Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış
İslamı qəbul etmiş türklərin əvvəlki
inanışları ilə
bu gün bir milyon civarındakı
türk millətinin yaşatdığı inanclar,
ibadətlər və
ənənələr “ənənəvi
türk dini” deyə adlandırılmışdır. Türklər İslamı qəbul etmədən öncə yəhudilik, zərdüştilik,
buddizm, maniheizm və xristianlıq kimi dinlərlə qarşılaşmışdırlar. Türk boylarından bəziləri
bu dinlərdən birini qəbul etmişdir. Amma bu proses bir
və ya bir neçə boyla məhdudlaşmış,
əksəriyyət isə
bu dinlərin heç birini öz inanc və
mədəniyyətləri ilə uyğunlaşdıra
bilməmişdirlər. Buna
görə də İslama qədər bütün türk boylarının öz “özəl dinləri” xaricində anlaşdıqları
bir dinləri olmamışdır. İslamla qarşılaşdıqda
bu həssasiyyət dəyişmiş və türklərin böyük
əksəriyyəti kütləvi
şəkildə İslamı
qəbul etmişdir.
Buddizm, maniheizm, hətta xristianlıq kimi dinlərdə insanları
passivləşdirən əsaslar
çoxdur. Məsələn, buddizm miskinliyi tövsiyə etməklə
bərabər axirət
həyatına əhəmiyyət
vermir. Göytürk
xaqanı Bilgə Kağanın buddist məbədgahı tikdirmək
istəyinə vəziri
Tonyukuk qarşı çıxmış və
bu iş baş tutmamışdır.
Maniheizm qnostik dualizmi əsas götürən sinkretik bir dindir.
Türklərin özəlliklərinə zidd olan bu
din uyğurların taxtına
keçən Böyü
Kağanın (759-779) istəyinə
baxmayaraq türklərin
dini olmamış, qəbul edənlər isə uzun müddət
davam etdirməmişdirlər.
Yəhudilik xəzər
türklərindən az bir qismin;
xristianlıq isə sadəcə qaqauzlar və çuvaşların
qəbul etdiyi bir din olmuşdur. Türklərin kütləvi şəkildə
İslamı qəbul
etmələri ənənəvi
türk dini ilə İslam arasında böyük bənzərliklərin olması
ilə əlaqədardır.
Çünki türklər çox
əski çağlardan
bəri “Göy Tanrı”, “Tək Tanrı” inancını davam etdirmişdirlər.
Orxan abidələrində bir tək Tanrının varlığı, ona göstərilən hörmət
və işlərin yalnız onun iradəsi ilə gerçəkləşdiyi inancı
diqqəti cəlb edir. Bu “təktanrılı
inanış”la İslamdan
öncə ərəblərdəki
hənifilik arasında
bənzərlik mövcuddur.
Bu bənzərlik Oğuz Kağan dastanında açıq ifadə olunmuşdr.
Dastanda Oğuz xanın tək bir Tanrıya
iman etmədiyi təqdirdə heç bir qadını özünə arvad etmədiyi, bütpərəstliyə
qarşı apardığı
mübarizədə atasını
belə əfv etməyib onu taxtından saldığı
və tək Tanrı inanışını
hakim etdiyi söylənilir.
Bu gün dünyada
250 milyon civarında türk vardır. Bunlardan
800-900 minə yaxın
Altay-Sibir türkləri
(yakutlar, hakaslar, tuvalar, şorlar, altaylar) ənənəvi türk dini inanışlarını davam
etdirirlər. Qaqauzlar 300 minə
yaxındırlar və
xristianlığı qəbul
etmişdirlər. Amma mövcud
xristianlıqdan fərqlidirlər.
Onların müqəddəs kitabları türkcədir.
Onlar əski türk mədəniyyətini davam
etdirməkdə və
xristianlığa hakim etməkdədirlər.
Bundan başqa, XVI əsrdə rusların təbəəliyinə
girmiş və rus ortodoks missionerləri
tərəfindən xristianlaşdırılmış
çuvaşlar vardır.
Sayı bir milyondan artıq
olan çuvaşlar da qaqauzlar kimi
türk mədəniyyətinə
aid bəzi özəlliklərlə
İslama aid bəzi istilahları yaşatmaqdadırlar.
Orada xristianlıq səthi qalmış və “ənənəvi türk dini inanışları” öz canlılığını
qoruyub saxlamışdır.
4-5 minə yaxın
xəzər türkü
yəhudiliyin qaraim məzhəbinə bağlıdır.
Onlar Tövrata əməl etməklə yanaşı
türk olduqlarını
vurğulayırlar.
