Sənətin qüdrəti və vüsəti

 

 

Xalq artisti, “Şöhrət” ordenli, türk dünyasının sevimlisi Rasim Balayev mədəniyyətimizin, mənəviyyatımızın əlçatmaz, ünyetməz bəyaz ucalığında, duyğu və düşüncələrimin zərif naxışları ilə süslənmiş şəxsiyyət zirvəsində əbədiyaşarlıq qazanmış heyrət heykəli, sənət qüdrətidir. XX əsr Azərbaycan kinosunda onun yaratdığı obrazlar qalereyası özünün mükəmməlliyi, zənginliyi və çoxşaxəliliyi ilə bənzərsiz, unikal, analoqu olmayan incəsənət hadisəsidir.

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam!” – söyləyən böyük hürufi şair Nəsiminin müdrik, qətiyyətli obrazını, “qırx gün kölə kimi ömür sürməkdənsə bir gün azad yaşamağı” üstün tutan Xürrəmilər hərəkatının rəhbəri Babəkin çılğın, üsyankar portretini, Oğuz qəhrəmanlarından Bamsı Beyrəyin əsirlikdə məşəqqətlərə sinə gərmək bacarığını, dözümlülüyünü, inamını, psixoloji təbəddülatlarını böyük ustalıqla yaradan, yüzlərlə rola ekran həyatı bəxş edən  Rasim Balayev Azərbaycan kinosunun sönməyən ulduzu, müqtədir sənət möcüzəsidir.

Rasim Əhməd oğlu Balayev 1948-ci il avqustun 8-də Ağsuda dünyaya göz açıb. Atası Əhməd Balayev Şirvan bölgəsində kifayət qədər tanınan, hörmətə və nüfuza malik şəxs idi. Anası Zümrüd xanımın yüksək səmimiyyətə malik, mehriban, qonaqpərvər, imanlı və xanım-xatın bir qadın olduğu indi də onu yaxından tanıyanlar tərəfindən xatırlanır. Rasim Balayev  1954-cü ildə – 6 yaşında (həmin illərdə bu fərqlilik sayılırdı) Ağsu şəhərində birinci sinfə daxil olur.

Rasim Balayev 1965-ci ildə orta məktəbi bitirdikdən sonra böyük sənətkarımız Səməndər Rzayev onda aktyorluq peşəsinə dərin maraq oyatdı, qəlbində illərlə gəzdirdiyi arzusunu qanadlandırdı. O, Bakı şəhərinə gələrək M.A.Əliyev adına Teatr İnsitituna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – C.E.) daxil oldu. Mehdi Məmmədov, Müxlis Cənizadə, Rza Təhmasib, Ələmdar Quluzadə və b. görkəmli sənətkarlarımızdan aktyorluq peşəsinin sirlərini, bu çətin və şərəfli sənətin incəliklərini öyrəndi. Üçüncü kursda oxuyarkən Rasim Balayevə böyük dramaturqumuz İ.Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesində Həsənzadə rolu həvalə olundu. Gənc olmasına baxmayaraq o,  müəssisə rəhbəri Həsənzadə rolunun bütün məziyyətlərini tamaşaçılara çatdıra bildi. Ardınca, institut səhnəsində F.Şillerin “Qaçaqlar” əsərində Karl Moor, C.Cabbarlının “Almaz” pyesində Hacı Əhməd, H.Cavidin “Azər” poemasında Şeyx rollarını oynadı... İnstitutu bitirdikdən sonra bir sıra ciddi sosial problemlərlə üzləşsə də, möhkəm iradəsi, əzmkarlığı sayəsində müşkülləri həll etdi, çətinlikləri arxada qoydu.

