“Biri vardı, biri yox...”- Məşhurların xanımları

 

“Ömrümə məndən xəbərsiz gəlmişdi, məndən xəbərsiz də getdi...”

 

Həmsöhbətimiz, Azərbaycan gəncliyinin bu gün də ən sevilən məhəbbət şairi Nüsrət Kəsəmənlinin  həyat yoldaşı, hamının dərin hörmət və sevgisini qazanmış Rəhilə Kəsəmənlidir.

Qarlaşlarıma böyük bacı yox, ikinci ana olmuşam

Bakıda ziyalı ailəsində anadan olmuşam. Atam nefçi, anam həkim olub. Ailədə üç uşaq idik : mən və iki qardaşım. Mən yaşca qardaşlarımdan böyüyəm. Məktəbi bitirənə qədər nənəmin himayəsində olmuşam. Həyatımın bu hissəsi Nüsrətlə eynidi. O da nənə və babasının himayəsində böyümüşdü, tək fərqimiz onda idi ki, mən ata və anamın kim olduğunu bilirdim, bilirdim ki, bu insanlar mənim nənə və babamdır. Amma Nüsrət ata və anasının kimliyini 18 yaşına çatanda öyrənib. O vaxta qədər elə bilib ki, atası onun qardaşıdır, nənə və babası isə ata və anasıdır. Mənim atam tez-tez dənizdə, anam isə xəstəxanada olurdu. Bu səbəbdən qardaşlarımın tərbiyəsi ilə mən məşğul olurdum, onlara böyük bacı yox, ikinci ana olmuşam.

Hisslərini telefonla deməyi qərara alıbmış

Məktəbi bitirdikdən sonra, Bakı Dövlət Univetsitetinə qəbul olundum. Universitetin birinci kursunda, Nüsrətlə tanış olmuşuq. Tələbəlik illərimdə həm oxuyurdum, həm də işləyirdim. Birinci kursda olanda məni laborant kimi universitetdə işə götürdülər. Günlərin bir günü, bir cavan oğlan əlində vərəq gəldi ki, bəs, zəhmət olmasa bu yazını köçürün, sabah gəlib aparacam. Bu kağız parçasında çox maraqlı şeir yazılmışdı. Şeir o qədər gözəl idi ki, iki nüsxə köçürdüm- birini sahibinə verməyə, birini də özüm üçün. Sabahısı gün yazını götürməyə başqa bir hündürboylu, yaraşıqlı oğlan gəlmişdi.”Dünən sizə bir vərəq veriblər, onu aparmağa gəlmişəm. Mənim şeirimdir” – dedi . Bu oğlan mənə o qədər tanış gəlirdi ki, amma xatırlaya bilmirdim ki, onu hardan tanıyıram. Gedəndə dedi ki, qoyun əlyazma sizdə qalsın. Sən demə bu oğlan qəzetlərdən, jurnallardan tanıdığım Nüsrət Kəsəmənli imiş. Bu hadisədən sonra, qrup yoldaşlarım, tez-tez mənə Nüsrətdən danışır, elə hey onu tərifləyirdilər. Mən hələ də söhbətin nədən getdiyini anlamamışdım. Sən demə universitetdə məndən başqa hamı Nüsrətin mənə qarşı olan hisslərindən xəbərdar imiş. Sonra bir gün məni telefona çağırdılar, xəttin o başından gələn səs, Nüsrətin səsi idi. Danışdı nə danışdı(gülür). Sən demə mənim üzümə baxmağa utanırdı, ona görə də hisslərini telefonla deməyi qərara alıbmış.

