Yeddi il bağlı qalmış
ağır cinayət...
Azərbaycan Prokurorluğu - 95
"Tovuz
rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon
Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda
Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən
Füzuli Musayev tərəfindən yüksək məharət
və peşəkarlıqla aparılan istintaq hərəkətləri
nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə
Əli Məmmədovun qəsdən
öldürülməsi cinayətinin üstü
açılmış, qətli törədən Fikrət
Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun
müddətə azadlıqdan məhrum edilmə cəzasına
məhkum edilmişdir".
Azərbaycan
Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14
avqust tarixində keçirilmiş geniş iclasında Baş
Prokuror, II dərəcəli
dövlət ədliyyə
müşaviri Eldar Həsənovun məruzəsindən.
Axtarışdan soyuyan müstəntiq Ələkbər
Rzayev daha heç bir zəruri istintaq hərəkətləri
aparmadı və ilkin istintaq - əməliyyat qrupunun
sonrakı yarıtmaz fəaliyyəti nəticəsində
cinayətin açılması istiqamətində
görülmüş tədbirlər gözlənilən
müsbət nəticəni vermədi.
Təbii ki, müqəssir şəxs və ya şəxslər
də uzun müddət kənarda qalaraq istintaqdan və məsuliyyətdən
yayınmağa müvəffəq oldular.
Burada əl saxlayıb, bəzi mülahizələrimi
söyləmək istəyirəm. İlk nəzərdə
elə güman etmək olardı ki, adi cinayət işidir,
istintaq materialları asanlıqla araşdırılacaq və
tezliklə hökm çıxarılacaqdır. Əlbəttə, müstəntiq Ələkbər
Rzayevin istintaqa ürəklə başlaması buna əsas
verirdi. Amma...
Bəri başdan oxucum səni xəbərdar edim ki,
yazıda bundan sonra müstəntiqin həvəslə və
ehtirasla işlədiyi, yuxusuz gecələr keçirdiyi, təcrübəli
ekspertlərlə məsləhətləşdiyi, adamları
üzləşdirdiyi anlar təsvir olunmayacaq. Ona görə ki, istintaq
materialları ilə tanış olduqca
müəmmalı suallar ortaya çıxırdı. Xırdalamıram, uzatmıram.
Bir
sözlə müstəntiq Ələkbər Rzayev beş ay -
burada mötərizə içində deyəcəyəm ki,
ağır və gərgin - işlədikdən sonra rayon
prokurorluğunun gücsüz olduğunu etiraf etdi və 1992 -
ci il iyunun 12 - də Cinayət - Prosessual Məcəlləsinin
209 - cu (ibtidai istintaqın dayandırılmasının əsasları)
maddəsinin 3 - cü bəndini əsas tutaraq cinayət
törətmiş şəxs və ya şəxslər
müəyyən edilmədiyinə görə istintaqın
dayandırılması haqqında qərara imza atdı.
Nəticədə
müstəntiq Ələkbər Rzayev zərərçəkmiş
Adilə Həsənovaya qətiyyətlə və cəsarətlə
"narahat olmayın, bacı, biz qatili və ya
qatilləri tapacağıq, mütləq tapacağıq"
təsəlliverici vədini yerinə yetirə bilmədi.
Bu cinayət
işinin açılmasına maraqlı olanlar da, olmayanlar da
düz yeddi il gözlədilər. Camaat
arasında bir - birinə uyuşmayan şayiələr
dolaşmağa başladı...
PROKUROR
RƏSUL HƏSƏNOVLA SÖHBƏT...
Oxucu qoy məni bağışlasın, söhbətin
gedişini kəsərək, bu fəsildə rayon prokuroru Rəsul
Həsənovdan və onun başçılıq etdiyi
prokurorluğun gördüyü müsbət işlərdən
danışacağam. Çünki haqqında yazılan və
keçmiş illərdən bağlı qalmış qəsdən
adamöldürmə cinayətinin açılmasının təmin
edilməsinə məhz onun özünün və rəhbərlik
etdiyi istintaq - əməliyyat qrupunun gərgin əməyi, hədsiz
səyi, peşəkarlığı səbəb olmuşdu.
