Ayaqyalın
(hekayə)
Valeri İvanov-Taqanski
müasir rus ədəbi mühitində kifayət qədər
nüfuzlu və özünəməxsus, fərqli üslubu
olan yazıçıdır. On ildən
çox (1966-1977-ci illərdə) Taqanka Teatrının aktyoru
olub. Sonralar rejissor kimi
çalışıb və qısa müddətdə teatr səhnəsində
ondan çox tamaşa qoyub. Bir neçə il Vətənindən kənarda,
Bolqarıstanda yaşayıb. "Həyata məhkumlar",
"Vətən ailəsi", "Sokrat üçün
dırmıq" və s. romanların müəllifidir. Uzun müddət Rusiyanın birinci telekanalında
"Arayanlar" layihəsinin rəhbəri və
aparıcısı olub. Tarix elmlər
doktorudur. Rusiya Yazıçılar
Birliyinin katibi, Yazıçılar Birlikləri Beynəlxalq
İttifaqının şöbə müdiridir.
Viktor möhkəm bədənli, ağımtıl,
üzü çilli bir oğlan idi. On beş
yaşında ona baxan elə bilərdi on səkkiz yaşı
var. Dərslərini oxumaqda çətinliyi olmazdı. Şəkil çəkməyi xoşlayırdı,
məşhur futbolçu olmağı arzulayırdı.
Ayaqyalın adı da onda futboldan
qalmışdı. Ayaqqabıyla qol vura
bilmirdi, amma ayaqyalın bəxti gətirirdi. Elə ki "Ayaqyalın irəli!"
qışqırtısını eşidirdi, dəridən-qabıqdan
çıxırdı.
Viktorun həm də gizli sevgisi var idi, bir də onu rayon
bostanlarının qənimi hesab edirdilər. Məsələ
burasındadı ki, Riqanın ətraflarında yaşayan
latışların həyətyanı sahələri var idi.
Qələbədən sonra xaricə üz tutan
yekəqarınların evlərində məskunlaşan hərbçilər
isə mənzildən və özlərinə qarşı
gizli nifrətdən savayı heç nəyə malik deyildilər.
Bu ədalətsizliyi uşaqlar hərəsi
özü bildiyi kimi həll edirdi. Həmin
həyətlərdə meyvə və tərəvəz dəyməyə
başlayan kimi uşaqlar ustalıqla ona şərik olurdular.
Yerli arvadlar hiddətdən boğula-boğula
qalırdılar. Və bu "donuz zabit
balalarını" tutmaq üçün növbətçilik
təyin etmişdilər. Amma kök, xiyar
və pomidor göz görəsi bostanlardan yox olurdu. Bostançı qarılar məəttəl
qalmışdılar, amma nə xeyri, bir uşaq da ələ
keçmirdi. Çünki uşaqların
hərbi ad verdikləri bu "raparatsiya" çox dəqiq
üsullarla təşkil olunmuşdu. Ən
çox giley-güzar Rozalinda arvadın dilində idi. Çünki ən bərəkətli bostan onunku
idi. Qarı and içmişdi ki, Viktoru - o
baş strateqi və o biri bostan qənimlərini mütləq
tutacaq. Sübh tezdəndən onun
artırmadan necə düşdüyünə və sanki
soyuqdan vağ quşu kimi yalın ayaqlarının gah birini,
gah o birini necə büküb ağır-ağır sement
pilləkənlərlə qalxdığına göz
qoymuşdu. Bir saniyədən sonra Viktor
özünün düzəltdiyi tir tərəfə
qaçıb dərdindən dəli-divanə olduğu o
qızın - yaraşıqlı sarısaçlı
Dzintranın yaşadığı qonşu evin pəncərəsinə
boylanmışdı. Və
hesabı-sayı itirənəcən tirdə
dartınmışdı. Bu vaxt sifəti
çox qəddar ifadə almışdı, elə bil kimsə
onun dabanlarını dişləyirdi.
Arvad rəfdən müharibədən əvvəlin
teatr binoklunu götürüb əsl Şerlok Holmsa
çevrilmişdi. Rozalinda heç vaxt həyətindən
gözünü çəkməzdi, amma yaxşı izləyə
bilmirdi, hər dəfə nəsə onun fikrini
yayındırırdı. Gah kiminsə-özgənin
iti həyətinə girərdi, gah donuz balası tövlədən
çıxıb qaçardı. Axşamdan
qalan izlərdən qarı anlamışdı ki, yenə o
Ayaqyalın şam yeməyini onun bostanında yeyib.
