“Yanar bu kədərə dərə də,
dağ da”
(“Dünya, səndən kimlər
keçdi” silsiləsindən)
Belə
bir şair vardı: Tahir Qurban. Ədəbi aləmdə
şimşək kimi çaxdı və sonra daha
görünmədi. 1977-ci ildə “Ulduz”
jurnalında onun bir neçə şeiri çap olundu və
bu şeirlərlə Tahir qısa bir müddətdə
sensasiya yaratdı. Vəssalam..Sonra Tahir
Qurbanın imzasına heç yerdə rast gəlmədik.
İxtisasca həkim idi. Amma
özünə də amansızcasına divan tutdu, xəstəliyinin
qarşısını almadı və 2003-cü ildə, əlli
altı yaşında dünyasını dəyişdi.
Onu altmışıncı illərdən tanıyırdım. Masallıda, şəhərin mərkəzindəki kitabxanada rəhmətlik Vaqif Hüseynovun rəhbərliyi ədəbi dərnək təşkil olunmuşdu. Mən də, Tahir də məktəbli kimi o dərnəyə gəlib-gedərdik. Amma o, çox nadir hallarda şeir oxuyardı. Oxuyanda da dərnək üzvləri utanardılar ki, niyə belə gözəl şeirlərin yanında zəif, çiy şeirlər oxuyurlar...
Mən ona istedadlı və bənzərsiz şair deyirəm. Və onun on-on beş şeiri (əlimə keçənləri) olsa da, elə bunlar onun poetik təfəkkürünün özünəməxsusluğundan söz açmağa imkan verir. İstəmirəm ki, dediklərim havadan asılı qalsın. Öncə onun “Buhenvald..Salasrils..” şeiri ilə tanış olaq. O illərdə bu mövzu çox dəbdə idi, amma Tahir Qurbanın şeiri son dərəcə orijinal idi. Şeir başdan-ayağa metaforalar, bənzərsiz təşbihlər üzərində qurulmuşdu.
Burda
günəş doğa, daşa nur indi,
Ürəklər tənhalıq adası kimi.
Bu yerdə
kölgələr düşünün indi,
Düşünür Hamletin atası kimi.
Palıdlar
daş kimi donub yerində
Torpağa qıyıblar, daşa qıyıblar.
İtkin
doğmaların sümüklərində
paslı
mərmilərdə
bala
qarışqalar yuxulayıblar.
Bir isti
yara tək açılıb səhər,
Meşə ağrıların gileylərindir.
Soyuq qəbirlərdən
qalxıb ölülər
Uzaq
obaların ocaqlarında
Donmuş
əllə
rini
isidir indi.
Yumsan
gözlərini, titrəyər ürək
Güllələr açılar hardasa min-min.
Yaralı
igidlər nar ağacı tək,
Gözünün içində çiçəklər
sənin.
Kiminsə
qəlbində qışqırıb qanı,
Ulduzlar
gözünü birdən qıyıblar
.
Bir durna qatarı yol azıb donar,
Yetim anaların qolları üstə.
Burda
günəş doğa, daşa nur indi,
Sular zəmilərin xatası kimi.
Bu yerdə
kölgələr düşünür indi,
Düşünür Hamletin atası kimi.
İstəmədim
bu şeirdən yarımçıq misal gətirim,
bütöv təqdim elədim ki, özünüz bu
şeirin poetik gözəlliyilə tanış
olasınız. Yetmişinci illərdə
yazılıb bu şeir, o illərin yenilikçi ruhu ilə qələmə
alınan nümunələrindəndir. Bizim novator
şairlərimiz öz şeirlərində belə ələ,
dilə gəlməyən metaforalarla, təşbihlərlə,
təzadlarla oxucuları diksindirərdilər və maksimum dərəcədə
şablondan, məlum stereotiplərdən qaçardılar
–Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu,
İsa İsmayılzadə, Ələkbər Salahzadə, Məmməd
İsmayıl, Nüsrət Kəsəmənli, Tofiq Abdin,
Camal Yusifzadə, Ramiz Rövşən, Vaqif Bayatlı
kimi...Tahir Qurban da bu poetik zəmində yetişib
formalaşmışdı.
Tahir Qurban müasir Azərbaycan şeirinin “fikir
poeziyası” deyilən bir cərəyanın nümayəndəsi
idi, onun şeirləri düşünən, dünyaya tamam fərqli
bir baxışla boylanan şairin qələmindən
çıxıb. Amma bu düşünən insan həm də
başdan-ayağa hiss, həyəcan, duyğular əsiri idi. Fikirləşirsən ki, bir-birindən tutumlu və
sərrast deyilən bu poetik obrazlar hardan gəlir? Tahir bunları düşünərəkmi
yaradır, yoxsa əvvəlcədən hazırdı beyində?
