Uşaq hüquqlarının etibarlı
müdafiəsi davamlı inkişafa xidmət edir
20 ildən bir qədər artıq müstəqillik
tarixinə malik olan dövlətimizdə insan hüquqları
və onun tərkib hissəsi kimi uşaq hüquqları sahəsində
sahəsində strateji dövlət əhəmiyyətli sənədlərin
təsdiqi, uğurlu islahatların həyata keçirilməsi
ölkədə əhalinin müxtəlif qruplarının, o
cümlədən uşaq hüquqlarının müdafiəsi
baxımından olduqca mühüm təcrübə
formalaşdırmış oldu.
Bu baxımdan Ombudsman təsisatının həyata
keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı
insan hüquqlarının həyata keçirilməsinə, əhalinin
müxtəlif qruplarının, o cümlədən
uşaqların pozulmuş hüquqlarının bərpasına,
vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına
cavab verən dövlətin və buna uyğun insan
hüquqları sisteminin inkişafına dəstək verməkdir.
Yekunun vurduğumuz "Uşaq hüquqları
aylığı" da məhz dövlət uşaq siyasətinin
tərkib hissəsi kimi müsbət təcrübəyə
çevrildi.
Hər il Uşaq Hüquqları Konvensiyasının qəbul
edilmə tarixi ərəfəsində, 20 oktyabr - 20 noyabr
tarixlərində Müvəkkilin təşəbbüsü
ilə ənənəvi olaraq elan olunan "Uşaq
hüquqları aylığı" dövlət
qurumları, yerli və mərkəzi icra hakimiyyəti
orqanları, həmçinin QHT və KİV-lər, icmalar tərəfindən
müxtəlif tədbirlər həyata keçirilməsinə
həvəsləndirməklə yanaşı, qeyd olunan sahədə
mütərəqqi addımların atılmasına geniş
imkanlar açır.
Əhalinin
müxtəlif qruplarının hüquqi maarifləndirilməsi,
onların hüquqi düşüncə və mədəniyyətinin
inkişaf etdirilməsi ilə yanaşı, pozulmuş
hüquqların bərpası demokratik-hüquqi dövlətin
və vətəndaş cəmiyyətinin qurulması prosesinə
təkan verən təşəbbüslər, insan
hüquqları sahəsində maarifləndirmə işinin təşkili
məqsədilə mütərəqqi ideyaların
axtarışı və əldə olunmuş ideyaların tətbiqi
Aylıq çərçivəsində praktik yanaşma ilə
real icra olunur və təsdiqini tapır.
Bu il də"Uşaq
hüquqları aylığı"çərçivəsində,
müxtəlif dövlət orqanlarına, nazirlik və komitələrə,
hüquq mühafizə orqanlarına, yerli icra hakimiyyəti
orqanları, ümumilikdə respublikamızın bütün
regionlarını əhatə edilmiş, o cümlədən
QHT və KİV-ləri də daxil etsək 100-dən artıq
quruma bu ərəfədə müxtəlif tədbirlərin
keçirilməsi, təşəbbüslər göstərilməsi
və görülmüş işlər barədə
Ombudsmana məlumat vermələri tövsiyə olundu.
Yerli və
mərkəzi icra hakimiyyəti orqanları tərəfindən
ölkəmizdə elan olunmuş "Uşaq hüquqları
aylığı" ilə bağlı uşaq
hüquqlarına dair müxtəlif məzmunlu silsilə tədbirlərin
həyata keçirilməsini nəzərdə tutan tədbirlər
planı təsdiqlənərək Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinə təqdim olunmuş və həmin tədbirlərin
icrasına başlanılmışdır. Görülmüş
işlər barədə arayış isə
aylığın yekununda həmin qurumlar tərəfindən
Ombudsmana göndərilmişdir.
Hüquq-mühafizə orqanları, nazirliklər, komitələr,
rayon və şəhər icra hakimiyyəti orqanları, təhsil,
səhiyyə müəssisələri tərəfindən
aylıq çərçivəsində həyata keçirilən
tədbirlər planı, demək olar ki, əhalinin
bütün qruplarını əhatə etmiş və fəal
iştirakları ilə yadda qalmışdır. Orta və ali təhsil
ocaqlarında, uşaq evləri və internat müəssisələrində
uşaq hüquqlarına dair seminarlar və treninqlər təşkil
olunmuş, dövlət qurumlarının mətbu
orqanlarında, o cümlədən televiziya, radio, qəzet və
jurnallarda uşaq hüquqlarını təbliğ edən
verilişlər təşkil edilmiş, məqalələr dərc olunmuşdur.
