Yeddi il bağlı qalmış ağır cinayət (davamı)
Azərbaycan
Prokurorluğu - 95
"Tovuz
rayon prokuroru Rəsul Həsənov və Tovuz Rayon
Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırda
Zaqatala rayon prokurorunun müavini vəzifəsində işləyən
Füzuli Musayev tərəfindən yüksək məharət
və peşəkarlıqla aparılan istintaq hərəkətləri
nəticəsində 7 il bundan əvvəl - 12 yanvar 1992-ci il tarixdə
Əli Məmmədovun qəsdən
öldürülməsi cinayətinin üstü
açılmış, qətli törədən Fikrət
Hüseynov Ali Məhkəmənin hökmü ilə uzun
müddətə azadlıqdan məhrum edilmə cəzasına
məhkum edilmişdir".
Azərbaycan
Respublikası Prokurorluğu Kollegiyasının 1999 - cu il 14
avqust tarixində keçirilmiş geniş iclasında Baş
Prokuror, II dərəcəli
dövlət ədliyyə
müşaviri Eldar Həsənovun məruzəsindən.
- Siz vətəndaşları
narahat edən problemlərə toxundunuz. Yeri gəlmişkən, rayon
prokurorluğu vətəndaşlarla əlaqəni necə
qurur?
- Vətəndaşların
müraciətlərinə baxılması və onların
rayon prokurorluğunda qəbulu işinin daha da təkmilləşdirilməsi
qarşımızda duran əsas vəzifələrdən
biridir. Prokurorluq vətəndaşların
müraciətlərinə daim diqqətlə
yanaşmış və onların həlli istiqamətində
bütün imkanlarını səfərbər etmişdir.
Vətəndaşlar vaxtından və
günündən asılı olmayaraq rayon prokurorluğunun rəhbərliyi
tərəfindən qəbul edilir, onların müraciətlərinə
diqqət və qayğı ilə yanaşılır. Hesab edirik ki, bu bizim ən başlıca və
ümdə vəzifələrimizdən biridir. Fəaliyyətimizin əsas məqsədi isə vətəndaşların
hüquq və azadlıqlarının təmin edilməsidir.
Fürsətdən istifadə edib rayon ictimaiyyətinə
çatdırmaq istərdim ki, hər bir vətəndaş
onu narahat edən məsələlərlə bağlı
prokurorluğa müraciət edə bilər. Əmin edirəm
ki, bu müraciətə böyük diqqət və
qayğı ilə yanaşılacaqdır.
...Burada
prokurorla söhbətimi dayandırıb, yeddi il
bağlı qalmış ağır cinayətin uğurla
aparılmış istintaqından bəhs edəcəyəm.
Təbii ki, istintaq sirrinin qorunması şərti ilə....
İCRAAT
TƏZƏLƏNDİ, İSTİNTAQIN TƏKƏRİ FIRLANDI VƏ
QATİLLƏRİ ÖZ ORBİTİNƏ
ÇƏKDİ ...
... 1998 -
ci il avqustun 24 - də Qovlar qəsəbə sakini, vətəndaş
Həsənova Arifə Mikayıl qızı Tovuz Rayon
Prokurorluğuna ərizə ilə müraciət edərək
əri Məmmədov Əli İslam oğlunun 1992 - ci il
yanvarın 11 - də qəsdən öldürülməsində
Fikrət adlı şəxsdən şübhələndiyini
bildirməsi barədə yazılı məlumat verdi.
Ertəsi gün - avqustun 25 - də müraciətlə əlaqədar
rayon prokuroru Rəsul Həsənov Adilə Həsənovanı
qəbul etdi.
Prokurorun kabineti böyük deyildi. Mebeli sadə
və səliqəli idi. Stolun arxasında
divar boyu kitab rəfi düzülmüşdü. Sanki kitablar prokurorun möhkəm arxası idi.
- Sizə
məlum edim ki, - deyə prokuror dilləndi, - ilk baxışda
əhəmiyyətsiz görünən təfərrüatları
biz nə qədər çox bilsək, həqiqəti o qədər tez aşkar edərik.
Bu işdə bizə yardım etmək isə
sizin xeyrinizədir.
Adilə
Həsənova tələsə - tələsə, udquna -
udquna danışdı, başına gələnləri
söylədi:
- Ərim
qətlə yetirilən gecəsi iki nəfər
tanımadığım adam bizə gəlib
həyətdə Əlini soruşaraq getmişdilər.
Çöl zülmət qaranlıq olduğuna görə evdən
bayıra
çıxmamışdım. Ona görə də
onları görə bilməmişdim. Amma birinin səsi
mənə elə bil ki, tanış gəlmişdi.