O,
şeirlərində təbiəti gözlənilməz
metaforalarla elə təsvir edirdi ki, buna yalnız heyrətlənirdin
və poetik yükü dopdolu misraları, ayrı-ayrı bəndləri
oxuduqca dahi Füzulini xatırlayırdı. Budur, “Gecə qar yağır”
şeirindən bir parçaya diqqət edin:
Gecəyə
qar yağır-ay işığı tək,
Göylər əriyibdir, dağlar enibdir.
Qara itimiz
də ləpirləriylə
Bizim qapımıza zəncirlənibdir.
Dərə
qəribsəyir, dağ qəribsəyir,
Gileylər, mahnılar sıxır qəlbimi.
Gecə
qar yağanda yata bilməyir,
Kədərli Çaplinə oxşayan meşə.
Yağır
meşələrin ağ susuzluğu
Uzaq dərələrdə uyuyub külək.
Taxta
çarpayıya yuxusuzluğum
Sərilib, əzilmiş döşəkağıtək.
“Ulduz” jurnalında, eləcə də “Azərbaycan”da
beş-on şeiri çap olundu və Tahir Qurban daha
redaksiyalara üz tutmadı. İllər
keçdi, gözləyirdik ki, o, yenə şeirə
qayıdacaq, amma qayıtmadı. Doxsanıncı
illərdə mən Masallıda çıxan “Qala” qəzetində
“Hardasan, Tahir qurban?” adlı bir yazı çap elətdirdim.
O yazıda Tahiri yaxşı tanıyan, onun istedadını
yüksək qiymətləndirən bir neçə şairik
ürək sözlərini də təqdim etmişdim. Onları bir daha təkrar edirəm.
Ələkbər
Salahzadə: Tahir son dərəcə istedadlı şairdir. Amma hansı səbəbdənsə şeiri
atıb. Belə istedadlar meydandan çəkiləndə,
istedadsızlar mütləq meydan sulamalıdırlar. Qəzet və
jurnallar üzünü sensasiya tiplərinə yox, Tahir kimilərin
şeirlərinə tutmalıdır.
Ağacavad
Əlizadə: Tahiri qınamağa daha çox mənim
haqqım var. Üstündə zəhmətim olub, şeirlərinin
çapına kömək eləmişəm. “Azərbaycan” jurnalında müharibə
mövzusu ilə bağlı bir şeir getməliydi. Mən
müəlliflərini nişan vermədən
(onların içərisində bir xalq şairi də
vardı) beş şeiri redaksiyada oxudum. Hamısı
Tahirin şeirini (naməlum əsgərə həsr
olunmuşdu) bəyəndi. Mənə elə
gəlir, haçansa Tahir şeirə qayıdacaq.
Vaqif Nəsib:
Şeir yazanda gərək bir çox şairlər Tahirin
şeirlərini yada salsınlar. Bilsinlər ki,
dünyada bu cür qüvvətli şeirlərin
qabağında duruş gətirmək çətindir. Ancaq bu cür şeirlərin sahibi poeziyadan
üzülüşə bilərdi, bu, əslində, məzmunsuz
şairlərə, dadsız-duzsuz şeirlərə öz
vaxtında qaldırılmış bir üsyandır. Mən onun daha şeir yazmasına və ya yaza bilməməyim
və yazmadığım kimi inanmıram.O yazır.
Səyavuş
Sərxanlı: Tahir Qurbanın şeirdən getməsi poeziya
səmasında bir ulduzun qeybə çəkilməsi kimidir.
Allahverdi
Məmmədli: Tahir Qurbanı heç kimi unutmayıb. Beş-on şeirlə özünə kiçik bir
cığır açdı. Havaxtsa
böyük poeziya yoluna qovuşacağını həsrətlə
gözləyən o cığır hələ indi də
Tahiri soraqlayır.
Bu
şairlərdən yalnız Vaqif Nəsib sağdır, Allah
onun ömrünü uzun eləsin!
İstəyirəm Tahir Qurbanın “Kor
çalğıçı” şeirindən söz
açım.
Bu şeirdə müharibədə gözlərini
itirmiş bir kor çalğıçının obrazı
yaradılıb. Assosiativ təfəkkürün
bəhrəsidir bu şeir.
Yanar bu kədərə
dərə də, düz də,
Ağ saçlar
kövrələr ağ bulud kimi.
Gedər
bir gitara çiyninin üstə,
Gedər, acı dolu bir tabut kimi.
Onun əllərindən
nurlu əl hanı,
Onun
barmaqları beş şam, beş alov.
Gecələr
yandırıb barmaqlarını,
Oturar əlinin işığında o.
Gör nələr
yadıma düşər burdaca:
Bir nəğmə
Xatını yanıb odlara-
Çıxıb
od içindən xatınlı qoca,
Qolları üstündə yanıq gitara.
Tahirin
şeirləri poetika baxımından doğma heca şeirimizin strukturuna
söykənir. Əlbəttə, təkcə
forma baxımından yox. Fikrimcə, bu
şeirləri o, sərbəstdə də yaza bilərdi.