2006-cı
ildən uğurla həyata keçirilən İnsan
Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət
Planının məntiqi davamı olaraq, ölkə
Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasında İnsan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı (MFP)
istər insan hüquqlarının müdafiəsi, istərsə
də insan hüquqları sahəsində maarifləndirmə
üçün yeni mərhələ açmaqla,
icraçı qurumlar qarşısında yeni istiqamətlər
və mühüm vəzifələr müəyyən
etdiyindən, bu sənəd
dövlət qurumları üçün Aylıq çərçivəsində
tədbirlər planının hazırlanması və həyata
keçirilməsi istiqamətində əsas mənbə
olmuşdur.
Bu tədbirlər yerli
icra hakimiyyəti orqanları tərəfindən həyata
keçirilmişdir. Hər bir rayonun idarə və
müəssisələrini əhatə edərək, təhsil,
səhiyyə müəssisələrinin, hüquq- mühafizə
orqanlarının və digər qurumların nümayəndələrini
əhatə etməklə geniş miqyas almışdır.
Prezidentin
27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş və uğurla
həyata keçirilən Azərbaycan Respublikasında
İnsan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət
Proqramının (MFP) müddəaları, o cümlədən
BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş
"İnsan hüquqları sahəsində maarifləndirmə",
"İnsan hüquqları sahəsində təhsil",
UNESCO-nun "Davamlı inkişaf naminə təhsil"
onilliyi əsasında başlanmış və Ombudsmanın təşəbbüsü
ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta
ümumtəhsil məktəblərində insan
hüquqları təhsili bazasında həyata keçirilən
Uşaq hüquqları üzrə pilləli tədris
proqramı tətbiq olunduğu Bakı şəhərində
və respublikamızın regionlarında yerləşən
orta ümumtəhsil məktəblərində də aylıq
çərçivəsində silsilə tədbirlər təşkil
olunmuşdur.
Bu interaktiv tədris proqramı insan hüquqları mədəniyyətinin
təbliğinə, cəmiyyətdə və məktəb
mühitində insan hüquqlarının tərkib hissəsi
kimi uşaq hüquqlarının
reallaşdırılmasına və tədrisinə xidmət
edir. Müvəkkil tərəfindən insan
hüquqları təhsili və hüquqi maarifləndirmə
baxımından ölkəmizdə formalaşdırılan
müsbət təcrübələrdən biri də Uşaq
hüquqları üzrə pilləli tədris sistemidir.
Uşaq
hüquqları üzrə pilləli tədris proqramı
beş tədris ilidir ki,uğurla davam
etdirilir. Bakı şəhərinin də 11 rayonu üzrə,
hərəsindən bir məktəb seçilməklə, o
cümlədən respublikanın regionlarında, Quba, Qusar, Lənkəran,
Masallı, Fizuli, İmişli, Gəncə, Mingəçevir
şəhər və rayonlarında, kənd məktəblərində
bu tədris proqramı həyata keçirilmişdir.
Azərbaycan Ombudsmanı uşaq hüquqlarının təbliği
və beynəlxalq təcrübənin ölkədə tətbiqinə
önəm verərək müxtəlif beynəlxalq təşkilatlar,
o cümlədən bir sıra dövlətlərlə təcrübə
mübadiləsi baxımından fəaliyyət həyata
keçirməkdədir. Belə ki, Müvəkkil Avropa Uşaq Ombudsmanları Şəbəkəsində (ENOC) də fəaliyyəti ilə
fərqlənməklə yanaşı müsbət ölkə
təcrübəsini formalaşdırmış və ölkədə
həyata keçirilən islahatların təqdimatı bu sahəyə
mühüm töhfə verir.
Təqdirəlayiq haldır ki, BMT qurumları ilə əməkdaşlıq
çərçivəsində çox uğurlu nəticələr
əldə olunmuş, əməkdaşlıq əlaqələri
qurulmuşdur.
Müvəkkil uşaq hüquqlarına dair
ixtisaslaşmış məruzəsini və paralel
hesabatını BMT-nin Uşaq hüquqları üzrə Komitəsinə
təqdim etmiş və 2012-ci ilin fevral ayında həmin Komitənin
Azərbaycan hökumətinə sonuncu dövri hesabatı
üzrə verdiyi Yekun Müşahidələrində Ombudsman
təsisatının fəaliyyəti yüksək dəyərləndirilmiş,
təsisat nəzdində uşaq hüquqları üzrə
ixtisaslaşmış Müvəkkil və ya uşaq
hüquqlarına cavabdeh olan insan hüquqları üzrə
Müvəkkilin müavinini təyin etməyi tövsiyə
etmişdir ki, bununla əlaqədar olaraq təsisat nəzdində
müvafiq struktur dəyişikliyi edilməsi ilə
bağlı aidiyyatı qurumlara müraciət etmişdir.
