Yeddi il bağlı qalmış ağır cinayət...

 

Azərbaycan Prokurorluğu - 95

 

 

"Tovuz rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən Füzuli Musayev tərəfindən yüksək məharət və peşəkarlıqla aparılan istintaq hərəkətləri nəticəsində 7 il bundan əvvəl -  12 yanvar 1992-ci il tarixdə Əli Məmmədovun qəsdən  öldürülməsi cinayətinin üstü açılmış, qətli törədən Fikrət Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir".

Azərbaycan Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14 avqust tarixində keçirilmiş  geniş iclasında Baş Prokuror, II  dərəcəli dövlət  ədliyyə müşaviri Eldar Həsənovun məruzəsindən.

 

DAĞISTANDAN GƏLMİŞ QONAQ  ...

 

...Axşama yaxın şaxta düşmüşdü. Səma mavi rəngə çalırdı. Qarlı dağlar üstündə qürub edən Günəş görünürdü. Adama elə gəlirdi ki, haradasa yanğın baş verib və bu yanğının əksi qanlı ləkələr kimi yola səpələnib. Ancaq uzaqdan sezilən yanğın necə yaranmışdısa, eləcə də sürətlə və sakitcə söndü. Qaş qaraldı. Küçədəki ayaq üstə mürgüləyən hündür lampaların tutqun işığında poçtalyon küləklər ağacların gileyli yarpaq məktublarını torpağa çatdırır, sanki onu sevindirirdi. Lap uzaqdan gəlmiş soyuq və yorğun küləkdə şaxtanın buxovladığı ağaclar oynayır, tüklərini qabardıb yatan sərçələrin yuxusuna qor dolurdu. Narın yağış çisələyirdi. Yağış yağdıqca.... yarpaqlar sevincək olub üstündəki tozu çırpırdı. Az keçməmiş yağış kəsdi, külək elə bil qorxusundan özünü bir az yığışdırsa da lakin tam sakitləşmədi.

Tovuz şəhərindəki Puşkin adına orta məktəbin hasarı yanındakı ağacın altında yanan papiros közərirdi. Külək siqaret çəkənlərə macal vermir, papirosun külünü qığılcımla birlikdə qapır, ehtiyatla göyə qaldırır, qığılcım sönəndə isə buraya toplaşanların üzərində yenidən qaranlıq və sükut titrəşirdi.

Üç nəfər idilər. Onların şübhəli baxışları, qorxaq hərəkətləri pis niyyətlərini dərhal büruzə verirdi. Biri 13 yaşlı, digəri 16 yaşına çatmış məktəb şagirdi,  üçüncüsü isə rayondakı qohumları evinə Dağıstan Muxtar Respublikasının Kızliyar rayonundan qonaq gəlmiş gənc idi. Təzə tanış olmuşdular. Yoldaşlıq edirdilər.

Qonaq yerli uşaqlarla uzlaşa bilmişdi, əslində buna uzlaşmaq da demək olmazdı. O, yoldaşlıq etdiyi uşaqlara daha arıq ünsiyyət göstərirdi, onlarla daha açıq idi. Qonaq zahirən gözəgəlimli idi: boyu uca, arıq, saçı da qara idi, hərdən şuluqluq da edərdi, çox qüvvətli sayılırdı. 16 yaşlı oğlan da ondan geri qalmırdı - əzələli qolları güclü idi. Bir - birlərindən ayrılmır, bütün günü veyllənir, kinoya baxır, vaxtlarını demək olar ki, birgə keçirirdilər. O, dostlarına tez - tez spirtli içkilər də alırdı. Ondan fərqli olaraq uşaqlar nəzarəti artıq itirmişdilər, heç dərsə də getmirdilər.

... Dağıstanlı oğlan hasara söykənib səssizcə əlindəki siqaret qutusunu oynadırdı - fikirli idi, nə isə düşünürdü. Uşaqlar onunla yanaşı dayanıb, başlarını çiyinlərinə çəkmişdilər - ağızlarında papirosları közərirdi. Hər üçü şərab və siqaret qoxusu saçırdılar.

Uzun zaman sükutu heç kəs pozmadı. Qonaq birdən hərbi şeypur səsi eşidən döyüş atı kimi diksindi. Bayaqdan kəsilən söhbət qəfildən, üfürülən bir lampanın titrək alovu kimi ehtizaza gəldi. Boğuq səslə danışmağa başladılar.

