Üzeyir Hacıbəyli
dühasının təntənəsini əks etdirən qiymətli
eksponatlar
Azərbaycan bəstəkarlarının bayraqdarı
Üzeyir Hacıbəylinin
ev-muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Ev-muzeyini hər il
minlərlə insan ziyarət edir. Bu illər ərzində
muzeyin şöhrəti
tək Azərbaycanda deyil, eləcə də ölkəmizin hüdudlarından kənarda
geniş yayılıb.
Buraya, demək olar ki, dünyanın hər yerindən qonaqlar gəlir. Muzeyin rəy kitabına 40-dan artıq dünya xalqlarının dilində
yazılmış hərarətli
ürək sözləri
bu deyilənlərə
əyani sübutdur.
Musiqisevərlər bəstəkarın ev-muzeyini məbəd adlandırırlar. Bu gün biz dahi bəstəkarın ev-muzeyini
yalnız eksponatların
qorunub saxlandığı
yer deyil, elmi-tədqiqat müəssisəsi,
maarifçilik məktəbi
adlandırsaq, yanılmarıq.
Yüzlərlə gənc alim,
tələbə, Üzeyir
bəyin irsinin tədqiqatçıları buraya
gələrək muzeyin
zəngin fondundan, kitabxanasından, fonotekasından,
videodisklərindən istifadə
edirlər.
Muzeydə vaxtaşırı müxtəlif
mövzularda tədbirlər
keçirilir, tematik sərgilər təşkil
edilir. Burada təkcə Üzeyir
Hacıbəylinin deyil,
eləcə də digər görkəmli musiqi xadimlərinin yubileyləri, xatirə günləri, müasir yazıçıların, alimlərin
kitablarının, traktatlarının
təqdimat mərasimləri
keçirilir. Bütün bu
tədbirlər videolentə
alınır, fotoşəkillərdə
əbədiləşir və
həmin materiallar da muzey fonduna
təhvil verilərək
fondun daha da zənginləşməsinə
səbəb olur.
Muzeyə
gələn qonaqlar ekspozisiya zalları ilə tanış
olarkən, Üzeyir Hacıbəylinin həyat
və yaradıcılığı
haqqında mühazirələri
dinləyərkən onları
bəstəkarın ölməz
musiqisinin həzin sədaları müşayiət
edir. Ekspozisiya otaqlarının alt qatında konsert və kino zalları
yerləşir. Konsert zalında
mütəmadi olaraq Bakı musiqi, incəsənət məktəbi
şagirdlərinin hesabat
konsertləri təşkil
edilir. Bu konsertlərin proqramı Üzeyir Hacıbəyli və onun tələbələri
olmuş bəstəkarların
əsərləri əsasında
tərtib edilir. Konsert zalında, eləcə də vaxtaşırı muzeyin tədbirlərinə
dəvət olunmuş
professional musiqiçilərin, vokalçıların ifaları
dinlənilir. Kino zalında isə qonaqlar “Azərbaycanfilm”kinostudiyasında
müxtəlif illərdə
çəkilmiş, böyük
bəstəkarın həyat
və yaradıcılığına
həsr edilmiş sənədli filmlərə
və onun əsərləri əsasında
lentə alınmış
filmlərə tamaşa
edirlər. Qeyd edək
ki, bütün bu filmlər yeni videokasetlərə köçürülərək müasir kinoproyektorlar vasitəsilə nümayiş
olunur.
Vaxtaşırı müxtəlif radio, televiziya
kanallarının əməkdaşları,
qəzet, jurnal müxbirləri muzeyə gələrək buradan maraqlı verilişlər,
mətbuat materialları
hazırlayırlar. Muzey, demək
olar ki, tez-tez çəkiliş meydançasına çevrilir.
Bakı kinostudiyalarının əməkdaşları
müvafiq bədii və sənədli filmlərin çəkilişi
üçün muzeyə
müraciət edirlər.
Bütün bu işlərdə
muzey əməkdaşları
onlara yaxından kömək edir, çəkilişlərin uğurlu
alınması üçün
əlverişli şərait
yaradırlar.
