“Hüseyn Cavid. Əsərləri” kitabının
Türkiyə nəşrinin Bakıda təqdimatı keçirilib
SONA VƏLİYEVA: “BU NƏŞR
HÜSEYN CAVİDİ YENİDƏN ARAŞDIRMAĞA
GENİŞ FÜRSƏT YARADIR”
Ötən gün Milli Elmlər Akademiyasında Prezident Administrasiyanın ictimai-siyasi məsələlər
şöbəsinin müdiri,
professor Əli Həsənovun
təşəbbüsü ilə “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin layihəsi
əsasında İstanbulda
işıq üzü
görmüş “Hüseyn
Cavid. Əsərləri” (İlk Türkiyə
nəşri 2013) adlı
kitabın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü
ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli mütəfəkkirin həyat
və yaradıcılıq
yolundan ətraflı söhbət açıb,
kitabın əhəmiyyətini
vurğulayıb: “Hüseyn
Cavid XX əsrin əvvəllərində yaşayıb-yaradan,
ədəbiyyatımızda böyük xidmətləri
olan, öz məktəbini yaradan görkəmli sənətkardır.
Hüseyn Cavid Azərbaycan
ədəbiyyatında romantizm
ədəbi cərəyanının
banisidir. Azərbaycan ədəbiyyatında
romantik meyillər uzun əsrlər mövcud olub, amma etiraf etmək
lazımdır ki, bu cərəyanın əsas yaradıcısı
və ən böyük zirvəsi Hüseyn Caviddir. O, Azərbaycan ədəbiyyatına
mənzum dramaturgiyanı
gətirib. Hüseyn Cavid həm də Azərbaycan ədəbiyyatının fəlsəfəsini
yaratmağa nail olub. Cavidin irsi Azərbaycanda bir əsrdir ki, öz sağlığından
etibarən nəşr
olunur. 1913-cü ildə
ilk dəfə “Keçmiş
günlər” kitabı
çıxıb, 100 il sonra 2013-cü ilə qədər çap olunan nəşrlər içərisində
Türkiyədə nəşr
olunan bu kitab çox möhtəşəmdir”.
İ. Həbibbəyli nəşrin
bir sıra özünəməxsusluqları haqqında fikirlərini tədbir
iştirakçıları ilə bölüşüb:
“Birincisi, bu nəşrdə
vurğulanıb ki,
Cavidin həyatı, tərcümeyi-halı Türkiyə
ilə möhkəm şəkildə bağlıdır.
Cavid İstanbul Universitetində
təhsil alıb.
Onun böyük müəllimləri
içərisində Rza
Tofiq kimi insanlar olub. Hüseyn Cavidin həyatında həm müsbət, həm də gərginlik, faciə mənasında türk düşüncəsi özünəməxsus
yer tutub. Hüseyn Cavid Azərbaycan
ədəbiyyatına ümumtürk
məfkurəsini gətirən
böyük sənətkardır.
Türk ədəbi mühiti onun yaradıcılıgına
böyük təsir göstərib, amma onu da qeyd
edək ki, sonralar Hüseyn Cavidin pantürkist olaraq damğalanması da bu faktorun
onun taleyində necə acı bir yer tutduğunu
da aydın göstərir. Bu anlayışda əslində
Cavid fəlsəfəsinin,
Cavid varlığının
mahiyyətini müəyyən
edir. Ona görə də
hesab edirəm ki, “Kaspi” qəzetinin
və “Kaspi” Təhsil Mərkəzinin layihəsi əsasında çap olunan bu kitab Türkiyədə
Hüseyn Cavidə ucaldılan ən böyük abidədir.
Bu kitab, demək
olar ki, Cavidin bütün yaradıcılığını əhatə edir. Burada onun məşhur 9 dram əsəri, eləcə də məşhur şeirləri öz əksini tapıb. Hətta Türkiyədə yazmağa
başladığı əsərlər
də bu kitabda öz əksini tapıb. Burada verilən şeirlər düzgün seçilib, onlar Cavid məfkurəsini,
Cavid ucalığını,
Cavid şeiriyyətini
tamamilə əhatə
edir. Burada Türkiyə həyatını
əks etdirən şeirlər də özünəməxsus yer
tutur. Kitab Hüseyn Cavidi
Azərbaycan xalqına
və dünyaya daha yaxşı tanıtdırmaq baxımından
mühüm əhəmiyyətə
malikdir. Bu nəşr Hüseyn Cavidin əsərlərini
təqdim etmək üçün önəmli
bir nümunədir.
Kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində
yeni bir mərhələ açılacaq.
Bu nəşr Hüseyn Cavidin öyrənilməsi üçün
mükəmməl mənbələrdən
biridir. Hesab edirəm ki,
bununla Cavidşünaslıqda
yeni bir mərhələ başlayacaq”.
İ.Həbibbəyli bildirib ki, Türkiyə ədəbiyyatının Azərbaycanda,
eləcə də Azərbaycan ədəbiyyatının
Türkiyədə təbliği
məqsədilə ən
azı 10 cildlik antologiyanın nəşrinə
ehtiyac var. Millət vəkili bu kitabı həm də hazırda kuliminasiya zirvəsində
olan Azərbaycan-Türkiyə
münasibətlərində yeni körpü kimi dəyərləndirib.