Əvvəl prokuror barəsində bir neçə kəlmə
məlumat verirəm, sonra onunla söhbətimin üzərinə
qayıdıram.
... 1976 - cı ildə Azərbaycan Dövlət
Universitetinin Hüquq fakültəsində ali təhsilini
başa vurduqdan sonra Rəsul Həsənov Lerik rayon prokurorunun
köməkçisi vəzifəsi üzrə stajor kimi əmək
fəaliyyətinə başladı. Özünü bilikli
hüquqşünas, məsuliyyətli işçi kimi
tanıdan Rəsul Həsənov 1979 - 1995-ci illərdə Cəlilabad
Rayon Prokurorluğunun müstəntiqi, böyük müstəntiqi,
Respublika Baş Prokuroru yanında xüsusilə mühüm
işlər üzrə müstəntiq və böyük
müstəntiq, İstintaq İdarəsinin xüsusilə
mühüm işlər üzrə böyük müstəntiqi təyin olundu.
Gənc hüquqşünasın əldə etdiyi
uğurlarının kökündə hərtərəfli
müsbət keyfiyyətləri ilə səciyyələnən
yüksək peşəkarlığı, ədalətə və
qanuna, dövlətçilik ideyalarına sadiqliyi dururdu. Respublikanın Baş
Prokuroru, II dərəcəli
dövlət ədliyyə müşaviri Eldar Həsənov
baş ədliyyə müşaviri Rəsul Həsənovun məhz
peşəkar məziyyətlərini - xidməti fəaliyyətində
müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq
bacarığı nümayiş etdirməsini dəyərləndirərək
1995 - ci ildə onu Tovuz rayon prokuroru vəzifəsinə təyin
etmişdi. Baş ədliyyə müşaviri Rəsul
Həsənov tutduğu mühüm dövlət vəzifəsində
ona göstərilmiş etimadı prinsipiallığı ilə
doğrultmağa çalışırdı.
- Əvvəlki illərə nisbətən mətbuatla
prokurorluq orqanları arasında əlaqə
sıxlaşıb. Bu yaxınlarda ilin birinci yarısına
yekun vurmuşsunuz. Görülən
işlər barədə nə deyə bilərsiniz?
-
Hamımıza məlumdur ki, ötən səkkiz ildə Azərbaycan
dəfələrlə müstəqilliyin itirilməsi, vətəndaş
müharibəsi, anarxiya və xaos girdabına yuvarlanmaq təhlükəsi
qarşısında qalmışdır. Danılmaz bir həqiqətdir
ki, indiki müxalifətin hakimiyyətdə olduğu təxminən
bir il ərzində separatçı
qüvvələrin cinayətkar hərəkətləri nəticəsində
qanunsuz silahlı birləşmələrin yaradılmasına
rəvac verilməklə ölkə vətəndaş
müharibəsi həddinə çatdırıldı. Cəzasızlıq şəraitinin
formalaşması səbəbindən cinayətkarlıq
görünməmiş vüsət aldı. Şəxsiyyətin hüquq və
azadlıqlarının kütləvi şəkildə
pozulması adi bir hala çevrildi.
Artıq cəmiyyətin həyatındakı mənfi təzahürlər
arxada qalmışdır. Yeni inkişaf mərhələsini
yaşayan ölkəmizdə həyata keçirilən
quruculuq işlərində rayon prokurorluğunun əməkdaşları
da səlahiyyətləri daxilində yaxından iştirak
edirlər. İctimai - siyasi sabitliyin və
əmin - amanlığın qorunması, cinayətkarlığa
qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi,
insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində
müəyyən işlər görülmüşdür.
İlk
növbədə bildirmək istərdim ki, rayon
prokurorluğunun fəaliyyət prinsipləri və
qaydaları Azərbaycan Respublikası Konstitusiyasının,
cinayət və cinayət - prosessual qanunvericiliyin tələbləri,
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları,
Respublika Baş Prokurorunun əmr və göstərişləri
ilə tənzimlənir.
