Mübahisə mədəniyyəti
Məşhur filosof Diojen zəngin və qudurğan bir adamla dar bir
körpüdə qarşılaşmışlar. Zəngin
və qudurğan adam:
* Mən əsla axmaq bir adama
yol vermərəm! – demiş.
Diojen kənara çəkilmiş
və:
* Amma mən verərəm!
– demiş ...
Bizim də ermənilərlə
davamız Diojenin iddiası kimidir ...
“525-ci qəzet”də qiymətli yazıçımız Çingiz Abdullayevin Zori Balayana yazdığı cavabını ibrət və diqqətlə oxuyuram. Oxuyuram, amma qarşı tərəfin bu haqlı və isbat edilmiş cavablara da əsla etibar etməyəcəyini də adım kimi bilirəm.
Bu yaxınlarda Haberacısı.com internet qəzetinə ermənilərlə əlaqədar bir yazı yazdım. Erməni Memarlar Birliyi “HAYCAR“ Türkiyənin Muş vilayətinə gedir və orada guya sökülmüş, dağıdılımış kilsələrin daşlarının evlərin tikintisində istifadə edildiklərini təsbit edir və bunu “Sabah” qəzeti də yarım səhifə xəbər və fotoşəkilləriylə oxucularına çatdırır.
Mən “HAYCAR” və ermənilər haqqında təhqir yazmadım. Sadəcə bizim jurnalistlərin, ziyalıların nə qədər özlərindən xəbərsiz, məlumatsız, laqeyd olduqlarını yazdım.Və yoxsul muşlu kəndlilərin bəlkə də ehtiyac səbəbindən istifadə etdikləri kilsə daşlarından xəbər vermək yerinə, İrəvan və digər şəhərlərdə , hətta işğal edilmiş torpaqlarda ermənilərin məscidlərə, məzarlara, saraylara , kitablara istiqamət hücumlarını qısaca izah etdim.
Məsələn, 1606-cı ildə inşa edilmiş məşhur Cümə Məscidinə Rəvan qalası içindəki Rəcəb Paşa, Abbas Mirzə məscidlərinə nə olduğunu soruşdum. Jurnalistlərimizin başqalarının memarlıq əsərlərinə bu qədər diqqət göstərmək yerinə, öz memarlıq əsərlərimizdən bu qədər bixəbər olduqlarını izah etmələri lazım olduğunu yazdım.
Yazdığım yazını bizim jurnalistlər oxudularmı bilmirəm, amma yazının altındakı şərhlərdən ermənilərin oxuduqlarını və harada erməni adı keçsə dərhal oraya diqqət kəsildiklərini anladım.Yeto adında biri suallarıma adam kimi cavab vermək yerinə mənə “azəri iti” deyə biləcək qədər alçalır.Yenə Nadya adlı biri isə mənim yazdığım gerçəklərə qarşı heç bir cavab verə bilmədiyindən mənə “gerizəkalı” deyərək küfr edir. İçlərində bir az „ağzı düzgün“ olan Araks isə ağzına gələni yazdıqdan sonra Rəvanda belə bir şeyin olub olmadığını bilmədiyini, amma araşdıracağını yazmışdır.
Təəssüf ki, bu qonşu xalq böyüklük xəstəliyinə yaxalanmışdır. Bu xəstəliyə psixoloqlar meqaloman deyirlər. Bu xəstəliyə düçar olanlar özlərini olduqlarından daha qiymətli , daha yüksək görərlər və həyatları, keçmişləri haqqında məntiqsiz inanclara dayanır və uydururlar.
Halbuki Qafqaz deyilən cənnət kimi bölgədə gürcülər də, ermənilər də, Azərbaycan türkləri və digər xalqlar da sülh içində, qardaşca yaşaya bilər, zənginləşər, inkişaf edə bilərlər. Amma davamlı qonşularından torpaqlar tələb edən, uşaqlarını tarix boyu əsla olmamış “Böyük Ermənistan” xəyalıyla zəhərləyən və hər zaman kin, intiqam duyğularını qızışdıran bu qonşumuz nə özünə rahat verməkdə, nə də qonşularına ...
Orxan ARAS
525-ci qəzet.-
2013.- 23 noyabr.- S.9.