Din elmlərinin məzmun və
mahiyyətinə müfəssəl baxış (davamı)
Hinduizm sözü
"İndus çayının
ətrafında yaşayan"
anlamına gələn
farsca bir sözdən törəmiş,
bu bölgə əhalisinin dinini ifadə etmək üçün işlədilmişdir. Hindular öz
dinlərinə "Sanatana
Dharma" (əzəli-əbədi din) adını vermişdirlər.
Miladdan öncə 1500-cü illərdə
Şərqi Avropa düzənliklərindən qopub
gələn arilər
Hindistanı istila etmişdirlər. Onların dini
inanc və ənənələri ilə
yerli xalqın ənənələri bir-birinə
qarışmış, nəticədə
hinduizm ortaya çıxmışdır. Hinduizmin inkişafını
beş dövrə
ayırmaq mümkündür.
1. Vedalar dövrü
(m.ö.1500-800), 2. Upanişadlar dövrü (m.ö.800-500), 3.
Klassik dövr (m.ö.
500/400-m.s.500), 4. Orta çağdakı ilahiyyat, fəlsəfi inkişaf dövrü (Vedanta),
5. Müasir dövr. Hinduizm milli
dindir. Dünya əhalisinin 12 faizi
bu dinin mənsublarıdır. Hinduizmin bir
qurucusu, açıq bir aməntusu (inanc sistemi) yoxdur, amma çox
həcmli bir müqəddəs kitab kolleksiyası vardır.
Hinduizmin
müqəddəs kitablarının
dili sanskritcədir.
Bu kitab kolleksiyalarının
başında vedalar durur. Veda "ilahi bilgi" deməkdir. Hindistanın
ən əski müqəddəs mətnləri
toplanan vedalar dörd yerə bölünür: 1. Riqveda,
2. Samaveda, 3.Yajurveda, 4. Atharvaveda.
Riqveda tanrılara təzim etmək üçün yazılmış 1017 ilahidən
ibarətdir; Samaveda melodiyalar vedasıdır; Yajurveda qurbanla bağlı formulların vedasıdır; Atharvaveda kosmik (dünya ilə əlaqədar), mistik parçalardan və cadu ilə
bağlı dualardan ibarətdir. Ümumiyyətlə, vedalarda ilahilər, dualar, yaşayış qaydaları, tilsim, sehr kimi mövzular
yer alır.
Hind cəmiyyəti müxtəlif
siniflərə ayrılır. Buna kast sistemi deyilir.
Kast
"eyni işlə məşğul olan; babadan miras qalan
haqları, vəzifələri
və adətləri ilə bir-birinə sıx-sıx bağlanan şəxslər qrupu"dur.
Kast sistemi dörd sinifdən ibarətdir: 1) Brahmanlar (rahiblər, din adamları),
2) Kşatriya (hökmdar
sülaləsi və döyüşçülər), 3) Vaisya (tacirlər, əkinçi və sənətkarlar), 4) Sudra
(İşçilər).
Hindu tanrılar panteonunda
bir üçləmə
diqqəti cəlb edir. Bunlardan Brahma yaradıcı;
Vişnu qoruyucu; Şiva isə
yoxedici tanrıdır.
Hinduizmdə çoxtanrılıq, üçləmə, tanrı
- aləm birliyi (panteizm) olmaqla yanaşı təktanrılıq
inanışı da vardır. Riqvedanın bir cümləsi
"Tanrı birdir.
Hakimlər onu müxtəlif
şəkildə anlayırlar"
şəklindədir.
Avatara Tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə
etmək üçün
işlədilən sanskrit dilində bir kəlmədir və "enən" anlamına gəlir. Hindlilər Tanrının müxtəlif
dövrlərdə müxtəlif
şəkillərdə təzahür
etdiyinə inanırlar.
Hinduizmə görə heç
bir peyğəmbər,
yaxud dinin mesajı sonuncu deyildir. Bu proses hülul yolu ilə sonsuza qədər davam edəcəkdir. Vişnunun müxtəlif hülulları
(avatara) vardır.