Muzeyin elmi işçiləri isə
arxivlərə, kitabxanalara,
əlyazmalar fonduna, müxtəlif muzeylərə
gedərək Hacıbəylilər
irsinin arşdırılması
işini davam etdirir və əldə olunan yeni materiallar, informasiyalar barədə dövri mətbuatda maraqlı yazılarla çıxış edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, muzeyin fondu
daim müvafiq qəzet, jurnal materialları, yeni kitablar, əşyalar, əlyazmalar, müxtəlif
sənədlər , afişalar, proqramlar, audio, videolentlərlə
zənginləşir.
Son zamanlar da fondumuza yeni materiallar daxil edilib. Bildiyimiz kimi, bu il oktyabr ayının 25-də
Üzeyir Hacıbəylinin
“Arşın mal alan”operettasının
100 yaşı tamam oldu. Bu münasibətlə
muzeyimizdə əsərin
100 illik səhnə həyatını əks etdirən geniş sərgi tərtib edildi. Bu ölməz
əsərə həsr
olunmuş “Əsrləri
fəth edən “Arşın malçı”adlı
konfrans keçirildi.
Oktyabrın 25-də isə muzeydəki
tədbirə dəvət
olunmuş qonaqlar çıxışçıları dinlədikdən sonra Musiqili Teatrın aktyorlarının ifasında
bu bənzərsiz operettadan fraqmentlərə
tamaşa etdilər, ariyalar dinlədilər.
Yubiley ərəfəsində bu
əsər dünyanın
bir çox səhnəsində – Simferopolda,
Novosibirskdə, Qazaxıstanda,
Türkiyədə, Astanada,
Fransada, Los-Ancelesdə,
Belorusda, elə Azərbaycanımızın özündə
böyük uğurla
tamaşaya qoyuldu. Bu gün həmin ölkələrdə tamaşaya
qoyulmuş “Arşın
mal alan”ın afişaları, bukletləri,
bannerləri, proqramları
muzeymizə daxil olmaqdadır. Belə ki, 7 sentyabr 2013-cü il tarixində Los-Ancelesin “Dorothy Chandler Pavilion” opera teatrında “Arşın
mal alan”ın nümayişi
zamanı teatr zalının giriş hissəsində divara vurulmuş irihəcmli
banner və tamaşaçılara
təqdim edilmiş Azərbaycan musiqisi və mədəniyyəti
haqqında məlumatı
özündə əks
etdirən proqram nümunələri, Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
muzeyimizə təhvil
verildi. Bu əşyaların
içində irihəcmli
banner xüsusilə diqqəti
cəlb edir. Bannerin üzərində Azərbaycanın
qədim sarayları, bu sarayların ornamentlərlə işlənmiş
tavanları, divarları,
vitrajları diqqəti
çəkir.
Proqram-bukletlərdə isə əsərdə iştirak etmiş aktyorların adları, fotoşəkilləri ilə
yanaşı Bakının
qədim İçərişəhərinin
qala divarları, Opera və Balet Teatrının
fasadı və müasir Bakının digər görüntüləri
öz əksini tapıb.
Bunlardan
əlavə, muzeyə
“Arşın mal alan”ın Fransada –
Paris 17 sentyabr 2013-cü il
tarixli tamaşasının
proqram-bukletləri də
daxil olub. Türkiyədən muzeyimizə
gətirilmiş bukletdə
isə “Arşın
mal alan” operettasının
həm Bakıdakı
premyerasının (25 oktyabr
1913-cü il), həm
Ankara şəhərindəki premyerasının tarixi
(26 yanvar 1985-ci il ), həm
də 27 oktyabr
2013-cü ildə Ankaradakı
tamaşası haqqında
yazı, müasir aktyorların, səhnələrin
fotoşəkilləri ilə
yanaşı keçmiş
tamaşalardan da fotoşəkillər dərc
edilib. Bu bukletdə hətta 1925-ci ildə Parisdə ilk dəfə tamaşaya qoyulmuş “Arşın mal alan”ın
afişasına da rast gəlmək olar. Bukleti muzeyimizə
Azərbaycan Dövlət
Opera və Balet Teatrının baş rejissoru, Türkiyə səhnəsində “Arşın
mal alan”a quruluş vermiş Hafiz Quliyev təqdim edib.