İ.Həbibbəyli çıxışında həmçinin
ümummilli lider Heydər Əliyevin Hüseyn Cavid irsinə olan diqqət və qayğısından, onun nəşinin Azərbaycana
gətirilməsində müstəsna
rolundan söz açıb.
Mərasimdə filologiya elmləri doktoru, professor Kamran Əliyev mütəfəkkirin
yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış edib. Alim qeyd
edib ki, bu nəşr Hüseyn Cavidi yenidən araşdırmağa
geniş fürsət
yaradır.
Sonra çıxış edən Kaspi Təhsil Mərkəzinin rəhbəri, Hüseyn Cavidin əsərlərinin İstanbul nəşri layihəsinin müəllifi Sona Vəliyeva bildirib ki, Cavidin irfan adamı olması doğulandan taleyinə mənəvi kodla şifrələnib: “Onun yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra təsadüflərə şübhə etməyə başladım. Onun dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Allahın yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. H.Cavidin İstanbula getməsi və təhsil alması isə onun dünyagörüşündə mühüm rol oynayıb”.
Sona Vəliyeva bildirib ki, ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltdırdı və bu, Hüseyn Cavidə olan məhəbbətin, ehtiramın göstəricisi idi. Layihə müəllifinin rəhbərinin fikrincə, bu kitabın Hüseyn Cavidin tədqiq edilməsində böyük rolu olacaq.
Kitabın tərtibçisi, “Yerə enməm də səma şairiyəm” adlı önsözün müəllifi tədqiqatçı-ədəbiyyatşünas Azər Turan çıxışında bildirib ki, Hüseyn Cavidin kitabının nəşr olunma ideyası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənova məxsusdur: “Min səhifəyə yaxın kitabın nəşr xərclərini “Kaspi” Təhsil Mərkəzi və “Kaspi” qəzeti çəkdi ki, bu da Azərbaycan ədəbiyyatı üçün çox böyük xidmətdir. Ümumiyyətlə, Cavid əfəndinin kitabının indiyə qədər Türkiyədə çap olunmamasını Türkiyə cəmiyyəti üçün kəsir kimi qiymətləndirmək olardı. Qardaş ölkədə bir çox azərbaycanlı ədiblərin kitabları çap olunub. Təəssüf ki, bu sırada Cavid əfəndinin kitabı yox idi. Bu məsələ məni narahat edirdi və nə yaxşı ki, Cavidin kitabı ən yüksək səviyyədə çap olundu. Hüseyn Cavid ortaq türkcənin şairidir. Cavidin dili nə tam türk dili, nə də tam Azərbaycan dilidir. Biz kitabı nəşr edəndə bu məqamı diqqətdə saxladıq. Çünki Cavid əfəndinin vəsiyyəti var ki, imlama toxunmayın. Mən də çalışdım ki, onun imlasına toxunmayım. Türkiyənin məşhur “Küsena Yayınları”nın nəfis tərtibat və xüsusi zövqlə nəşr olunan kitabda diqqətə çatdırmağa çalışmışıq ki, Türkiyəyə Hüseyn Rasizadə ismi ilə gələn iyirmi dörd yaşlı gənc naxçıvanlıda İstanbul yeni düşüncə formalaşdırdı, onu irfan və Turan düşüncəsinin, türk millətçiliyi zehniyyətinin fədaisinə döndərdi və ən başlıcası, İstanbul Azərbaycandan Hüseyn Rasizadə olaraq aldığını Azərbaycana Hüseyn Cavid olaraq geri verdi”.
Təqdimat mərasimində millət vəkili Elmira Axundova, Cavidin ev muzeyinin direktoru Gülbəniz Babaxanlı, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Ahmet Arslan çıxışlarında Hüseyn Cavidi klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkar kimi səciyyələndirərək onun yaradıcılığı janr və forma cəhətdən zəngin olduğunu qeyd ediblər: “Hüseyn Cavid lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Cavid dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb. Böyük ədibin əsərlərindən açıq-aydın görmək olar ki, o, bəşər övladını xoşbəxt və bəxtiyar görmək istəyib. Özünün də dediyi kimi, onun Tanrısı gözəllik və sevgi olub. Onun üçün milliyyətindən, dinindən və mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın bəxtiyarlığı nəticə etibarilə millətlərin, son nəticədə isə bəşəriyyətin bəxtiyarlığıdır. Hüseyn Cavid yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdirib”.
Qeyd edək ki, kitabın birinci hissəsində Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Xəyyam”, ikinci hissəsində isə ədibin İstanbul Universitetində təhsil aldığı illərdə yazdığı “Maral”, “Uçurum”, “Afət” pyesləri yer alıb. Nəşrdə Hüseyn Cavidin 30 şeiri, “Azər” poemasından parça, “Müharibə və ədəbiyyat” məqaləsi, həmçinin müxtəlif fotoşəkillər toplanıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 16 noyabr.- S.11.