Aydın bir insan:
Aydın Məmmədov
2014-cü
ilin yanvarında
Aydın Məmmədovun anadan olmasının 70 illiyi qeyd
olunacaq. Sadəcə 47 il yaşayan və faciəli bir şəkildə
ölən
Aydın haqqında düşünəndə nədənsə
ilk öncə iki önəmli dövr, iki önəmli hadisə
yadıma düşür. Birincisi gənclik
illəri – həyəcanlı, ümid dolu, parlaq günlər
xatirələrdə canlanır. Biz ikimiz də
1960-1965-ci illərdə Azərbaycan (indiki Bakı) Dövlət
Universitetində oxuyurduq. Mən Şərqşünaslıq
fakültəsində, Aydın Filologiya fakültəsində
oxusaq da, bəzi “potok” dərslərimizdə
görüşür, dərsdən sonra isə arada bir çayxanaya
gedib dərdləşirdik.
Aydınla bizim tanışlığımızın əsl dostluğa,
qardaşlığa dönməsi isə Moskvada, aspiranturada
oxuduğumuz illərdə oldu.
Mən
1969-cu ilin martında SSRİ Elmlər Akademiyası Asiya
xalqları (sonradan Şərqşünaslıq
) institutunun aspiranturasına daxil olmuşdum. Aydın isə həmin ilin, səhv
etmirəmsə, oktyabr ayında SSRİ Elmlər Akademyası
Dilçilik İnstitutunun Türk Dilləri
Bölümünün aspiranturasına girmişdi.
Yataqxanalarımız bir-birinə yaxın idi – araları 500 metrdən
çox olmazdı. Mən “Akademiçeskaya”
metrosunun yanındakı Aspirantlar mehmanxanasında
qalırdım. Orada aspirantlar üçün
yaxşı şərait yaradılmışdı – hər aspirantın balaca mətbəxi,
hamamı, tualeti olan bir
otaqlı minicik mənzili vardi
(indi o bina otel olub!). Aydın isə Vavilov küçəsində
yerləşən böyük yataqxananın 2-3 nəfərlik
otağında qalırdı. Bu səbəbdən iki il boyunca Aydın, demək olar, hər gün
saat 8-də mənim yanıma gəlir, birlikdə qəhvəaltı
edir, tez-tələsik o zamanki Lenin kitabxanasına qaçırdıq. Məsələ
burasındadır ki, kitabxana açılandan yarım saat
sonra böyük oxucu zalında yer tapmaq mümkün deyildi.
Odur ki, səhər tezdən orada olmalı idik. Saat 4-5-ə qədər orada
işlədikdən sonra , mədəmiz aclıqdan çəkildiyi
zaman (qastrit o illərin bizə “hədiyyəsi” idi!) trolleybusa
minib Qorki küçəsindəki “Bakı”
restoranına gedər, adama bir piti yedikdən, dəmli
çayımızı içdikdən, 2-3 rubləlik
hesabımızı ödədikdən sonra özümüzə
gələrdik. Burada restoran müdirini minnətdarlıqla
xatırlamaq istəyirəm – bizim aspirant olduğumuzu öyrəndikdən
sonra o, bizə iki nəfərlik masa
ayırmış, xidmətçilərə də diqqətli
olmalarını tapşırmışdı.
Axşamları aspirantlar bəzən bir araya gəlib,
gördüyümüz işlərimizdən, siyasi vəziyyətdən,
vətənlə bağlı gördüklərimizdən-eşitdiklərimizdən
danışardıq. Onu da deyim
ki, o illər Moskvada Azərbaycandan gələn çox
sayıda aspirant təhsil alırdı. Elə bizim Aspirantlar
mehmanxanamızda gələcəyin
tanınmış elm adamları – Arif Məmmədov, Oqtay Məmmədov,
Hafiz Paşayev, Fuad Quliyev və başqaları yaşayırdı.
Bu söhbətlər zamanı aspirant
dostlarımız – bioloqlar, fiziklər, iqtisadçılar və
başqaları iki humanitar elmin təmsilçisi olan
Aydınla mənə tariximizlə, soykökümüzlə,
türkologiya ilə bağlı çoxlu suallar verirdilər.
