Oksford Universiteti
nəzdində Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi yaradılıb
NƏRGİZ
PAŞAYEVA: MƏRKƏZİN ƏSAS MƏQSƏDİ
OKSFORD UNIVERSİTETİ KİMİ TANINMIŞ ELMİ OCAQDA
AZƏRBAYCAN TARİXİNİ, DİLİNİ,
ƏDƏBİYYATINI TƏBLİĞ ETMƏKDİR"
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq
Elmi Mərkəzi mövzusunda dəyirmi masa keçirilib.
Trendin məlumatına görə, tədbirdə
Baş nazirin müavini Elçin Əfəndiyev, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli,
MDU-nun Bakı filialının
rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli, AMEA Şərqşünaslıq İnstitutunun
direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva,
BDU-nun Ümumi dilçilik
kafedrasının müdiri,
AMEA-nın müxbir üzvü Nizami Cəfərov və digər tanınmış
alimlər, tarixçilər,
şərqşünaslar, linqivistlər
və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən Nərgiz Paşayeva oktyabrın 28-də
Oksford Universitetinin Şərqşünaslıq Departamentinin
dəvəti ilə həmin universitetə getdiyini deyib: İki ay əvvəl sentyabrda Oksford Universitetindən 2 professor, şərqşünas
alim ali
təhsil müəssisəsinin
fəaliyyəti ilə
tanış olmaq məqsədilə Moskva Dövlət Universitetinin Bakı filialına gəlmişdi.
Rektorun sözlərinə
görə, iki saat davam edən
görüş zamanı
məlum oldu ki, Oksford Universitetində
Azərbaycan ədəbiyyatı,
tarixi, dili haqqında heç bir fənn yoxdur. Bununla belə,
universitetdə gürcü
və erməni dilləri tədris olunur.
N.Paşayeva qeyd edib ki, müzakirələrdən
sonra bəlli olub ki, 19-cu əsrdə erməni dili keçirilirdi, lakin 1965-ci ildən sonra müntəzəm olaraq bakalavr və magistr proqramları səviyyəsində
erməni ədəbiyyatı,
dili və tarixi öyrənilir: Bu fənləri o vaxt keçmiş Sovet İttifaqından gələn
müəllimlər tədris
ediblər. Ancaq hazırda Oksford
Universitetində işləyən
avropalı alimlər bu proqramı tədris edirlər.
MDU-nun Bakı filialının rektoru britaniyalı alimlərlə müzakirələr
zamanı təklif edib ki, Oksford
Universitetinin nəzdində
Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə Oksford
Universitetinin bir hissəsi kimi tanınsın, qəbul olunsun, gələcək nəsillər bundan istifadə edə bilsinlər.
Rektorun sözlərinə
görə, Oksford Universitetinin nümayəndələri
bu təklifi qəbul ediblər. N.Paşayeva Mərkəzin
adının Nizami Gəncəvi olmasını
təklif edib. Britaniyalı alimlər Oksford Universitetində Nizami Gəncəvinin fars şairi
kimi tədris edildiyini vurğulayıblar:
Mən isə onlara Nizaminin simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyümü
bildirdim. Mən Nizaminin simasında
millətləri ayıran,
etnik fikirləri bir-birinə qarşı qoyan bir sima
görmürəm. Nizaminin simasında
fərqli fikirləri və yanaşmaları bir araya gətirən
bir sima görürəm. Əgər siz
razı olsanız, biz
bu Elmi Mərkəzi
Nizami Gəncəvinin
şərəfinə adlandıracaq
və işimizi bu prinsiplə, bu siyasətlə, bu yanaşma ilə aparacağıq.
Mənə təklif etdilər
ki, Mərkəzə Füzulinin adını verək. Mən dedim ki, əlbəttə,
Füzuli dahi şairdir, yüksək müstəvidə bir mərkəzin adına
layiq böyük simadır. Lakin mən çox xahiş edirəm ki, Mərkəzin adını dəyişməyək,
Nizaminin adına
olsun.
