Bu dünyadan qaçan Kürən Dələnin
nağılı
(“Nağıllar” silsiləsindən)
Kürən Dələ şam ağacından yerə
enib, arxa ayaqları üstə dikəldi, o tərəf-bu tərəfə
baxdı – günün bu çağında, yəni
günorta vaxtı bu yerlərdə həmişə sakitlik olurdu
və indi də həmişəki sakitlik idi. Dələlər
Şam Zolağındakı yuvalarında istirahət edirdi,
insanlar da yaşadıqları koteclərdə dincəlirdi,
ancaq Kürən Dələ daha bunun və ümumiyyətlə,
heç nəyin fərqində deyildi.
Hər şey bitmişdi.
lll
Bu
İstirahət Mərkəzi salınanda koteclər şam
ağacları ilə dənizin arasında, qayaların
üstündə tikilmişdi və indi ucalıb
qartlaşmış o şam ağaclarını da insanlar elə
o zaman – 45-50 il bundan əvvəl – zolaq kimi
yan-yana əkmişdilər.
Dələlər bura hardan gəlmişdilər? necə
gəlmişdilər? – bunu heç
Dünya Görmüş Qoca Nənə də bilmirdi. Bəlkə insanlar özləri dələləri
hansı diyarlardansa tutub, gətirib, bu Şam Zolağına
buraxmışdılar?
Gerçəklik isə bu idi ki, dələlər
artıq neçə illərdi bu Şam Zolağında
yaşayırdılar, bu ağaclar neçə-neçə dələ
nəsli görmüşdü, neçə-neçə dələ
taleyinin şahidi olmuşdu.
Kürən
Dələ fikrindən keçən bu sözləri – “dələ
taleyi” sözlərini bir də təkrar edib
özü-özünə sual verdi: “Dələ
taleyi?”
Bəyəm bu yerlərdə dələ taleyi var? Bu yerlərdə
dələ taleləri bir-birinin eyni deyildimi? Bütün
ömrünü ancaq bu Şam Zolağında keçirmək,
hər gün eyni kotecləri görmək, dənizin eyni səsini
eşitmək, qonşu yuvalardakı dələlərin eyni
söz-söhbətinin şahidi olmaq, səhər-axşam,
yay-qış bu eyni ağacların eyni təmli qozaları ilə
qarın doyuzdurmaq, bala doğmaq, böyütmək, sonra yenə
bala doğmaq, yenə böyütmək – bütün bu eyniyyətə
tale demək olardı?
Kürən Dələ arxa ayaqları üstə dikəlib
bütün bunları fikirləşə-fikirləşə
bu Şam Zolağına da, öz yuvasına da, özünə
də bir tərəfdən yazığı gəlirdi, o biri
tərəfdən də... nifrət edirdi.
lll
O Şam Zolağından dəniz
aydın görünürdü, ancaq dələlər o
Zolaqdakı eyniliyə elə öyrənmişdilər ki,
ağacdan yerə – ağacın dibiə enib, sonra təzədən
yuxarı qalxmaqdan, axşamlar hərdən bir-birinin
yuvasına qonaq getməkdən, bir də ki, payızın
yaxşı yağışlarından sonra bitmiş göbələkləri
tapmaq üçün yaxın ətrafı axtarmaqdan başqa
heç hara, o cümlədən də dəniz kənarına
getmirdilər. Kürən Dələ
bütün ömründə ancaq bir dəfə dəniz kənarına
getmişdi – uşaq vaxtı Dünya Görmüş Qoca Nənə
onları dəniz kənarına gəzməyə
aparmışdı.
Və Kürən Dələ atıla-atıla dənizə
tərəf getdi.
Kürən
Dələ Şam Zolağından dənizə doğru
uzaqlaşdıqca, birdən-birə, elə bil, təkcə
onun yuvasındakı balaları, təkcə ətraf
budaqlardakı qohum-qonşu yox, bütün o Şam
Zolağı onu geri səslədi; elə bil, Şam
Zolağı hiss edirdi ki, bu ayrılıq əbədi
ayrılıqdır.