Daha çox da onları belə məsələlər
maraqlandırırdı – “biz kimik? hardan
gəlmişik? millət kimi necə
formalaşmışıq? 1918-1920-ci illərdə
nələr baş verib?”
Doğrusunu deyim ki, o illərdə biz bu suallara
doğru-dürüst cavab verəcək dərəcədə
məlumatlı deyildik. Oxuduğumuz universitetdə belə məsələlərə
toxunulmurdu, daha doğrusu, toxunmaq qadağan idi. Ancaq şərqşünasların
başqa fakultələrdə oxuyanlardan bir
üstünlükləri vardı – onlar bir neçə dil
bilirdilər, bu da
sovet elmi və ideologiyasından başqa qərbdə
və şərqdə inkişaf etmiş elmlə, formalaşmış
ideya və ideologiyalarla da tanış olma imkanı verirdi. Təsadüfü
deyil ki, XX əsrin
60-cı illərindən sonra Azərbaycanda başlayan milli hərəkat
öncüllərinin bir çoxu Şərqşünaslıq
fakultəsinin məzunları idi.
İşlədiyim
mövzuyla bağlı olaraq Şərqşünaslıq İnstitutu Lenin
kitabxanasına məktub göndərərək, mənə
“spesxran”dan – yəni qapalı, yasaq kitablardan faydalanmaq
üçün icazə verilməsini xahiş etmiş və
bu da mənə xaricdə çap olunan yasaq kitablarla, jurnallarla tanış
olma imkanı yaratmışdı. “Spesxran”ın yerləşdiyi məkana
xüsusi buraxılışla girilirdi. Oradan
kitab çıxartmaq qəti qadağan idi. Bir neçə ay mən “spesxran”da dissertasiyanın
mövzusundan daha çox, Azəbaycan tarixi, azəri türklərinin
etnogeneziylə bağlı əsərləri, Azərbaycan
Demokratik Cümhuriyyətin liderlərinin yazılarını
oxumaqla məşğul idim. Hər öyrəndiyim
yeni fikirləri, düşüncələri, məlumatları
da Aydınla paylaşırdım. Həyəcanlı,
duyğulu insan olan Aydın, o kitablardan heç olmasa birini
oxumaq üçün bir neçə
saatlığına“spesxran”dan çıxarmağımı təkidlə
istəyirdi. Nəhayət bir gün orada işləyən
bir xanımın köməyi ilə M.Ə.Rəsulzadənin
bir kitabını “spesxran”dan çıxardıb, ümumi
zalda işləyən Aydının yanına gəldim və
birlikdə kitabı oxumağa başladıq. 2-3 saatdan sonra
bir neçə sıra irəlidə oturan Hafiz Paşayev bizə
yaxınlaşdı, oxuduğumuz kitaba baxdıqdan sonra:
“İndi başa düşdüm, siz nə
üçün fasiləsiz
işləyirsiniz”, – dedi. Bir
yerdə uzun müddət otura bilməyən
Aydının bir neçə
saat qımıldanmadan, acgözlüklə o kitabı
oxumağı indi də gözümün qabağındadır.
Onun bir ziyalı kimi, bir alim kimi formalaşmasında o illərdəki Moskva
mühitinin çox böyük etkisi olmuşdu.
Aydın
olduqca istedadlı
bir dilçi-alimdi. O dissertasiya yazmaq
üçün asan
mövzu yerinə
tamamiylə yeni və orijinal
mövzu – “Türk dillərində samitlər: anlaut və
kombinatorika” temasını seçmişdi. Elmi rəhbəri
tanınmış türkoloq Ervand Sevortyan idi. Mövzuyla
əlaqədar olaraq onun elmi rəhbəriylə tez-tez
dartışmaları olurdu. Hətta bir dəfəsində Sevortyan Aydının elmi rəhbəri
olmaq istəmədiyini bildirmişdi. Mənimlə çox gözəl
münasibəti olan Dilçilik İnstitutunun Türk Dilləri Bölməsinin
müdiri Əthəm Tenişevin yanına gedərək, gərdinliyi
aradan qaldırmasını xahiş etmiş, o da, sağ olsun,
bu məsələni həll etmişdi. Bu
anlaşmazlıq üzündən Aydın vaxtında işi
tamamlaya və müdafiə edə bilmədi. Bunun bir başqa səbəbi də vardı. Aydın hər
şeylə maraqlanan bir
insandı. Oxuduğumuz illərdə bir ara
bütün işləri kənara qoyub, kibernetikayla məşğul
olmağa başlamışdı.
