Dilin sərhədləri
toxunulmazdır
Elm və texnika,
informasiya texnologiyaları
sahəsində yüksək
nailiyyətlər qazanılmasına
baxmayaraq, bu gün insanlar arasında danışıq
dili qədər əhəmiyyətli, etibarlı
və səmərəli
kommunikativ əlaqə
vasitəsi tapmaq çətindir. Buna səbəb
insan təfəkkürünün,
ictimai həyatın məhsulu olan dilin cəmiyyətə məxsus bütün xüsusiyyətləri, keyfiyyətləri,
siyasi, iqtisadi və sosial dəyişiklikləri canlı
şəkildə əks
etdirmək imkanlarına
malik olmasıdır.
Dil yalnız insanların ünsiyyətinə
xidmət etmir,o, həm də mənsub olduğu xalqın,millətin
tarixinin, mədəniyyətinin,
adət və ənənələrinin, düşüncəsinin,
dünyagörüşünün, əxlaqının və mənəvi dəyərlərinin
daşıyıcısı, qan yaddaşı hesab olunur.
Bir çox
cəhətlərinə görə
onu dövlətlə
müqayisə etmək
olar. Dilin də dövlət
kimi sərhədləri,
qanunları, səlahiyyətləri
var. Dövlət sərhədləri
xarici müdaxilələrdən
qorunduğu kimi, dilin hüdudlarının
da kənar təsirlərdən mühafizə
olunmasına daim ehtiyac yaranır. Uzun tarixi inkişaf
yolu keçmiş, özünəməxsus qanun
və qaydalarla möhkəmlənmiş Azərbaycan
dilinin təmizliyinin, saflığının qorunması,
onun kənar və yad təsirlərlə
korlanmasının qarşısının
alınması bu gün həmişə olduğundan daha çox əhəmiyyət
kəsb edir. Bu, hər şeydən
əvvəl, ölkəmiz,
xalqımız müstəqilliyə
yenidən qovuşduqdan
sonra dilimizin də müstəqilliyinin
bərpa olunması ilə əlaqədardır.
Rəsmi dövlət
dili səviyyəsinə
yüksələn Azərbaycan
dili artıq yeni inkişaf mərhələsinə
qədəm qoyub. Şükürlər olsun ki, dilimiz uzun illər
boyu rus dili tərəfindən məruz qaldığı
təsir dairəsindən
biryolluq xilas olub, dünya dillərinə, xüsusən,
Avropa dillərinə geniş inteqrasiya imkanları qazanıb.
Doğrudur, müstəqilliyin doğurduğu əlverişli
şəraitdə dilimiz
inkişaf edərək
daim zənginləşir.
Lakin eyni zamanda o, tez - tez linqivistik
normaların kobud şəkildə pozulması,
korlanması halları
ilə də üzləşir.
Bu cür dil pozuntularına mühüm
informasiya vasitələri
sayılan qəzet və jurnallar, radio və televiziya kanalları, reklam təsərrüfatları tərəfindən
yol verilməsi isə böyük təəssüf və narahatlıq hissi doğurur. Sözügedən informasiya vasitələrinin
kütləviliyini, yayılma
imkanlarını nəzərə
alsaq, bunun hansı fəsadlara səbəb olacağını
təsəvvür etmək
heç də çətin deyil. Qeyd edək ki, ədəbi
dil normalarının pozulmasına səbəb olan, dil mədəniyyətinə
xələl gətirən
belə hallar həm yazılı, həm də şifahi nitqdə geniş müşahidə
olunur. Əlbəttə, bununla əlaqədar,
mətbuatda, müxtəlif
auditoriyalarda kifayət
qədər ciddi iradlar, tənqidi münasibətlər bildirilir.
Lakin bütün bunlara baxmayaraq, təəssüf
ki, həmin nöqsanlar yenə də təkrarlanır, davam etdirilir. İctimailiyi,
kütləviliyi və
əyaniliyi ilə seçilən televiziya kanallarında ədəbi
dilin tələblərinə
riayət olunmaması,
dil normalarının pozulması faktlarına daha çox rast gəlinir. Təəccüblüsü budur
ki, verilişlər zamanı televiziya kanallarının aparıcıları
ilə yanaşı, dəvət olunan ayrı-ayrı şəxslər
tərəfindən müntəzəm
olaraq dil xətalarına yol verilir, lüzumsuz olaraq, rus sözlərindən,
dialektlərdən, terminlərdən,
hətta kobud, məişət və bazar leksikonuna daxil olan bayağı
ifadələrdən də
istifadə edilir. Bəzən utanc verən elə kəlmələr,
elə ifadələr
işlədilir, elə
qəbahətli üslub
səhvlərinə yol
verilir ki, onları dilə gətirmək, ən azı, etik cəhətdən qeyri-mümkündür.
Şübhəsiz ki, belə bir vəziyyət təqdim olunan verilişlərin sanbalına
və keyfiyyətinə
də ciddi xələl gətirir.
Televiziya dili ziyalı dildir. O, ədəbi dilin
təbliğatçısı, təəssübkeşi olmaqla
həmişə tamaşaçıya
nümunə göstərməlidir.
Lakin hər gün hamının gözü qarşısında dilimizin
ən mühüm qaydalarının, ahəng
qanununun, vurğunun, orfoepik, orfoqrafik və üslubi normaların ciddi şəkildə pozulmasına,
yanlışlıqlar, təhriflər
edilməsinə nə
ad vermək olar?
