Dini və milli
tolerantlığın Azərbaycan modeli
“Azərbaycan əsrlər boyu burada yaşayan
bütün millətlərin, bütün dinlərin nümayəndələri
üçün Vətən olub. Biz fəxr edirik ki, bu
gün də müstəqil Azərbaycan çoxmillətli və
çoxkonfessiyalı ölkədir. Burada
bütün dinlərin nümayəndələri,
bütün millətlər bir ailə kimi sülh,
mehribanlıq, qarşılıqlı anlaşma şəraitində
yaşayırlar. Bu, bizim böyük sərvətimizdir,
böyük üstünlüyümüzdür və hesab
edirəm ki, Azərbaycanın uğurlu inkişafında bu
amil də öz rolunu oynamışdır”. Bu fikirləri
31 oktyabr-1 noyabr tarixində keçirilən, 70 ölkəni və
5 mötəbər beynəlxalq təşkilatı təmsil
edən 800 nəfərin, o cümlədən 7 sabiq dövlət
başçısının, 13 Nobel mükafatı
laureatının, dünyanın ən nüfuzlu universitetlərinin
7 fəxri professorunun, 107 görkəmli ictimai-siyasi xadimin,
yüzlərlə tanınmış elm, mədəniyyət
adamlarının iştirak etdiyi Üçüncü
Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində Prezident
İlham Əliyev səsləndirib.
Sözügedən
forum çərçivəsində çağdaş
dünyamızı narahat edən, XXI əsrin 8 əsas
çağırışlarından biri kimi “Multikulturalizm və
özgünlük: cəmiyyətdə dəyər konsensusu
axtarışında” adlı dəyirmi masada
mövzu üzrə müzakirələr aparılıb. Forumun yekun bəyannaməsində isə
multikulturalizm sahəsində bir sıra dövlətlərin,
o cümlədən ölkəmizin uğurları qeyd edilib və
müxtəlif ölkələrin cəmiyyətdə konsensus
əldə olunmasına yönəldilən dövlət siyasətinin
əsas tərkib hissəsi kimi Azərbaycanın
qazanılmış təcrübəsinin öyrənilməsinin
zəruriliyi vurğulanıb.
Tolerantlığın
ən mühüm aspekti – multikulturalizm
Bu gün
dünyada tolerantlıq anlayışının multikulturalizm
məfhumu ilə
paralel işlənməsi təsadüfi deyil. Çünki tolerantlığın mövcud
olmadığı yerdə multikulturalizmdən danışmaq
qeyri-mümkündür. Bunun səbəbini
başa düşmək üçün əvvəlcə
tolerantlığın ən mühüm aspekti kimi qəbul
edilən multikultiralizmin mahiyyətinə varmağımız
lazımdır. Multikulturalizm
anlayışı çox da qədim tarixə malik deyil.
Sözün semantikası ingiliscədən hərfi
tərcümədə “çoxmədəniyyətlilik” (multi
– çox, kulturalizm – mədəniyyətlilik) anlamına gəlir.
Çağdaş alman filosof və sosioloqu Yurgen Habermasa (1929)
görə, multikulturalizmin əsas prinsipi “mədəni həyatın
müxtəlif formalarının bərabər hüquqlarla
yanaşı mövcud olması”, sadə dillə desək,
azlıqla çoxluğun bərabər hüquqlara malik
olmasıdır. İngilis mənbələrinə
və bir sıra Qərb alimlərinin bu mövzuda
apardıqları tədqiqatlara əsaslansaq, multikulturalizm
özündə hansısa ölkədə, eləcə də
bütün dünyada mədəni müxtəlifliyin qorunub
saxlanmasına və inkişafına yönəlmiş siyasəti
və bu siyasəti əsaslandıran ideologiyanı ehtiva edir.
Avropa Birliyi məkanında isə multikulturalizm ötən
əsrin 60-cı illərinin sonlarından xüsusi əhəmiyyət
kəsb etməyə başlayıb. Lakin birliyin söz
sahibi olan ölkələri multikulturalizmi mahiyyətcə
liberal dəyərlərin tətbiqi kimi yox, sözügedən
məkana işçi miqrantların cəlbini nəzərdə
tutan ideologiya olaraq qəbul edirdilər. Avropa
Birliyi isə bir təşkilat kimi bu prosesə dəstək
verərək, dolayısı ilə multikulturalizm adı
altında “açıq qapı” siyasəti yürüdərək
daha çox birliyin iqtisadi mənafeyini qorumaq məqsədi
güdürdü.
Azərbaycan
Prezidentinin Administrasiyasının Xarici əlaqələr
şöbəsinin sektor müdiri, iqtisad üzrə fəlsəfə
doktoru Ərəstü Həbibbəyli “Multikulturalizm: bəşəri
ideya, yaxud Qərb dəyərləri?” adlı məqaləsində
vurğulayır ki, multikultural dəyərlər olmasaydı, heç
böyük bəşər mədəniyyəti də ola bilməzdi. Çünki
müəyyən sərhədlər daxilində təcrid
olunmuş və özünə qapanmış hər
hansı bir mədəniyyət tənəzzülə məhkumdur.