Dünyanın dörd qitəsini gəzmiş bu misilsiz operetta bu gün də dünya ölkələrinin
səhnələrini fəth
etməkdədir. Qeyd etmək yerinə
düşər ki, Belorusun paytaxtı Minskin Musiqili Teatrında bu əsər dörd ildir, repertuardan düşmür. Bir
sözlə, əsər
100 il bundan
öncə olduğu kimi bu gün
də dünya şöhrətini qoruyub saxlamaqdadır. Onilliklər
də keçəcək,
28 yaşlı gənc
Üzeyir bəyin qələminin məhsulu olan “Arşın mal alan” heç
zaman öz təravətini itirməyəcək,
azərbaycanlıların, eləcə
də dünya xalqlarının musiqisevərlərinin,
sevib-sevilənlərinin qəlbini
hər zaman riqqətə gətirəcək.
Bu barədə fikirlərimizin
yekunu kimi deyə bilərik ki, cari il musiqisevərlərin
yaddaşına 100 yaşlı
gənc “Arşın
mal alan”ın dünya
səyahəti ilə
həkk olundu. Bu isə Üzeyir
bəyin musiqisinin bəşəriyyət tarixində
özünəməxsus yeri
olduğunu bir daha sübut etdi.
Bunlardan əlavə, son aylar muzeyimizə bir çox kitablar, disklər də daxil olub. 1907-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində çıxan, Üzeyir Hacıbəylinin tərtib etdiyi “Russko-Tatarskiy i Tatarsko-Russkiy slovarğ” adlı lüğətdə XX əsrin əvvəllərində, həmin dövrün mətbuatında tez-tez istifadə edilən siyasi, hüquqi, iqtisadi, hərbi və digər sahələri əhatə edən 1150 söz və terminin tərcüməsi, onların bir çoxunun izahı verilib. 2013-cü ildə bu kitab filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva tərəfindən transfonoliterasiya edilərək nəşr olunub. Kitabın elmi məsləhətçisi və ön sözünün müəllifi filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov, elmi redaktoru filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, rəyçisi isə əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcovdur. Eləcə də BMA-nın professoru, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənovanın 2012-ci ildə çapdan çıxmış “Azərbaycan musiqisinin məqamları”, sənətşünaslıq doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Zemfira Səfərovanın avtoqrafla muzeyimizə bağışladığı “Muzıkalğnaə nauka Azerbaydjana (XIII-XX veka)” adlı kitabı, akademik Nailə Vəlixanlının elmi redaktorluğu ilə 2010-cu ildə çap edilmiş “Azərbaycanın Paris sülh konfransındakı elçiləri” adlı kitab, Fərhad Bədəlbəyli ilə Tərlan Seyidovun tərtib etdikləri “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı” adlı proqram muzeyimizə son zamanlar daxil olmuş dəyərli hədiyyələrdir.
Noyabr ayının 23-də dünya şöhrətli bəstəkarın əbədiyyətə qovuşmasının 65-ci ildönümü tamam olur. Həmin gün ev-muzeyinin əməkdaşları onun məzarını ziyarət edərək, xatirəsini bir daha anacaqlar. Respublikamızın musiqi ictimaiyyəti isə onun ev-muzeyinə toplaşaraq, dühası ilə xarüqələr yaratmış bu insanın misilsiz musiqisini dinləyəcəklər. Fürsətdən yararlanaraq, həmin gün üçün musiqisevərləri bəstəkarın ev-muzeyinə, onun ecazkar musiqisindən bir daha zövq almağa dəvət edirik.
Gülnarə
ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin Ev-muzeyinin
Ekspozisiya şöbəsinin müdiri
525-ci qəzet.-
2013.- 23 noyabr.- S.16.