Rektor əsas məqsədin Oksford Universiteti kimi tanınmış elmi ocaqda Azərbaycan
tarixini, dilini, ədəbiyyatını təbliğ
edən Mərkəzin
yaradılması olduğunu
qonaqların diqqətinə
çatdırıb: Yəni
əsas məqsəd Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu sübut etmək deyil. Onsuz da Nizaminin əsərləri,
fəlsəfəsi, kəlamları,
həyatı buna sübutdur.
Onun sözlərinə görə,
belə bir Mərkəzin yaradılmasında
əsas məqsəd Sovet dövründə beynəlxalq aləmdə özünü sübut etməyən Azərbaycanın
elm və ictimai xadimlərini tanıtmaqdır:
Bunun da obyektiv səbəbləri
o idi ki, Sovet dönəmində heç bir ictimai elm sistemi senzuradan azad şəkildə fəaliyyət
göstərə bilməzdi.
Ümumiyyətlə, tarix, şərqşünaslıq,
ədəbiyyatşünaslıq kimi elmlər həmişə təzyiq
altında idi.
N.Paşayeva qeyd edib ki, Azərbaycan alimlərinin, şərqşünaslarının,
türkoloqlarının gözəl
əsərləri var:
Bu əsərlər Oksford
Universitetində tədris
edilən kitablardan almanların, ingilislərin,
fransızların yazdıqları
kitablardan da elmi dərəcəsinə
və elmi nüfuzuna görə əksik deyil. Danışıqlar zamanı məlum
oldu ki, universitet əməkdaşlarının
bu barədə məlumatı yoxdur.
Ona görə də bizim borcumuzdur ki, bunları bir daha həm
özümüzə, həm
də belə bir müstəvidə Oksford Universitetinin alimlərinə tanıdaq.
Onlar bundan sonra irəli
sürülən təşəbbüsün
gözəl olduğunu
bildirdilər.
N.Paşayeva bildirib ki, Azərbaycanın
elm adamlarının ingilis,
fransız, alman dillərində çap olunan və elmi aləmə məlum olan kitabları yox dərəcəsindədir. Bu Elmi Mərkəz açılandan sonra əlbəttə ki, bu elmi problemlərin
həllinə aramla, sistemli şəkildə başlanılacaq.
Onun sözlərinə görə,
artıq Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan
və Qafqazşünaslıq
Elmi Mərkəzinin yaradılması haqqında
memorandum imzalanıb və
hazırda bu istiqamətdə iş davam etdirilir: Mənim yəqin ki, bir-iki aydan
sonra ora səfərim olacaq və səfər zamanı lazım olan sənədlər hazırlanacaq, toplanacaq, həmin sənədlər
əsasında iş gedəcək. Amma son məqam odur
ki, bu Elmi
Mərkəz fəaliyyətə
başlasın.
N.Paşayeva bildirib ki, Nizamişünaslıq hazırda
həllini gözləyən
bir elm sahəsidir: Mən çox istərdim ki, bizim həyatdan köçən çox
gözəl alimlərimizin
xatirinə bu layihə doğrudan da həyata keçsin. Bu, bizim
vaxtilə ədəbiyyatşünaslığımıza
töhfə verən alimlərin aqibəti kimi olmamalıdır.
Nizami haqqında ən gözəl kitablardan biri Məmməd Əmin Rəsulzadənin yazdığı
Böyük Azərbaycan
şairi Nizamidir. Nizami Gəncəvi haqqında kitablar çoxdur, amma ən gözəl kitablardan biri budur. Heç bir kitab ingilis və ya fransız dillərinə tərcümə
olunmayıb. Bizim mənəvi
haqqımız yoxdur ki, alimlərimizi unudaq.
Baş nazirin müavini Elçin Əfəndiyevin
fikrincə, Oksford Universitetində belə bir Mərkəzin yaradılması müstəqil
Azərbaycan üçün
əlamətdar hadisədir:
Belə qədim və tanınmış universitetdə Elmi Mərkəzin açılması
dünya ictimaiyyətini
Azərbaycanın zəngin
tarixi və ədəbiyyatı haqqında
məlumatlandırmaq baxımından
əla imkan yaradacaq.