Amma inanmıram ki, bu tərzdə qüvvətli,
bənzərsiz metaforalarla bəzənəydi. Əsas budur ki, bizim klassik poeziyada
(xüsusilə Füzulidə) olduğu kimi burada da hər bənddə,
az qala hər misrada oxucunu heyrətləndirmək
inadı var. Bu, yaradıcılığın ən çətin
yoludur. İndi bəzi müəlliflər (daha
çox “postmodern” şairlər) deyirlər ki, dünya
poeziyasına ancaq sərbəst şeirlə çıxmaq
olar. Yanlış fikirdi, birtərəflidir.
Ən yaxşı şeirlə çıxmaq
olar (istər sərbəst olsun, istərsə heca!).
Daha bir şeirindən misal gətirmək istəyirəm. “Atam
üçün”. Bu şeirdə ATA obrazı ilə
rastlaşmırıq, sadəcə OĞUL atasına üz
tutur, dünya, insanlar, aylı gecə, ulduzlar, dəniz
haqqında assosiativ düşüncələrini izhar edir:
Kiminsə
səsində donun gülüşü,
Dünya
dağlarının güney yeri ağ...
Yanan
ocaqların odu gümüşü,
Sönmüş
ocaqların kösövləri ağ.
Ulduzlar
döyünür pəncərələrdə,
Baxışım,
baxışım üşüyür bir az.
Aylı
gecələrdə, ağ gecələrdə
Dünya ağ yalana oxşayır bir az.
Bu
aylı gecədə bir ağ bulud var,
Yağışı sevincə, dərdə
yağası.
Dəyməmiş
alçatək turş bir ümid var,
Bir də
bir hamilə
gəlin yuxusu.
Ovcuma
sığınıb, qızınır dəniz,
Zülmətlə işığın
qarışığında.
Dayanıb
durmuşuq gün-günorta biz-
Dünya-gün
işığında,
Ürəyim-ay işığında.
Tahirin şeirlərini oxuyursan, sonuncu misradan sonra bir də
əvvələ qayıdırsan, hisslərin,
duyğuların necə rəsm olunduğunu heyrətlə
seyr edirsən.
Fikirləşirsən ki, bu mövzunu Tahir ancaq
bu cür poetik enerji ilə yükləyə bilərdi.
İki sevən insan arasındakı ayrılığı,
bu ayrılığın yaratdığı
sıxıntını nümayiş etdirə biləcək
onlarla, bəlkə yüzlərlə şeirin adını
çəkmək olar. Amma Tahir
Qurbanın “Məni gözləyirsən” şeiri bu mövzuda
yenidir (təkcə o illər üçün yox, bu gün
üçün də).
Qatarlar
bir ovuc qara daş kimi,
Kim bilir, bəlkə də dönər yuxuna.
Yuxuna məktublar
qonar quş kimi,
bütün təyyarələr enər yuxuna,
Sənin
harayında min od, min ocaq
Səsində buludlar hönkürəcəkdir.
Mavi
gözlərinə dəniz dolacaq,
dibində yosunlar göyərəcəkdir.
Məni
görəcəksən baxsan hayana
Baxıb görəcəksən, göyərəcəksən.
Gözlərin
qapansa,
barmaqlarına
Bir kor əlifbası öyrədəcəksən.
Tahirin
ölümündən on il keçir. Onu unutmayanların sırası da get-gedə seyrəlir.
Çox istərdim ki, onun şeirləri
toplanıb bir araya gəlsin, bir kitab halına salınsın və
təbii ki, bu günkü poeziyamızda Tahir Qurbanın
şeirləri qəriblik çəkməyəcək.
O şeirləri sevəcəklər. Bu yazını Tahirin təbiət və
sevgi duyğulu “Yaddaşımda bitən ağac” şeiri ilə
bitirmək istəyirəm:
Çılpaq
köklərinin yuxusu dərin,
Küləklər çırpılır göy
gözlərinə.
İndi
yarpaqlanan gecələrimin,
Xəzəli tökülür gündüzlərimə.
Mamırlar, qayalar bürüyüb səni,
Ayağın altında ağarır sular.
Çiynindən asılan sərin kölgəni,
Qara çörək kimi bölür yolçular.
Ayrılıq devmidir-kölgəndə yatıb?!
Bu taxtı-şüşəni gərək qıram mən.
Səni günlərimin içinə atıb
Yaşıl yarpaq kimi quruduram mən.
Yarpaqlar ələnir qayalıqlara,
Dağların gözündə sulanır duman.
Tənha ağcaqayın bürünüb qara,
Şəfqət bacısıtək baxır uzaqdan.
İndi meşələrin yuxusunda qar...
Sən boyan günəşin nuruna hərdən.
O qızıl yarpaqlar-qızıl balıqlar
Düşür yaddaşımın toruna hərdən...
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2013.- 23 noyabr.- S.25.