmişlər. Hətta bir sıra başqa respublikalarda, o cümlədən, Özbəkistanda Nigar xanımın yenilməz şəxsiyyəti və şeiriyyəti şərəfinə nəfis və zərif mədhiyyələr yazılmışdır. Özbəkistan Xalq şairi Abdulla Aripovun və Osman Qoçqarın Nigar xanımın obrazına poetik müraciəti və ithaflarını burada xüsusi qeyd etmək yerinə düşər.

    Azərbaycan ədəbiyyatının böyük dostu, gözəl tərcüməçi və söz sənətimizin bir sıra parlaq nümunələrini uğurla özbək dilinə çevirən Osman Qoçqarın Nigar xanımın və Rəsul Rzanın bədii obrazlarını yaratmaq sahəsindəki müvəffəqiyyətləri diqqətəlayiqdir. XX yüzil nəsrimizin “Qətl günü”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Sizsiz”, “Mahmud və Məryəm”, “Dolça”, “Toyuğun diri qalması” və başqa ciddi nümunələrini özbəkcəyə tərcümə edən Osman Qoçqarın Rəsul Rza və Nigar Rəfibəyli obrazlarını ilhamla yaratmasını xüsusi qeyd etməliyik. İstedadlı özbək şairinin “Sizsiz” romanının motivləri və təəssüratı əsasında ərsəyə gətirdiyi məşhur “Xəzər ağısı” silsiləsi elə yazıldığı və nəşr olunduğu vaxtdan təkcə Özbəkistan və Azərbaycanda deyil, bir sıra qardaş ölkələrdə də məşhurlaşmış, dillər əzbəri olmuşdur. Doqquz hissədən – 9 müstəqil şeirdən ibarət olan bu lirik-emosional silsilənin bir neçə şeiri məhz Nigar xanıma, onun qəlbinin sarsıntılarına, tragik yaşantılarına həsr edilib. Müəllif Rəsul Rza itkisinin Nigar xanımın qəlbində oyatdığını dözülməz iztirabları, etiraf edək ki, son dərəcə səmimiyyətlə və yüksək şeir mədəniyyəti ilə təsvir etməyi bacarmışdır:  

 

                           

 

Rəsul varkən, könlün tox imiş,

Görüb qəlbin güvənir, Nigar.

Dünyada heç sonsuz dözüm yox imiş,

Dözüm, taqət tükənir, Nigar.

 

 

 

“Mən yarı ömürəm, qalanı – Rəsul,

Hanı o, hardadır qalan yarımım?

Bu necə uğultu, şeir oxurmu o,

Ya böyük Xəzərin dalğalarımı?..

 

 

 

Lirik “mən” ovqatının tragizmi bu şeirdə bir sıra təsirli bədii detal və obrazlarda dəqiq əksini tapıb. Nigar xanımın iztirabları və nigarançılığı təbii surətdə açılıb.

Nisgilli və nakam ölümlər, adətən, gənclərin taleyi ilə bağlı olur. Amma müdrik və yaşlı insanların həyatı da gözlənilmədən bu cür ələmli sonluqla bitə bilər. Məhz bu mənada Rəsul və Nigar ayrılığı poeziyanın yaddaşına möhürlənmiş məşhur lirik faciələrlə müqayisə ediləcək dərəcədə emosional bir kədər idi. Bəlkə də uzun zaman, yarım əsrə yaxın bir olan, birlikdə yaşayan insanların biri-birini itirməsi daha amansız ayrılıqdı. Onun ağrısı və göynərtisi daha dözülməzdir...

Özbək şairinin inamı və ümidləri də qabarıq nəzərə çarpır: həyatı boyu olmazın ağrı-acıları yaşamış Nigar xanım bu müsibətin önündə də yenilməyəcək, onun bu nisgili və həsrəti də qəlbindən şeiriyyətə köç edəcək...

 

                    

 

Dünyada tayını itirən zaman,

Daşlara özünü atan quşsan.

“Rəsula nə olub?”qəlbində güman,

Tayını itirən tənha-tək quşsan.