Ə.Həbibbəylinin fikrincə, qloballaşma
dövründə heç bir ölkə multikulturalizmin təsirindən
kənarda qala bilməz: “Günümüzdə
multikulturalizmin böhranı və ya süqutu ilə
bağlı Qərbdə səslənən fikirlər
heç də birmənalı qəbul edilmir. Qərbin
bir ideologiya olaraq baxdığı multikulturalizm bir çox
yerlərdə, o cümlədən Azərbaycanda həyat tərzi
olaraq qəbul olunur. İnsanlar minillər
boyu yaşadıqları çoxmədəniyyətli həyatı
bir zənginlik kimi qəbul edirlər. Multikultural
dəyərləri müxtəlif mədəniyyətlərə,
dinlərə, sivilizasiyalara tolerant münasibət şərtləndirir.
Yalnız tolerant cəmiyyətdə
multikulturalizm mədəniyyətlərin
qarşılıqlı surətdə zənginləşməsinə,
müxtəlif xalqları birləşdirən dəyərlər
sisteminin formalaşmasına səbəb olur. Bu gün Avropa multikulturalizmin məğlubiyyətə
uğradığını qəbul və bəyan edir”.
Alimin qeyd etdiyi kimi, sonuncu fikri hazırda Avropa Birliyinin
Almaniya, Fransa kimi aparıcı ölkələrinin siyasi
liderləri artıq çıxışlarında
açıq-aşkar vurğulayırlar. Fikrimizcə,
multkulturalizmin Avropada və bir çox ölkələrdə
iflasının səbəbi onun yaşam tərzi kimi deyil, məhz
konkret məqsəd güdən ideologiya kimi qəbul edilməsindədir.
Buna görə də hazırda bu söhbətlər
artıq şayiə xarakteri daşımır, daha geniş
miqyası əhatə edir. Bütün
bunlar göstərir ki, dini və milli tolerantlığın,
multikulturalizmin Azərbaycan modeli çağdaş dövrdə
nəinki region ölkələri, ümumiyyətlə,
bütün dünya üçün aktuallıq kəsb etməyə
başlayıb.
Dini-etnik
tolerantlığın və multikulturalizmin Azərbaycan
modelinin mahiyyəti
Bəs, son dövrlərdə həm lokal, həm də
beynəlxalq miqyasda adı tez-tez hallandırılan dini və
milli tolerantlığın, multikulturalizmin Azərbaycan modeli əslində
özündə nəyi ehtiva edir? Bu modelin
üstünlüyü nədir? Bu suallarla
müraciət etdiyimiz AMEA-nın Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun elmi işlər üzrə
direktor müavini, fəlsəfə üzrə fəlsəfə
doktoru Roida Rzayeva Avropa tolerantlığının Azərbaycan
gerçəkliyindəki tolerantlıqdan fərqləndiyini
bildirib. O qeyd edib ki, Avropada tolerantlıq, mutikulturalizm
daha çox haqq, hüquq müstəvisində
özünü qabarıq şəkildə göstərir:
“Azərbaycanda isə bu, həm qanunlar çərçivəsində
işləyir, həm də artıq milli xarakterimizdə
oturuşub. Avropada başqasının haqqı tapdalanmasa da
ona başqası olduğu hiss etdirilir. Amma Azərbaycanda
belə deyil və heç zaman belə olmayıb. Tolerantlıq artıq bizim milli identikliyimizin bir
nüansıdır, amilidir”.
AMEA-nın
sözügedən institutunun şöbə müdiri, fəlsəfə
elmləri doktoru Füzuli Qurbanovun fikrincə, bu gün
artıq beynəlxalq ictimaiyyətin də qəbul etdiyi “dini və
milli tolerantlığın Azərbaycan modeli” ifadəsinin
mahiyyətində müxtəlif xalqların əsrlər boyu
bir arada mehriban yaşamaq təcrübəsi dayanır: “Bu, Azərbaycanda
indi formalaşmayıb, bu artıq ənənədir,
keçmişdən gələn gələnəkdir, cəmiyyətin
yaşayış tərzidir. Ölkəmizdə
müxtəlif adamlar, müxtəlif xalqların nümayəndələri,
fərqli inanc sahibləri real həyatda, təcrübədə
birgə yaşamağın nümunəsini göstəriblər.
Dövlətin rəsmi ideologiyasında da əsrlərdən
gələn bu ənənə möhkəmləndirilib.
Tolerantlıq dövlət siyasətində də
öz əksini tapıb”.
