“Vicdanlı” məmur

 

 

 

Noyabrın  17-də Azərbaycanın görkəmli yazıçısı, Əməkdar jurnalist, “Şöhrət” ordenli Əli İldırımoğlunun 86 yaşı tamam oldu. Həm uzun illik jurnalistlik fəaliyyəti ərzində, həm də bədii yaradıcılığında həqiqətin keşiyində duran müəllif ədəbiyyatımıza bəxş etdiyi neçə-neçə samballı və dəyərli əsərləriylə böyük Sözü daha da ucalara qaldırıb, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dünyaya tanıdıb. Belə ki, Əli İldırımoğlu ədəbi irsi artıq ölkə hüdudlarını aşaraq müxtəlif xalqların dillərində yaşam hüququ qazanıb. “525-ci qəzet”in kollektivi bu gün də məhsuldar işləyən yazıçıya yeni-yeni yaradıcılıq uğurları arzulayır və oxuculara Əli İldırımoğlunun 1990-cı ildə qələmə aldığı “Vicdanlı” məmur hekayəsini təqdim edir.     

Bu, birinci görüş idi. Mərdan Məstəliyev Daşlıtəpə rayonuna başçı keçəndən bəri ilk dəfəydi ki, üzdə olan adamlarla qabaq-qənşər dayanmışdı. O, əvvəl-əvvəl ata-babasının halallığından, xeyirxahlığından, alicənablığından, onların şücaətindən müfəssəl danışdı. Nəfəsini dərib, bir qurtum ilıq su içdi, hələ ütüsü pozulmamış cib dəsmalını çıxarıb alnında puçurlanan təri, həyəcanlandığından təpimiş dodağını sildi. Və dediyi sözlərin əyləşənlərə necə təsir bağışladığını yoxlamaq üçün onlara gözucu nəzər saldı. Hamı lal-dinməz əyləşib, onu diqqətlə dinləyirdi. Zalda milçək uçsa, eşidilərdi. Mərdan Məstəliyev belə bir sakitlikdən daxilən məmnun olub nitqinə vəcdlə davam etdi:

– Həə, özüm də ki... Onun bir balaca dodağı qaçdı və dolu sifətinə utancaq təbəssüm yayıldı, – özüm də ki, – dedi, ali məktəbi bitirib bir müddət kənddə baş iqtisadçı işləmişəm. Elmi mövzumu tamamlayıb, dissertasiya müdafiə eləyəndən sonra məni irəli çəkiblər. Neçə ildir partiya, sovet işlərində çalışıram. Təvazökarlıqdan kənar olsa da, bütün bunları deyib vaxtınızı almaqda məqsədim odur ki, biləsiniz ki, siz kimlə işləyirsiniz.

 

O, həlim səslə:

 

– Sadə, zəhmətkeş ailədən çıxmışam – dedi. – Çörəyimiz halallıqla yoğrulub. Halallıq nəslən canımıza, qanımıza hopub. Dədə-babadan ocağımız haram tikə görmüyüb.

Mərdan Məstəliyev sözünə fasilə verib duruxdu. Xəyalı uzaqlara getdi, qaşları çatıldı, gözləri bir balaca qıyıldı və yenə də mətləb üstə qayıtdı:

– Qəbri nurla dolsun, atam həmişə bizə öyüd-nəsihət verəndə dönə-dönə deyərdi ki, kişinin başını üç şey aşağı eləyər. Tamah, içki, bir də ki, qadına meylli olmaq.

Mərdan Məstəliyev ikrahla sifətini turşudub şəhadət barmağını silkələyə-silkələyə:

–Həmişə! Bu cür, naqis əməllərdən kənar olmuşam! – dedi. – Biləsiniz ki, bu dördüncü rayondur ki, işləyirəm! Harda olmuşam, birinci rüşvətxorluğun kökünü kəsməyə çalışmışam.