- Bilirsiniz də, anam gəlib neçə gündür ki, buradadır. Məni özü ilə Dağıstana aparmaq istəyir. - Siqaret qutusunu əlində fırladıb tələsmədən içindən birini çıxartdı - Amma getmək üçün pulumuz yoxdur. Hə, mənə kömək edirsiniz? - Oğlanın sual qarışıq məyus səsi qonaqsevməz qapı kimi cırıldadı.  

- Biz sözümüzdən qaçmırıq ha, - Azyaşlının və yeniyetmənin ikisinin də söz ağzından birdən çıxdı.

Qonağın gözləri sualedici bir ifadə ilə dostlarının üzünə baxdı:

- Necə planlaşdıraq?

- Nəyi?

- Əməliyyatımızı?

- Sən nə cür fikirləşirsənsə.

Oğlanın gözləri parıldadı, üst dodağı titrədi. O ağzındakı siqareti yerə tullayıb uşaqlara tərəf əyildi, heç bir söz söyləmədən dodaqlarını tərpətdi. Dəhşətli bir söz onun dodaqlarında atılıb - düşməyə başladı. Birdən dilləndi:

- Məncə bu işdə biz lazım gəlsə kimisə öldürə də bilərik.

"Öldürmək" sözünü eşidən 13 yaşlı yeniyetmənin baxışlarındakı həyəcan fışqırdı, üzü yayıldı, dodaqları şişdi, rəngi ağappaq ağardı, o çətinliklə nəfəs alıb zəif səslə soruşdu:

- Necə?

Dağıstanlı oğlan ehtirasla öz fikrini açıqladı:

- Qarşımıza çıxan hər hansı bir sürücünü aldadıb başqa yerə apararıq. Orda onu öldürüb, pulunu götürüb, maşınını da ələ keçirərik.

- Birdən xəbər tutsalar? Onda... - 13 yaşlı oğlanın dodaqları kip qapandı. Onun üzü arıqlamış, yanaqları çökmüş çöhrəsinin sısqa arıqlığından geniş açılmış bəbəkləri qorxu ilə dolmuşdu. Üzünün bütün əzələləri titrəyirdi.

Dağıstanlı oğlan təəccüblə əlini - əlinə çırpdı:

- Nədir, yoxsa qorxursan? ..

- E - eh, sən də! .. - deyə 13 yaşlı yeniyetmə səsləndi, istədi ona nə isə desin, lakin həqarətlə susdu, səsinin titrədiyini hiss etdi. - Sözümü kəsmə. Heç kəsdən, heç nədən qorxmuram. - Deyəsən kişiləşmişdi, hələ desən bir az da cəsarətlənmişdi . - Amma ehtiyatlı olmalıyıq. Bunu bil! ..

Qonaq balaca tanışının qorxduğunu, amma özünü ötkəm göstərdiyini duyub təsiredici halda ona nəzər saldı, cavabı dilinin ucunda bir qədər ləngidib dedi:

- Narahat olma,  izi itirərik.

Uşaqlar təşvişlə bir - birlərinə baxaraq, öz - özlərinə danışırmış kimi mızıldandılar:

- Yaxşı bəs onda, nə vaxt işə başlayaq?

- Elə günü sabah axşam. - Qonağın gözləri adi halda olduğundan daha artıq parıldadı.

- Yaxşı... Düzdü qorxuludur... Adam öldürmək o qədər də asan məsələ deyil...- 16 yaşlı oğlanın idmançılar sayaq bədəni möhkəm olsa da, bənizi solğun, özü də tutqun idi: sifətindən bərk ağrıyan adama oxşayırdı. Qaşları çatılmış, dodaqları bir - birinə sıxılmış, gözləri balaca şişmişdi. O az danışırdı, elə bil ki, danışmağa çətinlik çəkirdi. Onun hərəkətlərində bir təşviş görünürdü. O sabah baş verəcək hadisəni düşünərək bir dəhşət duymaqda idi...

- Qəribə adamlarsınız, bu addımı atırıqsa, gərək nəticəsini də gözümüzün qabağına gətirək. Qorxan gözə çöp düşər, - bunu dağıstanlı oğlan dedi, onun üzü uşaqsayağı coşqunluq ifadəsini itirərək birdən - birə acıqlı və tünd ifadə aldı. O, ilan kimi qəfildən uşaqların üstünə şeşələndi, yumruğu sıxılmış barmaqları şaqqıldadı. Külək dağıstanlı qonağın sözlərini havada qapdı. - Hə, kişi kimi deyin görüm gələcəksinizmi?  Yoxsa...  Öhö - öhö - öhö! - siqaretin acı tüstüsü boğazını qıcıqlandırdı və öskürək onu danışmağa qoymadı, fikrini birdən qırdı. O bir neçə dəqiqə öskürdü, alnında tər damcıları muncuqlandı ...