Fəlsəfi
Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə
elmləri doktoru Adil Əsədov isə Azərbaycan
nümunəsini fərqləndirən amilləri belə izah
edib: “Avropa və yaxud qeyri-Avropa tolerantlığının
mahiyyəti odur ki, onlar başqalarına məhz
dözümlülük nümayiş etdirirlər, onlar
münasibətdə demokratik, yaxud mənəvi mövqeni yox,
dözümlülük prinsipini əsas götürürlər.
Yəni “bunlar da insandır” prinsipi ilə
yanaşaraq sadəcə dözürlər. Tolerantlığın Azərbaycan nümunəsində
isə bir-birinə dözmək yox, qarşılıqlı
hörmət amili əsas yer tutur. Çünki
bizdə tolerantlıq anlayışı fərqlidir. Biz sadəcə dözmürük, biz hesab edirik ki,
bütün Azərbaycan vətəndaşları, burada
yaşayan hər kəs bizim həmvətənimizdir,
onların hamısı azərbaycanlıdır. Biz bunu belə qəbul etmişik və edirik”.
Ekspertlərin ümumi rəyi aydındır; Azərbaycanda
mövcud olan tolerantlıq dünyada qəbul edilmiş
tolerantlıq anlayışından xeyli fərqlidir – bu, sadəcə
hüquq müstəvisində qalmaqla yekunlaşmır, bu,
milli özünəməxsusluğumuza çevrilmiş, əsrlər
boyu formalaşmış yaşam tərzimizdir.
Dini və milli tolerantlığın Azərbaycan
modelinin təbliği niyə vacibdir?
Bütün bu deyilənlərdən sonra “dini və milli tolerantlığın Azərbaycan modelinin təbliği niyə vacibdir” sualı qismən cavabını tapmış olur. Çünki tolerantlıq, multikulturalizm Azərbaycanın dövlət siyasəti olmaqla yanaşı, həm də cəmiyyətin altşüuruna oturuşmuş mənəvi məsələdir. Dini və milli tolerantlığın Azərbaycan modelinin təbliği – fərqli dinə və dilə malik insanların təkcə hüquq müstəvisində, qanun çərçivəsində deyil, həm də mənəvi olaraq, sözün tam mənasında qəbul edilməsi, onların mədəniyyətlərinə bütün rakurslardan hörmətlə yanaşılması – bu gün bəşəriyyəti ağuşuna alan, onu təhdid edən humanitar fəlakətlərin miqyasını əhəmiyyətli dərəcədə azalda, o cümlədən sivilizasiyalararası dialoq mühitinin yaxşılaşmasına mühüm töhfə verə bilər. Tolerantlıq, multikulturalizm sahəsində əldə etdiyimiz çoxəsrlik təcrübə və uğurlar dövlət, cəmiyyət olaraq bunu əminliklə söyləyə bilməyimizə əsas verir. Biz dini və milli tolerantlığın Azərbaycan modelini təbliğ etməklə regionda və dünyada sülhün, əmin-amanlığın, bununla da etnik, dini, mədəni multikoloritin qorunmasına dövlət və xalq olaraq öz töhfəmizi verə bilərik.
Multikulturalizm əleyhdarlarına tutarlı cavab
İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı – İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində maraqlı bir ifadə işlədib: “Bugünkü dünyada qeyri-multikulturalizm qəbul edilən məfhum deyil...”.
Əlbəttə, qeyri-multikulturalizmin nə üçün qəbuledilməz olması barədə çoxlu mülahizələr irəli sürmək, ortaya əsaslandırılmış arqumentlər qoymaq olar. Ancaq zənnimizcə, Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışında multikulturalizmlə bağlı səsləndirdiyi fikirlər qeyri-multikulturalizm tərəfdarlarına verilən ən tutarlı cavab sayıla bilər: “Çünki XXI əsrdə multikulturalizmin alternativləri demək olar ki, yoxdur. Bunun alternativi ayrı-seçkilikdir, ksenofobiyadır, rasizmdir, faşizmdir. Mən hesab edirəm ki, XXI əsrdə mütərəqqi bəşəriyyət bu xoşagəlməz meyllərin qarşısının alınması üçün daha da fəal olmalıdır. Əfsuslar olsun, bəzi hallarda biz başqa fikirləri də eşidirik ki, multikulturalizmin gələcəyi yoxdur. Bəzi ölkələrdə isə bu məsələ ilə bağlı çox bədbin əhval-ruhiyyə hökm sürür. Halbuki, dünyanın əksər ölkələrində çoxmillətli cəmiyyətlər mövcuddur və müxtəlif dinlərin, müxtəlif xalqların birgə yaşaması zamanın tələbidir. Bizim də əsas amalımız multimədəniyyətli cəmiyyətlərin inkişafına öz töhfəmizi verməkdən ibarət olmalıdır. Biz bu məsələdə dünyaya müsbət təcrübə göstərməliyik. Çünki Azərbaycanda bu sahədə qazanılan təcrübə müsbət təcrübədir”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 23 noyabr.- S.10.