Sanki harada isə eşitmişdim. Əlinin ölümündən sonra qonşum Cəfərin
tanışı Gülçöhrənin oğlu Fikrət
bizim evə tez - tez gəlib getməyə başladı.
Hər dəfə ərimin ölümündən
söhbət düşəndə o, özünü itirir, bədəni
əsəbi halda titrəyirdi. Belə
söhbətlərdən sonra o, bizə daha gəlmədi.
Yaxınlarda öyrənmişəm ki, Fikrət
cinayətkar adamlarla durub - oturur, onlarla əlaqədədir.
Əlinin ölümü mənə
ağır təsir etdiyinə görə o vaxt istintaqda
heç nəyi xatırlaya bilməmişdim. İndi
başa düşürəm ki, həmin gecə həyətə
gəlib ərimi soruşanlardan biri - səsi mənə tanış gələn əvvəllər
qonşuluqdan bələd olduğum Fikrət imiş. Ona görə də Əlinin ölümündə
onun məlumatı olması qənaətinə gəlmişəm...
- Qadının sinəsində nəfəsi daralır, nə
isə boğazında düyünlənir və dolmuş
gözlərində yaş işıldayırdı.
Prokuror nəzakətlə susub şikayətçinin
sözünü bircə dəfə də kəsmədi, diqqətlə
onun danışdığı ən xırda təfərrüatları
belə dinlədi. Telefon dəstəyini götürüb bu işi lap
yaxından araşdırmağı tapşırdı və əlavə
etdi:
- Nəticəsi
haqqında mənə hökmən məlumat verərsiniz!
Rəsul Həsənovun göstərişi əsasında
elə həmin gün müvafiq araşdırma
aparıldı və dərhal cinayət işinin icraatı təzələndi. `
İstintaq
materialları öyrənilərkən müəyyən
olundu ki, müstəntiq Ələkbər Rzayev Cinayət -
Prosessual Məcəlləsinin 213 - cü (cinayəti etmiş
şəxslər müəyyən olunmadığı halda
ibtidai istintaqın dayandırılması) maddəsinin tələblərini
əhəmiyyətli dərəcədə pozmuş, iş
üzrə bütün mümkün olan istintaq hərəkətlərini
aparmamış, cinayəti törətmiş şəxsin və
şəxslərin müəyyən olunması, cinayət məsuliyyətinə
cəlb edilməsi ilə bağlı tədbirlər görməyə
borclu olduğu halda bunu etməmiş, iş üçün
mühüm əhəmiyyət kəsb edən bəzi
xüsusatları araşdırmamış və ibtidai
istintaqın natamam, birtərəfli və qeyri - obyektiv
aparılması nəticəsində cinayət işinin
icraatının dayandırılması haqqında əsassız
qərar qəbul etmişdir.
Bundan başqa müəyyən edildi ki, cinayət
işi üzrə vətəndaşların müraciətlərinin
həlli zamanı süründürməçilik və
formal yanaşma kimi qanunsuzluq hallarına yol verilmiş,
aşkar edilmiş mənfi təzahürlərin və kobud
qanun pozuntularının aradan qaldırılması
üçün rayon prokurorluğunun rəhbərliyi tərəfindən
vaxtında lazımi tədbirlər görülməmişdir.
Yol
verilmiş qanunsuzluq halları və ciddi nöqsanlar sonda
istintaqın keyfiyyətinin aşağı düşməsi,
şəxsiyyət əleyhinə olan ağır cinayətin
törədildiyi andan böyük əks - səda
doğurmaqla rayon ictimaiyyətinin maraq dairəsində qalan
Qovlar qəsəbə sakini Əli Məmmədovun xüsusi amansızlıqla qəsdən
öldürülməsi cinayətinin uzun illər ərzində
açılmamış qalması ilə nəticələnmişdir.
Yuxarıda
qeyd olunanlara əsasən və Cinayət - Prosessual Məcəllənin
41 - 1 - ci (təhqiqat və ibtidai istintaq orqanları tərəfindən
qanunların icra edilməsinə nəzarətin həyata
keçirilməsində prokurorun səlahiyyətləri) və
146 - cı (ibtidai istintaq müddətləri) maddələrini
rəhbər tutub prokuror Rəsul Həsənov ibtidai
istintaqın dayandırılması barədə əsassız
qərarı ləğv etdi. Cinayət işi
üzrə icraat təzələnərək istintaqın
davam etdirilməsi prokurorluğun böyük müstəntiqi
Füzuli Musayevə həvalə edilməklə intensiv
istintaq - əməliyyat tədbirlərinin icrasına
başlandı. Uzun illər bağlı
qalmış qətlin ən qısa müddətdə
açılması istintaqın qarşısında qəti tələb
kimi qoyuldu.