Lakin qonağın dedikləri nəticəsiz qalmadı. Uşaqlar onun sözünə cavab verməyə tələsərək hərəkətə gəldilər. Tez - tez, qırıq - qırıq söylənmiş sözlər onların dodaqlarında çırpındı:

- Bilmirik... Bəlkə gəldik....

- Mütləq gələcəyik! .. Kişi kimi söz veririk! ..

Dağıstanlı qonaq onlara inandığını bildirən bir görkəm alıb, razılıq əlaməti olaraq başını tərpətdi - o, ürəyinin cinayətkar bir sevinclə çırpındığını hiss edirdi...

 

AĞIR CİNAYƏT: ADAM ÖLDÜRÜLMÜŞDÜ. İSTİNTAQ BAŞLANDI

 

....1992 - ci il yanvarın 12-də saat 14:00 radələrində Tovuz - Böyükqışlaq avtomobil yolunun 8 - ci kilometrliyində xüsusi amansızlıqla öldürülmüş, bədəninin yarı hissəsi avtomaşının kapotuna keçirilib uzadılmış vəziyyətdə, baş nahiyəsində çoxsaylı kəsici - deşici xəsarətləri olan naməlum kişi meyiti aşkar edildi.

Faktla bağlı həmin gün Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 95 - ci (qəsdən adam öldürmə) maddəsi ilə 23746 nömrəli cinayət işi başlandı. Hadisənin araşdırılması, istintaqın tamlığının, hərtərəfliliyinin və obyektivliyinin təmin edilməsi məqsədilə prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq - əməliyyat qrupu yaradıldı. İstintaqın aparılması prokurorluğun müstəntiqi Ələkbər Rzayevə tapşırıldı.

İstintaq - əməliyyat qrupu üzvləri, məhkəmə - tibb eksperti və hal şahidlərinin iştirakı ilə qətlin baş verdiyi əraziyə və meyitə baxış keçirildi. Həmçinin hadisə yerinin, meyitin fotoşəkilləri çəkildi, iş üzrə həqiqətin müəyyən olunması üçün əhəmiyyət daşıyan maddi sübutlar üzə çıxarıldığına görə müstəntiq tərəfindən götürmə aparılaraq müvafiq qaydada sənədləşdirildi, şahidlər dindirildi, məhkəmə - kompleks ekspertizası təyin edildi və digər zəruri istintaq hərəkətləri yerinə yetirildi.

İlkin xarici baxış, eyni zamanda meyitin müayinəsi və xəsarətlərin xarakteri cinayəti törətmiş şəxs və ya şəxslər tərəfindən mərhuma işgəncə verildiyini açıq - aydın göstərirdi.

Yolun həmin hissəsindəki çökəklikdə "VAZ - 21011" markalı 27 - 11 AJB dövlət nömrə nişanlı "Jiquli" avtomaşını, başı yerdəki qan gölməçəsinin içində olan meyitdən bir qədər aralıda isə cinayətin aləti ehtimal olunan, qana bulaşmış, üzü sivrilənmiş  iri daş parçası və kağıza bükülmüş, uzunluğu 40 sm, diametri 2,5 sm dəmir boru parçaları  aşkar edildi.

Avtomaşına baxış zamanı ön və arxa qapılarda, salonun oturacağındakı örtüklərdə, rezin ayaq altısında və damın üzlüyündə olan qan ləkələrinin nümunələri götürüldü. Avtomaşının ön pəncərəsində qurumuş qan ləkəsinin üzərində aydın müşahidə olunan barmaq izləri, eyni zamanda avtomobilin arxa şüşəsinin cinayətkarlar tərəfindən oğurlanması istintaqçıların nəzər diqqətindən yayınmadı. Meyitin barmağından qızıl üzük götürülüb mənimsənilmiş, avtomaşın qarət edilmişdi. İlkin versiya belə idi ki, naməlum şəxs tamah məqsədi ilə öldürülmüşdür.    

Aparılmış istintaqla meyitin Qovlar qəsəbə sakini Məmmədov Əli İslam oğlu olması müəyyənləşdirildi.

Meyit daxili müayinə üçün və ölümün səbəbinin müəyyən edilməsi məqsədilə Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə göndərilərək müvafiq rəy alındı.