Şam Zolağı bir maqnit dalğası ilə onu
arxaya – özünə tərəf çəkirdi.
Ancaq Kürən Dələ bilirdi ki, geri qayıtsa, bir
də heç vaxt bu yerlərdən uzaqlaşa bilməyəcək.
Və Kürən Dələ daha da sürətlə
atıla-atıla qayalıqdan keçib dəniz kənarına
endi.
lll
Kürən Dələ koteclərdə yaşayan
insanların danışıqlarına, hərəkətlərinə
öyrənmişdi və Kürən Dələ
üçün o insanlar da bu şam ağacları, bu daş
koteclər kimi bütün bu tərəflərdəki
eyniliyin bir hissəsinə çevrilmişdi. Kürən Dələ
üçün o insanların sifətləri də eyniləşmişdi,
insan üçün bir dələnin o biri dələdən
fərqi olmadığı kimi, Kürən Dələ
üçün də geyimlərindən, ya da
yaşlarından asılı olmayaraq o insanlar bir-birinin təkrarı
idi.
Kürən Dələnin insanlara münasibəti də
tamam bir biganəlik içində idi – nə yaxşı, nə
də pis.
Yayda, qışda insanlar bir-birini əvəz edirdi, bəzən
bir kotecdə bir nəfər, bəzən beş
nəfər yaşayırdı, ancaq bunun Kürən Dələ
üçün heç bir fərqi yox idi.
İnsanların
yeganə bir cəhəti onun üçün maraqlı idi və
Kürən Dələ insanların yalnız bu cəhətinə
qibtə edirdi: onlar bəzən tək, bəzən ailə ilə
koteclərinin qarşısında saxladıqları
maşınlara minib gedirdilər. Bu zaman Kürən
Dələ ağacların təpəsinəcən qalxıb
o maşınların ardınca baxırdı və o
maşınlar gözdən itdikdən sonra da bir müddət
gözlərini yola dikirdi.
Haralara?
O
maşınlar haralara gedirdi?
Hansı naməlum diyarlara?
Şam
Zolağında yaşayan dələlər Kürən Dələnin
bu xasiyyətinə lağ edirdilər, ancaq Kürən Dələ
onlara nə başa sala bilərdi?
lll
Kürən
Dələ hələ lap balaca olanda təyyarələr
gurultu qopara-qopara onların yuvasının üstündən
uçub gedirdi və o zaman Dünya Görmüş Qoca Nənə
deyirdi:
–
Qoxmayın. Onların içində insanlar
uçub gedirlər.
Kürən
dələ:
– Hara?- soruşurdu.-
İnsanlar hara uçurlar?
Dünya
Görmüş Qoca Nənə çiyinlərini çəkib:
– Bilmirəm...-
deyirdi.- Harasa... Naməlum bir yerə...
Onda
Kürən Dələ heyrət içində fikirləşirdi
ki, Dünya Görmüş Qoca Nənənin də
tanıyıb bilmədiyi yerlər var...
Xeyli
sonralar – Kürən Dələ özü nənə olandan
sonra – hər dəfə başını qaldırıb
göy üzü ilə uçub gedən təyyarələrə
baxırdı və o təyyarələrin sürəti,
hündürlüyü və gurultusu hər dəfə də
onun, yəni Kürən Dələnin sakit həyatının
misgin yeknəsəqliyindən xəbər verirdi.
lll
Bəzən
hansısa kotecdə yaşayan insanlar “Ya Allah!..”
deyib, maşınlarına minərək gedirdilər və
növbəti insanlar gələnəcən o kotec boş
qalırdı.
İnsanlar “Ya Allah!” deyirdilər, ancaq kotecin
qarşısında əkilmiş gülləri yadlarından
çıxarırdılar və o güllər buradakı
işçilərin ümidinə qalırdı. İşçilər isə,
bir də görürdün, bir gündə güllərə
üç dəfə su verdilər – güllər az qalırdı, boğulsun – sonra da beş
gün yadlarından çıxdı, su vermədilər və
güllər susuzluqdan quruyurdular.
