Bu işıqlı dünyada... (“Ürəyimdən kimlər keçdi” silsiləsindən)

 

 

 

Şuşa! Bu ad qəlbimdə o qədər şirinli-acılı  xatirələr oyadır, hisslər, duyğular ləpələndirir ki, Şuşalı günlərimin – Şuşalı günlərimizin hansı anını daha çox qabartmaqda çətinlik çəkirəm. Və bu an Şuşa dahi rəssamın çəkdiyi böyük əzəli və əbədi bir tablo kimi gözlərim önündə durur.

Mən Şuşanı hələ lap uşaqkən, kəndimizdə onu görənlərin gözləriylə görmüşəm. Onunla öyünən, fəxr edən doğmalarımın tez-tez işlətdikləri “Qalaya gedirəm”, “Qaladan gəlirəm” kəlmələrinin şirinliyini, məhrəmliyini indi də unutmamışam.

Sonralar – orta məktəbdə oxuyanda bildim ki, babamın, nənəmin dodaqlarında çiçəkləmiş o “Qala” deyilən məkan, sən demə, Şuşa şəhəriymiş.

Ömrümün o çağlarında Şuşa mənim üçün əlçatmaz, ünyetməz bir qalaydı. Halbuki bizim Çəmənli kəndiylə Şuşanın arası çox olsa 45–50 km olardı.

Yaşımın o vaxtında Şuşa qalasını görmək, adı dillər əzbəri olan Cıdır düzündə dayanıb Daşaltı çayına baxmaq, Bağrıqan dağına tamaşa etmək, Topxana bülbüllərinin səsinə qulaq asmaq, İsa bulağının suyundan içmək mənə nağıl qədər şirin, əlyetməz görsənirdi.

Bax elə o zaman hardansa əlimə Firidun Şuşinskinin “Şuşa” adlı nazik, yaşıl üzlü kitabçası keçmişdi. Mən bütün gecəni yatmayıb o kitabı oxumuşdum. O anda da Şuşanı görməyə qəlbimdə şiddətli bir arzu doğmuşdu. Elə bilirdim ki, Şuşanı görməsəm bağrım çatlayacaq. O zaman mənim on yeddi yaşım vardı.

Bir gün sonra bir nəfər uşaqlıq dostumla Şuşaya getdim. “Şuşa” kitabçasını da özümlə götürmüşdüm. Bu kitab şəhərdə bizim ən yaxşı bələdçimiz idi. Kitabda təsvir edilən tarixi abidələri, yerləri görən kimi tanıyır, bəzilərini isə soraqlaşıb tapırdıq. O gün gün əyilənə kimi Şuşanı əric-arğac elədik. Cıdır düzündən Daşaltı çayına tamaşa etdiyim o ilk an, piyada İsa bulağına getməyimiz mənim üçün unudulmaz xatirədir.

O gündən Firidun Şuşinskinin adı mənə doğma və əziz oldu. Sonralar onun “Seyid Şuşinski”, “Cabbar Qaryağdıoğlu” kitablarını oxudum. Azərbaycanın klassik xanəndə və musiqi ifaçılarına həsr etdiyi radio verilişlərinə qulaq asdım. Beləliklə, bir oxucu, bir dinləyici kimi uzaqdan-uzağa Firidun Şuşinskiyə qəlbimdə böyük rəğbət yarandı.

İllər keçdi. O uşaqlıq, yeniyetməlik xatirələrim arxada qaldı. Artıq mənim də mətbuatda yazılarım dərc olunur, radioda verilişlərim səsləndirilirdi. 1982-ci il idi. “Yazıçı” nəşriyyatında klassik ədəbiyyat və folklor şöbəsində redaktor işləyirdim. Bir gün nəşriyyatın direktoru Əjdər Xanbabayev məni yanına çağırdı. Direktorun kabinetinə girəndə gördüm tək deyil. Onun qarşısında iricüssəli, iriəlli bir kişi oturmuşdu, nə barədəsə söhbətləşirdilər. Əjdər müəllim gülümsəyərək mənə müraciət etdi:

– Firidun bəyi tanıyırsanmı?

– Şəxsən tanış deyilik, amma kitablarını oxumuşam, – dedim.