Nəhayət, ailə qurduq

Anamı heç cür bu evliliyə razı sala bilmirdik. “Mənim şairə veriləsi qızım yoxdur, şairlər hər gördüyü xanımı vəsf edir, sənin ürəyin buna dözə bilməz” –deyirdi. Bundan başqa Nüsrətin valideynlərinin ayrılma məsələsi anamı yaman narahat edirdi. Elə hey bəhanələr gətirərək toyumuzu gecikdirdi. Qoy universiteti bitirsin, əsgərliyə getsin-gəlsin və buna bənzər bir çox bəhanə gətirirdi. Yəqin o gözləyirdi ki, bizim bir-birimizə duyduğumuz istək azalar, elə hesab edirdi ki, zaman uzandıqca biz  bu evlilik istəyimizdən əl çəkərik. Nüsrət universitetdə oxuyanda maddi cəhətdən çox çətinlikləri var idi. “Bakı-Baku” qəzetinin baş redaktoru o vaxtlar  Nəsir İmanquliyev idi. Çox böyük insan idi, mən bu böyük sözünün işığında hər şeyi nəzərdə tuturam. Allah ona qəni-qəni rəhmət eləsin. O Nüsrətin istedadını görüb, öz redaksiyasına aparmışdı, həm onu işlə təmin etmişdi, həm də qiyabi şöbəyə keçirib, təhsil almağına şərait yaratmışdı. Elə oldu ki, bizim ailə qurmaq məsələmizə o da qarışdı. Birtəhər anamı yola gətirdi və nəhayət,  ailə qurduq.

Çətinliklərimiz çox oldu

Ailə qurandan sonra, çətinliklərimiz çox oldu. Əsas çətinlikliyimiz maddi cəhətdən idi. Doğrudur Nüsrətin elə hərəkətləri olurdu ki, hər  qadın ona dözə bilməzdi. Amma mən güzəştə getməyə çalışırdım. Ailə qurduğumuz günə qədər anam dayanmadan deyirdi ki, səni gözü yaşlı görməyim, Rəhilə. Elə ki ailə qurduq, anamın Nüsrətə qarşı olan fikri tamamilə dəyişdi. Biz ailə quranda artıq atam rəhmətə getmişdi. Nüsrət bizim ailəyə tək mənim həyat yoldaşım kimi deyil , bir ata kimi gəldi. Sanki ailəmizin böyüyü idi, qardaşlarıma atasızlığı unutdurmuşdu. Anam Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdu. Bu səbəbdən “9 May” gününü səbirsizliklə gözləyirdi. Biz ailə qurandan sonra, onu birinci təbrik edən Nüsrət olurdu. Anam deyirdi ki,  mən həyatda çox az səhv etmişəm, amma görünür ən böyük səhvim Nüsrət haqqında olan fikirlərim idi, indi düşünürəm ki, o mənim böyük oğlumdur.

Mən belə şeylərdən qorxuram

Hamını maraqlandıran ən vacib amillərdən biri, onun medium olması məsələsidir. Bir dəfə Fransada olanda mediumluqla məşğul olan insanlardan biri,  Nüsrətə deyib ki, səndə də bu bacarıq var. Bu fikir dostları ilə Nüsrətin gülüşünə səbəb olur. Amma zaman keçdikcə Nüsrət anladı ki, deyilənlər doğru imiş. Mən öz danışdıqlarından eşitmişəm ki, belə bir şey var və Nüsrət onunla məşğuldur. Heç vaxt bu prosesi gözümlə görməmişəm. Bəlkə   bilirdi ki, mən belə şeylərdən qorxuram. Ona görə mənim yanımda bu işlərlə məşğul olmurdu.