 

 

 

Özünün əzizini itirən insanın bu itkiyə dözə bilməməsini şair ana təbiətlə – qu quşlarının bir-birindən əbədi ayrılan zaman özlərini həlak etmələri ilə müqayisə etmişdir. Səmim-qəlbdən söyləyim ki, Osmanın bu emosional müqayisəsi şeirləri dilimizə çevirərkən də bütün ruhumu ehtizaza gətirmişdi. Bu gün də, hər dəfə bu sətirləri gözdən keçirərkən əsl şairlərin və təbiətin şairlərinin – qu quşlarının xasiyyətindəki, sədaqətindəki bu bənzərlik məni həyəcanlandırır. Şair olan insanların, bir-birlərinə ürəkdən bağlanmış, həyatın və yaşamağın mənasını dərindən anlayan insanların qu quşlarına oxşadılması təbiidən də təbiidir. Bir də təsadüfi deyil ki, sənətkarların ömürlərinin sonlarında yaratdıqları gözəl əsərləri də “Qu nəğməsi” adlandırırlar. Deyirlər, qu quşları ölümlərini hiss edərkən son dəfə ilahi bir gözəl səslə oxuyurlar... Rəsul və Nigar faciəsini tərənnüm edən bu lirik dastan bir daha təlqin edir ki, sənətkar ömürləri və ölümləri ilə qu quşlarının taleləri arasında gözlə görünməz, sirli bir bağlılıq var. Zatən, bunu təbiət də, şeiriyyət də təsdiq etməkdədir.

Silsilənin ilk beş şeirində, əsasən, Rəsul itkisinin sevgili ömür-gün yoldaşı Nigar xanımın qəlbində yaratdığı ələmli hissiyyat yaddaqalan poetik əlamət və cizgilərlə təsvir olunur. Şeirdə sədaqətin ölüm zirvəsi nəfis bir ahənglərdə vəsf edilir. Bu elə bir əlçatmaz zirvədir ki, artıq oraya hicranın nəfəsi çatmır. Ondan o yana hicran da, həsrət də yoxdur – yalnız vüsaldır... Altıncı şeir isə bu əbədi birliyin, sonsuz vüsalın vəsfi ilə başlanır. Daha doğrusu Rəsul və Nigar ayrılığına talenin özü də dözməyib, bu iki munis qəlbin qovuşmasına, əbədiyyətinə yol açır. İndi onlarsız qalan bizim dünyamızın Rəsulsuz və Nigarsız günləri başlayır. Ancaq Vətən təbiəti həqiqətənmi onlarsız qalır? Müəllif şair olanların bu dünyadan izsiz gedəcəyinə inanmır. Nazimin nisgilləri, arzuları həqiqətə dönür. Rəsulun qoyub getdiyi dünyada onun sevdiyi rənglər cilvələnir, göy qurşağı yavaş-yavaş asimanı bəzəyir. Nigar xanımın durnaları da poeziyanın səmasına qayıdır. Vətəni sevən ürəklər Vətən göylərində əbədi məskən salırlar. Göy qurşağı təki, durnalar təki, gömgöy şairanə arzular kimi... Şair və şeir əbədiyyətinin bu tərzdə ifadəsi, etiraf edək ki, çox gözəldir, son dərəcə duyğusal təsir bağışlayır:

 

 

 

Durnalar qayıdar hər yaz, hər bahar,

Qayıdıb gələrlər Rəsulla Nigar...

 

 

 

Akif Azalp qələminə məxsus “Xudadat qızı” şeiri də dərin səmimiyyətin və ilahi heyrətin az-az rast gəlinən vəhdətindən doğulub. XX əsr Azərbaycan poeziyasının məlikəsi – Nigar xanım Rəfibəylinin müqəddəs xatirəsinə ithaf olunmuş “Xudadat qızı” şeiri son illərin zərif və həzin  bir ovqatla yoğrulmuş bənzərsiz nəğmələrindən biridir:

 

 

 

Salam, Nigar xanım Xudadat qızı,

Çətin ünüm çata ərşi-əlaya.

Ancaq izn verin, baxıb səmaya

Bir anlığa bölüm xəyalınızı.