– Bəy istəyir ki, onun kitabının redaktoru olasan. Sənin verilişindən xoşu gəlib.

Həmin ərəfədə radioda “Yadigar səslər” adlı verilişim səslənmişdi. Veriliş yaxşı əks-səda doğurmuşdu. Firidun bəy məhz  həmin verilişi ünvanlayaraq:

– Yaxşı veriliş idi, – dedi. – Savaba batmısan, neçə  müğənninin səsini bizə qaytardın.

– Təşəkkür edirəm, – dedim.

Firidun bəy bir qədər ötkəm səslə cavab verdi:

– Əmioğlu, mənə təşəkkür-zad lazım deyil.

Mən o anda onun səsindəki ötkəmliyin – bozluğun səbəbini anlamadım. Ancaq onu daha yaxından tanıyandan sonra gördüm ki, sərtlik, ötkəmlik Firidun bəyin xarakterindədir.

Mən Firidun bəyin 625 səhifədən, 177 şəkildən ibarət olan “Azərbaycan xalq musiqiçiləri” kitabının əlyazmasını qoltuğuma vurub onunla sağollaşaraq otaqdan çıxdım.

Kitabı çapa hazırlayarkən biz çox tez-tez görüşürdük. Hətta o, Hüseynqulu Sarabski və Aşıq Abbasqulu haqqındakı oçerklərini mənim təklifimlə yazmışdı. Başqa müəlliflərdən fərqli olaraq, hamı ona – Firidun bəy, – deyə müraciət edirdi. Ona Firidun adını da ailələrinə yaxın olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərlinin xatirəsini əziz tutan atası Məhəmməd kişi vermişdi.

Öz zamanına görə Firidun bəyin söhbətləri, tarixi keçmişimiz,  müasir dövrümüz, xüsusən ana dilimizin türk dili olmasıyla bağlı fikirləri çox cəsarətli və sərt idi. Onun mədəniyyətimizlə, musiqimizlə bağlı yığıncaqlardakı çıxışı həmişə irad və tənqid üstündə köklənərdi. Bu da bir çoxlarına  xoş gəlməzdi. Lakin Firidun bəy   öz fikrini dəyişən adam deyildi.

Firidun bəy çox koloritli adamdı. O, baməzə söhbətləri, adıbəlli adamlara ayama  qoşmağı sevən, ünvanlı lətifələr söyləməyə meyilli, inadkar, bir sözlə, özünəxas qabarıq fərdi cizgiləri olan şəxsiyyət idi. O, görünən adam idi. Firidun bəy ixtisasca tarixçiydi, lakin bütün ömrünü xalq musiqisinin tədqiqinə, onun görkəmli nümayəndələrinin yaradıcılıqlarını, talelərini araşdırmağa, sənətlərini təbliğ etməyə sərf etmişdi. Bütün həyatı boyu heç harda işləməmişdi. Özünü bütünlüklə yaradıcılığa həsr etmişdi. Çünki təbiətən çox azad adam idi və heç bir çərçivəyə sığışmırdı. O, uzun illər Sankt-Peterburq, Tbilisi, Bakı, İrəvan arxivlərində axtarışlar apararaq, tariximizlə, musiqi mədəniyyətimizlə bağlı çox zəngin materiallar üzə çıxarmışdı. Klassik  xanəndə və ifaçıların həyat və fəaliyyətləri haqqında ilk dəfə əsaslı tədqiqat aparan, bu sahədə ardıcıl çalışan, Azərbaycan və rus dillərində kitablar çap etdirən də məhz Firidun Şuşinski olmuşdur. O, XX əsrin əvvəllərində intişar tapmış Şuşa, Şamaxı, Bakı, Gəncə musiqi məclisləri, ilk “Şərq konsertləri” barədə silsilə məqalələr yazmışdı.

Firidun bəy  əldə etdiyi nadir fotoşəkillərlə kitablarını bəzəməyi sevərdi. Bu fotoşəkillər onun yazılarını daha da məzmunlu edir, fikirlərinə güzgü tuturdu. Bütün bunların nəticəsi olaraq o özünün zəngin şəxsi arxivini yaratmışdı. Onun mənzili, sözün geniş anlamında, musiqi muzeyi idi... Sağlığında Azərbaycanın çox görkəmli şəxsiyyətləri, musiqiçiləri bu muzeyin tamaşaçıları olmuşdular.