Buna görə də o güllər insanları
aparıb-gətirən maşınlara nifrət edirdilər və
Kürən Dələ də çox həssas olduğu
üçün bunu bilirdi, görürdü ki, güllər
o maşınlara necə kin-küdurətlə baxırlar.
Ancaq maşınların nə təqsiri var idi?
“Ya Allah!” deyən maşınlar deyildi ki.
Və güllərin o kin-küdurəti Kürən Dələnin
içinə dolmuş və get-gedə də artan, artıq
onun içinə də sığışmayan marağa
heç vəchlə təsir etmirdi.
lll
Kürən Dələ qayalıqdan enib, nəm qumun
üstüylə lap sahilə gəldi.
O da
bütün dələlər kimi itdən, həmişə
pusquda dayanan pişikdən, hərdən, xüsusən də
qış vaxtları gecələr buralara baş çəkən
tülküdən, tez-tez şam zolağının
üstündə dövrə vuran bayquşdan qorxurdu, ancaq qəribə
idi, indi o qorxudan əsər-əlamət yox idi. Külək əsdiyi üçün, sahil
bomboş idi və Kürən Dələ bu boş sahildə
bayquş üçün də, pişik üçün də
yaxşı şikar idi, amma o bunun da fərqində deyildi.
Get-gedə
bərkiyən gülək ləpələri
şappıltı ilə sahilə çırpırdı, dənizin
üzü yavaş-yavaş ağappaq köpüyə
bürünürdü, ancaq o dəm Kürən Dələ
nə o küləyi hiss edirdi, nə də sahilə
çırpılan o ləpələrin səsini eşidirdi.
Kürən Dələ arxa ayaqları üstə
dikəlib, gözlərini uzaq üfüqə zilləmişdi
və dənizin bu dərəcədə
böyüklüyü, elə bil, onun ürəyindəki
sıxıntıya bir hüzn gətirirdi, onun bütün
varlığını bürümüş o qüssənin əlacsız
olduğunu göstərirdi.
Sonra Kürən Dələ arxaya – qayalığın
üstündə görünən Şam Zolağına tərəf
baxmadan sahil boyu atıla-atıla bu yerlərdən
uzaqlaşdı.
lll
Hətta ən
kiçik canlıların da böyük və sirli həyatları
var idi və Kürən Dələ xüsusən son zamanlar
tez-tez gündüz, axşam, hətta gecələr – Şam
Zolağında yaşayan bütün dələlərin
yatdığı bir vaxtda da həşəratları
müşahidə edirdi.
Təkcə elə
Kürən Dələnin yuvası qurulmuş şamda minlərlə,
bəlkə də milyonlarla cürbəcür həşərat
yaşayırdı və o həşəratların bir
qisminin gündüz hyatı, bir qisminin də gecə həyatı
var idi. Şam Zolağında yaşayan dələlər
ac olanda o həşəratları da yeyirdilər, ancaq dələlər
nə qədər ac olsalar da, o həşəratı yeyib
qurtarmaq mümkün deyildi. Bu həşəratların
çoxluğu onların kiçikliyini, köməksizliyini
müdafiə edirdi. Kürən Dələ həşəratları
müşahidə etdikcə, onların istəklərinin,
çəkdikləri zəhmətin, rastlaşdıqları
faciələrin, başlarına gələn macəraların,
onların sevincinin, mübarizəsinin şahidi olduqca fikirləşirdi
ki, heç bir dələnin xəbəri yoxdur, ancaq bu həşəratların
həyatı onların, yəni bu Şam Zolağından
başqa bir yeri tanımayan, səhərdən axşamacan qoza
çırtlayıb yeyən, nəsil artırmaqla məşqul
olan dələlərin həyatından qat-qat maraqlıdır.