Rasim Balayevin həyatı, ömür yolu hamar və rahat olmayıb. Alqışlar, şöhrət çələngi, təltif və mükafatlar asanlıqla qarşısına çıxmayıb. Zəhmətinə, istedadına güvənərək maneələri, məşəqqətləri yarıb keçib. Qətiyyəti və cəsarəti ağır sıxıntılar zamanı onu tək qoymayıb. Yaradıcılığın və taleyin əzablı yolları onu daha da bərkidib, mətinləşdirib. Rasim Balayev sənətkar və şəxsiyyət kimi də həyatda öz yolunu axtaran insanlar üçün nümunə məktəbidir, örnəkdir. Onun yaratdığı obrazların təbiiliyi, möhtəşəmliyi, əzəməti öz siqlətini, səmimiyyətini sənətkarın şəxsi həyat təcrübəsindən, yaşadığı hiss və duyğulardan alır.

 

Kinorejissor Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi “Nəsimi” Bakıda keçirilən Ümumittifaq Kino Festivalında  ən yaxşı tarixi film mükafatına layiq görüldü. Bu film Rasim Balayevin həyatına və yeni sənət yollarına məşəl kimi işıq saçdı. Sonrakı illərdə bəzən müşahidə olunan uğursuzluqlar bu ocağın alovunu söndürə, onun üzərinə kölgə sala bilmədi. Rasim Balayev özü də o böyük uğuru yada salaraq deyirdi:

“ Məşhur kinorejissor Həsən Seyidbəylinin yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Nəsimi” filmi mənə sənət vəsiqəsi verdi. Azərbaycan poeziyasına ümumbəşəri əhəmiyyətə malik incilər bəxş edən İmadəddin Nəsimi obrazı gələcəkdə nə kimi rollarda çəkiləcəyimdən asılı olmayaraq, mənim böyük yaradıcılıq sevincim, ilk sənət məktəbim kimi ömrüm boyu istiqamətverici amil olaraq qalacaq...”

Rasim Balayev bir-birinin ardınca yaratdığı rollarla Azərbaycan kinosunda bənzərsiz, təkrarolunmaz səhifələr yaratdı. “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Qaçaq Nəbi”, “Göz qabağında şeytan”, “Otel otağı” və sair filmlərdə böyük məharətlə obrazlar yaradan Rasim Balayev Türkmənistan, Almaniya, Türkiyə, Tacikistan, İran, Rusiya və digər ölkə kinematoqrafçılarının diqqətini cəlb etmiş, həmin dövlətlərin sifarişlərinə əsasən filmlərə çəkilmişdir.

Rasim Balayev çoxlarından fərqli olaraq sənətin və şöhrətin zirvələrini qısa zaman kəsiyində fəth edə bildi, yüksək fəxri adlara, mükafatlara layiq görülsə də, özündənrazılıq, təkəbbürlülük, lovğalıq hisslərindən uzaq oldu, sadəliyini və səmimiyyətini qoruyub saxlaya bildi.

Rasim Balayev 170-ə qədər filmdə yüksək sənətkarlıq, məharət nümayiş etdirərək Azərbaycan kino tariximizin qüdrətli simalarından birinə çevrildi. Onun sənətdə ilk debütü “Nəsimi” filmində baş rolun ifası ilə başladı. Şərqin böyük hürufi şairi İmadəddin Nəsiminin əzəməti, nəhəngliyi gənc aktyor Rasim Balayevi qorxutmadı, çəkindirmədi. Çox ciddi və məsuliyyətli bu məsələdə etimad, inam hər şeyi həll etdi. Həsən Seyidbəylinin Rasimə etimadı, R.Balayevin isə özünə, istedadına, yaradıcı kollektivə inamı...