Cinayətkarlığa qarşı mübarizənin kəsərliliyinin
artırılmasının digər hüquq - mühafizə
orqanları ilə, ilk növbədə polis şöbəsi
ilə sağlam və işgüzar münasibətlərin
gücləndirilməsinin, əməliyyat - axtarış fəaliyyəti
üzərində nəzarət səviyyəsinin
artırılmasının, istintaq və ibtidai
araşdırmaya prosessual rəhbərliyin
yaxşılaşdırılmasının nəticəsi
olaraq Tovuz rayonunda son illərdə kriminogen durumun dinamika və
strukturunda müsbət dəyişikliklərə nail olunmuşdur.
Belə
ki, prokurorluğun fəaliyyət istiqamətləri üzrə
işin səmərəliliyinin yüksəldilməsi məqsədi
ilə artım meyli müşahidə olunan cinayətlərə
qarşı qabaqlayıcı, məqsədyönlü tədbirlərin
daha da gücləndirilməsi, cari ildə və ötən
illərdən bağlı qalan cinayətlərin
açılması üçün aparılan zəruri əməliyyat
- axtarış tədbirləri üzərində prokuror nəzarətinin
günün tələbləri səviyyəsində həyata keçirilməsi, törədilmiş
və ya hazırlanan cinayətlərə dair daxil olan məlumatların
vaxtında qəbulu, qeydə alınması və həlli
zamanı cinayət - prosessual qanunvericiliyin tələblərinə
dönmədən əməl olunması, cinayətlərin
uçotdan gizlədilməsi hallarına qarşı
barışmaz mübarizə aparılması, ibtidai
araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin
yaxşılaşdırılması, xidməti, icra və əmək
intizamının daha da möhkəmləndirilməsi
üçün kəsərli tədbirlərin görülməsi
təmin edilmişdir.
Törədilmə müddətindən asılı
olmayaraq, açılmayan hər bir qəsdən
adamöldürmə cinayətinin açılmamış
qalması prokurorluğun bütün əməkdaşları
üçün ciddi siqnal olmalıdır. Çünki
belə təhlükəli cinayətlərin
açılmaması həmin cinayəti törədən
şəxslərin cəzasızlıq şəraitindən
istifadə edərək, mütəşəkkil cinayətkar
dəstələrə çevrilməsi ehtimalını
artırır, yeni - yeni ağır cinayətlərin törədilməsinə,
kriminogen durumun kəskinləşməsinə şərait
yaradır.
Yüksək peşəkarlıq göstərilməklə
ictimaiyyətin maraq dairəsində olan, əvvəlki illərdə
törədilməklə uzun müddət ərzində
bağlı qalan bir sıra ağır və xüsusilə
ağır cinayətlərin keyfiyyətli istintaqının
aparılması və təqsirkar şəxslərin məsuliyyətə
cəlb olunması tərəfimizdən təmin edilmişdir. Prokurorluq və
polis şöbəsi tərəfindən yaradılan birgə
istintaq - əməliyyat qruplarının gördüyü
işlər nəticəsində uzun illər
açılmamış qalan bir sıra cinayət işinin
üstü açılmışdır.
Bu istiqamətdə prokurorluq əməkdaşları fəaliyyətlərini
davam etdirir, törədilmiş cinayətlərin
üstünün açılması üçün
bütün imkanlardan yararlanırlar.
- Cinayət
hadisəsinin baş verməsi, fakt üzrə cinayət
işinin başlanılması və istintaqın tam, hərtərəfli
və obyektiv aparılması və peşəkarlıqla başa
çatdırılması - bu halların biri digərindən
nə dərəcədə asılıdır? Ümumiyyətlə, "açılmayan cinayət"
nədir və o niyə açılmır?
- Təbii
ki, prokurorluqda fakt üzrə başlanılmış
müvafiq cinayət işi üzrə istintaq qarşıya
qoyulmuş vəzifəni - cinayətin hansı zəmində
kimə qarşı törədilməsi, hadisəni törətmiş
şəxs və ya şəxslərin tapılması istiqamətində
zəruri istintaq və
əməliyyat - axtarış tədbirlərini həyata
keçirirlər. Əvvəla prokurorluq əməkdaşları
hadisə yerinə vaxtında gəlməli, yerə ətraflı
və savadlı baxış keçirməli, iş
üçün əhəmiyyət daşıyan maddi
sübutları müəyyən edib götürməli,
şahidləri vaxtında dindirməlidirlər. Cinayət işinin istintaqının dərhal
başlanılması və törədilmiş cinayətin
"isti izlər"lə açılması
üçün zəruri əməliyyat - axtarış tədbirlərinin
görülməsi həm də müvəffəqiyyəti təmin
edən cəhətdir. Əlbəttə
prokurorluq işçilərində lazımi səriştə,
peşəkarlıq və təcrübənin olması da
vacibdir. Adətən, cinayətkar törətdiyi
əməli həyata keçirməzdən əvvəl, hər
addımını ölçüb - biçir, izi itirməyə
çalışır. Amma onun
bütün ciddi - cəhdinə baxmayaraq iz hökmən
qalır və peşəkar istintaqçı onu üzə
çıxarır.