Tez-tez ondan atasına şikayət eləyirdi. Atası
Rozalindayla həyəti gəzməyə
çıxırdı və hər dəfə oğlunun yox,
qabanın izləriylə rastlaşırdı. Atası əllərini
yana eləyib deyirdi: "Sübut-dəlil
yoxdusa, kötək də olmayacaq!"
Sakitləşdirmək
üçün ata arvada söz
vermişdi ki, axşam əlində tapança pusquda durar və
onu qaban ətinə qonaq eləyər. Arvad qaban
dabanına nəsə bir qurğu tapmağın lazım
olduğunu düşündü, amma ağlına bir şey gəlmədi.
Nəhayət, hər şey həllini tapdı.
Rayonu baş arxarı
(arxar - vəhşi dağ qoçu) və
Ayaqyalının qədim düşməni Ayvar sübut kimi
qaban dabanına oxşadılmış dörd balaca taxta gətirdi.
O, bunları Ayaqyalının sarayından tapıb gizlincə
qarıya gətirmişdi. Bunlar həmin
dövrlərdə məşhur olan "Dağlarda
keçid" filmində casusların istifadə etdikləri
dabanların eyni idi. Arvad Ayvarın verdiyi
"dəlili-əşyaları" özüylə
götürüb ataya şikayət etdi və sonra
özünün ikinci mərtəbəsində məmnunluq
hissiylə düşməninin atasının
qayışı altında necə ulamasına qulaq asdı.
Bu uzundraz xəbərçiyə olan kin-küdurətinin
böyüklüyü Ayaqyalını "açıq
müharibəyə" keçməyə vadar etdi. Qonşu
küçədə yaşayan yaşca özündən
böyük Vovkayla tez-tələsik samboya yazıldı.
Cəmi bir həftə sonra məşqçidən tərif
eşitdi: "Beşcə ildən sonra sən çempion ola bilərsən". Düzdü,
Sergey İvanoviç çempionluğun dərəcəsini
demədi, amma Viktor üçün bu, elə də əhəmiyyətli
deyildi. Əsas olan, ona qarşı inam idi.
Deməli, o, nəyəsə yarayır və nazik dodaq,
hamıya nifrət dolu baxışlı Ayvar, o latış xəbərçi
də bu gün-sabah bunu hiss edəcək.
"Atlutas (Atlutas - istirahət (latışca))
küçəsində hamının gözü
qarşısında onun dərsini verəcəm. Gölməçənin
içində mənim zərbələrim altında ay kef edəcək
ha". Viktorun qərarı belə oldu.
Əslində
Ayvarla, bu yerin məşhur basketbolçusuyla onunku
çoxdan, doqquz il əvvəl bir bahar
günündə Qələbə meydanında alman
generlları edam olunan vaxtdan tutmurdu. O vaxt orda adam
əlindən tərpənmək mümkün deyildi. Qabağa,
birinci sıralara tanış uşaqlardan
heç kim keçə bilməmişdi. Hərbçi
uşaqlarını yaxına buraxmırdılar. Amma meydanın ətrafındakı ağaclarda yer
ürəyin istəyən qədər idi. Əslində izdihamın içindənsə
hündürdən hər şey daha yaxşı
görünürdü. Edam səhər
saat ona təyin olunmuşdu. Artıq onun
yarısında Qələbə meydanında iynə atsan, yerə
düşməzdi. İzdiham guruldasa da, nəsə hər
şey sirrliydi, sevinc hiss olunmurdu, hamı başa
düşürdü ki, edam mərasimi təntənə
yox, tamaşadı. Nəhayət, yük
maşınları göründü və onların
keçməsi üçün yolu boşaltdılar. On maşın düz meydanın ortasına gəldi.
Yerə bərkidilmiş dar ağacıyla
üzbəüz dayanan maşınlardan yalnız səkkizinin
bortu açıldı. Maşının
mühərrikinin səsi altında bortların arxasında
ciddi sıra ilə səkkiz kəndir görünəndə
kütlə susdu. Heç kim
danışmaq istəmirdi. Nəhayət, əynində daxili
qoşunların forması olan hündürboylu bir polkovnik cərgənin
əvvəlində olan avtobusa yaxınlaşdı və əmr
etdi: "Çıxın!" Nədənsə, ordan səkkiz
adam çıxdı. Sonra məlum
oldu ki, ikisi qaça bilsə də, yolda onları
öldürüblər. Qalanlar həvəssiz-həvəssiz
sıraya düzülüb edam yerinə tərəf
hərəkət etdi. İrəlidə
inamlı addımlarla bəstəboy general gedirdi. Ardınca da sanki onun bu addımlarından ürəklənmiş
qalan yeddisi gəlirdi.