Bunların iki önəmli
"avatara"sı Rama və
Krişnadır.
Karma səbəb-nəticə qanunudur. İnsan keçmişdə nə etmişdirsə, gələcəkdə onu
görəcəkdir. Əxlaqi bir
kainat nizamı olan karma qanununa görə, bu həyatda işlənən
əməllər canlının
qədərinə təsir
edərək onun təkrar vücuda gəlməsində rol oynayır. Yaxşı bir canlının
vəziyyəti pisə
doğru dəyişirsə,
daha öncəki həyatında etdiyi pis əməllərin; əgər yaxşıya doğru dəyişirsə,
daha öncəki həyatında etdiyi yaxşı əməllərin
qarşılığıdır. Hinduizmə görə, insan sonu olmayan bir
tənasüh zənciri
içərisində gedib-gəlməkdədir.
Ölüm bir qorxu vasitəsi və bir yoxluq deyil,
bir haldan digərinə keçiddir.
Karma təlimi insanın arzularını
həqiqi anlamda ölümsüzlüyə yetişdirir.
Buna görə də hər bir hindli yaxşı
əməllərlə gələcəkdəki
həyatını təminat
altına almağa səy edir.
Karma təlimi ilə əlaqədar olaraq tənasüh (ruhun köçməsi: sanskritcəsi samsara; qərb dillərində reinkarnasya, transmiqrasya), yəni ruhun bir bədəndən digərinə keçməsi inancı meydana gəlmişdir. İnsan öz əməllərinə görə heyvan, bitki, insan, yaxud tanrı şəklində doğula bilər. Bu doğulma bir səbəb-nəticə münasibətləri çərçivəsində gerçəkləşir. Hind düşüncəsinin təməlini təşkil edən tənasüh inancı yeni əflatunçularda, əski Misirdə, maniheizmdə, ofizimdə və qnostisizmdə rast gəlinən bir təfəkkür tərzidir. Bəzi xristian məzhəblərində, ixvnu-s-səfa və s. kimi firqələrdə də bu cür düşüncələr mövcuddur.
Yoqa sanskrit dilində "bağlamaq", "birləşdirmək" anlamına gəlir. İnsanı müəyyən bir məqsədə yönəldir. Çalışma və məşq anlamına da gəlir. Gitada insanları qurtuluşa aparan yol kimi göstərilir. Yoqa insanın həm fiziki, həm zehni, həm də mənəvi gücünü bir araya gətirən çalışmadır. Yoqa ilə məşğul olana yoqi deyilir. Yoqi nəfəsinə hakim olur və fikrini bir nöqtədə cəmləşdirir. Beləliklə, o, bədən və ruh, hərəkət və ağıl, hiss və intuisiya arasındakı ahəngi təmin edərək əzəliyə, kainatın dəyişməz mahiyyətinə çatmağa, fövqəltəbii güclərlə təmas qurmağa çalışır.
Hinduizmdə ibadət hər yerdə, hər zaman və hər şəkildə icra oluna bilər. Ortaq ibadət rəmzi "Om"dur. Om sözü bir növ İslamdakı bəsmələ kimi yeməkdən, vedaları oxumağa başlamazdan, duadan, hər hansı bir işdən öncə söylənir. Uzun və xüsusi bir tərzdə dərindən nəfəs alaraq söylənir. Bu kəlmənin hərfləri Brahma-Vişna-Şiva üçlüyünü ifadə edir. Hindistanın dini təmayülünə görə insan üç yolla qurtuluşa çata bilər. Bunlardan biri əməllər (yəni qurbanlarla); digəri elm və mərifət (ilahi həqiqəti tanımaqla); üçüncüsü isə insanın şəxs şəklində təsəvvür edilən bir tanrını sevərək özünü ona təslim etməsi vasitəsilə qurtuluşdur. Hindistanın ziyarət edilən yeddi müqəddəs yeri vardır. Onların ən məşhuru Benaresdir. Hindlilər ölülərini yandıraraq külünü Qanq çayına atırlar.