Türk ləhcələrində Tanrı “Tenqri”, “Tanqara”, “Tinqir”, “Gök tenqirisi” və bunlardan törəyən kəlmələrlə ifadə olunmuşdur. Gök Tenqiri terminindəki Göyün Tanrının sifəti olaraq “Uca” anlamında işlədildiyi qəbul edilmişdir. Buna görə də “Gök Tanrı” “Uca Tanrı”dır. Türklərin inandığı Tanrı təkdir, göydədir, əzəli və əbədidir, bənzəri yoxdur, həyat verəndir, yaradandır, öldürəndir, iradəsinə görə hökm edəndir, yardım edəndir, cəzalandırandır, qulun duasını qəbul edəndir, əsirgəyən və bağışlayandır, hər şeyi ən gözəl biləndir, insanlara məlumat verən və yol göstərəndir. Türklərin təktanrılıq anlayışı çinlilərə də təsir etmişdir. Çinlilərin tək Tanrını ifadə etmək üçün işlətdikləri “Tyen” kəlməsini türklərdən aldıqları bildirilir.
Türklərdə axirət inancı vardır. O biri dünyada ikinci bir həyatın varlığı, yaxşılıq və pisliklərə dair hesabın veriləcəyi, “məhşər günü” hesabların görülməsi üçün məhkəmə qurulacağı və ruhların əbədi olduğu qəbul edilməkdədir. Türklərdə ölüm sərt və təbiətxarici bir hal, gerçəkləşməsi zəruri olan ilahi bir iş kimi qəbul edilir. Ölüm nəfəsin kəsilməsi, ruhun bədəndən bir quş kimi uçub getməsi kimi görülür. Ölülərin kəfənlənərək dəfn edilməsi ənənəsi vardır. Ölən atalar üçün at, inək və davar qurban edilir. “Ölü aşı” deyilən ziyafətlər verilir. Bu gün bu adətlər müsəlman türklərin bir qismində eyni ilə, digərlərində bəzi dəyişikliklərə uğrayaraq yaşamışdır. Ölüyə kəsilən qurbanlar “ölünün cənnətə gedərkən minəcəyi heyvanlar” olaraq qəbul edilir. Cənnət göyün yüksək təbəqəsindədir. Gözəl ruhlar cənnətdə qalmaqla Tanrı ilə insan arasında havadarlıq edirlər. İnsanın çiyinlərində onun yaxşı və pis əməllərini yazan iki mələyin olduğu inancı vardır. “Atalar kultu” önəmli yer tutur. Ölmüş atalara sayğı, təzim və bağlılıq türklərdə ön plandadır. Ataların öldükdən sonra da ruhları vasitəsilə ailə fərdlərini qorumağa davam etdiyinə inanılır. Türklər təbiətin Tanrı tərəfindən yaradıldığını qəbul etmiş və müqəddəs saymışdırlar.Yer-Su (Yer-Sub) yer üzündə yaşayan yaxşı ruhların bütövüdür, sonsuz bir varlıq və gözəllik mənbəyidir. Bunların Tanrı tərəfindən göndərilmiş müqəddəs hədiyyələr olduğuna inanılır. Yer-Su ilə ifadə edilən müqəddəslik böyük imperatorluqlar dövründə get-gedə bir yurd inancı halına gəlmişdir. Gök Türk Kitabələrində müqəddəs Yer-Su şəklində ifadə edilən termin vasitəsilə həm qoruyucu ruhlar, həm də Vətən nəzərdə tutulur. Dağ kultu Gök Tanrıya ibadətlə bağlı hala gəlmişdir. Türklər dağların Tenqrinin məqamı olduğuna inanmışdırlar. Yüksək dağ təpələrinin göyə yaxın olması bu inanışın qaynağı sayılır. Müqəddəs qəbul edilən dağlara ilin müəyyən zamanlarında ziyarətə gedilir və oralarda qurbanlar kəsilirdi. Türklər arasında su və od əhəmiyyətli yer tutmuşdur. Su yetişdiricidir, saf və təmizdir. Suyun bolluğu ağıllılığın və gücün simvoludur. Suyu çirkləndirmək yasaqdır. Atəş və “tüstüləmə” də bir təmizləyicidir. Ocaq ailənin dirəyidir, müqəddəsdir. Ocağı söndürmək və külünü dağıtmaq irqin yox olmasının səbəbidir. Suyun əziz, atəşin və ocağın müqəddəs sayılması günümüzə qədər gəlib çatmışdır. Bu gün türklər arasında bəd dua “Ocağın sönsün” şəklindədir. Bu bəd dua həm soyun tükənməsini, həm də müqəddəsliyin yox olmasını ifadə edir. Odun üzərinə su tökülməsi, yanan odun söndürülməsi yaxşı qarşılanmamışdır.