Məhkəmə - tibb ekspertizasının martın 5 - də verdiyi yekun rəyi ilə mərhum Əli Məmmədovun bədəni üzərində küt yaralar, digər nahiyələrində sıyrıqlar, qansızmalar, qançırlar, kəllə sümüklərinin sınığı aşkarlanmış, onun ölümünə səbəbin isə başın küt zədəsindən törəmiş, beyin qişalarına, beyin mədəsinə və mədəciklərinə qan sızmanın olması göstərilmişdi.

Cinayətin necə törədildiyi barədə aşağıda ətraflı danışacağam. Hələlik isə istintaqın növbəti mərhələsindən söhbət açmaq istəyirəm.

 

BEŞ AY ÖTDÜ VƏ MÜSTƏNTİQ.... RAYON PROKURORLUĞUNUN GÜCSÜZLÜYÜNÜ ETİRAF ETDİ

 

Qovlarda baş vermiş faciəli hadisə - qəsəbə sakini Əli Məmmədovun xüsusi amansızlıqla öldürülməsi hamını sarsıtmışdı.

Əli Məmmədovu son mənzilə yola salan izdihamın içərisində mərhumun yaxınları acı göz yaşları tökərək hadisə yerində olmuş prokurorluq və polis işçilərindən cinayətkarların tezliklə tapılmasını xahiş edirdilər.

Cinayətin baş verdiyi yerə gələn prokurorluq işçiləri adətən zərər çəkmiş adamdan bir qayda olaraq soruşurlar:

 

- Siz kimdən şübhələnirsiniz?

 

Həmin adam da olub - keçənləri yadına salır, xeyli götür - qoy edir, yalnız bundan sonra şübhələndiyi şəxsin və ya şəxslərin adını çəkir. Söz yox ki, istintaq orqanları həmin şəxsləri dərhal həbs etmirlər, bəzən onlara heç bir kəlmə söz də demirlər. Hər şey yüz dəfə, bəlkə də min dəfə ölçülüb biçilməlidir. Ehtiyatsız hərəkət, əsassız şübhə çox böyük zərər vura bilər.

Sual mərhum Əli Məmmədovun arvadı Adilə Həsənovaya da verildi. Lakin o, baş vermiş hadisənin güclü təsiri altında olduğundan fikirlərini cəmləşdirib istintaqda heç kəsin adını çəkə bilmədi. Yalnız dedi ki, əri öldürülən gecə naməlum şəxslər onun evinin həyətinə gələrək qaranlıqda Əlini soruşmuş və getmişlər.

- Siz onları sifətdən tanıdınızmı? Onları indiyədək Qovlar qəsəbəsində heç  görmüşsünüzmü?

- Xeyr. Hər yan zülmət idi. Heç çölə də çıxmadım. Elə evin qapısından cavab verdim. Amma... deyəsən birinin səsi mənə elə bil ki, tanış gəldi. Ha fikirləşirəm, ancaq   yadıma sala bilmirəm.

- Fikirləşin bacı, fikirləşin. Biz yenə görüşəcəyik. - deyə müstəntiq Ələkbər Rzayev Adilə Həsənovaya baxdı.

Təxminən on gün keçdi. Adilə prokurorluğa gəlib təkrar ifadə verdi. Bildirdi ki, ilkin ifadəsində güman etdiyi səsin sahibini heç cür yadına sala bilmir. Qadını qınamaq düzgün deyildi. Ərinin meyitini başı əzilmiş, eybəcər vəziyyətdə hadisə yerində görüb çox qorxmuşdu, çox şeyi dolaşıq sala, xatırlamaya bilərdi.

- Narahat olmayın, bacı. Evinizə gedin. Biz qatili və ya qatilləri tapacağıq, mütləq tapacağıq.

Bu sözləri deyən müstəntiq Ələkbər Rzayevin özü isə haradan və nədən başlamağını bilmirdi. Lakin cinayətkarın tapılacağına əmin idi. Bundan da çətin işlərə rast gəlmişdi. Bundan da ağır hadisələr baş vermişdi. Görülən təsirli tədbirlər nəticəsində həqiqət meydana çıxmış, haqq - ədalət bərpa olunmuşdu.

Buna baxmayaraq şübhə doğuran adamların hamısı dindirildi. Ancaq aparılan istintaq hərəkətləri və əməliyyat - axtarış tədbirləri istənilən nəticəni vermədi. Qatil və ya qatillər elə bil göyə çəkilmişdilər.

 

Kələfin ucu ələ keçmirdi...

 

(Ardı var)

Rafiq HACIYEV

yazıçı-publisist                                      

 

525-ci qəzet.- 2013.- 19 noyabr.- S.4.