Şeirlərini ən əvvəl mənə oxuyardı

Şeir yazma qabiliyyəti ona Allah tərəfirdən verilmiş ən böyük vergi idi. Heç vaxt oturub nə yazacağı haqqında düşünmürdü. İçki içməsə də, Nüsrətin siqaret çəkmək vərdişi var idi. Şeirlərinin ilk sətirlərini də elə o qutuların üzərinə yazırdı, yalnızca iki sətir. Çətini burası idi. İki sətir yazandan sonra, “Rəhilə, bir şeir hazırdı, gör indi necə şeir olacaq” – deyirdi. Çünki bu iki sətirdə o bütün şeirin ruhunu tuta bilirdi. Bundan əlavə onun Dövlət Televiziyasında verilişləri də var idi : “Arzu qanadlarında” ,“Dostluq meridianı”, “İlham”, “Dünyaya pəncərə” kimi. Heç vaxt verilişin ssenarisini  yazmazdı, nə də yazdıqdan sonra təkrarən onu oxumazdı. Birdən ilham gəlirdi, bir saatın içində ssenarini yazıb qurtarırdı. Şeirdə də elə idi, birinci dəfə nə yazırdısa, elə onu da saxlayırdı. Şeirlərini ən əvvəl mənə oxuyardı. Nəsə irad tutanda əsəbiləşirdi. “Necə yazmışam elə də qalmalıdır” – deyirdi.  Eləcə də yazdığı mahnılarda, ilk not necə gəlirdisə eləcə də qələmə alırdı.

Nüsrətin xatirəsini şad etdiyimi düşünürəm

 Şairin həyat yoldaşı olmaq olduqca çətindir. Ya gərək şairin bütün istəklərini yerinə yetirəsən,  hər hərəkətinə göz yumasan, ya da oturub bütün günü onunla dalaşasan. Mənə ən çox verilən suallardan biri odur ki, “Siz qısqanc qadın deyilsiniz?”. Elə bir insan yoxdur ki, onda qısqanclıq hissi olmasın. Əgər görürsə, düşünürsə, sevirsə, istəməz ki, sahib olduğu insanın yanından su da keçsin. İki yol var : ya sevinə –sevinə yaşamalı, onun gözünə yaxşı görünməyə çalışmalı, evə mübahisə salmaya-salmaya hər bir istəyini yerinə yetirməli, bu yolla özünü xoşbəxt sayıb həyata davam etməli, ya da sən kimə şeir yazdın, kimlə danışdın, o mahnıda vəsv etdiyin kim idi – deyə –deyə, ömrünü- gününü çürütməlisən. Məcbursan, məcbursan ki, bu iki yoldan birini boğasan. Yoxsa yaşaya bilməzsən.  Mən birinci yolu seçmişdim, keçirdiyim bütün hissləri içimdə boğurdum. Fikir də çəkmişəm, tənhalığa çəkilib uzun –uzun düşüncələrə də dalmışam. Amma heç vaxt bunları biruzə verməmişəm. Bu, mənim xarakterimdən asılı olan bir şeydir, ürəyimə yükdür, belə yaşamaq mənə çox çətindir. Məsələn, Nüsrətin məndən əvvəlki və ən çox sevdiyi xanımın şəklini bu günə qədər evimizin ən gözəl guşələrindən birində saxlayıram. Mənə elə gəlir ki, bu hərəkətimlə onun xatirəsini şad edirəm. Nüsrət mənə hansı hərəkətləri qadağan etmişdisə, tam səmimi olaraq deyə bilərəm ki, bu günə qədər o qaydaların hamısına əməl edirəm.