Mərdan Məstəliyev birdən-birə ciddiləşdi. O, səsini qaldıraraq:

– Rüşvətxor! Gözümün qanlısıdır – dedi. Yadına nə düşdüsə mülayimləşdi:

– Bir müəllimimiz varıdı – dedi.- Çox da dərin, ağıllı adamıdı. Həmişə bizə öyüd-nəsihət verəndə deyərdi ki, dünyada tamahdan pis şey yoxdur. Bütün bəlaların hamısı tamahdan törüyür. İsgəndər Zülqərinə də tamahının ucbatından dünyanı çapıb taladı. Axırda nə apardı?! Üç-dörd metr ağdan başqa heç nə.

Salondakılar kirpiklərini qırpmadan ona diqqətlə qulaq asırdılar. Hamının müəmmalı baxışları Mərdan Məstəliyevə dikilmişdi. Mərdan Məstəliyev şəhər və kəndlərdə həllini gözləyən iqtisadi, sosial məsələlərdən, adamların gün-güzəranından, bu sahədə həyata keçiriləcək vacib-vacib tədbirlərdən xeyli danışıb yenə də sözünün axır başını gətirib tamaha, rüşvətə bağladı...

O, nitqini tamamlayıb, xitabət kürsüsünü tərk edib, üzərinə tünd-yaşıl rəngli mahud parça çəkilmiş uzun stolun arxasına keçdi. Qamətini şax tutub yığıncaqdakılara yenə də, mənalı-mənalı nəzər saldı və sonra qarşısındakı qırmızı rəngli qovluğu götürüb zaldakılara tərəf uzadaraq:

– Bunu görürsünüz?! – soruşdu.

Hamının təəccüb və maraq dolu baxışı qovluğa yönəldi. Mərdan Məstəliyevin sifəti sərt ifadə aldı və:

– Bu qovluğun içərisində diplomumun surətindən, özümə aid iki arayışdan və bir abunə qəbzindən başqa heç nə yoxdur – dedi. – Tamam boşdur!

O, qovluğu hamının gözü qabağında nümayişkaranə silkələyərək:

– Bu boş qovluqla gəlmişəm! – dedi. – Burada bir il, beş il, on il işləsəm də, həmin bu boş qovluqla qayıdıb gedəcəyəm! Eşidin və agah olun! Mən! Başqaları kimi, bura cib doldurmağa gəlməmişəm! İşə başladığım bu iki-üç gün ərzində bir neçə yoldaşla ayrı-ayrılıqda söhbət eləmişəm. Rayon mərkəzinə, yaxınlıqdakı kəndlərə ötəri də olsa, baş çəkmişəm. Bir baxın! Yoldaşlar! Qədim tarixi olan bu şəhərin küçələri, bağları, parkları nə kökdədir?! O, qayğılı görkəm alaraq yanıqlı-yanıqlı:

– Bəs kimsəsizləşən kəndlərimizin, zəhərlənən torpağımızın, qırılıb çatılan meşələrimizin, çirklənən sularımızın dərdini kim çəkməlidi?! Eşidəndə ki, hələ də şəxsi evlərdə yerləşən məktəb, kitabxana, mağaza, xəstəxanalarımız var, ürəyim ağrıyır.

Mərdan Məstəliyevin sifəti avazıyan kimi oldu. O, əlini ürəyinin üstünə qoyub dayandı. Cibindən bir validol çıxarıb atdı. Üstündən də bir qurtum su içdi və udquna-udquna sözünə davam etdi:

– Hamınızdan soruşuram, niyə bu günə qalmışıq?!

Heç kəs dillənmədi. O, ortalığa atdığı sualı özü də izah etdi:

– Ona görə ki!.. Mənə yaraşmaz adlarını çəkim. Gəlib-gedən yoldaşlar millətin qeydinə qalıb onun ağrısını-acısını duymuyublar. Çox ucuz yol tutublar! Lazımsız, lüzumsuz, vəzifələrinə yaraşmayan çirkin! Çox çirkin işlərlə məşğul olublar! Rayon başçısının vacibdən-vacib işlərini bir kənara qoyub, burnunu ticarətə soxub, mal bölgüsü aparmağına nə ad vermək olar?! Ayıbdı, yoldaşlar! Prosto ayıbdı! Adam belə-belə şeyləri eşidəndə az qalır yerə girsin!