Cari ildə
Müvəkkil BMT-nin Əlilliyi olan şəxslərin
hüquqları haqqında Konvensiyasının icrasına dair
ilk paralel hesabat hazırlayaq BMT-nin müvafiq saziş qurumuna
göndərmiş və bu sahədə həyata
keçirilmiş geniş fəaliyyət, ölkə təcrübəsi
öz əksini tapmışdır.
Həiqətən də hüquqi dövlət
quruculuğu yolunu seçmiş ölkəmizdə insan
hüquqları əhalinin kütləvi şəkildə
iştirakının təmin edilməsi ilə ümumxalq hərəkatının
tərkib hissəsinə çevrilmişdir. Həyata
keçirilən tədbirlər və islahatlar, idarəetmənin
təkmilləşməsi insanlarda şüurlu surətdə
hüquqi inamın formalaşmasına və öz
hüquqlarının həyata keçirilməsi
üçün qətiyyətli addım atmaları istiqamətində
öz töhfəsini verməkdədir.
Qarşıda
bir sıra əsas məsələlər də durur ki, bu da
uşaqların zorakılıqdan müdafiəsi məqsədilə
2008-ci ildə imzalanmış Uşaqların cinsi istismar və
sui-istifadədən müdafiə olunmasına dair Avropa
Şurasının Konvensiyasının ratifikasiya edilməsi və
Müvəkkil tərəfindən UNİCEF-in dəstəyilə
hazırlanmış və 2009-cu ildə Milli Məclisə təqdim
edilmiş "Uşaqların cismani cəzadan müdafiəsi
haqqında" qanunun qəbul olunmasıdır. Müvəkkil hesab edir ki, bütün dünyada
olduğu kimi, ölkəmizdə də uşaqlara
qarşı zorakılıq hallarının tamamilə aradan
qaldırılması məqsədilə qanunvericilik təkmilləşdirilməli,
uşaqlara valideynlərin, müəllimlərin nəzarəti,
ümumilikdə ictimai nəzarət gücləndirilməlidir. Zorakılığa məruz
qalan uşaqlar üçün sığınacaqlar
yaradılması, bu qəbildən olan uşaqlara keyfiyyətli
hüquqi, psixoloji, tibbi yardımlar göstərilməsi, eləcə
də bu istiqamətlər üzrə kadr
hazırlığı olduqca zəruridir.
Milli Məclisdə ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin yaradılmasının da artıq vaxtı çatmışdır. Eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların hüquq və maraqlarının müdafiəsi məqsədilə "Yuvenal ədliyyə haqqında" Qanunun qəbul edilməsi, bu məqsədlə sturuktur islahatlar, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin və əsasnaməsinin təkmilləşdirilməsi, sosial işçilər və psixoloqların hazırlanması və uşaq müəssisələrində yerləşdirilməsi ehtiyac duyulan məsələ olmaqla yanaşı, böyük zərurətə çevrilmişdir.
Könüllülük fəaliyyətinin inkişafına dair təşəbbüslərin artırılması, tibb və pedoqoji universitetlərdən olan tələbələrinin bu fəaliyyətə cəlb olunması yeni imkanlar və təcrübə baxımından olduqca vacibdir.
Bu baxımdan, ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə davamlı olaraq həyata keçirilən bütün tədbirlər, ardıcıl regional ictimai dinləmələr insan hüquqlarının təbliği, pozulmuş hüquqların bərpası istiqamətində müvafiq dövlət qurumları, QHT və KİV-lər, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, o cümlədən insan hüquqları mədəniyyətinin formalaşdırılması müsbət təcrübə kimi hər il yeniliklərin və uğurlu nəticələrin əldə olunmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına öz töhfəsini verir və insan hüquqları sahəsində Azərbaycan təcrübəsini daha da inkişaf etdirir. Bu sahədə ardıcıl sistemli iş icmaların, əhalinin bütün qruplarından, ölkənin bütün bölgələrindən insanların iştirakının, ictimai fəallığının artırılması ilə davam edir.
Vətəndaşların maraqlarına uyğun dövlət səviyyəsində atılan bütün addımlar insan hüquqlarına ali dəyər verilməsinin göstəricisidir. Bu baxımdan da hər birimiz gələcəyimiz olan uşaqlarının maraqlarının etibarlı müdafiəsində, ümumilikdə isə insan hüquqları mədəniyyətinin təbliğində maraqlı olmalı bu vərdişlərin yayılmasında səfərbər olmalıyıq.
Süleymanova Elmira
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman)
525-ci qəzet.- 2013.- 21 noyabr.- S.2.