Caynizm. Hindistan bu gün mövcud olan bir çox dinlərin çıxış yeri olmuşdur. Burada miladdan öncə VI əsrdə buddizm və caynizm, miladdan sonra XVI əsrdə isə sihizm ortaya çıxmışdır. Hinduizmdəki kast sisteminə və brahman sinfinin hakimiyyətinə qarşı bir təzyiq kimi ortaya çıxan bu dinlərdən buddizm ümumbəşəri; caynizm və sihizm milli xarakterə malikdir. Son ikisi Hindistan xaricinə çıxa bilməmişdir. Məzhəb, yaxud təriqət kimi səciyyələndirilən caynizm mənsublarının sayı 3 milyon olaraq göstərilir. Qurucusunun Mahavira (m.ö.599-527) olduğu söylənsə də, əslində caynizm Parsvaya (m.ö.VIII əsr) gedib çıxan bir keçmişə sahibdir. Parsvanın ortaya qoyduğu təlimi Mahavira inkişaf etdirərək sistemləşdirmişdir. Parsvanın təlimi şahzadə Vardhamana tərəfindən yeniləşdirilmiş və inkişaf etdirilmişdir. Vardhamana otuz ay məşq etdikdən sonra bir ağac altında uzun müddət düşüncəyə dalmışdır. Ruh köçünün (samsara) ona nüfuz etməsinə qədər zahidlik həyatı yaşamış və nəhayət, ruh köçündən qurtuluş yolunu tapmışdır. Buna görə də Vardhamanaya "böyük qəhrəman" anlamında Mahavira; "müzəffər", yaxud "insani ehtiraslardan qurtulmuş" mənasında Cina deyilmişdir. Tirtankara (keçid edən, yol göstərən) olaraq Mahaviraya təzim edilmişdir. Onun Nirvanaya varışı caynist təqviminin başlanğıcı hesab olunur. Vardhamana tərəfdarlarına caynist deyilir. Bu kəlmə Mahaviraya nisbət edilən müzəffər mənasındakı "cina" sifətindən törəmişdir. Cinanın təliminə isə "caynizm" deyilmişdir. Mahaviranın və Buddanın həyatları, inancları və əsərləri arasında bənzərliklər vardır. Onlar eyni dövrdə yaşamışdırlar. Brahmanlara, onların ayin üsullarına qarşı çıxmışdırlar. Bu iki hərəkat politeizmə, çox qatı kast sisteminə və qanlı qurbanlara qarşı müqavimət göstərmişdirlər. Aralarındakı fərq caynistlərin zahidliyə daha böyük önəm vermələri və öz nəfislərinə işgəncədə daha çox ifrata varmalarıdır. Caynizmdə Ahimsa (şiddətə getməmə, öldürməmə) prinsipi vardır, yəni hər cür məxluqatı öldürmə yasaqdır.
Caynizm ateist bir din kimi göstərilir. Bu ateizm tanrının varlığını, ruhun əbədiliyini inkar etmək anlamında deyildir. Mahavira Budda kimi tanrı fikri üzərində durmasa da, bəzi caynist məzhəblərdə tanrı inancının var olduğu anlaşılır. Eramızın XV əsrində qurulan Sthanakavasi məzhəbi ilk caynizmin tanrıtanımaz bir xarakterə sahib olduğunu bildirərək məbədlərdəki tanrı heykəllərini və rəsmləri rədd etmişdir. Rahiblər arasında geyim barəsində fikir ayrılığı ilə əlaqədar caynistlər iki məzhəbə ayrılmışdır: 1) Diqambara (hava geyinənlər). Bunlar Mahaviraya uyaraq tamamilə çılpaq gəzərlər. 2) Svetambara (ağ geyinənlər).