Prokurorluq işçiləri icraatı
dayandırılmış cinayət işinin
istintaqının yenidən başlaması zamanı nə
kimi hisslər keçirildiyini yaxşı bilirlər. Köhnə fərziyyələr
yenidən yoxlanılmalı, başlanmış iş davam
etdirilməli, istintaqda yeni - yeni istiqamətlər müəyyənləşdirilməlidir.
Böyük müstəntiq ifadələri, şahidlərin
məlumatlarını, ekspertiza rəylərini diqqətlə
oxudu. Ortaya yeni əhəmiyyətli sübutlar
çıxmadı. İlk əməliyyat göstərişi
verildi: - Fikrətin şəxsiyyəti
aydınlaşdırılsın və mərhum Əli Məmmədovun
yaxın münasibətdə olduğu şəxslərin dairəsini müəyyənləşdirmək
üçün müvafiq zəruri tədbirlər
aparılsın.
Böyük
müstəntiq Füzuli Musayevin düzgün qurulmuş istintaq fərziyyələri
ətrafında, eyni zamanda qətl hadisəsinin bütün
hallarının araşdırılması istiqamətində
polis işçiləri dinamik əməliyyat planı ilə
işləyir, ağır cinayəti açmağa ehtirasla
can atırdılar.
Aparılmış istintaq - əməliyyat tədbirləri
nəticəsində vətəndaş Arifə Həsənovanın
ərizəsində yazıb ərinin ölümündə
şübhəli bildiyi Fikrət adlı şəxsin Tovuz
şəhərində yaşayan Hüseynov Fikrət Oqtay
oğlu olması müəyyən edildi.
AMANSIZLIQLA
TÖRƏDİLMİŞ
QƏTLİN İZİ İLƏ...
Fikrət Hüseynovun ətrafında aparılmış
əməliyyat tədbirləri göstərdi ki, o, heç
bir faydalı əməklə məşğul olmur,
işsizdir, günlərini boş - bekar keçirir, əməlləri
şübhə doğuran naməlum şəxslərlə
oturub - durur, bir sözlə tüfeyli həyat tərzi
sürür.
Həmçinin istintaqa o da məlum oldu ki, Fikrət Hüseynovun məhkumluğu
da var və o, Qazax qarnizonu hərbi tribunalının 1994 -
cü il 15 dekabr tarixli hökmü ilə Cinayət Məcəlləsinin
83 - cü (dövlət əmlakını
və ya ictimai əmlakı oğurlama yolu ilə talama) maddəsinin
3 - cü hissəsi və 143 - cü (oğurluq) maddəsinin 3
- cü hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrum
edilibdi.
Onun törədilmiş cinayətlə əlaqəsinin
olub - olmaması istiqamətində istintaq - əməliyyat tədbirləri
davam etdirildi.
Zərərçəkmiş
və şahid ifadələri, ekspertiza rəyləri, işdə
olan digər istintaq sənədləri mərhum Əli Məmmədovun
öldürülməsində iştirakını ehtimal etməyə
əsas verdiyinə görə onun tezliklə
saxlanılması üçün bir daha bütün hallar,
mümkün mülahizələr diqqətlə təhlil
olundu və rayon polis şöbəsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində
ağır qətli törətməkdə şübhəli
bilinən, əvvəllər məhkum olunmuş Fikrət Hüseynov
sentyabrın 4 - də tutularaq istintaqa təhvil verildi.
Fikrət
Hüseynov iş üzrə ətraflı dindirmənin ilk
günlərindən təbiidir ki, özünü qeyri - səmimi
apararaq hər şeyi inkar edir, heç nəyi boynuna
almır, müxtəlif bəhanələr gətirir, cürbəcür
yalanlar uydururdu. Axı, hansı cinayətkar
öz əməllərindən həvəslə
danışar? Müstəntiqin həm vəzifəsi,
həm də məharəti ondadır ki, tutarlı dəlillərlə,
möhkəm sübutlarla yalanı doğrudan fərqləndirsin,
həqiqəti üzə çıxarsın, cinayət
törədilməsinin səbəblərini, şəraitini dəqiq
müəyyən etsin. Belə də oldu! Təkzibolunmaz
dəlillərin, Arifə Həsənovanın ifadələrinin
qarşısında tab gətirə bilmədi. Hər şeyi danışmağa, düzgün ifadə
verməyə başladı. Qətlin
törədildiyi ərazidə yeddi ildən sonra video çəkilişi,
eyni zamanda öyrənilən hadisənin müəyyən
şəraiti yenidən yaradılıb təcrübə
aparılmaqla istintaq eksperimenti keçirildi, digər zəruri
ekspertiza təyin olundu və üzləşdirmə hərəkətləri
aparıldı. İstintaq zamanı Fikrət
Hüseynovun qanunvericiliklə təsbit olunan hüquqi
yardım almaq, müdafiəçiyə malik olmaq, ifadə
verməkdən, istintaq hərəkətində iştirakdan
imtina etmək hüquqları tam təmin olundu, bütün
prosessual hərəkətlər müdafiəçisinin
iştirakı ilə həyata keçirildi. O, istintaqa verdiyi ifadəsində
törətdiyi cinayəti səmimi olaraq tam etiraf etdi və
peşmançılıq çəkdiyini bildirdi.
