Dünyada oxuna biləcək
dəyərli bir əsər
Çağdaş ədəbiyyatımızı
“Nadir şah”, “Əmir
Teymur”, “Təhmasib şah” və bir çox tarixi əsərlərlə
və “Atilla” pyesi ilə zənginləşdirən tükoloq,
tarixçi alim, tarixi romanlar müəllifi Yunus Oğuz bu əsərlərin
hər birində Azərbaycan tarixi ilə bağlı bir sıra qaranlıq
məqamlara aydınlıq
gətirdi. “Şah
arvadı və cadugər” romanı ilə də tariximizin daha bir qaranlıq səhifəsini işıqlandırdı.
Biz həmişə, (orta
və ali
məktəbdə təhsil
alarkən) tariximizdə
rabitəsizliklə qarşılaşır,
səbəbilə maraqlananda
isə “bütün bunların cavabı tarixdə yoxdur” eşidirdik. Yunus Oğuzun bir-birindən
maraqlı, dövrlə
səsləşən əsərlərini
oxuduqca aydınlaşır
ki, bütövlükdə
tarixdə cavabsız heç nə yoxdur. Sadəcə, gərgin əmək
sərf edib bu boşluqları doldurmaq, tapıb yerinə qoymaq lazımdır. “Şah arvadı və cadugər” romanı da öyrənilməsi vacib olan məsələlərdən
bəhs edir.
Əsərin əsas surəti Xeyrənisə xanımdır. Romanda demək olar ki, bütün əsas məsələlər
bu obrazın ətrafında cərəyan
edir... Bütün qızlar kimi
onun də gələcək xoşbəxt
həyatı ilə bağlı romantik düşüncələri var. Lakin şah sarayından ona elçi gəlməsi bütün arzularını
alt-üst edir.
O, inadkarlıq edir, şah oğluna ərə getmək istəmir. Lakin atasının “Gələcəkdə
ola bilər ki, bu dövləti
sən idarə edəcəksən” sözlərindən
sonra o, “bal yeyən də ölür, şor yeyən də” qənaətinə
gəlir. Öz sevgi
hisslərini hakimiyyətə
qurban verir. Bununla da onun gələcək
həyat yolu müəyyənləşir. Hələ I Təhmasibin hakimiyyətinin ilk illərindən
başlayaraq hakimiyyəti
türklərin əlindən
almaq, heç olmazsa onu tədricən
farslaşdırmaq üçün
fars əyanları
səy göstərirdilər.
Xeyrənisə xanım da Məhəmməd Xudabəndəyə
məhz bu məqsədlə ərə
verilmişdi. Bu missiyanı
yaxşı dərk edən fars
qızı Qızılbaş
türklərdən intiqam
almaq yolunda bütün vasitələrdən
istifadə edir, onun tapşırıqlarını
yerinə yetirən kişilərə bunun əvəzini cinsi əlaqəyə belə girməklə ödəyirdi.
Xeyrənisə xanımın Qızılbaşlar
sarayındakı fəaliyyətini
İnanc xatunun Atabəy Eldənizlərin
sarayındakı fəaliyyəti
ilə müqayisə
etmək olar. XII yüzildə bu
ərəb qadını
dövlət vəzifələrini
necə ərəbləşdirirdisə,
Xeyrənisə xanım
da türk qızılbaş sarayındakı
vəzifələri farslaşdırırdı
və bu inadkar qadın ölümünə yaxın
bir sıra önəmli vəzifələri
farslaşdıra bilmişdi.
Hər halda bu iş üçün
möhkəm zəmin
qoymuşdu və anasının ölümündən
bir neçə il sonra
hakimiyyətə gələn
I Şah Abbas paytaxtı Qəzvindən
İsfahana köçürməklə
onun arzularını həyata keçirdi. Ali divanın vəkili vəzifəsinə yüksələn
və Mədhi Ülya rütbəsi alan Xeyrənisə
xanım sarayda açıq-aydın türkləri
təhqir edir, onları “aciz qırmızıpapaqlılar” adlandırırdı.