Təəssüf ki, prokurorluq həmişə cinayətkarın
arxasınca gedir. Odur ki, çalışıb işi elə
səviyyəyə qaldırmalıyıq ki, qatili qabaqlaya bilək.
Amma buna təklikdə nail olmaq mümkün deyil. Bu işdə xalq prokurorluğa kömək etməlidir.
Bütövlükdə törədilmiş hər bir cinayət hadisəsi açılmalı, müqəssirlər cəzasını almalıdır. Elə işin kəsəri də bundadır.
Qaldı "açılmayan cinayətlər"ə. Deyim ki, cinayətlərin əksər hissəsi açılır. "Bağlı qalanı"nın isə səbəbi çoxdur. Həmin səbəblər barədə konkret cinayət faktı əsasında danışmaq mümkündür.
- Konkret elə yuxarıda bəhs etdiyiniz Əli Məmmədovun qətli və yeddi il açılmamış qalmış cinayət işinin yarıtmaz istintaqı barədə nə demək olar?
- Sizin bu hekayətinizdəki hadisənin başlandığı doxsan ikinci ilin əvvəllərində ölkəmizdə vəziyyət xüsusilə gərgin idi. Həmin dövrdə respublikada hökm sürən şəraitdə prokurorluq orqanları da öz işini yüksək səviyyədə qura bilməmişdi. Bu orqanlarda yaranmış qeyri - sağlam mühit, ayrı - ayrı prokurorluq işçilərinin vəzifədən sui - istifadə etməsi, istintaq zamanı qanunun aliliyinin kobud surətdə pozulması və ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunların pozulması, bəzi cinayət işləri üzrə cinayətkarlara havadarlıq edilməsi, aparılan istintaqların yarıtmazlığı kimi mənfi hallar mövcud idi.
Elə prokurorluqda başlanmış məlum cinayət işi üzrə prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin artırılması, istintaq və təhqiqat üzərində nəzarətin gücləndirilməsi və bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı mövcud qanunvericiliyin tələbləri ciddi surətdə pozulmaqla hərtərəfli, tam və obyektiv istintaqın aparılması təmin edilməmişdi.
Belə ki, istintaq qrupu tərəfindən cinayətin "isti izlər"lə açılması üçün məqsədyönlü və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat - axtarış tədbirləri görülməmişdi. İbtidai istintaq intensiv aparılmamışdı. Ötən beş ay müddətində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində müxtəlif fərziyyələr ətrafında, o cümlədən yüngül əxlaqlı qədim peşə sahibləri ilə təmasda olduğundan Əli Məmmədovun intim münasibət saxladığı qadınlar tərəfindən öldürülməsi, cinayətin onunla münaqişəsi olan şəxslər tərəfindən qisas məqsədilə törədilməsi, Əli Məmmədovla ədavəti olan qonşular, əvvəllər məhkumluğu olan şəxslər tərəfindən törədilməsi və sair fərziyyələr irəli sürülməmişdi, kompleks istintaq - əməliyyat tədbirləri həyata keçirilməmişdi.
Bir sözlə aşkar izlər və əlamətlər əsasında təkzibolunmaz sübutlar üçün imkanlar olduğu halda, düşünülmüş və səriştəli istintaq tədbirləri həyata keçirmək əvəzinə fəaliyyətsizlik göstərilmişdi.
(Ardı var)
Rafiq HACIYEV
yazıçı-publisist
525-ci qəzet.-
2013.- 20 noyabr.- S.4.