Ağacın
qanadında oturmuş cavan oğlan:
- Bir ora
bax, - dedi, - bu balaca heç qorxub-eləmir.
O biri
budaqda oturmuş yaşca ondan böyük oğlan:
- Sən
hələ gözlə, - dedi, - kəndirə gəlib
çatanda tumanını batıracaq.
Doğrudan
da edam olunanlardan biri - hündür və
azca beli bükülmüş alman dar ağacını
görən kimi möhkəmdən ah-vay etdi və dərhal
onun göy qalifesi toqqadan aşağı tündləşdi. Bu mənzərəni görən camaat ucadan
gülüşdü.
Ayaqyalın gülmədi. O, özünü pis hiss edirdi. Edamın təşkilatçılarının əhval-ruhiyyəsi
də xoşuna gəlmirdi.
Bu hazırlıq işlərinə baxa-baxa ürəyində
fikirləşirdi ki, axı insanların asılmağına
necə sevinclə diş ağartmaq olar.
Az sonra
məhkumların hamısını maşının
yanına düzdülər.
Komanda verildi, hökm oxundu. Astadan oxundu və
qısa çəkdi. Ayaqyalın məzmunu
yalnız təsəvvür etdi. Budur,
artıq birinci alman qoyma pilləkənlə maşının
platformasına qalxır. Elə bu zaman
Ayvar onlarla uşağın özünə yer eləyib
oturduğu ağacın yanında peyda oldu. O, yuxarı
dırmaşdı və lazım olan hündürlüyə
qalxa-qalxa yolda ona mane olanları bir-bir tulladı. Elə bu vaxt əlinə Ayaqyalın keçdi.
Ayvara ilk cəhddə bu, müəssər
olmadı. Amma sonra ondan ikiəlli
yapışıb Ayaqyalını hiyləgərcəsinə
qabağa itələdi. Ayaqyalın
sürüşdü, amma yaxşı ki, yıxılanda
budaqlardan birindən yapışıb tuta bildi, yoxsa
üzüqoylu yerə gələcəkdi. Belini dikəltdi, aşağı budaqda özünə
yer eləyib ayaqlarını salladı. Viktor
hirsindən boğulsa da, birtəhər özünə
güc gəlib dişlərini sıxmaqla kifayətləndi.
Yuxarı dırmaşan Ayvar ordan ona
baxırdı. Ayaqyalın ona yumruq göstərib
möhkəmdən əlavə etdi: "Öldürəcəm!"
Təzə yerindən yalnız almanların
başları, bir də yük maşınlarının
bortları görünürdü. Səkkiz
məhkumun hamısı qalxıb yerini alanda meydana ölü
sükut çökdü. Müqavimət
göstərilməməsi üçün hər almanı
bizim bir zabit tutmuşdu, generalların əlləri arxadan
bağlanmışdı, boğazlarına kəndir
keçirilmişdi. Məhkumlar özlərini
fağır və bu taleyə məhkum kimi aparırdılar.
Amma qəflətən onlardan biri öz nəzarətçisinin
sifətinə tüpürdü. Meydan nərildədi.
Alman dərhal yumruqla cavabını aldı.
Xalq razılıqla gurladı. Çünki zərbə elə qüvvətli
alınmışdı ki, özünə gəlməsini
gözlədiklərindən bu generalı ən
axırıncı asdılar.
Sonra
hansısa bir yaşlı kişi
aydınlıq gətirdi:
- Bu alman
içlərində ən biciymiş. Ölməyini
yarım saat uzatdı.
Ucadan
marş sədaları eşidildi və bu səsin
müşayiətilə maşınlar növbəylə
arxalarında dar ağaclarından asılıb qıc olan,
titrəyən adamları qoyub tərpəndilər. Hamı özünü eyni cür apardı,
axıracan nəzarətçisinə müqavimət göstərdi.