Arxa cərgədə əyləşən yaşlı qadın hiss olunmadan üzünü sol tərəfdəki pəncərənin işığına tərəf tutaraq salavat çevirdi və öz-özünə:

– Şükür kərəminə, ilahi – dedi. – Saa inanmayan kafirdi. Axır ki, bu rayonun da bir halal süd əmmiş sahibi gəlib çıxdı...

Yanındakı həmsöhbəti dirsəyi ilə onu dümsüklədi:

– Bəs nə, bəs nə! Azz görmürsən, kişinin oğlunun ağzından dürr tökülür. Canıyanan belə olar dayna! Dünya xali deyil haa!

Onların arxasında oturan medallı qadın çalın-çarpaz qırışlar düşmüş qansız sifətini turşutdu və irəli əyilib müsahiblərinin qulağına xısın-xısın:

– Bəsdirin az, siz Allah bəsdirin! O dedi, siz də inandınız?! Hələ təzə bardaq suyudu, qoy bir az keçsin! Vallah bu əvvəlkilərdən betər olmasa, adımı dəyişib... Qadam hamısının ürəyinə, hamısı bir bezin qırağıdı. İclasın sədri əlindəki karandaşla qarşısındakı su qabını cingildətdi:

– Sakit olun, yoldaşlar! Sakit!..

Qadınların pıçhapıçı kəsdi. Mərdan Məstəliyev isə kirimək bilmirdi ki, bilmirdi. O, barmağını silkələyə-silkələyə:

– Bu gündən sonra! Belə-belə neqativ hallara son qoymalıyıq! Özü də birdəfəlik! Siyasi, mənəvi iqlim gün kimi deyim, büllur kimi deyim, axır ki, saf və təmiz olmalıdır. Təsərrüfatlar gözündən batıb, onu qaldırmalıyıq! Şəhər və kəndlərimiz abad olmalıdır! Hərə bir tərəfə çəkilib, yalnız öz xeyrini güdsə...

 

lll

 

Mərdan Məstəliyevin müdrik kəlamları, xoş sözləri dildən-dilə düşmüşdü. Hamı təzə rayon başçısını peyğəmbər övladı bilib, onun barəsində ağızdolusu danışırdı. Onun gözü-könlü tox olması, təmizliyi bir yana qalsın, Daşlıtəpə rayonunun camaatı ömür-billah bu cür sadə, təvazökar adam görməmişdi. Kişi o boyda rayonda külli ixtiyar sahibi ola-ola həyat yoldaşı əlinə zənbil alıb pay-piyada bazara gedirdi. Dükanda süd növbəsinə dayanırdı. Uşaqları məktəbə avtobusla gedib-gəlirdi...

Radio, televizor, qəzet və jurnallar da ki, Daşlıtəpənin tərifini göylərə qaldırmışdı. Mərkəzdə keçirilən mötəbər iclaslarda iki nəfər hörmətli, adlı-sanlı rayon başçısına çıxış üçün söz verilsəydi, onun biri mütləq Mərdan Məstəliyev olmalıydı.

Müxtəsəri Mərdan Məstəliyevin şan-şöhrəti aləmə yayılmışdı. O da ki, sözünün əvvəlində də, axırında da düzlükdən, təmizlikdən, mənəvi paklıqdan sidq-ürəkdən danışır, pulgir adamlara nifrətini bildirir, onları yeddi arxa dönəninəcən lənətləyirdi.

Mərdan Məstəliyev həm də ciddi adamıdı. Ona hələ-hələ səmt düşüb söz demək asan məsələ deyildi. Bircə sürücüsündən başqa. Hansı rayona da dəyişilmişdi, sürücüsünü də özü ilə aparmışdı. Ona görə də yalnız sürücü onunla açıq-saçıq danışmağa cürət eləyirdi.