 

 “Xudadat qızı” şeirinin dərdli və məhzun misraları qeyri-ixtiyari olaraq, azca vicdan sahibi olanları da narahat etməlidir. Şeirdəki dərin kədər və iztirab qatını yaxından duymaq, aydın təsəvvür etmək üçün Anar müəllimin “Durna taleyi”ndəki aşağıdakı dərdli düşüncələri kömək edir: “NKVD-KQB-nin Nigar Rəfibəyliyə xüsusi “diqqət”inin bir səbəbini də tədqiqatçı Nəsiman Yaqublu açır: “Nigar Rəfibəyli Sovet dövründə niyə təqib edilirdi?” adlı yazısında şairənin bəzi şeirlərinin Türkiyədə, mühacir mətbuatında dərc olunmasını qeyd edir. Məsələn, Azərbaycan mühacirlərinin Ankarada nəşr olunan “Azərbaycan” jurnalında hələ anamın sağlığında (1979, ą 231) Nigar xanımın bu şeiri dərc edilib:

 

 

 

Uzaq ölkələrə, uzaq ellərə

Axışan buludlar, axan buludlar,

Bir ilıq nəvaziş umarkən sizdən

Könlümü həsrətlə yaxan buludlar;

Solan çiçəkləri siz öpərsiniz –

Siz ey köksünüzdə örpək buludlar,

Yanan səhralara su səpərsiniz –

Ey atlas buludlar, ipək buludlar!

 

 

 

37-ci il olsaydı, donosbazlar bu sətirləri qurdalayıb gör nə qədər anti-sovet mənalar çıxarardılar. Şükür ki, bu şeir Türkiyədə, 1979-cu ildə çap olunub, daha bu sayaq şeytançılıqlara çox da fikir verilmədiyi, belə ucuz çuğulçuluğun vaxtı keçdiyi illərdə.

Nigar Rəfibəyli yalnız Anarın anası deyildi. O, Əli Kərimdən, Fikrət Qocadan, Yusif  və Vaqif  Səmədoğlulardan, bir çox başqa altmışıncılardan da bir sənətkar və ana kimi heç zaman qayğısını əsirgəməmişdi. Vaqif  Səmədoğlu böyük şairənin xatirəsinə ithaf etdiyi məşhur şeirində bütün ədəbi nəslin əhvali-ruhiyyəsini və kədərini ifadə etmişdi. Və mən Vaqif Səmədoğlunun “Nigar xala...” deyə yanğılı xitabla başlanan şeirini, Mirvarid Dilbazinin “Sənə sarı bülbül deyərdim”, Hüseyn Arifin “Bir həzin axşamda”, Eyvaz Borçalının “Durna ömrü”, Vaqif  Cəbrayılzadənin “Gözəl insan öləndə...” və başqa şairlərimizin bu mövzudakı şeirlərini xatırlayarkən zəngin ədəbiyyatımızın bütün nəsillərinin ustad şairəyə hərarətli münasibəti qəlbimi riqqətə gətirdi, otuz il əvvəlki kövrək həsrət duyğularını yenidən yaşadım. Bəli, söz sənəti və xüsusən də, şeiriyyət milli yaddaşın və yaxşılıqların ən təsirli, ən etibarlı daşıyıcısıdır. Nəsillərin tapındığı və pərəstiş etidiyi ən böyük həqiqətlər, ən işıqlı ümidlər və gözəl arzular həmişə poeziyada öz əksini tapır. Bu insanlığın və tarixlərin əzəli-əbədi qanunauyğunluğudur.

Xalqımızın Nigar Rəfibəyli kimi əzabkeş və unudulmaz övladlarının Günəş kimi nurlu və parlaq simasına bir kimsə kölgə sala bilməz. Bu günlərdə işıqlı dünyaya göz açmasından 100 il keçən böyük Şairəmizin əziz və müqəddəs xatirəsini xalqımız minnətdarlıqla yad etməkdədir. Ürəkdən inanırıq ki, gələcək nəsillər də Vətənimizin bu əzabkeş və yenilməz övladının adını həmişə məhəbbətlə anacaqlar. Eynən “Xudadat qızı” şeirinin son sətirlərində deyildiyi kimi:

 

Bağışla yerləri, Xudadat qızı,

Bağışla, göylərin əşsiz yıldızı,

Bağışla, hürr sözün nazəndə yazı!..

 

 

Yaşar QASIMBƏYLİ

filologiya üzrə fəlsəfə doktoru                                         

 

525-ci qəzet.- 2013.- 16 noyabr.- S.22.