Yalnız sonuncudan əvvəlki, həmin o bəstəboy
general əliylə zabiti kənara eləyib platformanın
küncünə özü getdi və əlləriylə
camaatı salamlayaraq bortdan tullandı. Nəzarətçinin
üzünə tüpürən alman cavabını
artıqlamasıyla aldı. Hiddətlənmiş
zabit məhkumu darta-darta küncə gətirdi və təpiklə
hələ tərpənməyən maşının
platformasından aşağı saldı. Alman
bir anlığa bortdan yapışa bildi, amma nəzarətçi
ayaqqabısının dabanıyla onun əlindən necə
vurdusa, dərhal asılı qaldı.
Camaat dinməzcə dağılışıb getdi. Söhbətmi
yeriydi? Geri
qayıdanda Viktor yolda qonşusu Dzintranı
gördü: "Bu qız burda neyniyir?" İlk
öncə ağlına bu sual gəldi, amma dərhal da
yadına düşdü ki, o qızın rus atası
Stalinqrad döyüşlərində həlak olub. Pis olanı isə o idi ki, Ayvar abırsız-abırsız
əlini yelləyə-yelləyə, dişini
ağarda-ağarda Dzintrayla, onun anasının yanıyla
addımlayırdı. Viktor bir qədər
aralıda yalın ayaqlarını yerə vura-vura hiddətlənmişdi.
"Bu qıza nə belə girişib, -
özü-özündən soruşurdu, - məgər Dzintra
Ayvarın iyrənc məxluq olduğunu görmür?" və
qəflətən altı yaşlı Viktor dişlərini
qıcadı. Yox, o buna yol verməyəcək! Nəyə yol verməyəcək? Düzü heç özu də əməlli-başlı
qanmadı, amma ürəyinin döyüntüsündə nəsə
bir şirinlik hiss elədi.
Viktor indi
gəlib on beş yaşına çatanda
Dzintra gözəllər gözəli olmuşdu. Bütün qonşu uşaqlar ona vurulmuşdu.
Qızın evinin yanında az qala turnirlər
təşkil olunurdu, hər yeniyetmə nəsə bir oyun
çıxarıb onun pəncərəsinə
boylanırdı. Bəziləri birdəfəyə
bir papirosluq qullab alırdı, bəziləri fantik (rəngli
konfet qabığından oyun) oynayırdı, bəziləri
də ağız-burunları partlayanacan dalaşırdı.
Viktor samboya gedəndən bəri güləşməyi
xoşlayırdı.
Dzintra latış məktəbində oxuyurdu. Uşaqlar dərsdən
sonra evlərinə dağılışanda çoxları
qızın evinin yanından keçib gedirdi. Viktor öz məktəbindən tez
çıxırdı. Dzintranın bloka
girdiyini görəndə evdən çıxıb
küçənin ortasına gəlirdi və
latışları onunla güləşməyə
çağırırdı. Yuxarıya, tanış
çöhrənin göründüyü pəncərəyə
baxa-baxa oğlanların kürəyini bir-bir yerə vururdu. Hətta onun öz azarkeşləri də əmələ
gəlmişdi, həyət uşaqları onun hər qələbəsini
alqışlarla qeyd edirdilər.
Viktor bir gün Ayvarın balaca qardaşı Qunarla
güləşdi. O, rəqibini aldatdı və gözlənilməz fəndlə
kürəyini yerə vurdu. Elə bu an Ayvar
öz dostlarıyla burdan keçirdi. Uşaqların
gülüş və alqış sədaları altında
qardaşının bu günə düşdüyünü
görəndə Ayvar dostlarıyla Viktorün üstünə
hücum çəkdi və onu möhkəm döydülər.
Yumruq olsaydı, dərd yarıydı, ayaqlar da
işə düşdü, özü də növbəylə.
Ayaqyalını yerdə uzanılı qoyub Dzintra yaşayan
bloka girdilər və az sonra onunla bir yerdə
gəzintiyə çıxdılar. Viktor bir
xeyli özünə gələ bilmədi. Başında şişlər əmələ gəlmişdi,
ağzı qanla doluydu, sol gözü elə
şişmişdi ki, güc-bəlayla görürdü.
Birtəhər ayağa qalxıb evə tərəf
yol aldı. Üzünün qanını,
çirkini yuyub təmizlədi, bir xeyli başını soyuq
suyun altına tutdu. Sonra stolun arxasında
oturub bu haqsızlığa görə ağladı. Ona ən çox təsir edən pəncərədən
bu mənzərəyə baxan Dzintranın sonra bu əclaflarla
getməsi idi. Viktor öz düşmənlərini
yadda saxlayıb hər biriylə növbəylə haqq-hesab
çürüdəcəkdi. Ayvarla
açıq müharibəni sonraya saxlamışdı.