 

lll

 

Həftələr, aylar keçdi...İş vaxtı çoxdan qurtarmışdı. İdarədə tək-tük adam qalmışdı. Bir də ki, süpürgəçilərin ordan-burdan hənirtisi gəlirdi. Mərdan Məstəliyev kabinetdən çıxanda bayaqdan bəri gözləmə otağında dayanan tibb texnikumunun direktoru Həlimə xanıma ötəri baxıb qaş-qabağını salladı və sonra da ağızucu:

– Təsərrüfatlara gedirəm, – dedi. – İndi vaxtım yoxdur, get, bir-iki saatdan sonra gələrsən.

Həlimə xanım incikli baxışları ilə onu arxadan süzüb öz-özünə azaylandı:

– Allah kəssin belə çörəyi ki, biz yeyirik – dedi. – Düz iki həftədir məni get-gələ salıb. Vallah adam deməyə də utanır, ayaq üstə dayanmaqdan dizlərimə su yenib...

Mərdan Məstəliyev gecə saat on ikiyə qalmış kabinetinə varid olub, Həlimə xanımı qəbul elədi. Əhval-ruhiyyəsindən hiss olunurdu ki, doyunca yatıb dincini alıb. Həlimənin isə üz-gözündən yorğunluq yağırdı. Mərdan Məstəliyev ona oturmaq üçün yer göstərib tez də mətləbə keçdi:

– Həə, – dedi, – tələbə qəbulu nə vaxt başlanır? – soruşdu.

– Üç gündən sonra.

– Bu il neçə nəfərdir?

– Yüz əlli nəfər.

Mərdan Məstəliyev direktorun üzünə baxmadan əlindəki avtomat qələmlə qabağındakı kağızda bəzi qarmaqarışıq qeydlər edə-edə:

– Daa – dedi, – indi gəl açıq danışaq dəə! Tibb texnikumunun məzənnəsi nədir?! Uşağın biri neçəyə qəbul olunur?! Bunu sən özün də yaxşı bilirsən, mən də! Bunları xırdalamayaq! Başa düşürsən də nə demək istəyirəm?!

Direktor qımışdı və çəkinə-çəkinə:

– Bəəli, – dedi.

– Bildir uşağın birini neçəyə?..

Direktor qızarıb çiyinlərini qaldırdı. Lakin bir söz demədi. Mərdan Məstəliyev istehza ilə gülümsəyərək:

– Utanma, de, burada utanıb çəkinməli bir şey yoxdur – ona ürək-dirək verdi.

Həlimə stulunda əzilib-büzülüb, manikürlü barmağı ilə qarşısındakı qara və zərli sumkasını sığallaya-sığallaya:

– Vallah, nə deeyim! Azdan-çoxdan olur! Beş də verən olur, üç də. O baxır valideynin imkanına. Bəzilərini də yuxarılardan tapşırırlar...

Mərdan Məstəliyevin sifəti ciddi ifadə aldı:

– Bura bax! Mənə quşdili oxuma! – dedi.- Əvvəla imkanlı-imkansız bilmirəm! İkincisi də tapşıranlar qələt eləyir! Qabaqlar nə olub, olub! Bu ildən hamısını eyni qaydada... hərəsi də on min! Başa düşdün! Onun da iyirmi beş nəfərinkini özün bilərsən, qalanını şoferim səni tapacaq...

Mərdan Məstəliyev qaşlarını çatıb üzünü pəncərəyə tərəf tutdu. Rəhbər işçiyə xas olan təmkinlə:

– Özün bilirsən də, – dedi. – Bir belə gəlib-gedənin qabağında durmaq sizə asan gəlməsin. Gərək hərəsini birtəhər yola verək. O qədər uman-küsənimiz var ki. Adam əlini cibinə salanda deyirlər, görəsən, mənə nə verir. Verməyəndə də hərəsinin ağzı bir hava çalır...

Direktoru tər basmışdı. O, rayonun taleyi tapşırılan mötəbər şəxsin qarşısında xəcalət çəkə-çəkə:

– Mərdan Murtuzoviç, – dedi.- Hamısını doğru deyirsiniz. Ancaq... Vəzifə-zad o tərəfə qalsın, elə qardaşım kimi deyirəm. And olsun bizi yaradana, eləsi var ki, çörək pulunu güclə tapır. Sizdən nə gizlədim, ötən axşam bir ərsiz qadın qızının qolundan tutub düz evə gəlmişdi. Mənə ilan dili çıxartdı. Dedi ki, bircə Novruz bayramından, Novruz bayramına ocağımızın üstündən soğan dağı iyi gəlir. Elə bil ürəyimin başına od düşdü. Gördüm ayağı yalındır, öz ayaqqabımı zorla ona geyindirdim. Bəs o cür əlsiz-ayaqsızdan...