O, “İlk qrammofon valları” adlı məqaləsində Azərbaycan xanəndələrinin səslərini vallara yazmış “Konsert-Rekord”, “Sport-Rekord”, “Ekstrafon”, “Monarx-Rekord”, “Qrammofon- Rekord” və b. səsyazma şirkətlərindən və səslərini vallara yazdırmış xanəndələrdən də söz açıb. Firidun Şuşinski axtarışlardan usanmayan böyük musiqi tədqiqatçısı, arxivşünas idi. Təsadüfi deyildi ki, onun şəxsi muzeyində 300-dən artıq qrammofon valları, XIX əsrə aid 100-dən yuxarı konsert-teatr afişaları, proqramları, 1000-ə yaxın fotoşəkillər vardı. Hətta onun arxivində 1908-ci ildə Almaniyada buraxılmış trubalı qrammofon belə vardı. Yeri gəlmişkən, hələ 1959–60-cı illərdə Firidun Şuşinski radio verilişlərində Azərbaycan xanəndələrinin qrammofon vallarını səsləndirmiş, özünün qeyd etdiyi kimi, 50-dən artıq nadir qrammofon vallarını radionun qızıl fonduna vermişdir. Firidun bəyin bu sahədəki xidməti doğrudan da böyük fədakarlıqdır.

Nə gizlədək, Firidun bəyin  yazdıqlarının heç də hamısı birmənalı qarşılanmayıb. Bəzən onun yazılarını qısqanclıqla, əsəbiliklə qarşılayanlar da olub. Bu qısqanclıqları doğuran, məncə, təkcə müəllifin subyektiv duyğu və düşüncələri deyildi, həm də onun əsərlərinin ünvanlı, sənədli olmasıydı.

Firidun bəy Şərq muğamlarının, onun klassik ifaçılarının vurğunuydu. O, səsləri XX əsrin əvvəllərində qrammofon vallarında əbədiləşmiş xanəndələrin səslərini, oxuma yollarını bütün əlvanlığı, axar-baxarlığı ilə ruhuna köçürtmüşdü. Saf səslər vurğunuydu və ancaq o cür səs sahiblərini təbliğ edirdi. Buna görə də uzun müddət televiziyada aparıcısı olduğu “İfaçılıq sənəti” verilişi ona çoxsaylı tamaşaçı məhəbbəti qazandırmışdı.

Bu gün respublika radiosunda, televiziyasında Firidun bəyin əllidən çox musiqili verilişləri saxlanılır. Bu verilişlərdə nə qədər canlı xatirələr, əsrimizin əvvəllərində vallara köçürülmüş büllur kimi saf səslər əbədiləşibdir.

Firidun Şuşinskinin səsə, sözə bu qədər məhəbbət bəsləməsi yox yerdən deyildi. O, “Qafqazın konservatoriyası” adlandırılan Şuşada dünyaya göz açmışdı (20 oktyabr 1925-ci ildə). Və Şuşanı həyatından artıq istəyirdi. Vaxtilə doğma şəhərindən yazdığı kitaba görə başı bəlalar çəkmişdi. O, 1968-ci ildə rus dilində çap etdirdiyi “Şuşa” kitabında Azərbaycan xalqının qəddar düşməni, daşnak Andronikin törətdiyi vəhşilikləri tənqid etdiyinə görə erməni millətçilərinin qəzəbinə gəlmişdi. Daşnak tör-töküntüləri, hətta Moskvaya şikayət etmişdilər. Mərkəzi Komitə işə qarışmışdı. Kitabın müəllifi qərəzli tənqidə, yersiz hücumlara məruz qalmışdı. Respublikada Firidun bəyi hücumlardan qoruyan, onu müdafiə edən dövlət adamları, alimlərlə yanaşı, yazıqlar olsun ki, ermənilərin dəyirmanına su tökənlər də tapıldı. Ən bağışlanmazı, heyrət doğuranı o idi ki, erməni daşnakları kitabdakı acı həqiqətlərə göz yumaraq vətənpərvər bir alimi öz yurdunda, öz ocağında  incitməyə belə cəsarət etmişdi. Bu acılı olayları da Firidun Şuşinski vətəndaş yanğısıyla qələmə almışdı. Onun daha da təkmilləşdirdiyi, o zaman yazılması yasaq edilən bir çox bəlalı dərdlərimizə, tarixin yaddaşında uyuyan həqiqətlərə daha gur işıq tutan “Şuşa” kitabının bu yeni nəşrində düşmənin hücumları qarşısında müdafiəsiz qalmış müəllifin acı duyğularını ifadə edən bu sətirləri duyan ürəklər üçün nə qədər ağır, ibrətli bir xatirədir.