Beləliklə
on sutka keçdikdən sonra cinayətin onun tərəfindən
törədilməsini təsdiq edən kifayət qədər
sübutlar toplanaraq Fikrət Hüseynovun əməli Cinayət
Məcəlləsinin 94 - cü
(ağırlaşdırıcı hallarda qəsdən adam
öldürmə) maddəsinin 1 - ci və 6 - cı bəndlərinə
tövsif edilməklə, ona yeni məzmunda ittiham elan olundu və
rayon prokuroru, baş ədliyyə müşaviri Rəsul Həsənovun sanksiyası ilə barəsində
həbs-qətimkan tədbiri seçildi.
İntensiv istintaq gedir, cinayət işinin
hallarının tam, hərtərəfli və obyektiv
araşdırılması istiqamətində zəruri tədbirlər
görülür, ortaya yeni - yeni xüsusatlar
çıxırdı.
İş
üzrə bir sıra istintaq hərəkətlərini səmərəli,
keyfiyyətli və peşəkarlıq
səviyyəsində icra etmiş Füzuli Musayev
Respublikanın Baş Prokuroru, II dərəcəli dövlət
ədliyyə müşaviri Eldar Həsənovun müvafiq əmri
ilə Zaqatala rayon prokurorunun müavini vəzifəsinə dəyişildiyi
üçün prokuror Rəsul
Həsənov cinayət işi üzrə tam həcmdə
istintaqın aparılmasını sonucu dəfə 1999 - cu il
yanvarın 12 - də şəxsən öz icraatına qəbul
etdi.
Peşəkar, təcrübəli istintaqçılar
üçün Fikrət Hüseynovun etirafı, Əli Məmmədovu
həqiqətən öldürdüyünü boynuna
alması çox mühüm xüsusat olsa da, lakin kifayət
deyildi.
Prokuror daxili inam hissi ilə duyurdu ki, Fikrət Hüseynov
xüsusi amansızlıqla həyata keçirilmiş
ağır cinayəti tək başına törətməyib,
bu işdə ona yaxından kömək edənlər olubdu...
Rəsul Həsənov məşum yanvar gecəsində baş vermiş qanlı hadisədə cinayətin Fikrət tərəfindən tək və ya başqa şəxslərlə birlikdə törədilməsi, eyni zamanda iş üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması yönümündə istintaq hərəkətlərini davam etdirir, ağır zəhmət bahasına çalışırdı.
Zahiri ötkəmliyinə baxmayaraq, Fikrət Hüseynovun artıq tam təslim olduğu göz qabağında idi - çiyinləri yığılmış, ağzının kənarları büzüşmüş, burnu uzanmış, gözləri çuxura düşmüş, parıltısını itirmişdi.
O, istintaq sübutları ilə ifşa olunduğunu görüb digər cinayətkar yoldaşlarının da adlarını çəkib bildirdi ki, məhz məktəb yoldaşı Məhərrəmov Qasım Rafət oğlu və tanışı, Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı Vəlixanov Arif Tapdıq oğlu ilə birlikdə taksi fəaliyyəti ilə məşğul olan Əli Məmmədovu sonuncuya məxsus avtomaşına əyləşərək qəsəbədən kənar naməlum yerdə tamah məqsədilə ağırlaşdırıcı halda qəsdən öldürmüşlər.
Törətdiyi qətli yenidən xatırlayıb hər şeyi yerli - yerində danışdıqca qanlı axşam onun təsəvvüründə belə bir şəkildə canlanmağa başlayırdı....
(Ardı
var)
Rafiq
HACIYEV
yazıçı-publisist
525-ci qəzet.- 2013.- 21 noyabr.- S.4.