Mərdan Məstəliyev təbdən çıxdı. O, sərt baxışları ilə direktoru təqib edərək:

– Bura bax! Deyəsən, yumşaq danışdım deyin, ağın çıxartdın! Texnikum sənin üçün yetimxana-zad deyil. Yetim-yesirlərin də dərdi sənə-mənə qalmayıb! Söz bir olar! Danışdıq, qurtardı! Çürüyünü çıxartma! Get! Dediyim kimi də elə! Əgər bacarmırsansa, o, ayrı məsələ! Ərizəni yaz! Ora papağını sulayanlar çoxdur!

Direktor pörtmüş sifətini yana çevirib, başının hərəkəti ilə, Mərdan Məstəliyevin dedikləri ilə razılaşdığını bildirdi və ayağa qalxıb kabinetin qapısına tərəf yönəldi.

Həlimə qapının dəstəyindən yapışanda Mərdan Məstəliyev arxadan:

– Bir dəqiqə! Bir dəqiqə!

Direktor dəstəyi buraxıb ona tərəf qanrıldı. Mərdan Məstəliyev:

– Bu söhbət ikimizin arasında qalmalıdı. Üçüncü adam bilsə! Bu barədə qulağıma bir səs-səda gəlsə! Onda özündən küs! Gərək həmin gün dəftər-kitabını yığışdırasan! Aydındır?!

– Aydındır, Mərdan Murtuzoviç! Aydındır! Sizi başa düşürəm. O barədə xatircəm olun.

– Bir də ki, öyrətmək olmasın, bu qəbulla əlaqədar, formal da olsa, izi azdırmaq üçün o biri katiblərlə, bizim müvafiq şöbələrin işçiləri ilə də məsləhətləş. İmtahan başlananda lap valideynlərdən, deputatlardan, veteranlardan da dəvət elə. Sonra bəzi-bəzi ağzıgöyçəklər qoy deməsinlər ki...

– Siz narahat olmayın...

Həlimə xanım kabinetdən çıxandan sonra rayon rabitə idarəsinin rəisi Qarabəy Qardaşxanov içəri daxil oldu. Mərdan Məstəliyev Qardaşxanova oturmaq üçün yer göstərməmişdən əvvəl onu nüfuzedici baxışları ilə ayaqdan başacan mənalı-mənalı süzdü.sonra başını aşağı dikərək:

– O təzə kommutator hazırdır?!

– Bəli, iki aydan çoxdur hazırdır.

– Neçə nömrəlikdir?

– Beş yüz nömrəlik.

– Daa, bəs niyə paylamırsınız?

– Sizi gözləyirik, yoldaş Məstəliyev.

Mərdan  Məstəliyev  stoluna dirsəklənib, özündən razı halda alnını ovcuna söykədi və ona altdan-altdan baxaraq:

– Neçə ildir rəis işləyirsən?

– Beş ilə yaxındır.

– Qayda-qanunu bilirsən dəə?!

– Əlbəttə, əlbəttə!

– Hər telefon nömrəsindən neçə alırsınız?!

Rəis, gözləmədiyi belə bir sualı eşidəndə rəngi ağardı. Danışığının rabitəsi pozuldu. Dodaqları öfkə kimi oldu. Bilmədi nə desin və necə cavab versin. Mərdan Məstəliyev kinayə ilə:

– Özünü xamlığa qoyma – dedi. –Hi, hi – istehza ilə güldü. – De görüm, orda nə oyunlardan çıxdığınızı yaxşı bilirəm. Elə eləmə ki, sabahdan komissiya göndərib, hamınızın paxırını açıb qoyum ortalığa.