E.Əfəndiyev bildirib ki, Mərkəzin dahi Nizaminin şərəfinə
adlandırılması isə
bizim üçün
xüsusi əhəmiyyət
kəsb edir: Nərgiz xanımın hansı çətinliklərlə
Mərkəzə Nizaminin
adının verilməsinə nail olması,
Nizaminin Azərbaycan şairi olmasını elmi baxımdan sübut etməsi mənə məlumdur.
O,
professor N.Paşayevanın fəaliyyətini
yüksək qiymətləndirib
və bütün elmi ictimaiyyəti bu istiqamətdə səy göstərməyə
çağırıb.
Bakı
Dövlət Universitetinin
Türkologiya kafedrasının
müdiri, Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü Tofiq Hüseynov bildirib ki, Oksford Universitetinin
nəzdindəki Elmi Mərkəzə Nizami Gəncəvinin adının
verilməsi Oksfordun Nizamini Azərbaycan şairi kimi tanımasına dəlalət
edir: Hesab edirəm ki, Azərbaycanın qabaqcıl
alimləri bu tribunadan istifadə edərək və bütün dünyada zəngin Azərbaycan ədəbiyyatını təbliğ
edərək, Nizaminin
yaradıcılığı haqqında sanballı elmi işlər yazmalıdırlar.
AMEA-nın vitse-prezidenti, Nizami adına
Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli Mərkəzin yaradılmasını
dünyada Azərbaycanın
və Azərbaycan ədəbiyyatının tanıdılması
baxımından yüksək
qiymətləndirib. O, həmçinin
bütün alimləri
Mərkəzin daha səmərəli fəaliyyət
göstərməsi üçün
səy göstərməyə
çağırıb.
AMEA-nın Şərqşünaslıq
İnstitutunun qabaqcıl
elmi əməkdaşı,
tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi qeyd edib ki, Mərkəzlə
işləmək üçün
peşəkar kadrları
cəlb etmək, Azərbaycan alimlərinin işlərinin ingilis dilində dərc edilməsi üçün
zəruri şərait
yaratmaq lazımdır.
Qeyd edək ki, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi məqsədi Azərbaycan və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması üzrə Böyük Britaniyada təsis ediləcək ilk elmi tədqiqat ocağıdır.
Müasir Azərbaycanın coğrafi ərazisi minilliklər ərzində bir çox qədim sivilizasiya və mədəniyyətlərin, o cümlədən, Hetlərin, Əhəmənilərin, Selevkilərin, Sasanilərin, habelə xristianlığın, yəhudiliyin və İslamın kəsişdiyi yer olub. Mərkəzin məqsədi bu mədəniyyət və dinlərin Azərbaycanın maraqları baxımından öyrənilməsinin təşviq edilməsidir.
Bu məqsədlə Mərkəz Oksford Universiteti nəzdində müxtəlif təqaüd proqramları, ictimai tədbirlər, elmi-praktik konfranslar, dəyirmi masalar, akademik mübadilə, tədqiqatların aparılması, o cümlədən, müxtəlif tədris və mədəni layihələr həyata keçirməyi nəzərdə tutur.
Mərkəzin fəaliyyəti çərçivəsində tələbələrə, elmi tədqiqatçılara, jurnalistlərə, mədəniyyət və incəsənət xadimlərinə və digər sosial qruplara Azərbaycanla bağlı Oksford Universitetində tədqiqatların aparılması üçün birdəfəlik kiçik qrantların ayrılması nəzərdə tutulur.
Mərkəzin mütəmadi həyata keçirdiyi funksiyalardan biri də Azərbaycan və onunla əlaqədar elmi məlumatların toplanaraq kitabxana fondu və resurslarının formalaşdırılmasıdır.
Həmçinin, Mərkəz Oksford Universitetində keçiriləcək tədbirlərin, tədqiqatların və Azərbaycanla bağlı digər fəaliyyət növlərinin təqvimini tərtib edəcək. Mərkəz Böyük Britaniya və Azərbaycan, habelə dünya üzrə elmi ictimaiyyəti yeni resurslar, tapıntılar və yeni imkanlarla bağlı elektron poçt ünvanları vasitəsilə ətraflı məlumatlandıracaq.
525-ci qəzet.- 2013.- 23 noyabr.- S.11.