YUNESKO-nun qərarı ilə 1974-cü il İmadəddin Nəsimi ili elan edildi. Böyük Azərbaycan şairinin anadan olmasının 600 illik yubileyinə hazırlıq işləri onun doğma vətənində də geniş vüsət aldı. Azərbaycan kinematoqrafçıları  xalqımızın mütəfəkkir oğlu İmadəddin Nəsiminin xatirəsinə ehtiram əlaməti olaraq ölkəmizin mədəni həyatında böyük hadisəyə çevrilən bu yubileyi “Nəsimi” bədii filmi ilə rövnəqləndirmək məramını qarşıya qoydular. Filmdə böyük şairimizin haqq yolunu, mübariz və insanpərvər ruhunu, nəcib keyfiyyətlərini inandırıcı və dolğun şəkildə canlandırmaq kimi çətin və məsuliyyətli işin görülməsi öndə dururdu. İsa Hüseynovun ssenarisi əsasında çəkilən “Nəsimi” filminin quruluşçu rejissoru Həsən Seyidbəyli cismi, ruhu və istedadı ilə Nəsimi rolunun parametrlərinə cavab verən gənc aktyor arayarkən Rasim Balayevi ilk baxışdan kəşf etdiyini duydu və seçimində yanılmadığına tezliklə əmin oldu. Uğurlu rejissor-aktyor tandeminin tarixçəsi barədə unudulmaz sənətkarımız Həsən Seyidbəyli 1974-cü ilin noyabrında qeyd edirdi: “Məlumdur ki, hər bir rejissorun öz iş üsulu,  bədii əsərin ideya və məzmununu ekranda canlandırmaq üçün manerası, yaradıcılıq açarı olur. Ssenari yazanda,  yaxud qələm  dostlarımın əsəri üzrə film çəkəndə gözümün qarşısında ilk növbədə aktyor durur. Əsərdə əsas rollarda kimlər çəkiləcək? Bu məsələni həll etdikdən sonra adətən, rejissor ssenarisinin yazılışına başlayıram və çəkmək istədiyim aktyorların qabiliyyətini, şəxsiyyətini, yaradıcılıq imkanlarını, təcrübəsini nəzərə alıram. “Nəsimi” filmi üzərində fikirləşəndə əsas rola kimi dəvət edəcəyimiz barəsində uzun-uzadı, özü də böyük nigarançılıqla, həyəcanla düşündük, çox götür-qoy etməli olduq. Məlum olduğu kimi, Nəsimi əfsanəvi bir dəyanətə, yüksək və dərin insani keyfiyyətlərə, ülvi poetik vüsətə malik şəxsiyyət, filosof, alim, şair, ictimai xadim olmuşdur. Belə bir obrazı yaratmaq üçün böyük təcrübəyə, yüksək istedada malik aktyor tapılmalı idi. Bu məsuliyyətin qarşısında biz özümüz də bir növ duruxub qalmışdıq. Bəziləri məsləhət gördülər ki, Nəsimi roluna aktyor seçmək üçün axtarışlarımızı daha əhatəli aparaq. Azərbaycanda deyil, başqa ölkələrin teatr və kinostudiyalarında, ən təcrübəli və ən istedadlı kino aktyorların arasında yoxlama çəkilişləri aparaq və hansı daha çox layiq olsa onu dəvət edək.

Rasim elə ilk baxışdan diqqətimi cəlb etdi. Yaxından tanış olduqda bu ucaboy, asket görünüşlü oğlanın iri, mənalı gözlərində gizli bir ağrı, həyəcanlı bir nigaranlıq,  həssaslıq,  qibtə və fərdilik gördüm.  Bəlkə də Rasim özü bunları bütün dərinliyi ilə bilmirdi. Bəlkə də mənim əsas köməyim bu oldu ki,  Rasimi öz yaradicılıq xəzinəsi ilə, öz çoxcəhətli istedadının boyaları ilə tanış etdim. Altı aya yaxın məşq etdik. Rasim özünü bir istedad, bir yaradıcı, yaxşı imkanları olan aktyor kimi kəşf etdi və özü öz gücünə inandı. Bu inam isə Nəsimi obrazını yaratmaq üçün idi. Onun dil, tələffüz mədəniyyəti qənaətbəxşdir, əruz vəznində Nəsimi qəzəllərini oxuyanda isə bizi də, tamaşaçıları da sarsıda bildi. Kadrdan-kadra nəsimiləşdi. Onun bütün varlığından Nəsimi ehtirası, Nəsimi şeiriyyəti, Nəsimi dəyanəti sızmağa başladı. Buna görə də həm Ümumittifaq Kino Festivalında, həm də Daşkənddə keçirilən Beynəxalq festivalda Rasim Balayevin aktyorluq sənəti və məharəti çox yüksək qiymət aldı. “Pravda” qəzetində Rasim Balayev Beynəxalq kino festivalının kəşfi kimi qeyd olundu”.