Qarabəy Qardaşxanov özünü itirdi. O, kəkələyə-kəkələyə: – Mərdan Murtuzoviç – dedi: – Sizdən nə gizlədim. Telefon çəkəndə azdan-çoxdan hörmət eləyənlər də olur.

Amma...

Mərdan Məstəliyev rəisin sözünü ağzında qoyub onun üstünə coşaraq:

– Bura bax! Amması-zadı yoxdur! Özünü də tülkülüyə qoyma – dedi. – Burada mənim üçün bazar-dükan açma! Kəsəsi! Hər telefona min manat!!! Qandın?! Əlli nömrəninki özün bilərsən, qalanın şoferim gələcək... Bacarsan hamısın sarı elətdir. Onluq, beşlik...

Mərdan Məstəliyev vacib işlərini başa vurub arın-arxayın kabinetini tərk edəndə divarda cıqqıldayan saatın əqrəbləri iki rəqəminin üzərində qoşalaşmışdı. Sükuta dalmış kabinetlərdən, işıqsız koridordan sanki qorxunc vahimə yağırdı. Yalnız giriş qapısının ağzında küncə qısılıb mürgü vuran gecə növbətçisi gözə dəyirdi, bir də ki, poçt rəisi Qarabəy Qardaşxanovun yaddan çıxıb qalan nimdaş papağı asılqanda yellənirdi.

...Mərdan Məstəliyev ertəsi gün işə gələndə qaşqabağından zəhrimar yağırdı. Hiss olunurdu ki, qanı qaradır. Ona görə də qarşısına çıxan işçilərin çoxusu cürət eləyib ona salam verə bilmirdi. Bəziləri də vermək istədiyi salamın ona xoş gəlməyəcəyini nəzərə alıb, yan keçirdi. Kabinetə daxil olanda köməkçisinə ötəri:

– İspalkoma zəng vur – dedi.- O mənzil komissiyasının sədrini yanıma!  Sənədləri də gətirsin. Özü bilir, hansı sənədləri deyirəm.

...Tərtəmiz silinib  süpürülmüş  kabinetdə Mərdan Məstəliyevlə mənzil komissiyasının sədri arasında gərgin söhbət gedirdi. Rayon mərkəzindəki əlli mənzilli beşmərtəbəli yaşayış binasının tikintisi altı ay bundan qabaq tamam-kamal başa çatmışdı. Bölgüsü isə nəhsə düşmüşdü. Məsələ bu gün-sabaha salındığından, illərdən bəri dizin-dizin sürünüb birtəhər mənzil növbəsinə dayananların səbr kasası dolmuşdu, hamısı intizar içərisindəydi. Bircə Mərdan Məstəliyevin razılığı lazım idi ki, hərə öz mənzilinin açarını alıb, şələ-küləsini içəri yığsın. Bu məsələ neçə aydı düyünə düşmüşdü. Özü də çox dolaşıq düyünə. Yarım ildən çox idi ki, bundan ötrü Mərdan Məstəliyevin kabinetinə yığışır, lakin mətləb üstə gələ bilmədikləri üçün dağılışırdılar. Bu nə sirrdir?! Onu, göydə o gözəgörünməz Allah bilirdi, yerdə də Mərdan Məstəliyevlə, mənzil bölgüsü ilə məşğul olan komissiyanın sədri. Bu gün isə... Xeyli çək-çevirdən, götür-qoydan sonra Mərdan Məstəliyev axır ki, insafa, mürvətə gəlib fikrini tam və qəti bildirdi:

– Mənzillərin beş otaqlısı da var, bir otaqlısı da. Odur ki, mənzili sayına görə yox, hər bir kvadratmetrinə görə verməlidirlər... Hər kvadratmetri yüz manatdan. İstər birinci mərtəbədə olsun, istərsə axırıncı, dəxli yoxdur. Get! Həll elə?! Buralara çox üzükmə. O, kağız-kuğuzlar da evdə olsun. Şoferim özü səni tapacaq, aydındır?! Bacarsan hamısın iri elə, xırda çox yer tutur.