Bəzən həşəratlar ağacdakı
yuvalarından çıxıb başqa ağaca
köçürdülər, bəzən isə, eləcə,
sürü ilə yerə enib, ya da eləcə sürü ilə
uçub, ümumiyyətlə, bu yerlərdən
uzaqlaşırdılar, haralarda isə yeni-yeni məsgənlər
salırdılar.
lll
Kürən Dələ qayalıqların üstü ilə
yuxarı atıla-atıla bu yerlərdən
uzaqlaşırdı, Şam Zolağı artıq uzaqlarda
qalmışdı və Kürən Dələ arxaya baxmadan
eləcə üzüyuxarı atıla-atıla gedirdi.
Ən başlıcası isə bu idi ki, Kürən Dələ
hara getdiyini bilmirdi.
Yavaş-yavaş axşam düşürdü.
Qayalıq da arxada qaldı.
Qayalıqdan sonra dağ ətəyi gəlirdi və
Kürən Dələ də gəlib o dağ ətəyinə
çıxdı.
Yavaş-yavaş düşən qaranlıq bütün
bu tərəfləri bürüyürdü, ancaq Kürən
Dələ bu qaranlıq içində də heç nədən
qorxmadı. Hətta
gülümsəyib fikirləşdi ki, nə əcəb yol
boyu heç nəyə rast gəlməyib, indiyə qədər
sağ qalıb...
Kürən
Dələ, eləcə, atıla-atıla naməlumluq
yolçuluğuna davam etdi.
lll
Artıq
gecə düşmüşdü – aydınlıq bir gecə
idi və göydəki aydan və ulduzlardan başqa bu yerlərdə
heç nə Kürən Dələyə tanış
deyildi. Ancaq əslində, bu qədər ulduz da
görməmişdi, burda göy üzündə milyonlarla
ulduz var idi və Şam Zolağının üstündə
heç vaxt bu qədər ulduz olmamışdı.
Kürən Dələ anasını çox sevirdi və anası vəfat etdikdən sonra da onu tez-tez xatırlayırdı.
İndi Kürən Dələnin bütün əzələləri də, barmaqlarının dırnaqları da ağrıyırdı, çünki bütün ömrünü budaqdan-budağa atlanmaqla keçirən hansı dələ qayaların üstü ilə bu qədər yol getmişdi? Otluqda oturub nəfəsini dərən Kürən Dələ bunu da öz-özünə gülümsəyib fikiləşdi və nədənsə, elə bu dəm də anasını xatırladı.
Ancaq birdən-birə qəddar bir fikir Kürən Dələnin bütün varlığını sarsıtdı və o gecə yarısı Kürən Dələ bu fikri heç cürə qovub beynindən çıxara bilmədi. Kürən Dələ fikirləşirdi ki, ana məhəbbəti, yəni ananın balasına, balanın da anasına məhəbbəti, əslində, dələlərin həyatını eynilik bataqlığınada saxlamaq üçün bir vasitədir; həmin vasitə – o ana-bala məhəbbəti – dələlərin həyatını bataqlıq kimi özünə çəkib içində saxlayır.
Bu vaxt yuvada qoyub gəldiyi balaları Kürən Dələnin yadına düşdü və onun içində geri – o Şam Zolağına, oradakı yuvasına qayıtmaq ehtirası baş qaldırdı. Ancaq Kürən Dələ bütün varlığı ilə içində baş qaldırmış bu ehtirası boğmağı bacardı.
Kürən Dələ başa düşürdü ki, içində baş qaldırmış bu ehtirası boğmaqla balalarına xəyanət edir, ancaq Kürən Dələ burasını da bütün varlığı ilə hiss edirdi ki, qayıtsa – bu da başqa bir xəyanət olacaq.
O aydınlıq gecədə Kürən Dələ ürəyi çırpına-çırpına fikirləşirdi ki, başqa bir xəyanət – yəni nə?
Nə idi başqa bir xəyanət?
Nəyə xəyanət edəcəkdi?
Kürən Dələ bütün hissi, düşüncəsi ilə belə bir xəyanətin varlığına, mövcudluğuna əmin idi, ancaq bu sualın da – nəyə xəyanət idi? – cavabını heç cürə tapa bilmirdi.