Caynistlərin əxlaq prinsipi beş əsasdan ibarətdir: öldürməmək, yalan söyləməmək, oğurluq etməmək, mümkün olduğu qədər cinsi əlaqədən uzaq durmaq, minimal mal ilə yetinmək. Caynizmin hədəfi ruhu doğumla ölüm arasında cərəyan edən bağdan, karmadan qurtarıb nirvanaya çatdırmaqdır. Karmaya qarşı özünü qoruma irəli sürülən yasaqlara əməl etməklə mümkün ola bilir. Caynistlərə görə bu dünyanın qurucusu yoxdur. Dünya əbədidir və yaradılmamışdır. Onun cənnət və cəhənnəmləri vardır. Təkrar bu dünyaya gəlməkdən xilas olanlar göylər aləmi üzərində bir başqa aləmdə mövcud olurlar.
Sihizm. İslam
və hinduizmin
qarışığından əmələ gəlmiş sihizmin qurucusu Nanakdır
(1469-1539). Hindistanın siyasi həyatında
önəmli yer tutan bu dini hərəkatın doqquz milyona yaxın mənsubu
vardır. Milli bir dini hərəkat
olmaqla yanaşı dünyanın müxtəlif
yerlərində üzvləri vardır. İslam
dininin cahanşümul
ruhu hindlilərin də qəlblərini
oxşamış və onlar bu dini qəbul etməyə
başlamışdırlar. Öz mədəniyyətlərindən
ayrılmayanlar isə Hinduizmlə İslamı uzlaşdırmağa
çalışmışdırlar. Nanak hinduizmin
adət və ənənələrini saflaşdırmaq, politeizmi, bütə tapınmağı və
kast sistemini ortadan qaldırıb orta bir yol tutmaq
istəmişdir. Əvvəlcə siyasi olaraq başlayan bu hərəkat daha sonra dini bir
xarakter almışdır. İslam
mütəsəvviflərinin təsirinə düşən Nanak sinkretist Sih hərəkatını
başlamışdır. Nanaka görə
Tanrı təkdir, əbədidir, görünməz, sözlə
anladılmaz, hər yerdə və hər zaman
mövcuddur. Bununla
yanaşı o, hind fəlsəfəsindən
gələn "maya" və "nirvana" təsəvvürlərini mənimsəmiş,
tənasüh fikrini qəbul etmiş, amma avataralara inanmağı rədd etmişdir. Nanakın ölümündən sonra ruhunun növbə ilə "quru"ya (həvari, ardıcıl) keçəcəyi
fikri ortaya
çıxmışdır. Buna görə
də quruların hamısı Nanakın yeni
təzahürü kimi qəbul olunmağa başlandı. Bu
qurular silsiləsi onuncu
quru Govind Singhin 1708-ci ildə ölümü
ilə başa çatmışdır.
Quruların şagirdləri "sih" (sanskrit dilində çıraq, yaxud şagird)
adını almışdır. Sahib
olduqları sistem qərblilər tərəfindən
sihizm adlandırılmışdır.
Özləri isə "qurmat"
istilahını işlətmişdirlər. Sihlər bir tək Tanrıya, Adi-Qrant
adlı müqəddəs kitaba, karma və tənasühə inanırlar. Dini ibadəti bəsit və sadədir. Dini və ictimai fəaliyyətlərinin
mərkəzi Amritsardakı Altın Məbəddir (Harimandir). Bu məbədin
hovuzunda ibadət məqsədi ilə yuyunurlar. Ayin və ibadətləri
sadə bir duadan, bir növ dəstəmaz almaqdan (yuyunmaq) ibarətdir.
Sihlər ət yeməklə hindulardan ayrılırlar. Bu gün
Hindistanda 10 milyon civarında sih vardır. Onlar hərbi, siyasi,
iqtisadi, təhsil sahələrində söz
sahibidirlər. İnanc ayrılığı
ucbatından hindularla aralarında münaqişələr
baş verir.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.- 2013.- 19 noyabr.- S.6.