Mənzil komissiyasının sədri nə demək istəyirdisə, Mərdan Məstəliyev onun sözünü dilinin ucunda qoydu:

– Bu söhbəti qurtardıq! Təzədən mənə nağıl açma!! Bildin?!

 

     lll

 

Rayon ticarətinə başçılıq edən Aslanlı Mərdan Məstəliyevin kabinetinə day əvvəllər olduğu kimi qısıla-qısıla yox, ərklə girib çıxırdı. İş vaxtının axırında onlar üzbəüz əyləşib rayona gələn xarici malların siyahısını nəzərdən keçirirdilər. Arzuman Aslanlı qəddini qabağındakı stola əyib, gözlərini qarşısındakı sənədlərə zilləyib malların adını bir-bir çəkir, Mərdan Məstəliyev də onu diqqətlə dinləyirdi:

– Layka plaş yeddi ədəd.

– Haranındı?

– Yuqoslaviyanın.

– Onun beşini qoy qırağa, lazımdı. Sonra nə var?

– Qadın paltosu üç ədəd. Hollandiyanındı. Qiyməti də altı yüz qırx manat. Əldə iki minə vermirlər.

– Yuxarıdan bir-iki yoldaş məndən xahiş eliyib. Elə özümüzə də lazımdı. Üçünü də göndər gəlsin.

Aslanlının sifətinə meyid rəngi çökdü. O udquna-udquna:

– Mərdan Murtuzoviç – dedi. – Səndən nə gizlədim. Qadın paltosunun birini ispalkomun sədri elə skladdan götürüb.

– Qələt eliyib! Əlim-ayağım dəyməmiş qaytararsan geri! Ona çatdırarsan ki, bu dəfə gələn xarici malların hamısı fəhlələrə veriləcək. Axırda Mərdan Məstəliyev şəxsən özü siyahı ilə yoxlatdıracaq...

– Nə deyirəm, necə olsa, o da ispalkomdu də, görüm birtəhər dilə tutub başa sala bilərəmmi.

– Hə, sonra nə var?!

Arzuman Aslanlı yenə gözlərini qıyıb, diqqətini qarşısındakı sənədlərin üzərində cəmləşdirərək:

– Ətriyyat, fransuzki...

– Onun birinə də əl vurma! Hamısı lazımdı...

 

lll

 

Quşçuluq fabrikinin direktoru Fərid Fərmanov da Mərdan Məstəliyevin yanından çıxanda çox şad və xürrəm görünürdü. Az qalırdı ki, çırtıq vurub oynasın. O, müsahibinin üzünə qıyqacı baxıb bic-bic gülərək astadan:

– Sən öləsən siftə çox yuxarıdan gedirdi. Məni lap gözümçıxdıya salmışdı. İndi dil tapmışıq. Aramızdan su da keçmir. Sağ olsun, Bakıya zəng vurub mənim üçün Soçi sanatoriyasına putyovka düzəltdi. Özümə qalsa, heç könlüm yoxdu. Ancaq dedi ki, axmaqlama, can cahana bir yol gəlir, get yaxşı-yaxşı dincəl.

Yayın cırhacırında axşam saat doqquza yenə yığıncaq təyin olunmuşdu. Məruzələr oxundu. Əvvəlcədən tərtib olunmuş siyahı üzrə çıxışlar başlandı. Natiqlər qan-tər içində onlar üçün yazılıb hazırlanmış çıxışlarını höccələyə-höccələyə oxuyub qurtarandan sonra Mərdan Məstəliyevə son söz verildi. Onun baxışları ciddiləşdi, kimi isə axtarırmış kimi zala göz gəzdirdi. Sonra sözə başladı:

– Mən məruzəmdə bir sıra məsələlərə toxunmadım – dedi. – Lakin indi deməyə məcburam. Görünür, bəzi-bəzi məsul yoldaşlar deyilənlərdən tam nəticə çıxara bilməyiblər. Yenə də ara-bərədə xoşagəlməz söz-söhbətlər gəzir. Və bunların hamısı da mənim qulağıma çatır. Prosto biabırçılıqdır!