Bu aludəçilik onun xarakterinin ayrılmaz bir hissəsiydi. Sonraları şumerlərlə,
“günəş teoriyası” ilə, daha sonraları siyasətlə,
televiziya aparacılığıyla
və başqa işlərlə məşğul
olmağa başladı. Mən inanıram ki, bu
dağınıqlıq, aludəçilik olmasaydı,
istedadının əsas hissəsini dilçiliq sahəsinə
yönəltsəydi
Aydın çox böyük dilçi-alim
olardı. Bunu üzülərək deyirəm, çünkü
onun elmi potensialının, istedadının, ümumiləşdirmə
qabiliyyətinin dəfələrcə şahidi olmuşam. Bunu da başa düşürəm ki, insan bəlli
bir xasiyyət, xarakter koduyla dünyaya gəlir, onunla da
dünyadan köçür.
Mən 1968-ci ilin axırlarında müdafiə edib,
oxuduğum Şərqşünaslıq İnstitutunda işə
başladıqdan sonra balaca bir mənzil kiraladım və
Aspirantlar mehmanxanasını tərk etdim. Bir müddətdən
sonra Aydın da Bakıya qayıtdı. Beləliklə hər
ikimizin həyatında
yeni dönəm başlamış oldu. Əlaqələrimiz
, əlbəttə, zəif də olsa, davam edirdi –
aradabir məktublaşırdıq, Bakıda olanda
görüşürdük. Hər ikimizin də
dostu olan Elçinin 70-ci illərdə mənə
yazdığı məktublarından, başqa yaxın
insanlardan Aydının vəziyyətiylə əlaqədar
aldığım xəbərlər çox
üzücüydü. Bəzi yaramaz
“dostları” onu içkiyə
alışdırmışdı.
Aydınla
bağlı ikinci unudulmaz hadisə 70-ci illərin sonlarında baş
vermişdir. 1970-ci
illərin axırıydı. 3 il Türkiyədə
işlədikdən sonra Moskvaya dönmüş və məzuniyyətimi
vətəndə keçirmək üçün Bakıya gəlmişdim.
Bir gün evə getmək üçün 8 nömrəli
trolleybusa mindim. Arxa oturacaqda bir adam uzanıb
yatmışdı. Əvvəlcə fikir vermədim. Bir müddətdən sonra dönüb bir daha
baxdığımda, yatan adamın Aydın olduğunu
gördüm. Heyrətimdən məni tər
basmışdı. Tez yanına getdim,
oyandırmağa çalışdım. Trolleybus bizim
dayanacaqda durduğu zaman, çox çətinliklə
yanındakı çantasını da alaraq, Aydını
aşağı endirdim, belindən qucaqlayaraq bir təhər
bizim evə tərəf aparmağa başladım. Aydını bu halda
görən anam təlaş içində onu divana uzatdı,
limonlu çay içirtdi. Bir neçə
saat yatdıqdan sonra Aydın ayılıb özünə gəldi.
Etiraf edim ki, Aydının bu halı mənə olduqca
pis təsir etmişdi. Göz görə-görə dostumuz əldən gedirdi. Nə isə etmək
lazımdı.
Sabahısı günü o zaman Azərbaycan Yazıçılar
İttifaqının katibi olan Elçinin yanına getdim,
olayı ona danışdım. İkimiz də
çox pərişan idik. Və ikimiz də
eyni qərara gəldik – məcburi də olsa Aydını
müalicə etdirməliydik.