Müəllif yazır: “Yaxşı yadımdadır. “Şuşa” kitabının üstündə mənim başım nələr çəkmədi?! O zaman ermənilərin əlindən üç il Şuşaya gedə bilmədim. Küçədə, hər yerdə məni daşa basırdılar. Dəfələrlə evimin küçə qapısını və pəncərələrini sındırdılar, telefon xəttini kəsdilər. Bir neçə dəfə mənə sui-qəsd etdilər. O zaman Ermənistanın Zəngibasar rayonunda yaşayan azərbaycanlılar mənə məktub yazaraq xəbərdarlıq edirdilər ki, “məni aradan götürmək üçün mənim başıma 6 milyon pul qoymuşlar”.

Bu işıqlı dünyada Firidun Şuşinskini təkcə daşnaklarmı incitmişdi? Təəssüflə deməliyik ki, yox! Xalq yazıçısı Elçin Firidun Şuşinskinin “Musiqişünasın düşüncələri” kitabına yazdığı “Şərəfli iş” adlı ön sözdə çox incə bir məqamı xatırlamışdır və bu məqam Firidun Şuşinskinin xarakterini, əqidəsini, dönməzliyini isbat edən tutarlı bir dəlildir. Elçin yazır:

“Əllinci illərin lap əvvəlləri (deyəsən, elə 1950-ci il idi), yay ayları idi. Şuşada dincəldiyimiz günlərdən birində atam unudulmaz Fikrət Əmirovu ailəsi ilə birlikdə İsa bulağında məclisə dəvət etmişdi və o zaman lap cavan bir oğlan olan Firidun Şuşinski də bizimlə birlikdə idi. Bu həmin vaxtlar idi ki, Azərbaycan KP MK-nın birinci katibi, iddiası, hikkəsi və imkanının məhdudsuzluğu bu böyük vəzifəsinin belə hüdudlarına sığışmayan Mir Cəfər Bağırov Mərkəzi Komitənin plenumlarından birində Firidun Şuşinskini “millətçi” Nəriman Nərimanova aludə olmaqda ittiham edərək demişdi: “Universitet doşyol do toqo nekiy student Qasanov obratilsya ko mne neznaya kto takoy Narimanov, on zarazilsya “Narimanovşinoy”.

Firidun Şuşinskini tələbəlik illərindən tanıyan mərhum professor Qulu Xəlilov da onun “Seyid Şuşinski” kitabına yazdığı “Ölməzlik...” sərlövhəli ön sözündə onu mərd və qorxmaz adam kimi xarakterizə edərək yazır: “Firidun həm də mərd oğul idi. O, heç nədən çəkinməyən, heç kəsdən qorxmayan, yaltaqları, ikiüzlüləri görməyə gözü olmayan dönməz, mübariz idi.

Təsadüfi deyildir ki, o, Stalinizmin ağır dövründə (1949) Azərbaycan diktatoru Mir Cəfər Bağırova ittihamlı və kəskin məktub yazaraq Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun təmiz adının xalqa qaytarılmasını tələb etmişdir. O zaman Firidunun bu qeyri-adi cəsarəti stalinçiləri lərzəyə gətirmişdi. Mir Cəfər Bağırov çıxışlarının birində Firidunu “millətçi” adlandıraraq onu  Nərimanovçuluqda” ittiham etmişdi”.