Qeyd etmək lazımdır ki, göstərilən dil nöqsanlarına bu və ya
digər formada milli və eləcə
də Azərbaycan dilində verilişlər
hazırlayan xarici radiostansiyaların yayımlarında,
habelə internet şəbəkələrində
də rast gəlmək mümkündür.
Yeri gəlmişkən, televiziya
kanallarında, həmçinin
dövri mətbuatda buraxılan bəzi xarakterik dil səhvlərinə toxunmaq
istərdik. Məlumdur
ki, danışıq və ya yazı
prosesində işlədilən
hər hansı bir artıq söz
və ya şəkilçi dildə
müəyyən ağırlıq
yaradır, əlavə
yükə çevrilir.
Ancaq nədənsə
kütləvi informasiya
vasitələrində inkarlıq
bildirən -ma, -mə
şəkilçisindən və "nə" bağlayıcısından
yanlış olaraq təkrar istifadə olunması hallarına daha çox yol verilir. Məsələn, çatışmazlıq əvəzinə
çatışmamazlıq, toxunulmazlıq əvəzinə
toxunulmamazlıq və.s.
-Nə sən danış, nə mən danışım əvəzinə Nə sən danışma, nə mən danışmayım və
s. Göründüyü kimi,
qeyd olunan hər iki halda
iki inkarlıq bildirən dil komponentinin yanaşı işlədilməsi faktı məntiqi cəhətdən bir təsdiq mənasının
əmələ gəlməsinə
xidmət edib. Oxşar cəhətlər digər
dil təzahürlərində
də özün büruzə verir. Məsələn, -Kaş
ki, bunu biz də bacaraydıq əvəzinə -Kaş ki, bunu biz də
bacarsaydıq və s.
Bəzi televiziya verilişlərində, xüsusilə, xəbər və idman buraxılışlarında titrlərdə, yazılı şərh və izahlarda orfoqrafik səhvlər, mürəkkəb adların ixtisarlarının yazılışı və oxunuşu ilə əlaqədar yanlışlıqlar diqqəti çəkir. Ekranlarda nümayiş etdirilən xarici filmlərin, (bədii, sənədli, elmi-kütləvi, cizgi filmləri) tərcüməsində yol verilən ciddi qüsurlar, səhvlər barədə söz açmaq yerinə düşər. Həmin filmlərin əksəriyyətinin tərcümələri tələsik, qeyri-peşəkarlıqla aparıldığından çaşqınlıq doğuran hallarla və fikir dolaşıqları ilə müşahidə olunur. Xaltura qoxusu gələn belə tərcümələrdə çox vaxt obrazların hərəkətləri söz cildləri ilə üst-üstə düşmür, bir-birini tamamlamır, filmin mətnindəki sözlər və ifadələr məcazilik nəzərə alınmadan, sərrast qarşılıqları tapılmadan dilimizə çevrilir. Daha doğrusu, bu zaman mətn üzərində bədii tərcümə əvəzinə hərfi tərcümə həyata keçirilir. Belə vəziyyət xarici ölkələrə məxsus reklamların tərcüməsində də özünü qabarıq şəkildə göstərir. Açığını deyək ki, bu gün bədii və elmi əsərlərin tərcümələrinin də səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Çünki bu sahədə nöqsanlar, çatışmazlıqlar yetərincədir. Tamam başqa bir mövzunun söhbəti olduğu üçün bu barədə çox danışmaq fikrimiz yoxdur. Lakin belə qənaətdəyik ki, tərcümələr mütləq peşəkarlara həvalə olunmalıdır.Necə deyərlər, çörəyi ver çörəkçiyə, birini də üstəlik.İndiki tərcümələrlə sovet dönəmində edilən tərcümələri müqayisə etsək, yəqin ki, bu fikirlə razılaşarsınız. Televiziya kanallarında təqdim olunan, müxtəlif müsabiqələrin, bilik yarışmalarının, konsert proqramlarının dilində də qüsur və nöqsanlar çoxdur. Bu tipli verilişlərdə həm aparıcıların, həm də şou-biznes nümayəndələrinin, müğənni və xanəndələrin, müsabiqə iştirakçılarının nitqlərində dil normalarının pozulması ilə bağlı məqamlar, ifa olunan musiqi parçaları üçün seçilən şeir mətnlərinin təhrif olunması, bir növ, adi hala çevrilib.
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, kütləvi informasiya vasitələrində, eləcə də digər sahələrdə ədəbi dil normalarının pozulması hallarının belə geniş vüsət alması onlara qarşı vaxtında təsirli tədbirlər götürülməməsi və bununla əlaqədar konkret mexanizmin olmamasından irəli gəlir. Dil qanunlarının pozulması hallarının, bu sahədə hökm sürən laqeyd və biganə münasibətin aradan qaldırılması üçün mütləq ciddi addımlar atılmalıdır. Əlbəttə, bu iş birinci növbədə dövlət səviyyəsində həllini tapmalıdır. Lakin bu heç də o demək deyildir ki, belə vacib bir missiyanın icra olunmasından kimsə kənarda qalmalıdır. Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramı layihəsində göstərildiyi kimi, milli sərvətimiz olan dilimizin saflığının, təmizliyinin qorunması, onun korlanması hallarının qarşısının alınması hər bir ziyalının, hər bir vətəndaşın, bütövlükdə, cəmiyyətin ən müqəddəs vəzifəsidir.
Yəhya
Paşazadə
525-ci qəzet.-
2013.- 21 noyabr.- S.7.