Məhəbbət umma
məndən...- "YÜZ GÖZƏL SEVGİ
ŞEİRİ
PƏRVİNin təqdimatında
Çox
qəribə hissdi məhəbbət... Həm də
qəlizdi. Heç nəyə,
başqa hər hansı duyğuya bənzəmir. Qoxusu,
rəngi, dadı var... Bəzən əllə də toxuna bilirsən ona... Bütün məntiqləri, qaydaları, adətləri
mənasızlaşdırandı. Amma sevgi görməmişlərindən
ötrü bunlar hamısı nağıldı,
şeirdi, romandı, dastandı... Reallıq deyil. Onlara
görə, ancaq bədii əsərdə insan sevdiyindən ötrü çöllərə
düşə, fikirdən
dəli ola,
ona qoşulub ölə bilər. Real həyatda bu
baş verirsə, adi adama inanılmaz
görünür, patalogiya,
xəstəlik kimi yozulur. Gənc oğlan evin
damında oturub ulduzlara baxırsa, hamıdan qaçırsa,
iştahı pozulubsa,
deməli xəstədi,
həkimə göstərmək
lazımdı. Heç
kəs inanmaq istəmir ki, adam aşiq
olduğu üçün
bu hala düşə
bilər. Qınanmaq məsələsi də heç... “Filankəsin
uşağı havalanıb,
dəli olub” – söz-söhbəti ildırım
sürətiylə yayılır.
Yaxınlar kömək
əlini uzatmaq istəyir, uzaqlar rişxənd edir... Amma nədənsə bütün
bunları hansısa
hind filmində, yaxud serialda görəndə televizorun qarşısından
çəkilmir bu “yaxınlar” və “uzaqlar”. Hələ gözləri də
dolur, qəhrəmanın
halına da acıyırlar. Gecə
yuxularına da girir o filmlərdən fraqmentlər...
Məncə, sevgi hər adama verilmir, ona görə hər kəs anlamır onun mahiyyətini. İnsan özü duymadığı, dadmadığı nəyisə necə dərk eliyə bilər axı... Ən güclü yazıçı qələmi, ən iti ağıl, ən dərin fantaziya belə o hissi tam təsvir edə, olduğu kimi çatdıra bilməz. Ona görə bunu elə əsərlərdən, filmlərdən görüb “bilənlər” çox vaxt səhv salırlar başqa duyğularla... “Sevgi yoxdu, ehtiras var!”, “Sevgi yoxdu, bağlanmaq var!”, “Sevgi yoxdu, öyrəşmək var!”, “Sevgi yoxdu, hörmət var!” kimi primitiv, mənasız, əsassız aforizmlər də bu psevdoaşiqlərin yaratdıqlarıdı. Necə yəni sevgi yoxdu?! Var! Sadəcə zamanla, həyat inkişaf etdikcə, qabağa getdikcə sevgi də tələbkar olub. Həm də dünya kirləndikcə o hissi pak, saf, toxunulmaz saxlamaq qəlizləşib. İndi bundan ötrü xüsusi istedadın, bacarığın olmalıdı: Sevmək istedadın, Qorumaq bacarığın! Bu isə tənbəllər və paxıllar zəmanəsində çətindi, çox çətin! Ona görə birinə elə azca hörməti olan, qayğı göstərən, öyrəşən adam deyir sevirəm... Lakin xalis, yüksək əyarlı məhəbbətin dadından, rəngindən xəbərdar adam bilir axı, bilir ki, bu, eşq deyil...
Qabil də bilirdi! Və açıq etiraf edirdi, “məhəbbət deyil” deyirdi! Şeirin birinci özəlliyi səmimiliyidi. Yəqin hər adam almazdı bunu boynuna... Adət etdiyi, görməyəndə xiffətini çəkdiyi, heyrətlə baxdığı qadını itirməməkdən ötrü “Sevirəm” deyərdi... Aldadardı onu, elə özünü də... Amma şair açıq, birbaşa, eyni zamanda çox qeyri-adi bir üsulla sevgisizliyini, bəlkə sadəcə eşq yükünü daşımağa gücsüz olduğunu etiraf edir.
Şeirin digər üstünlüyü bəlkə bir qədər adi görünə biləcək mətləblərin yeni, orijinal yolla deyilməsidi. Bu da Qabil poeziyasına xas maraqlı cəhətlərdən biridi. Ancaq ən qəribəsi odu ki, Qabil bu qısa şeirlə insan münasibətlərinin fəlsəfəsini də açır, hisslərin axarını göstərir. Sanki aşiq bu münasibətin hara aparıb çıxaracağını bilir, ona görə “məhəbbət umma məndən” deyə yalvarır. Yəqin hörmət, heyranlıq, istilik görən, qarşılığında mehriban münasibət göstərən qadının bütün bunların davamını istəməməsi, ummaması mümkün də deyil. Bu səbəbdən də şair iqtidarsızlığını, məhəbbət tufanına sinə gərmək gücündə olmamasını vaxtında etiraf edir.
Və yenə çarəsizlik... Keçmişdə qalmış gücü, qüdrəti geri qaytarmağın mümkünsüzlüyündən doğan təəssüf!!!
Qabil: “... məhəbbət deyil!”
Mən səni görməyə adət etmişəm,
Adət məhəbbət deyil!
Səni görməyəndə xiffət etmişəm,
Xiffət məhəbbət deyil!
Sənə min ehtiram, hörmət etmişəm,
Hörmət məhəbbət deyil!
Gözündə çağlayan mehribanlığa
heyrət etmişəm,
Heyrət məhəbbət deyil!
Yalvarıram, sən
Məhəbbət umma məndən.
Hanı iqtidarım,
Məhəbbətin tufanına sinə gərən
Gəncliyimi
Sənə qurban vermək üçün
Geri qaytarım?!
Geri qaytarım.........
PƏRVİN
525-ci qəzet.- 2013.- 23 noyabr.- S.21.