Nüsrəti məndən aldılar

Nüsrətin böyrəkləri xəstə idi. Vəziyyəti ağırlaşanda dövlət tərəfindən belə bir təklif  irəli sürüldü ki, hansı ölkəyə istəyirsən ora da göndərək. Amma nədənsə o İranı seçdi. “Ordakı insanlar məni tanıyır” – dedi və biz müalicə üçün İrana getdik. Doğrudan da ordakı insanlar həm onu tanıyır, həm də sevirdilər. Xəstə ola –ola onu konfranslara, tələbələrlə görüşlərə aparırdılar. Nüsrət də bu təkliflərin heç birindən imtina etmirdi. Səbəbini soruşanda isə “Mən bura onlar üçün gəlmişəm” – deyirdi. Xəstəxanaya girmək qadağan olsa da, hər səhər oyanırdıq ki, pəncərəmizin qabağı güllərlə bəzədilib. Həkimlər əllərindən gələni etdilər, amma görünür gecikmişdik. O, ölümdən qorxan insan deyildi, amma hələ ölmək istəmirdi. Bir gün məni çağırdı və dedi ki, mən Allahdan bir az möhlət istəyirəm,sadəcə olaraq, səni bütün dünyanı  gəzdirmək üçün...  Üstündən bir neçə gün keçəndən sonra, “Rəhilə, deyəsən bütün arzularım alt-üst oldu” – dedi. İranda vəziyyət elə idi ki, tez –tez vizanın vaxtı qurtarırdı, gəlirdim Azərbaycana sənədlərimi qaydasına salıb, yenidən Nüsrətin yanına qayıdırdım. Yenə sənədimi düzəldib, İrana getmişdim mənə dedi ki, “sənə deyiləsi sözüm var”, elə o sözdən sonra da halı pisləşdi, son sözünü mənə deyə bilmədi. Bu günə qədər o deyilməmiş söz məni göynədir. Bir də məni düşündürən məsələlərdən biri odur ki, niyə mən xəstəxanada ola –ola, Nüsrətin öldüyünü iki gündən sonra bilmişəm? Onu reanimasiyaya götürdülər, mən də neynəyəcəyimi bilmirdim. Tanıdığım kimsə də yox idi ki, dərdimi onunla paylaşım. Çarəsizcə qapının arxasında oturmuşdum, həkimlər tez-tez otağa girib çıxır, amma mənə heç nə demirdilər. Sən demə Nüsrət artıq rəhmətə gedib, artıq zəng edib Azərbaycana da xəbər veriblər, mənim də heç nədən xəbərim yox. Cümə günü xəstəxanın həyətinə çıxdım ki, tələbələr pilləkənlərə, səkiyə minlərlə gül düzüb. Axşam palatada oturub, səbirsizliklə Nüsrətin reanimasiyadan çıxmağını gözləyirdim. Tibb bacısı gəlib, otağın telefonunu çıxartdı. Bu hərəkət mənə o qədər pis təsir etmişdi ki, çox pərt olmuşdum. Axı o telefon mənə lazım idi... Axşam mənə xəbər verdilər ki, sabah sizi Azərbaycana yola salırıq. Elə sevinirdim ki, sevincim yerə-göyə sığışmırdı (fikrə dalır). Hələ gedib tələbələrin bizə gətirdikləri güllərdən  özümlə aparacaqlarımı da  seçdim. Hələ də heç nədən xəbərim yox idi. Xəstəxananın işçilərinə dedim ki, bizə bir həkim verin, birdən yolda Nüsrətin halı pisləşər. Həkim başıyla mənə dedi ki, lazım deyil... Səhər açıldı... Bizi yola salacaqları maşına baxdım ki, içəridə tabut, qara məxmər... (gözləri dolur) İndi o hissləri izah etmək çox çətindir. Elə oradaca sudurğa keçirmişəm, çənəm – çənəmə keçib, heç kim də ayıra bilmirdi. Biləndə ki, məndən başqa hər kəs bu itkidən xəbərdardır, özüm-özümü o qədər qınadım ki... Birtəhər maşına mindim, getdik evimizə... Astara yaxınlığında qohumlarımız, Nüsrəti sevənlər, bizi qarşıladılar. Sərhədə çatanda, Nüsrəti mənim əlimdən aldılar...(ağlayır). Minlərlə adam Nüsrəti son mənzilə yola salmağa gəlmişdi. Qəribə olan bilirsiz nədir? Nüsrətin mənə olan sevgisini  məndən başqa hamı bildiyi kimi, ölümü də məndən başqa hamıya məlum imiş. Ömrümə məndən xəbərsiz gəlmişdi, məndən xəbərsiz də getdi...

 

Məhəbbət HACIYEVA,

Firəngiz AĞALAR

İdeya müəllifi Tofiq Abdin

525-ci qəzet.- 2013.- 23 noyabr.- S.20.