Tək Tanrıya inanan türklərdə ibadət mərkəzi Tanrıdır və Onun rizasını qazanmadır. Bununla yanaşı türklər atalara sayğı göstərmişdirlər. Hər bir türkün və türk ailəsinin şəxsi ibadəti olduğu kimi xaqan tərəfindən idarə olunan rəsmi ibadətlər, ayinlər də vardır. Rəsmi ibadət baş “din adamı” kimi xaqanın idarə etdiyi ibadətdir. Dövlət və din işlərinin rəhbərliyi bir-birindən ayrılmamış və xaqanda birləşmişdir. Hunlardan başlayaraq türklərdə böyük qurban mərasimlərini xaqanlar idarə etmişdir. Xalq ibadəti mistik və sehr ilə iç-içədir. Hər bir şey gözə görünməz güclərə bağlanılır, sehrbazlardan yardım gözlənilir. Türklər dualarında Göyə üz tutmuşdurlar. Göytürk xaqanı xalq üçün etdiklərini bir-bir sadaladıqdan sonra “Göy, indi sən bizə yardımçı ol!” deyə dua etmişdir. Miladdan öncəki illərdə dövlət quran hunlardan günümüzdəki yakut türklərinə qədər türk boylarında bahar bayramları və ayinlər təntənə ilə qeyd olunmuşdur. Təbiətin yenidən canlanmasının rəmzi olan ilk bahar ayinində at qurban edilərdi. Bu mərasim üç gün davam edərdi. Türklərin inanclarına görə pis ruhlar öldükdən sonra yerin altına gedər və insanlara bəlalar, afətlər, ölüm, fəqirlik gətirməkdə davam edərlər. Bunlardan qorunmaq üçün insanın pis ruhlara ata və rəis deməsi, bol-bol qurban təqdim etməsi gərəkdir.
Rəvayətə görə Nuh peyğəmbər Türküstanı oğlu və türkün atası sayılan Yafəsə verdiyi zaman ona bu quraq ölkədə nə edəcəyini soruşur. Atası da oğluna yağmur yağdırmaq qüdrətini bəxş edərək üzərində “ismi-azam” duası yazılı olan bir daş verir. Ehtiyac halında bu yazılı daşla Allaha dua edilərək yağış yağdırılır. Buna “Yada daşı” adı verilir. Çin, xristian və islam qaynaqlarında Allahın türklərin əcdadına yağış yağdırma qabiliyyəti verdiyi zikr edilir.
Türklərdə ölən üçün duyulan acı müxtəlif şəkillərdə bəzi ayin və mərasimlərlə ifadə edilir. Hunlar adəti üzrə saçlarını kəsərdilər. Orxan-Yenisey abidələrində “Bunca millət saçın, qulağın kəsdi” ifadəsi göktürklərdə də eyni adətin olduğunu göstərir. Ölənin arxasınca yüksək səslə ağlamaq, ağılar demək bu gün də bütün türklərdə yaşayan bir adətdir. Üz cırmaq, yaxa yırtmaq, saç yolmaq, ağlayıb özünü döymək kimi hərəkətlər üzüntünün dərinliyini və iztirabı ölənə anlatmaq, onu buna inandırmaq və ölüdən gələ biləcək pisliklərə qarşı qorunmaq inancı ilə edildiyi qənaətinə gəlinir.
Ənənəvi türk
dinində kam önəmli bir
fiqur olaraq
qarşımıza çıxır. Kam tunquz dilində “şaman”
kəlməsi ilə üst-üstə düşür.
Şaman kəlməsinə istinad edərək türklərin əski dini “şamanizm” şəklində
səciyyələndirilmişdirsə də bunun
yanlışlığı irəli
sürülmüşdür40. Çünki
şaman dində yalnız bir
elementdir. Həm də heç bir dində din adamına dayanaraq o dinə ad verilmir. Çar Rusiyası
dövründə türk
boylarından bir qrup çara dinlərinin şamanlıq
olmadığını bildirmiş,
Qərb şərqşünas
və missionerlərinin
bu cür səciyyələndirmələrinə etiraz etmişdirlər.
Mahmud Kaşğarlı “kam” kəlməsini ərəb dilindəki “kahin” kəlməsi ilə qarşılaşdırmışdır.
Kam eyni zamanda həkim
və sehrbazdır.
Onun tanrılarla insanlar arasında vasitəçilik
edən qabiliyyətli,
seçkin şəxs
olduğuna inanılır.
Kam tanrılar tərəfindən
təyin edildiyinə,
təbiətdəki bəzi
sirləri bildiyinə
inanılan mistik və şair təbiətli kimsədir.
İslamdan sonra qərblilərin öz millətlərinə
nümunə göstərdikləri
türklər İslamdan
öncə də örnək əxlaq anlayışının təmsilçiləridir. Əxlaqi baxımdan
üstün özəlliklərə
sahib türklər xoş
niyyətin, tolerantlığın
və sədaqətin
timsalıdır. Vətən sevgisi,
torpaqlarına bağlılıq,
ölkələrini müdafiə
etmə türklərin
ən bariz keyfiyyətlərindəndir.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 16 noyabr.- S.30.