"...Əyri, köndələn
Bakı"
Hər kəsin doğulduğu,
ilk dəfə dünyaya
salam verdiyi
bir ünvan olur. O ünvanda addım atır, ayaq tutub yeriyir,
böyüyüb boya-başa
çatır, ərsəyə
yetir. Zaman keçdikcə həmin ünvan bizə doğmalaşır, ata ocağına, ana qucağına çevrilir, özümüzü həmin ünvansız və küçəsiz
təsəvvür edə
bilmirik. O ünvan bizim pasportumuza, müasir dillə desək, şəxsiyyət
vəsiqəmizə yazılır.
Həyatımızın qayğılı-qayğısız
günləri, ömrümüzün
acılı-şirinli xatirələri
dünyaya göz açdığımız həmin
o ünvanla bağlı
olur.
Dünyanı doğulduğumuz küçədən,
yaşadığımız məhəllədən dərk
etməyə başlayırıq. Küçədə toy çalınır, matəm
tabutu yola salınır. Dünyanı bizə, bizi dünyaya doğmalaşdıran
küçə. Ona
görə də küçə adlarına
təkcə ünvan bələdçisi və
coğrafi məkan kimi yanaşmaq düzgün deyil, onlar həm də həyatımızın,
ömrümüzün bir
parçasıdır.
Bakının mərkəzi hissəsində
yerləşən İstiqlaliyyət
küçəsi. Bu küçənin adı
bir neçə dəfə dəyişdirilib.
Çar
Rusiyasının vaxtında
Nikolayevsk, 1918-1920-ci illərdə
Parlament, sovet dövründə Kommunist
adını daşıyıb.
Müstəqillik illərində İstiqlaliyyət
adlandırılan küçənin
tarixi yaddaşında
hansı hadisələr
əks olunub, onun səkilərini kimlərin ayaq izi naxışlamayıb?
Bakının erməni-daşnak dəstələrindən
azad edən Qafqaz İslam Ordusunun komandanı Nuru paşa vaxtilə həmin küçədə yaşayıb. Məşhur milyonçu Ağamusa Nağıyevin həmin küçədə tikdirdiyi
İsmailiyyə binasının
pilləkənlərində ölkəmizin
ictimai həyatında
mühüm rol oynayan görkəmli ziyalılar - M. Ə. Rəsulzadə,
F.Xoyski, N. Nərimanov,
Y. Məmmədəliyev, S. Vurğun, S. Hüseynin... ayaq izləri yaşayır. Yaxud yenə həmin küçədə yerləşən
Mirzə Ələkbər
Sabirin adını daşıyan bağın
yerində ötən
əsrin əvvəllərində
ictimai fikir tarixində öz yeri olan "Kaspi" qəzeti redaksiyası yerləşib.
Dövrün məşhur qələm
sahibləri, mühərrirlər,
yazıçı və
şairlər redaksiya
ilə əməkdaşlıq
ediblər. Bu gün İstiqlaliyyət küçəsindən ötüb
keçəndə vaxtilə
onun sinəsi ilə aşağı-yuxarı
addımlamış Ü. Hacıbəylinin,
H. Zərdabinin, H. Cavidin,
M. Müşfiqin, Əbülhəsənin
unudulmaz xatirələri
də bizimlə olur.
Filologiya elmləri doktoru, professor Qara Məşədiyevin "Bakı küçələri: adlar və talelər" kitabında paytaxtın Nərimanov, Nəsimi və Səbail rayonlarındakı küçə, meydan, park və xiyabanların keçmiş və yeni adları, bu adların aid olduğu şəxsiyyətlər haqqında ətraflı məlumat verilmişdir. Müəllif həmin rayonların sosial xəritəsinə daxil olan hər bir küçə və dalanın urbanonimlər sistemində baş verən dəyişikliklərdən bəhs edir. Təkcə 1988-1998-ci illəri əhatə edən on il ərzində Bakı şəhərində 4 meydan, 10 bağ və park, 20-dək prospekt, 80-dən artıq küçə və 50-ə qədər döngənin adı dəyişdirilib. Qara Məşədiyevin "Bakı küçələri: adlar və talelər" kitabında Azərbaycan paytaxtının küçələrinin keçmiş və müasir adlarına işıq tutulur, bu sahədə baş verən dəyişikliklər xronoloji ardıcıllıqla izlənilir.
Kitabın axırında paytaxtın küçə və meydanlarının, eləcə də şəhərətrafı qəsəbələrin adlarının verilməsi də maraq doğurur. Təəssüf ki, kitabın hazırlanmasında tələskənlik hiss olunur, adları çəkilən küçə və meydanlarda olan ən mühüm tarixi və sosial obyektlər, baş verən tarixi hadisələr xatırlanmır, qeyri-dəqiqlik və yanlışlıqlara da rast gəlmək mümkündür. Qeyd olunan xətalar kitabın müsbət məziyyətlərinə qismən xələl gətirsə də, onun dəyərini qətiyyən azaltmır.
...Bakı ölkəmizin paytaxtı, hamıya doğma və əziz olan şəhərdir. Kütləvi oxucu auditoriyasına ünvanlanan bu kitab hər kəs üçün əhəmiyyətlidir - gənclik və tələbəlik illərini bu şəhərdə keçirənlər, onu özünə yaşayış yeri seçənlər, eləcə də buraya qonaq gələn müsafirlər üçün də...
Süleyman QARADAĞLI
525-ci qəzet.- 2013.- 20 noyabr.- S.7.