Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış  

 

 

Zərdüştilik iranlı Zərdüşt tərəfindən qurulan təktanrılı inanc sistemidir. İnandıqları tək tanrıya verdikləri Ahura Mazdah adı ilə əlaqədar Mazdeizm adlanır. Sonrakı dövrlərdə isə daha çox məcusilik adı ilə tanınmışdır. Qərbdə "Zoroastrisme" deyilir. Zərdüşt sözü (Zoroaster) Zarathustranın yunanca qarşılığıdır (Zarath: gözəl, doğru; ustra: dəvələr deməkdir. Gözəl dəvələrə sahib olan mənasını ifadə edir. Xalq dilində Zərdüşt yaşayan ulduz olaraq səciyyələndirilir). Bəzi mənbələrdə Zərdüştün miladdan öncə 570-ci ildə, bəzilərində isə m.ö. 628-ci ildə anadan olduğu göstərilir41. Zərdüştiliyə görə Zərdüştün soyu "ilk insan"a dayanır. O, adlı-sanlı bir ailədə dünyaya gəlmişdir. Doğulduğu yer Azərbaycandır. Otuz yaşında ona peyğəmbərlik verildiyi fərz olunur. Tərəfdarları ilə Aivitak suyu kənarında xəlvətə çəkilmişdir. Xəlvətə çəkildiyinin 45-ci günündə Ordubehişt ayında bir gecə "merac" etmiş ruhani yüksəlmənin sonuna varmışdır. Vohumənah (Bəhmən) adlı mələk gələrək onu cənnətə aparmış, orada fəriştəhlər (mələklər) hüzurunda durmuş, sonra tanrı Ahura Mazdahın dərgahına çıxmış "Xeyir dini"nin hökmlərini öyrənmişdir. Tanrı ona ulduzların planetlərin hərəkətindən xəbər vermiş, cənnət cəhənnəmi göstərmiş, hər şeyin elmini öyrətmişdir. Mələklər Zərdüştün köksünü yarmış, içindəkiləri təmizləyərək yenidən yerinə qoymuşdurlar. Sonra Ahura Mazdah ona insanları "Xeyir dini"nə dəvət etmək vəzifəsini tapşırmışdır. Zərdüşt "merac"dan döndükdən sonra ona verilən müqəddəs kitab Avestanı təbliğ etməyə başlamışdır.

Zərdüştə nisbət edilən müqəddəs Qathaların təməl mövzusu Tanrıdır Ahura Mazdah kimi adlandırılmışdır. Avesta Qədim İranın bu gün Hindistanda yaşayan iran əsilli parsilərin müqəddəs kitabıdır. Dili əski fars dilidir. Avesta (hikmət, bilgi anlamında) üç bölümdən ibarətdir. Yasna adlanan ilk bölümdə dini mərasimlərdə oxunan ilahilər başlıca yer tutur. Zərdüştə aid edilən qathalar da bu bölümdədir. Cəmi 896 misradan ibarət olan qathalar qat deyilən beş mənzumədir. Mənzumələr eşnud qat, uştud qat, spentmed qat, vonu hişter qat vehiştvet qatadlarını daşıyır. Müxtəlif ilahilərdən ibarət ikinci bölüm Yuşt (yaxud yeşt-öymək, yalvarmaq) adını daşıyır. Videvdat deyilən üçüncü bölüm isə "şeytanlara qarşı qanun" biçimində adlandırılır. Bu bölümdə şeytanlara qarşı tilsimlər təmizlənmə qaydaları yer alır. Avesta II Şapur (309-380) zamanında toplanmışdır.

