Xalq artisti Məcnun
Kərimin xatirə gecəsi keçirilib
Dövlət Musiqi Mədəniyyəti
Muzeyində Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı
və bədii rəhbəri, Xalq artisti, sənətşünaslıq
doktoru, Bakı Musiqi Akademiyasının professoru Məcnun Kərimə həsr olunmuş xatirə gecəsi keçirilib.
Gecəni
giriş sözü ilə açan Musiqi Mədəniyyəti
Muzeyinin direktoru, sənətşünaslıq namizədi
Alla Bayramova bildirib ki, Məcnun
Kərimin musiqi ilə əməkdaşlığı
ötən əsrin
80-ci illərində başlanıb:
"Miniatür sənəti
üzrə mahir usta olan Məcnun
Kərim Azərbaycanın
qədim musiqi alətlərini - rud, bərbət, çanq, Şirvan tamburu, santuru bərpa edib, daha sonra
Azərbaycan Dövlət
Musiqi Mədəniyyəti
Muzeyi nəzdində Qədim Musiqi Alətləri Ansamblının
əsasını qoyub.
O, orkestrlə bərabər,
orta əsrlərdə
yaşayıb-yaratmış məşhur musiqiçilər
və musiqi nəzəriyyəçiləri Əbdülqadir Marağai
və Səfiəddin
Urməvi tərəfindən
yaradılıb, 14-cü əsrə
aid qədim əsərləri
bərpa edib. Əbdülqədir Marağaidən zəmanəmizə
34 təsnif gəlib çatıb. Ansambl bu
təsniflərin üçünü
ifa edir. S.Urməvidən dörd kiçik
əsər qalıb, həmin əsərlər
də ansamblın repertuarına daxildir.
Məcnun Kərimin bərpa
etdiyi 24 musiqi aləti hazırda muzeydə saxlanılır.
O, dörd dildə nəşr olunmuş
"Azərbaycanın musiqi
alətləri" kitabının
da müəllifidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1996-cı ildə akademik Yusif Məmmədəliyevin yubiley gecəsində ilk dəfə Qədim Musiqi Alətləri Ansamblının ifasını dinləyib. Ertəsi gün o, ansambla dövlət statusunun verilməsi barədə Sərəncam imzalayıb.
Məcnun Kərimin musiqi alətləri dəfələrlə xarici ölkələrdə nümayiş etdirilib. O, beynəlxalq konfranslarda iştirak edib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" laboratoriyasına rəhbərlik etmiş, yeni fənnin - "alətşünaslığın" əsasını qoyub".
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, Əməkdar İncəsənət Xadimi Zemfira Səfərova, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullayeva və başqaları Məcnun Kərimin ölkənin musiqi mədəniyyətinin inkişafına töhfəsindən danışıb, xatirələrini bölüşüblər: "Hər bir musiqi alətinin bərpasına bir neçə il vaxt sərf olunub. Məsələn, "nüsxə" adlı qədim musiqi alətinin bərpası 3 il sürüb. Ustad həmin musiqi alətlərinin təsvir olunduğu bədii ədəbiyyatı, əlyazmaları, onların texniki parametrlərini öyrənib, lazımi ağac növü seçmək üçün rayonlara səfər edib. Məcnun Kərim həmişə fəxrlə deyirdi ki, heç bir xalqın bizim xalqımız qədər zəngin orta əsrlər mədəniyyəti yoxdur. Heç bir xalqın bu qədər yaxşı saxlanılmış, bərpa edilmiş və hazırda istifadə olunan orta əsrlərə aid musiqi aləti yoxdur".
Qədim Musiqi Alətləri Ansamblına onun banisi Məcnun Kərimin adını vermək təklif olunub. Musiqi Mədəniyyəti Muzeyinin filialının direktoru Təranə Zeynalova ustadın həyat və yaradıcılığından danışmışdır. Onun çıxışı videomateriallarla müşayiət olunub.
Sonda konsert proqramı olub. Qədim Musiqi Alətləri Ansamblı öz repertuarından əsərlər ifa ediblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 19 noyabr.- S.7.