Elçin, sağ olsun, Bayıldaki bir xəstəxananın
baş həkimiylə danışdı, ailəsinin izniylə
Aydın xəstəxanaya yerləşdirildi. Şəkidən
başı alovlu gələn atası Mirsaleh kişinin
dualarıyla Aydın yenidən normal həyata döndü və
ən qiymətlisi də, yenidən bir alim kimi, ədəbiyyatçı
kimi, ictimai-siyasi xadim kimi, redaktor kimi Azərbaycan mədəniyyətinə,
ictimai düşüncəsinə
yeniliklər gətirən bir ziyalı, aydın kimi fəaliyyətə
başladı.
80-ci illərin
əvvəllərində mən
Sovet Türkoloqlar Komitəsinin sədr müavini
seçildikdən sonra Komitənin
sədri Andrey Nikolayeviç Kononov, SSRİ EA və Azərbaycan
EA ortaq orqanı olan “Sovetskaya Türkologiya” jurnalının
baş redaktoru SSRİ EA
müxbir üzvü Əthəm Tenişev Bakıda nəşr edilən bu yeganə
ümumittifaq jurnalın koordinasiya işlərini də mənə
tapşırmışdılar.
Məsələ burasındadır ki, Bakıda
yaşayan baş redaktorun birinci müavini o illərdə jurnalın fəaliyyətini
faktiki olaraq təkbaşına yönləndirirdi. Bu səbəbdən
jurnal istənilən
səviyyədə çıxmırdı, hətta Sovet
Türkoloqlar Komitəsinin bəzi üzvləri onun Moskvaya
köçürülməsini təkidlə təklif edirdilər. Mən Bakıya ezam
olundum, “Sovetskaya Türkologiya” jurnalındakı durumu incələdikdən
sonra bir neçə maddədən ibarət təklflər
hazırladım və Komitəyə təqdim etdim. Bu təkliflərdən biri də beləydi:
jurnalda daha çox dilçilik problemlərinə yer verildiyi
nəzərə alınaraq baş redaktorun birinci müavini
dilçi-alim olsun və bu vəzifəyə də Aydın Məmmədov
təyin edilsin. Bəzi Komitə üzvləri, Aydının aspiranturada
oxuduğu zaman baş vermiş
xoşagəlməz hadisələri, 70-ci illərdəki vəziyyətini yada salaraq onun namizədliyinə
ciddi etiraz edirdilər. Uzun dartışmalardan sonra A.N.Kononov və
Əthəm Tenişevin dəstəkləriylə Aydın jurnalın birinci
müavini təyin olundu.
Aydının
gözəl təşkilatçılığı və
redaksiya heyətinin aktiv fəalliyyəti nəticəsində
“Sovetskaya Türkologiya” jurnalının işində çox önəmli dəyişikliklər
baş verdi və qısa zamanda nəinki Sovetlər
İttifaqında, hətta dünyada türkologiya sahəsində
olduqca mötəbər bir elmi jurnala çevrildi. Lui Bazen,
İren Melikoff, Həsən Eren kimi dünyaca ünlü şərqşünaslar
elmi məqalələrini çap olunmaq
üçün jurnala göndərirdilər.
1988-ci ildə
“Kitabi Dədə Qorqud”a həsr olunmuş
ilk sovet-türk kollokviyumunun uğurlu keçməsində də
Aydının rolu böyük olmuşdu. Bu haqda dəfələrcə
yazmağıma
baxmayaraq, bir daha bunu qeyd etmək istəyirəm.
80-ci illərin axırlarında Aydın həyatının
ən aktiv dövrünü yaşamışdı. Faciəyə qədərki
son 3 ildə o, jurnala rəhbərlik etməklə bərabər
Tərcümə Mərkəzinin müdiri, Azərbaycan SSR
Ali Sovetinin deputatı, Milli hərəkatın liderlərindən biri, alovlu televiziya tribunu kimi fəaliyyət göstərmiş
və gördükləri
işlərlə də Azərbaycanın
ədəbi və siyasi həyatında, yeni ictimai
şüurun formalaşmasında
önəmli rol oynamışdır.Aydın Məmmədovun adı, heç şübhəsiz,
unudulmaz insanlar siyahısında daima yaşayacaqdır.
Tofiq Məlikli
525-ci qəzet.- 2013.- 23 noyabr.- S.22.