Teleqraf
telləri
Görkəmli şair, dramaturq, teatr nəzəriyyəçisi
Bertold Brext 1898-ci ilin 10 fevralında Almaniyada anadan olub. 1918-ci ildə hərbi xidmətə çağırıldığı üçün Münhendəki
təhsilini yarımçıq
qoyub. Hərbi xidməti başa
vurduqdan sonra təhsilini yenidən davam etdirib.
Yaradıcılığa lirik şeirlərlə başlayan Bertold Brextin iki mindən
çox şeiri var. Hətta ölümündən
qısa bir müddət öncə iyirmiyə yaxın şeir yazıb. Yaradıcılığının əsas mövzusu
müharibədir. Üç qəpiklik
opera, Kuraj ana və uşaqları kimi əsərlər onun ədəbi şöhrətini daha da artırıb. 1920-ci illərdən başlayaraq mətbuatda teatr haqqında məqalələri ilə
çıxış edən
Brext 30-cu illərdə
artıq öz teatr nəzəriyyəsini
yaratmışdı.
1933-cü ildə Tədbir
adlı pyesi üzərinə qadağa
qoyulur və vətənə xəyanət
ittihamı ilə məhkəməyə verilir. Brext ailəsi
və dostları ilə birlikdə Berlini tərk etmək məcburiyyətində
qalır. 1935-ci ildə nasistlər onu vətəndaşlıqdan
çıxarırlar. O, yalnız 1948-ci ildə vətəninə qayıda
bilir. Bertold Brext 1956-cı ildə
ürək tutmasından
dünyasını dəyişir.
Bertold Brext
Səni
gözləyəcəm
Gedənin bir də gəlmədiyi
qanlı, murdar müharibəyə
getmək istəyirsən?
Get, əsgər!
Əgər qayıtsan, burda olacam.
Yaşıl ağacların,
çılpaq ağacların
altında gözləyəcəm.
Ən
son əsgər qayıdanacan
gözləyəcəm səni.
Sən qayıdanda
qapıda özgə
ayaqqabı görməyəcəksən.
Yanımdakı yastıq həmişə
boş olacaq,
dodaqlarıma başqa
dodaq toxunmayacaq.
Sən qayıdanda deyəcəksən:
Hər şey qoyduğum kimi qalıb, hər şey!
Teleqraf telləri
Döyüş meydanına axşam
düşəndə,
Düşmənlər məğlub olmuşdular.
Xəbəri uzaqlara daşıdı
teleqraf telləri.
Dünyanın bir tərəfi
için-için yandı,
Səs-küy parçalandı göy
qübbədə,
Bir qışqırtı dəli
ağızlardan daşan
və göyü aşan...
Min dodaq bəddua ilə soldu,
Min yumruq vəhşi
hirslə sıxıldı.
Dünyanın bir başqa tərəfində,
Sevinc parçalandı
göy qübbədə.
Böyük bir sevinc, əyləncə,
nəfəsdərmə, rahatlıq...
Min dodaq köhnə bir duanı söylədi,
Min əl inancla birləşdi.
Gecə
yarısı,
Teleqraf telləri
sayırdı döyüş
meydanındakı ölüləri.
Bu zaman dost da susdu,
düşmən də.
Təkcə analar ağladı hər iki tərəfdə.
Divardakı yazı
Müharibə istəyirəm!
Ən birinci bunu yazan
vuruldu.
Qardaşım təyyarəçiydi
Təyyarəçiydi qardaşım.
Gözəl bir gündə
əmr gəldi,
çantasını hazırladı,
yollandı cənuba.
Fatehdi qardaşım.
Yaşamağa yerimiz yoxuydu,
torpaqlar ələ keçirtmək idi
ən böyük xəyalımız.
İndi
qardaşımın fəth
etdiyi yer
Guadarrama
dağlarında;
boyu bir səksən,
dərinliyi bir əlli metr.
Sərnişin
İllər öncə
avtomobil sürməyi öyrənərkən
təlimatçım siqaret çəkdirərdi mənə.
Tıxacda,
ya da iti döngələrdə
sönsə siqaretim,
sükanı alardı
əlimdən.
Lətifələr danışardı,
bütün diqqətim
avtomobil sürməkdə
olanda,
gülməyəndə lətifələrə
sükanı alardı
əlimdən.
Tez-tez nəsə narahatam deyər,
qorxudardı məni.
O vaxtdan
işimə çox
da aludə olmuram.
Ətrafımdakılarla maraqlanıram,
Kiminləsə danışmaq üçün
fasilə verirəm işimə.
Bir siqaret çəkə bilməyəcək qədər
sürətli avtomobil
sürməkdən də
imtina etmişəm.
Sərnişini düşünürəm artıq.
Müharibə
Bu müharibə birinci deyil,
Çox müharibələr oldu bundan öncə.
Sonuncu müharibənin qurtardığı
gün
bir tərəfdə
məğlublar,
bir tərəfdə
qaliblər vardı.
Məğlubların yanında
xalq acından ölürdü,
Qaliblərin yanında
xalq acından ölürdü.
Səhər-axşam oxumaq üçün
Sənsiz yaşaya bilmərəm,
deyir sevdiyim.
Məhz
buna görə
özümə qayğı
göstərirəm.
Küçədə qarşıma diqqətlə baxıram
və hər yağış damlasından
sanki məni öldürəcək kimi
qorxuram.
Suallar
Nə geyindiyini yaz mənə! İsti saxlayırmı?
Necə
yatdığını yaz
mənə! Çarpayın yumşaqmı?
Necə
göründüyünü yaz mənə! Hələ də həminkisənmi?
Nə üçün darıxdığını
yaz mənə! Əllərim üçünmü?
Necə
olduğunu yaz mənə! Rahatsanmı?
Sənə neylədiklərini yaz
mənə! Cəsarətin çatarmı?
Neylədiyini yaz mənə!
Etdiklərin yaxşı şeylərdimi?
Nə düşündüyünü yaz mənə! Mənimi?
Mən yalnız suallar verə bilərəm sənə,
Məcburam cavablarını qəbul etməyə.
Yorğunsan, əllərimi sənə
uzada bilmirəm.
Acsan, məndə
də yeməyə heç nə yox.
Elə bil heç yaşamamışam, yoxam!
Sanki səni unutmuşam.
Təsirləndiyin hər şeyə
Təsirləndiyin hər şeyə
az diqqət
et.
Sənsiz yaşamayacağını demişdi
axı.
Unutma,
bir gün yenidən rastlaşsanız
tanıyacaq səni,
mütləq tanıyacaq...
Mənə bir yaxşılıq
et:
bu qədər sevmə.
Sonuncu dəfə sevildiyimdə
Azca da sevinc hiss etməmişdim.
Bertold Brextin
Tərcümə
etdi: Ramil ƏHMƏD
525-ci qəzet.-
2013.- 23 noyabr.- S.29.