Kölndə Azərbaycan
gecəsi
Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində layihələrini davam etdirən Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi növbəti layihəni Kölndə həyata keçirəcək. Bu barədə Trend-ə Fonddan məlumat verilib.
Əhalisinin sayına görə Almaniyada dördüncü yeri tutan bu şəhərdə Azərbaycan gecəsinin keçirilməsi təsadüfi deyil. Ölkənin böyük iqtisadi və mədəniyyət mərkəzlərindən biri sayılan Kölnü "Reyn üzərində Metropoliya" da adlandırırlar.
Almaniyanın ən qədim şəhərlərindən biri olan Köln Roma epoxasından başlayaraq Avropa tarixində mühüm rol oynayıb.
Məlumata görə, noyabrın 20-də Gürzenih zalında keçiriləcək gecə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin təqdim etdiyi konsert proqramı ilə başlayacaq.
Konsertdə korifey bəstəkarlarımız Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev və Ələkbər Tağıyevin əsərləri səslənəcək.
Tədbirdə, həmçinin rəsm və foto sərgisi təqdim olunacaq. İstedadlı gənclərin 19 rəngkarlıq işini cəm edən "Almaniya bir rəssamın gözü ilə" sərgisi Ştutqartda uğurlu təqdimatdan sonra Kölndə nümayiş olunacaq.
Sərgi Almaniyada heç vaxt olmayan gənc rəssamların bu ölkə haqqında yaradıcı təxəyyüllə çəkdiyi əsərlərin təqdimatıdır. 2008-ci ildən Azərbaycanda keçirilən müsabiqədə hər il üç gənc qalib Almaniyaya səyahət edir, Berlinin qalereya və muzeyləri ilə tanış olur və məhşur alman rəssamların ustad dərslərində iştirak edirlər.
Tədbirdə nümayiş olunan digər sərgi isə XIX əsrdən başlayaraq Azərbaycanda yaşayan almanların həyatını əks etdirən fotolardır. Fotoşəkillər vaxtilə Avropada ən böyük və müasir mis əritmə zavodunu Gədəbəydə inşa edən Simmens qardaşları və onların minlərlə həmvətəninin Azərbaycandakı fəaliyyətindən və yaşayış tərzindən bəhs edir.
S.Abdullayeva
525-ci qəzet.-
2013.- 20 noyabr.- S.7.