Mərdan Məstəliyev əlini stola çırpdı. Zalda gərginlik yarandı. Natiq sözünə davam etdi:

–Görünür! Müəyyən adamların tamahı ağlına güc gəlir! Düzdür, əlimdə konkret fakt, dəlil-sübut yoxdur! Ancaq od yanmasa, tüstüsü çıxmaz! Burada əyləşənlər rayonun qaymaqlarıdır. Odur ki, sizdən nə gizlədim, hər şeyi açıq-saçıq danışmalıyıq. Söhbət gəzir ki, guya ötən illərdə olduğu kimi yenə də tibb texnikumuna qəbul pulnandır. Bunu eşidəndə tüklərim biz-biz oldu. İş o yerə çatıb ki, bir telefon çəkdirmək üçün filan qədər pul istəyirlər. Hökumət xərc çəkib, evsiz-eşiksizlərə yaşayış binası tikir! Mənzil paylayanda! Almasalar, açarı vermirlər! Adını da qoyurlar şirinlik. Zəhər-zəhqutun olsun o cür şirinlik!

Mərdan Məstəliyevin çöhrəsinə acı təbəssüm yayıldı:

–Zəhər olsaydı, nə dərd idi – dedi. – O cür vicdansızları birtəhər eliyərdi. Sizin də, bizim də canımız elələrindən biryolluq qurtarardı.

Hamı gülüşdü. Arxa tərəfdə əyləşənlərdən əl çalanlar da oldu. Mərdan Məstəliyev əsəbiləşərək:

– Bütün! Bu iyrənc söz-söhbət! Bir də ona görə yaranır ki! Hüquq- mühafizə orqanları rüşvətxorluğa qarşı ciddi mübarizə aparmırlar! Görünür, onların özləri də gözükölgəlidir!

Sinəsi orden-medallarla bəzənən bir nəfər veteran yerindən dikəlib icazəsiz-filansız:

– Düz deyir! Düz deyir! Yoldaş Məstəliyev, siz tamamilə haqlısınız! Rüşvətxorluğun kökü kəsilməlidir!

Veteran hövsələsini yeməyib qabağa çıxdı. Və geri dönüb üzünü zalda əyləşənlərə tərəf tutaraq:

– Halal olsun! Bizim Daşlıtəpə rayonuna beləsi nə gəlib, nə də gələcək! Kişinin oğlu düz deyir! Çünki halal adamdır! Özü də çox yaxşı başlayıb! Amma o təkdir! Tək əldən səs çıxmaz! Yoldaş Məstəliyev təkbaşına nə eləsin?! Od olsa, özünü yandırar! Məgər biz ölmüşük?! Gəlin, ağsaqqal, qarasaqqal, böyüklü, kiçikli hamımız ona kömək edək?!

Əl çaldılar, Mərdan Məstəliyev yığıncaq iştirakçılarının, xüsusilə veteranın onun sözlərinə bu cür rəvac verib, haqq qazandırmasından məmnun oldu və əlavə etdi:

– Yeri gəlib qoy elə hamısını deyim! Ticarətdə özbaşınalıqdır! Rayona gələn xarici mallar mağazalara verilməmiş anbarda dağıdılır. Quşçuluq fabrikində nə oyunlardan çıxırlar?! Hamısı bizə bəllidir! Avtobazaya gələn maşınların biri də pulsuz verilmir! Bu cür biabırçı hallar birdir?! Beşdir?! Hansını deyim?!..

Mərdan Məstəliyev barmağını silkələyə-silkələyə:

– Adlarını çəkdiyim idarələrin başçıları burdadırlar. Qulaqlarını açsınlar və yaxşı-yaxşı eşitsinlər. Onlara uzağı bir ay möhlət verirəm. Ərizələrini yazıb gətirsinlər. Xoşa-xoşluqla getməsələr, özlərindən küssünlər...

...Çox keçmədi ki, Mərdan Məstəliyevi daha böyük rayona dəyişdilər. Özü də hörmətlə. Xidmətləri də yüksək qiymətləndirildi...

 

1990-cı il.

Əli İldırımoğlu

525-ci qəzet.- 2013.- 16 noyabr.- S.28-29.