Film nümayiş etdirilən bütün ölkələrdə heyranlıqla qarşılandı. Nəsiminin gəncliyindən ömrünün sonuna qədər keçdiyi həyat yolunu ustalıqla canlandıran 25 yaşlı Rasim Balayev haqqında xarici kinoşünaslar, sənət adamları ehtiramla, vurğunluqla danışırdı.

“Dədə Qorqud” (1975), “Babək” (1979) filmlərində də Rasimin – obraz qəhrəmanları azadlıq, ədalət, haqq işi uğrunda mübarizədə vahid mərkəzdə birləşdi. Rasim Balayevin onlarla rolları var, 170-ə qədər filmində onun sənətkarlıq dəsti-xətti var. Çoxçalarlı istedadı təkcə müsbət obrazlarda deyil, mənfi rollarda da üzə çıxdı, ona uğur qazandırdı.

Rasim Balayev Azərbaycan kino sənətini ölkəmizin hüdudlarından kənarda da layiqincə təmsil edib, tanıdıb və bu baxımdan da onun əməyi, xidmətləri danılmazdır.

Rasim Balayevin səs tembrinin, dolğun səs intonasiyasının əfsunu hər kəsə bəllidir. Onun ifasında poeziya nümunələrini, bədii parçaları dinləyəndə bu gözəl səs nələr yaratmır,  nələr canlandırmır?...

Azərbaycan radiosunun “Bulaq” verilişi, aparıcıların şirin, məlahətli səsi, milli folklor üslubunda maraqlı mövzuları, xüsusi danışıq tərzi ürəklərə bulaq kimi axırdı. Bir zamanlar Məhluqə Sadıqova ilə birgə verilişi öz ahəngi ilə cazibədar edən böyük sənətkarımız Səməndər Rzayevin gözəl və intonasiyalı səsi hamını riqqətə gətirirdi. Səməndər Rzayevin vəfatından sonra bu məsuliyyətli iş Rasim Balayevə həvalə olundu. Rasim Balayev bu verilişə Səməndər Rzayevi əvəz etmək üçün deyil, onun xatirəsini yaşatmaq üçün gəldi.

Rasim Balayev 65 illik zaman çərçivəsində ömrünü mənalı yaşadı, qəlbi insanlara məhəbbətlə, yaradıcılıq eşqi ilə çırpındı. Həyatının cövhərinə Nəsimi, Babək, Beyrək, Cavid, Axundzadə kimi nurlu şəxsiyyətlərin xarakterik xüsusiyyətlərindən rənglər, çalarlar əlavə etdi. Rasim Balayev yaradıcılığına hələ yeni rollar əlavə olunacaq, obrazlar qalereyası daha da zənginləşəcək, onun yüksək yaradıcılıq potensialı Azərbaycan kinosunun yeni filmlərində təcəssümünü tapacaq! Kino sənətimiz, kino tariximiz yaşadıqca Rasim Balayev adı, imzası, şöhrəti, məktəbi yaşayacaqdır! Onun uca boyu, gözəl qədd-qaməti, sirayətedici baxışları, cazibədar səsi, təbəssümlü çöhrəsi həmişə insanlarda ümid yaradır, sabaha inam bəxş edir.

Milli kino tariximizin Rasim Balayev ucalığı, zirvəsi var. Zaman-zaman bu zirvəyə, ucalığa, ülviyyətə yol alan aktyor – alpinistlərimiz çox olacaq. Bu zirvəni o sənətkarlar fəth etməyə qadir olacaq ki, onlarda istedadla zəhmət qoşa qanad kimi yanar bir ürəklə birləşsin. Rasim Balayev fenomenallığını, sənətinin qüdrətini və vüsətini şərtləndirən əsas amillər – istedad, zəhmət və yanar ürəyin sarsılmaz vəhdətidir.

 

Cəmilə ELSEVƏR

525-ci qəzet.- 2013.- 16 noyabr.- S.25.