Zərdüşt daha sonralar Ormazd şəklinə düşmüş islam qaynaqlarında "Hörmüz" kimi anılan Ahura Mazdaha ibadəti təlqin edir. Ahura Mazdah (hakim rəbb anlamında) aləmin tanrısı idi. Aləmdəki maddi mənəvi nizamı yaradan, təbiət qanunlarını qoyan Ahura Mazdahdır. O, yetkin, güclü, əzəli, əbədi, hər şeyi görən, bilən, hər şeyi var edən bir "Xeyir tanrısı"dır. Şər düşmən Anqra Menyudur. İslam mədəniyyətində bu gücə "Əhrimən" deyilmişdir o, şərin qaynağı sayılmışdır. Ahura Mazdah altı xüsusiyyətə sahibdir, yaxud yanında altı baş mələk mövcuddur. Onlara ameşa spentalar (müqəddəs ölümsüzlər) deyilir. Bunlar yaxşı ağıl, ədalət, ilahi iradə ölkəsi, təvazökarlıq (yaxud dindarlıq), bütünlük (yaxud qüsursuzluq) ölümsüzlükdür.

Zərdüştiliyə görə ədalət həqiqətin hegemonluğu xeyir prinsipinə, yalanın hegemonluğu isə şərin prinsipinə bağlıdır. Sonda xeyir tanrısı şər tanrısı üzərində qələbə çalacaq. Bu inanc kosmik və əxlaqi müstəvidə ikiliyin aradan qalxacağı mənasına gəlir. Zərdüştiliyin inancına görə dünya xeyrin və şərin hegemonluğu altında iki sahəyə bölünmüşdür. Hər kəs bu iki sahədən birini seçmək məcburiyyətindədir. İnsanın qərar vermə azadlığı onun gələcək müqəddəratını təyin edir. Doğru insanın mükafatı sonsuz dürüstlükölümsüzlükdür. Yalançıların ölümdən sonrakı həyatı İslamdakı cəhənnəm həyatına bənzəyir. Dünya bir-birilə savaş durumunda olan iki zidd qütb kimi dəyərləndirilir. Günah insanı şər qüvvələrin əsiri edər; doğru yaşama, əxlaqi qaydalara əməl etmə başlıca əsaslardır. Ölülərin ruhları dəhşətli "qarşılıq körpüsü"ndən (Cinvat Peretu) keçəcəkdir. Ahura Mazdahın mühakiməsindən sonra yaxşı ruhlar sonsuz səadət və işıq ölkəsinə, pis ruhlar isə qorxu və qaranlıq ölkəsinə göndəriləcəkdir.

Zərdüşt Şərqi İranda yaşamışdır. Raqha (Tehran yaxınlığında) bu dinin mərkəzi olmuşdur. Sonradan Zərdüştlə bağlı müxtəlif əfsanələr yayılmış, Zərdüştün ikinci dəfə yenidən gələcəyi fikri ortaya atılmışdır. Raqhada Zərdüştilik bir rahib sinfi tərəfindən yürüdülürdü. Bunlara məcusi (macilər) deyilirdi. Məcusilər əslində zərvanistdir. Zərvan zaman tanrısı kimi qəbul edilirdi. Məcusilər zaman və aləmin dövrələri mövzusunda çox zəngin məlumatlara malikdirlər. Onlar zərdüştilik və zərvanizm arasında bir sintez qurmuşdurlar. Əhəmənidlər (m.ö.550-331) Ahura Mazdaha tapınmaq, Zərdüştə ehtiram etməklə yanaşı, əski İran tanrıları MitraAnahitaya da tapınır, bəzən Zərdüştün yasaq etdiyi şeyləri icra edirdilər. Parslar (m.ö. II yüzil-m.s.III yüzil) zərvanist idilər. Zərvan Ohrmazd (Ahura Mazdanın pəhləvicəsi, islami qaynaqlarda Hörmüz) və Əhrimənin yaradıcısı kimi qəbul edilirdi. Həmin dövrdə Zərvan, HörmüzMitradan ibarət bir üçlük mövcud idi. Şər allahı Əhrimən bu üçlüyün qarşısında yer tuturdu. Bundan əlavə parslarda mandeizmmaniheizm adlı iki dinvar idi. Sasanilər dövründə (226-650) məcusilik, maniheizmmitraizm bir-biri ilə mücadilə edirdi. I Bəhram maniheizmi yasaqlamışdır. Sasanilərin məhəlli qəbilələrində məcusi ənənəsinə bağlı rahiblər "mobat"lar üstünlük qazandı. Zərvanist ənənələr içərisində zərdüştiliyi yaşadan məcusilik Sasani imperiyasının dövlət dini olmuşdur. Zərvanizm hər şeyin zaman, göy və qədərin nəzarəti altında olduğunu, insanın təqdir edilən qədərin qarşısında tamamilə gücsüz olduğunu təlqin edirdi. Sasani imperatorluğu müsəlmanlar tərəfindən aradan qaldırılsa da məcusilər az da olsa öz varlıqlarını bu günə qədər davam etdirmişdirlər. İran islamı qəbul etsə də bu torpaqlarda meydana çıxan islam məzhəblərində əski inancların izləri görünməkdədir.