Sonra fikirləşdi ki, bu sualın cavabını yalnız hiss etmək mümkündü və bunu hiss etmək üçün bütün ömrünü Şam Zolağında yaşamalısan.
lll
Hələ səhər açılmamışdı və qaranlıq içində soyuq bir külək əsməyə başlamışdı.
Külək yuxarılardan əsirdi və Kürən Dələ atıla-atıla üzüküləyə gedirdi ki, səmti dəyişməsin, yolu azmasın.
Ancaq hansı yolu? Hansı səmti?
O aydınlıq gecədən əsər-əlamət qalmamışdı.
Hərdən gecələr hər tərəfi beləcə qatı qaranlıq bürüyəndə Dünya Görmüş Qoca Nənə onları bayquşla qorxudurdu, amma özü tapıb yediyi, bəzən də yuvaya gətirdiyi kərtənkələ, ilan yumurtaları ilə bərabər, neçə dəfə də bayquş yumurtası qaçırmışdı. Bir dəfə də Dünya Görmüş Qoca Nənə yuvadan yerə düşmüş bayquş balasını iti dişləri ilə diri-diri yemişdi.
Onda sübh tezdən idi və Kürən Dələ yuxudan təzəcə durmuşdu, yuvalarının dəliyindən eşiyə baxırdı. Şam Zolağı ilə üzbəüz koteclərdən birinin yanında ağaclıq var idi və dələlər bilirdilər ki, o ağaclıqda iki bayquş ailəsi yuva qurub. Dünya Görmüş Qoca Nənə də pusub, o bayquşlar yuvada olmayanda, bir neçə dəfə oradan yumurta qaçırmışdı.
O sübh çağı həmin ağaclardan birinin dibinə yuvasından bir bayquş balası düşmüşdü və Dünya Görmüş Qoca Nənə yerə enib, atıla-atıla qaçaraq hələ tükü çıxmamış o ətcə bayquş balasını qamarladı, iti dişləri ilə onu diri-diri tələm-tələsik yeməyə başladı.
Həmin gündən sonra Kürən Dələ gecələr yatanda qorxurdu ki, Dünya Görmüş Qoca Nənə onu da yeyər, ancaq bir müddətdən sonra bu qorxu hissi keçib getdi, çünki o Şam Zolağında yaşamağa məhkum olan Kürən Dələ də böyüdü, onun özünün balaları oldu.
lll
Qar yağmağa başlamışdı.
Qış vaxtı Şam Zolağına da hərdən qar yağardı, ancaq o Şam Zolağındakı qardan fərqli olaraq, indi gəlib çıxdığı o dağ döşünə yağan bu qar Kürən Dələni üşütmürdü.
Kürən Dələ acmışdı, ancaq onun içində şam qozalarına o qədər nifrət yığılmışdı ki, onların təmini yadına salanda, elə bil, aclığı keçirdi.
Külək qarı Kürən Dələnin sifətinə çırpırdı və o, gözlərini yumub irəli gedirdi, ancaq bir müddətdən sonra külək yavaşıdı, qar da kəsdi.
Kürən Dələ dayandı, amma gözlərini açmadı və eləcə, gözüyumulu, ürəyinin döyüntüsünə qulaq asdı, hətta ona elə gəldi ki, bu uzun səfər həyatda yox, yuxuda baş verir, sonra daha heç nə fikirləşmədi, çünki birdən-birə doğrudan da onu yuxu apardı.
lll
Kürən Dələ gözlərini açanda artıq səhər idi və gözlərini açan anda da indiyə qədər heç vaxt hiss etmədiyi bir heyrət Kürən Dələnin bütün varlığını bürüdü: bura geniş və dümdüz bir yamac idi və bu yamac başdan-başa ağappaq qara bürünmüşdü.