"Məşq etmək lazımdı".
Qərarı belə oldu.
Amma qəflətən ağlına gələn dəhşətli
bir fikirdən planlarını dəyişdi. Bəlkə
bu əclaf Dzintranı da incidib? Hökm dərhal
çıxarıldı. Viktor üçrəfli
şkafa yaxınlaşıb yuxarı uzaq küncdən ağ parçadan olan bağlamanı
çıxardı. Tez-tələsik
bağlamanı açdı və müharibədən qalma
TT tapançasını əlinə aldı. Qardaşı Anatoliylə heç vaxt ona əl
vurmamışdılar. Atası hələ onlar uşaq
olanda ciddi şəkildə belə bir əmr vermişdi:
"Bu, marşal Baqramyanın mənə hədiyyəsidi. Hansı biriniz əl vursaz, ömür boyu
bağışlamaram". Uşaqlar atalarıyla fəxr
edirdilər, onun bir sözü iki ola bilməzdi.
Amma bu dəfə vəziyyət o həddə gəlib
çatmışdı ki, Viktor hər şeyi unutmuşdu. Hətta
Viktora elə gəlirdi ki, əgər atası məsələnin
nə yerdə olduğunu bilsə, onu bağışlayacaq.
Sonra isə
hər şey sanki öz-özünə baş verdi. O, plaşını əyninə
keçirdi, sonra onun icəri cibinə tapançanı qoyub
küçəyə çıxdı. Plaş lap yerinə
düşmüşdü, yağış çiləməyə
başlayırdı. Amma uşaqlar həyətdən
yığılmaq fikrində deyildilər. Viktor azarkeşlərindən o dəstənin hara
yollandığını öyrənib bildi ki, mağazadan
sonra Ayvarın yanına gediblər. Viktor mağazaya
çatıb sola döndü və bir ev
sonra həyətə girdi. Viktor bu yerə
yaxşı bələd idi. Tez-tez burda
futbol oynayırdılar. Çəpəki, torlu qapı
onun zərbələri altında az titrəməmişdi.
Nəhayət o, Ayvar yaşayan evə
yaxınlaşdı. Amma dərhal içəri
girməyə ürək eləmədi. Sanki
nəsə onu tutub saxladı. Gözləri
qarşısında onu fəlakətdən qorumaq istəyən
atasının sərt baxışları canlandı.
Viktor artıq geri qayıtmaq istəyirdi ki, qəflətən
açıq pəncərədən Dzintranın tanış səsini eşitdi. O,
gülürdü - ucadan və şən səslə. Viktora elə gəldi ki, hamı onu ələ
salır.
"Ah sizi, əclaflar, topayla bir nəfərin
üstünə düşmüsüz, hələ bir təhqir
də eləyirsiz!" Viktorun
bütün içi coşdu və ardınca bircə tullanışla
qapının ağzında peyda oldu. Mənzildən
papiros tüstüsünün iyi gəlirdi. Var gücüylə qapını yumruqladı.
Sonra dəstəyi çəkdi və qapı
taybatay açıldı. Üç
addım irəli gəlib dəstənin düz
qarşısında dayandı.
Qırıq-qırıq
səslə qışqırdı:
- Yerə
uzanın!
Hamı donub qalmışdı, bu
çağırılmamış qonağa baxa-baxa nə edəcəklərini
bilmirdilər.
Elə bu zaman Ayaqyalın tapançanı çıxarıb
bir addım Ayvar tərəfə gəldi və silahı onun
sifətinə tuşladı:
- Diz
çök!
Viktorun səsi bu dəfə daha qətiyyətli idi.
Qəflətən Ayvarın ağarmış sifəti
üçkünc oldu, qısa, həmişə yağlı
olan saçları kirpinin tikanları kimi qabardı.
- Kimə
deyirəm, diz çök!
Bu dəfə
Viktor daha ucadan dedi.
Ayvar diksindi, gözləri yaşla doldu. O, dimdik dayanıb durdu, sonra
sanki nəyisə tutub saxlamaq üçün bərk-bərk
qarnından tutdu və birdən onun açıq rəngli
şalvarı yaşlandı. Dzintra bu mənzərəyə
baxıb pıqqıldadı, dostlarının isə heyrətdən
ağızları açıla qaldı.