Daşnakların Firidun bəyi üç il öz doğma Şuşasına getməyə qoymamağa cəsarətləndirən də, yəqin ki, bizim özümüzün öz cəsarətlilərimizə bu cür münasibətlərimizdən qaynaqlanmışdı.

Ulu öndər Heydər Əliyev “Qətiyyətin təntənəsi” kitabında Firidun Şuşinskinin 1968-ci ildə nəşr olunmuş “Şuşa” kitabından da söz açmışdır:

“...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə də Qarabağın inkişafı üçün az iş görməmişəm. Xüsusilə Şuşaya çox fikir verirdim. 70-ci illərin əvvəllərində biz Şuşanın daha da inkişaf etdirilməsi haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa haqqında bir kitab çıxmışdı. Səhv eləmirəmsə, müəllifi Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya salmışdılar. Xüsusən ermənilər. Təəssüflər ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar. Mənə həmən kitabı çatdırdılar. Oxudum, gördüm ki, kitab yaxşı kitabdı. Düzdür, müəlliflə tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə isə, mən o zaman ermənilərin hücumunun qabağını aldım. Beləliklə də, həmən kitabın taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə dağıldı” (“Qətiyyətin təntənəsi”. Tərtibçi Şakir Yaqubov. “Səhər” qəzetinin nəşri, 1995, səh. 219).

Firidun bəy Şuşasızlığa dözə bilmirdi. Şuşadan danışanda qəzəblənirdi, kövrəlirdi. O, həmin dövrdə xəstə və gərginlik içində olsa da,  Şuşa” kitabı üzərində həvəslə işləyirdi. Əvvəlki nəşrlərdən fərqli olaraq, Firidun bəy “Şuşa” kitabını çox-çox dəyərli faktlarla zənginləşdirib, yeni fəsillər əlavə etmişdi. Kitabda Şuşanın tarixi keçmişi, etnoqrafiyası, oradan çıxmış sənətkarlar barədə  çox dəyərli səhifələr vardır. Kitabın “Dağlarda mübarizə” bölməsini həyəcansız oxumaq mümkün deyildir. Çünki o zaman da daşnaklar  Qarabağ bizimdir” deyib Şuşanın üstünə hücum çəkmişdilər. Lakin o dövrdə təzəcə formalaşan Azərbaycan ordusu düşməni ağır məğlubiyyətə uğratmışdı. Göründüyü kimi, tarix təkrar olunur.

O zaman mən “Gənclik” nəşriyyatının baş redaktoru kimi hörmətli bir alimdən “Şuşa” kitabını redaktə etməsini xahiş etmişdim. Etiraz etməmişdi, ancaq kitabı altı aya redaktə edəcəyini söyləmişdi. Mən onunla razılaşmadım. Çünki Firidun bəy xəstə idi. Tamam əldən düşmüşdü. Buna görə də kitabın tez nəşr olunmasını istəyirdim. Kitabı nəşriyyatın redaktoru Zülfüqar Şahsevənli ilə birgə redaktə etdik. Mən kitaba “Qarabağın tacı” adlı ön söz də yazmışdım.

“Şuşa” kitabını oxuduqca iftixar və təəssüf hissləri adamın qəlbini bürüyür. İftixarla düşünürsən ki, Şuşa bizim onlarca başqa şəhərlərimiz kimi şəriksiz şəhərimiz, halal, müqəddəs, toxunulmaz qalamızdır. Təəssüflənirsən ona görə ki, tarixən əyilməz, alınmaz olmuş Şuşa qalası bu gün düşmən əlindədir. Heç vaxt unutmaq olmaz ki, Şuşa Qarabağın tacıdır. Xalqımız bu müqəddəs tacı yad əllərdən almalıdır və inşallah alacaqdır!