Bombeydə yaşayan şimal-qərbi Hindistandakı zərdüşt qruplarına parsi adı verilir. Parsi "iranlı" deməkdir. Parsilər 641-ci ildə müsəlmanların İranı fəth etmələri nəticəsində VIII əsrdən etibarən Hindistana köçən iranlılardır. İranda qalıb öz inanclarını davam etdirənlərə isə "cəbər" (gəbər) deyilmişdir. Parsilər XV əsrdə İrandakı cəbərlərlə təmasa girmiş, pəhləvi ədəbiyyatını öyrənə bilmişdirlər. Beləliklə, II Şapur zamanında tərtib olunan Avesta köhnə materiallarla xeyli genişləndirilmişdir. Günümüzdəki parsilik monoteist xarakterə malikdir. Mərkəzi ayinə istinad edən tanrı simvolu atəşdir. Məbədgahlar yalnız parsilərə məxsusdur. Atəşin təmizliyini qorumaq üçün gündə beş dəfə təmizləmə ayinləri icra olunur. Ayinlərdə Avestadan ilahilər, parçalar oxunur. Ölülər "dakhma" deyilən ölü qalalarına buraxılır. Qalalar 4-5 metr yüksəkliyində silindir formasındadır. Qalada ölülər çılpaq şəkildə yan-yana uzadılır. Onların cəsədləri yırtıcı quşlara yem olur. Bunlar guya torpağın çirkləndirilməməsi üçün edilir. Dakhmaların xüsusi xidmətçiləri də vardır.

Əxlaq və təmizlik qaydalarına bağlılıq "aşa" adlandırılır. Ahura Mazdahın ameşa spentaları deyilən altı sifəti arasından biri Ordibeheşt şəklində Tanrının kosmik yaradıcı nizamını ifadə edir ki, aşa da bu prinsiplə əlaqədardır. Əxlaqi prinsiplər üç maddədə xülasə olunur: 1. Xoş düşüncə (humata), 2. Xoş söz (hukhta), 3. Yaxşı (huvarşta). Bu gün Hindistanda parsilərin sayı bir neçə yüz minə qədərdir.

Sabiilik. Sabiilər Qurani-Kərimdə yəhudi və xristianlarla yanaşı zikr edilir: "İman gətirənlərdən (müsəlmanlardan), musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər"42. Ayələrdə göstərilən sabiilərin kimlər olduğu haqqında müfəssirlər müxtəlif fikirlər irəli sürmüşdürlər. Bu fikirlərdən bəzilərini nəzərdən keçirək: sabiilər yəhudilər, xristianlar və məcusilər arasında bir topluluq olub heç bir dinə sahib deyildirlər; əhli-kitab olub Zəburu oxuyurlar; digər dinlər kimi bir din olub, mənsubları yalnız "la ilahə illəllah" deyər və heç bir şəkildə ibadət etmədikləri kimi bir kitabları və tanıdıqları bir peyğəmbərləri yoxdur; İraq civarında yaşayan bir qrup olub peyğəmbərlərin hamısına iman edərlər, ildə otuz gün oruc tutub, beş dəfə namaz qılarlar. Fəxrəddin ər-Razi digər görüşləri xatırlatdıqdan sonra sabiilərin ulduzlara tapınan toplum olduğu mülahizəsini həqiqətə ən yaxın olaraq qəbul etmişdir.

 

(Ardı var)

İdris ABBASOV

525-ci qəzet.- 2013.- 20 noyabr.- S.6.