- Hamı
diz üstə!
Viktor sakitləşmək bilmirdi. Onun
baxışlarından elə bir alov püskürürdü
ki, bu şənlik bir anda qeybə çəkildi və
hamı dərhal diz çökdü. O,
baxışlarını Dzintraya yönəltdi və qəflətən
ürəyinin döyüntüsünə o vaxtlarda olduğu
kimi bir şirinlik qatıldı. Astadan ona:
- Sən
qalx, - dedi, - bura sənin yerin deyil.
Dzintraya qapını göstərdi və qız tez-tələsik
burdan çıxdı. Viktor üzünü dəstəyə tutub uca səslə
əmr etdi:
- Hamı
yerində qalsın. Mən qapının
arxasında olacam. Bayıra
çıxanı güllələyəcəm.
Ölü sükut içində o, qapını
bağladı, bir neçə saniyə dəhlizdə
dayanıb durdu, içəriyə qulaq asdı, sonra futbol
meydançasını keçib öz evlərinə tərəf
getdi. Yarı yolda Dzintra gəlib onu haqladı. Onlar bir xeyli yanaşı getdilər. Nəhayət,
qız çiyinləri üstündən onun gözlərinə
baxa-baxa:
- Viktor,
hirslənmə, bağışla bizi, - dedi və uşaq kimi
əlavə etdi. - Mən daha belə eləmərəm.
Qızın gözlərində yaş
göründü. Dzintra başını aşağı
salanda telləri alnına düşdü və gözəlləşdi.
Dzintra artıq az qala ağlaya-ağlaya:
- Bizə
gedək, - dedi, - evdə tortumuz var, çay içə-içə
sənin yaralarını sağaldarıq.
Qız onun əlindən tutdu və onlar birlikdə ikinci
mərtəbəyə qalxdılar. Çay içə-içə
müxtəlif mövzularda söhbət eləməyə
başladılar. Qəflətən Dzintra ona
qısılıb birbaşa dodaqlarından öpdü:
- Biz
böyüyəndə, sənə ərə gəlməyimi
istəyərsən?
Viktor
yeganə görən gözüylə ona baxıb astadan
köks ötürdü:
- Hələ
çox gözləməli olacağıq.
Qız onun əlindən tutub öz otağına çəkdi. Amma elə bu
vaxt qapıdan açar səsi gəldi. İçəri
girən Dzintranın anasıydı.
Qız
utana-utana:
- Ana,
qonağımız var, - dedi.
Anası:
-
Görürəm, - dedi və soruşdu. - Sir-sifətinə nə
olub? Nədi, kiminləsə dalaşmısan?
Viktor həvəssiz-həvəssiz başını tərpətdi.
- Uddun, yoxsa uduzdun?
Dzintra söhbətə qarışıb:
- Ana, heç təsəvvür eləyirsən, - dedi, - Ayvar tumanını batırdı.
Qadın heyrətlə başını buladı. Onun gözləri gülürdü.
- Deyəsən, adın Viktordu?
Cavan oğlan başını tərpətdi.
Qadın:
- Demək, qalibsən, - dedi və sonra diqqətlə qızına baxa-baxa sözünə əlavə etdi. - Atan də hərbçidi, eləmi?
Viktor yenə başını tərpətdi. Qadının yorğun gözlü sifətində yenidən bir anlığa təbəssüm yarandı. Qadın:
- Sağ-salamatdı, - dedi və həlak olmuş ərinin divardan asılmış şəklinə baxıb köks ötürdü. Sonra sözünə davam etdi:
- Yaxşı. Dostluq edin, sonrasını
göydəki özü bilər. Siz oturun, mən bir mağazaya dəyim. Axı,
qonşunu nəyəsə qonaq eləmək lazımdı, ya
yox.
O, bazar
çantasını götürüb çıxdı. Viktor Dzintranı qucaqlayıb tez-tələsik
öpdü. Sonra tam əminliklə:
- Gəl,
üzümün göyərtiləri gedən kimi evlənək,
- dedi. - İndi mən gedim, tapançanı
qaytarmaq lazımdı. Bir saatdan sonra gələcəm.
Küçəyə çıxma, burda
gözlə.
O,
qızı bir də öpdü, sonra bir də öpdü və
yalnız bundan sonra evdən çıxdı.
Tərcümə
edən YAŞAR
Valeri İvanov-Taqanski
525-ci qəzet.-
2013.- 19 noyabr.- S.7.