I Bakı Beynəlxalq
turizm filmləri festivalına start verilib
Noyabr ayının 20-də Nizami
Kino Mərkəzində Bakı Beynəlxalq Turizm Filmləri
Festivalının (BBTFF) açılış mərasimi
keçirilib. Daxili və beynəlxalq turizmin inkişafına
təkan verə biləcək filmləri təbliğ etmək,
ən yaxşı ekran əsərlərini aşkara
çıxarmaq və onların müəlliflərini həvəsləndirmək
məqsədi daşıyan festivalın sponsoru Azərbaycan mədəniyyətinin
təbliğatı və milli kinonun inkişafına xüsusi
önəm verən “Nar Mobile” mobil operatorudur.
Festival
zamanı nümayiş etdirilən filmlərə beynəlxalq
auditoriya qazandırmaq üçün onlara dəstək
xarakteri daşıyan bu mədəniyyət tədbiri çərçivəsində
müvafiq müsabiqənin elan edilməsi və müxtəlif
turizm sahələrini ən peşəkar şəkildə əks
etdirən filmlərin mükafatlandırılması da nəzərdə
tutulub. Diplom və pul mükafatı ilə təltif ediləcək
qaliblər 7 kateqoriya üzrə (ölkə-region-şəhər,
mədəniyyət-ənənə, ekstremal turizm, ekoloji
turizm, TV-məhsullar, reklam filmləri, milli filmlər)
nümayiş etdirilən filmlərin müəllifləri
arasından seçiləcək. Filmlər
kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən
ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti
tərəfindən qiymətləndiriləcək.
“Garant
Holding”-ın rəsmi sponsorluğu, “Nar Mobile” mobil operatorunun
sponsorluğu və Azərbaycan Respublikası Mədəniyyət
və turizm nazirliyinin dəstəyi ilə keçirilən bu
Festival noyabr ayının 24-dək davam edəcək.
S.Abdullayeva
525-ci qəzet.- 2013.- 22
noyabr.- S.7.