Bu azğın qadın heç kimdən çəkinmədən
sarayda istədiyi adamı yatağına alır, cinsi əlaqəyə girir, hətta öz həmcinsləri ilə belə sevgi oyunları oynayırdı.
Şahın kor, zəlil
və aciz olmasından öz çirkin məqsədləri
üçün bacarıqla
istifadə edən Medhi Ülya bir çox məqsədlərini həyata
keçirdikdə ərə
gedərkən ona cehiz kimi verilən
cadugərdən istifadə
edirdi.
Əlbəttə, ilk baxışda oxucu Xeyrənisə xanımın
bu cadugərlə fəaliyyətinə dodaq
büzə, cadugər
vasitəsi ilə düzələn işlərə
şübhə ilə
yanaşa bilər. Amma gəlin
tarixə nəzər
salaq. Bütün dövrlər üçün
dövlət başçıları
öz saraylarında münəccimlər, öncəgörənlər,
falçılar saxlayırdı.
Məgər müasir dünyada
öncəgörənlər, çevrəsindəkilərin beyninə
təsir edə bilən insanlar yoxdurmu? İndi belə bir sual
meydana çıxır:
Öz çılğınlığına
görə 19 il Qəhqəhə qalasında
dustaq saxlanan və gəncliyi gözləri önündə
puç olub gedən (elə buna görə daha da qəddarlaşan)
İsmayıl Mirzə
şah olandan sonra bütün yaxın qohumlarını öldürdüyü, hətta
onu böyük çətinliklə dustaqlıqdan
azad edən bacısı Pərixan xanımla qəddarcasına
rəftar etdiyi halda niyə qardaşı Məhəmməd
Xudabəndəyə və
övladlarına toxunmadı?
Halbuki, Məhəmməd Xudabəndə
şahın böyük
oğlu kimi hakimiyyətə başqalarından
daha yaxın idi. Vəzir Mirzə Salmanı
isə qətl etdirmək əvəzinə
özünə daha da yaxın etdi.
Əsəri dərindən təhlil
edən professor Nizami Cəfərov də cadugərlik məsələsini
“Yunus Oğuzun təxəyyülünün məhsulu”
hesab edir.
Lakin Xeyrənisə xanım nə qədər güclüdürsə də, şahı oyuncaq kimi əlində istədiyi kimi fırlada bilirsə də, Səfəvi dövlətinin sütunları sayılan Qızılbaş əmirləri daha güclüdür. Onlar istədikləri vaxt bu sütunları sarsıdıb dağıda bilərlər. Şah qızılbaşların tələbi ilə arvadı Mədhi Ülyanın qətlinə fərman verəndə məhz bu amili nəzərə almışdı. Əsərin maraqlı sürətlərindən biri, öncələr Şiraz hakimi, daha sonra isə Səfəvi şahı Kor Məhəmməd Xudabəndədir. Əsərdə o, “gözü pis görən, xəstə, əzgin, öz hayında olan, öz halına yanan” bir insan kimi təsvir olunur. Onu hakimiyyətdən, eyş-işrətdən daha çox dərman və süd içmək, musiqi dinləmək maraqlandırır. “Arvad əlində girinc qalan bu bivec” bütün hakimiyyəti arvadına verib ara-sıra onun hesabatını dinləməyi yetərli sayırdı. I Təhmasib hələ öz sağlığında onu “evdə arvadı ilə bacara bilməyən maymaq” adlandırmışdı. Pərixan xanım surətinə fikir verək. Əsərdə o, hər hansı bir qızılbaş əmirindən daha güclü, daha çılğın təsvir olunur. O, çox təəssübkeşdir. Gürcü qızından olan qardaşı Heydər Mirzə və arvadı fars qızı olan Məhəmməd Xudabəndənin hakimiyyətə gəlişini istəmir. Amma İsmayıl Mirzənin, çılğın və “dəli” olmasına baxmayaraq onun anası türk qızıdır. Ona görə də İsmayılı Qəhqəhə qalasından azad edib hakimiyyətə gətirir. Onun ölümündən sonra isə hakimiyyəti öz əlinə alır. Lakin orta əsrlərin