Firidun bəy “Şuşa” kitabının nəşrini necə həsrətlə gözləyirdi. O, kitabın ikinci hissəsini yazmaq istəyirdi. Lakin amansız əcəl ona aman vermədi. Firidun bəyin Qarabağın dərdiylə yüklənmiş nəğməli qəlbi 25 oktyabr 1997-ci il tarixdə əbədi susdu. O bu dünyadan doğma Şuşanın həsrəti ilə getdi. Biz “Şuşa” kitabında tək-tək də olsa, sual doğuran bəzi məqamları, mətləbləri onun özündən soruşub düzəltməyə macal tapmadıq. Daha doğrusu, bir gün bəzi sual doğuran mətləblərə aydınlıq gətirmək üçün Zülfüqar Şahsevənli ilə Firidun Şuşinskigilə getdik. Heyhat! Gecikmişdik. O bizi gülərüzlə qarşılasa da, elə bir haldaydı ki, onu narahat etmək olmazdı. Çünki suallarımıza cavab verəcək halda deyildi.

Bu görüşdən çox keçməmiş Firidun Şuşinski dünyasını dəyişdi. Öz vəsiyyəti ilə Bərdənin Şəhidlər qəbiristanlığında dəfn olundu.

“Şuşa” kitabının ilk nüsxəsi onun ili tamam olanda işıq üzü gördü. Mən sevinc və təəssüf içində kitabı onun yas mərasiminə aparıb oğlu Məhəmmədə təqdim edib bir daha başsağlığı verdim.

15 sentyabr 1998-ci il tarixdə onun “Şuşa” kitabına yazdığım ön sözdəki bir fikri burada təkrar etmək istəyirəm: “Mən inanıram ki, Firidun bəyin “Şuşa” kitabı xalqımızın stolüstü kitabı olacaq. Çünki o kitabda onun yadlar əlində çırpınan füsunkar bir şəhərindən danışılır.

Firidun bəy! Bir gün gələcək biz adına saysız öygülər qoşulmuş, bayatılar deyilmiş qədim vətənimizin bir parçası olan Qarabağa qayıdacağıq! Qayıtmasaq, evinə düşmən ayağı dəymiş Bülbül küsər, Xan ağlayar! Utanardıq Pənah xanın, Xan qızı Natəvanın ruhundan. Qayıtmasaq, Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız olmaz. Yox, biz qayıdacağıq. Və yeddi milyonluq Azərbaycan xalqının həsrətlə gözlədiyi o gün – Qarabağın azad olacağı gün sənin “Şuşa” kitabını Cıdır düzündə başım üstə qaldırıb var səsimlə hayqıracağam: Allah sənə rəhmət eləsin Firidun bəy! Sənin “Şuşa” kitabını doğma Şuşana gətirmişəm”.

Çox təəssüf olsun ki,  bu sözlərin qələmə alındığı gündən nə az, nə çox, on beş il keçsə də, Şuşa yenə də mənfur düşmənin əlindədir. Və mənim Firidun Şuşinskinin “Şuşa” kitabını Cıdır düzündə başım üstünə qaldırmaq istəyim hələ də bir arzu olaraq qəlbimdə qalır. O şanlı, mübarək günü görmək mənə qismət olacaqmı, deyə bilmərəm. Bu, Tanrının iradəsindədir. Allah bizə yar olsun.

Firidun Şuşinskinin kitablarından bəhrələnənlər həmişə olub, bu gün də var, gələcəkdə də olacaqdır. Klassik xanəndələrdən söz açan elə bir müəllif yoxdur ki, onun portret-oçerklərindən, monoqrafiyalarından bəhrələnməsin. Hətta onun kölgəsini qılınclayıb, fürsət düşəndə əməyini, xidmətlərini inkar edənlər belə.

Firidun bəyin  yazıları bəlağətdən, süni heyranlıqdan çox uzaqdır. Onun yaradıcılığı fakta və təhlilə söykənir. Arzu edərdik ki, onun sovetlər dövründə böyük tirajlarla çap olunmuş “Azərbaycan xalq musiqiçiləri” və “Şuşa” kimi dəyərli kitabları (oğlu Məhəmmədin təşəbbüsü ilə onun “Sadıqcan”, “Şərq musiqisinin peyğəmbəri” əsərləri çap olunub) latın qrafikası ilə təkrar nəşr edilsin. Bu gün dövlət səviyyəsində muğama və muğam ifaçılarına verilən yüksək dəyərlər də bunu tələb edir

 

Mustafa Çəmənli

525-ci qəzet.- 2013.- 23 noyabr.- S.15-21.