"Alban tarixi gənclərin gözü ilə"
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Bakı Gənclər Klubu" İctimai Birliyinin (İB) həyata keçirdiyi "Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsi çərçivəsində "Alban tarixi gənclərin gözü ilə" sərgisi açılıb. İB-dən "525"ə verilən məlumata görə, noyabrın 18-də açılmış sərgidə layihə çərçivəsində çəkilmiş fotoşəkillər və alban tarixinə aid məlumatların əks olunduğu kitabçalar nümayiş etdirilir. Sərginin təşkil olunmasında əsas məqsəd Azərbaycanın qədim tarixini daha dərindən öyrənmək, alban tarixinə aid abidələrin və məbədlərin ictimaiyyət arasında daha yaxından təbliğinə nail olmaqdır.
Sərginin açılışında çıxış edən İB-nin sədri Azər Cavadov "Tariximizi öyrənək, irsimizi qoruyaq!" layihəsinin əhəmiyyətindən danışaraq bu ideyanın reallaşmasında göstərdiyi köməyə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə çıxışında tariximizin təbliği və memarlıq abidələrimizin qorunması ilə bağlı görülən işlərə dövlət tərəfindən daim dəstək göstəriləcəyini qeyd edib. O, layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirmiş və təşkilatçılara uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Faiq Qürbətov da sərginin təşkilini yüksək qiymətləndirib.
Digər çıxış edənlər də sərgi ilə bağlı xoş sözlər deyiblər.
Rəsmi hissədən sonra qonaqlar və media mənsubları sərgiyə baxıblar. Sərgi üç gün davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2013.- 21 noyabr.- S.7.