amansız qanunları qadının şah olmasına imkan vermir. Məhz buna görə də qızılbaşlar ondan üz döndərib Məhəmməd Xudabəndənin tərəfinə keçdilər. Sonucda o təkləndi və Mədhi Ülya tərəfindən məhv edildi. Bu inadcıl qız atasının sağlığında bütün dövlət məsələlərində yaxından iştirak edirdi və I Təhmasib onu hakimiyyətə hər üç oğlundan daha layiq bilib, “kaş Pərixan oğlan olaydı” demişdi. Ağa Dərviş Pərixan xanımı təhlükədən xəbərdar edib onu bu işlərdən çəkindirsə də bu inadcıl qız nəinki təhlükədən yan keçir, əksinə, təhlükənin üzərinə yeriyir. Müəllif onu hökmlü, çətin durumdan baş çıxarmağı bacaran bir qadın kimi səciyyələndirir. Lakin qeyd etdyimiz kimi yaşadığı dövr ona öz ideyalarını həyata keçirməyə heç bir şans vermir. Səfəvi şahları şah olmaqdan başqa həm də dövlətin ruhani başçıları idi. Və onlar sufi dərvişlərin ən yüksək rütbəsi olan Şeyxəvənddən daha üstün idilər.
Qızılbaşlara görə Səfəvi şahlarında bir müqəddəslik vardı və onlara qarşı çıxmaq hər iki dünyada məhv olmaq demək idi. Məhz bu səbəbdən də Pərixan xanım “qadınların ümidünə qalan bu xanədandan” heç bir dəstək ala bilmədi. Cadugər isə manqurtlaşan, öz sahibəsinin əmrlərini danışıqsız yerinə yetirən, heyvani bir şəhvətlə Xeyrənisə xanıma bağlanan və bu həyatı cadu etməkdə və Xeyrənisə xanımın yatağında görür. Elə bu heyvani şəhvətdən qopan qısqanclıqla da öncə xanımı, daha sonra isə özünü həlak edir. Romanı oxuyub bitirdim. İndi mən qəti əminəm ki, Yunus Oğuz Səfəvilər dövrü tarixini həmin dövrü araşdıran ixtisaslı bir tarixçidən daha mükəmməl bilir. “Şah arvadı və cadugər” romanı ilə müəllif göstərdi ki, o, Səfəvi tarixinə təkcə xronoloji baxımdan deyil, qızılbaş şahların daxili saray həyatına qədər bələddir. Gənc bir araşdırmaçı olaraq o əsəri əsl bədii əsər hesab edirəm. Əsər bir anlıq da olsa oxucunu heç zaman görmədiyi, təsəvvür belə etmədiyi yad bir aləmə aparır, ona ətrafı unutdurur. “Şah arvadı və cadugər” də məhz belə bir əsərdir. Bundan öncəki əsərlərə nisbətən burada təbiət təsvirləri daha güclüdür, bənzətmələr daha maraqlıdır. Məsələn: “Xəfif küləyin ətrafa səpdiyi qar tozanağı ulduzlar kimi sayrışırdı”.
Yunus Oğuz bütün ürəyi, bütün varlığı ilə bu xalqa, bu torpağa bağlıdır. Elə bu torpağa bağlı olduğu üçün də bu xalq üçün, bu torpaq üçün çox gərəkli işlər görür. Əli bəy Hüseynzadə yazırdı: “Topu yerə atırsan, o, torpağa dəyir, sonra yüksəyə qalxır”. Belə bir qənaətdəyəm ki, doğma torpağına ürəkdən bağlı olmayan bir qələm sahibi bu qədər dəyərli əsər yarada bilməz. Sayğıdəyər alimimiz Nizami Cəfərov “Şah arvadı və cadugər”i ədəbiyyatımıza şöhrət gətirə bilən bir əsər” adlandırmaqda tamamilə haqlıdır.
Bizi daha bir maraqlı əsərlə sevindirən sevimli yazarımıza oxucu şükranlığımızı yetiririk.
Yeqzar Cəfərli
525-ci qəzet.- 2013.- 23 noyabr.- S.19.