Təzəcə doğan günəşin şüaları hər tərəfi bürümüş qarın dənələrini bir-bir parıldadırdı və gözlərinin qarşısındakı bu qəfil ağlıq, qar dənələrinin günəş şüaları altında bir-biri ilə oynayan bu işıltısı, elə bil, Kürən Dələni çəkib, bir möcüzənin içinə salmışdı və Kürən Dələ o möcüzənin içində heyrətdən və heyranlıqdan böyümüş gözləri ilə o doğan günəşə baxırdı.
O, indiyə qədər həmişə günəşin doğmağını özünün yumru və qaranlıq yuvasının dəliyindən qarşılamışdı.
İndi hara gəlib çıxmışdı?
Dünya Görmüş Qoca Nənə danışırdı ki, haradasa, uzaq-uzaq ellərdə ağ dələlər yaşayır və bura bəlkə o ağ dələləri vətəni idi? Bəs onlar harada yaşayırdılar, nə yeyirdilər, axı burada bir dənə də olsun ağac yox idi?
Buralardan dələ iyi gəlmirdi.
Buralarda ağappaq qar kimi tərtəmiz havadan və bir də qarşıda görünən qarlı zirvədən başqa heç nə yox idi.
Dünya Görmüş Qoca Nənə bunu da deyirdi ki, dələlər öləndən sonra o biri dünyaya köçürlər və o biri dünya ləkə götürmür, ona görə də ağappaqdır.
Bu elə bir ağlıq idi ki, Kürən Dələ heç Dünya Görmüş Qoca Nənəni də xatırlamaq istəmirdi. Nə üçün? Ona görə ki, buralar ləkə götürmür?
Bəlkə Kürən Dələ doğrudan da o biri dünyaya gəlib çıxmışdı? Bu necə ola bilərdi? Axı onun ürəyi döyünürdü, o sağ idi.
Kürən Dələnin hamıdan gizlətdiyi bir sirri var idi: onun ilk məhəbbəti. Kürən Dələnin ürəyinə hopmuş o ilk məhəbbətdən dünyada heç bir dələnin xəbəri yox idi, hətta o ilk məhəbbətin qəhrəmanının özünün də bundan xəbəri yox idi və xeyli sonralar xəstələnib dünyadan vaxtsız köçdüyü günəcən də bundan xəbəri olmadı.
Kürən Dələ Şam Zolağında ürəyinin qısılan çağlarında hərdən o ilk məhəbbəti xatırlayırdı və bu xatirələrin istisi onun hisslərinə bir hərarət gətirirdi və o qüssə də həmin hərarət içində əriyirdi. O hərarət qısa bir müddət onun içində qalırdı, sonra yenə bir-birinin eyni olan günlərin qüssəsi Kürən Dələnin varlığını bürüyürdü.
Bu ağappaq qar parıltısı ilə üzbəüz dayanmış Kürən Dələ burada da birdən-birə o ilk məhəbbəti xatırladı və birdən-birə də dərk etdi ki, bütün bu ilk məhəbbət xatirələri də, əslində, tamam boş və mənasız bir şeydir, bu ağlığı, bu qar parıltısını Şam Zolağında yaşayan dələlərdən gizlətmək üçün uydurulmuş bir yalandır.
Bu ağlıq da, bu parıltı da bir naməlumluğa bürünmüşdü və Kürən Dələ bütün varlığı ilə əmin idi ki, bir sirr – yalan deyil.
Və Kürən Dələ atıla-atıla irəli – o sirrə doğru getdi.
lll
Şam Zolağında yaşayan dələlər mat qalmışdılar: Kürən Dələ qəflətən hara yox olmuşdu?
Hərə bir söz danışırdı.
Biri deyirdi onu bayquş aparıb, o biri deyirdi ki, yox, pişik pusqusuna düşüb, o biri də deyirdi ki, tülküylə rastlaşıb.
Kürən Dələnin həmişəlik səfəri o Şam Zolağında yaşayan dələlərin heç birinin ağlına gəlmirdi.
13 avqust 2011.
Tuqrut rəis. Bodrum
ELÇİN
525-ci qəzet.-
2013.- 23 noyabr.- S.18-19