Azərbaycanda idman və Olimpiya Hərəkatı:
inkişaf tarixi, nəticələr və perspektivlər
12 avqust
2008-ci il. Çinin
paytaxtı Pekində Yay Olimpiya Oyunları yenicə
başlayıb. Azərbaycan nümayəndə
heyəti yarış məkanında yunan-Roma güləşçimiz
Rövşən Bayramovun Ermənistan təmsilçisi Roman
Amoyanla yarımfinal görüşünü izləyir.
Bayramov Amoyana aman vermir. Rəqibini
bir neçə dəfə döşəyə
çırpan pəhləvanımızın inamlı qələbəsinə
bütün tamaşaçılar sevinirlər. Təkcə Ermənistan prezidenti Serj Sərkisyan məyusdur.
O, özündən yuxarı sırada möhtəşəm
qələbəni alqışlayan nümayəndə heyətimiz
qarşısında nə edəcəyini bilmir. Nəhayət, vəziyyətdən
çıxış yolunu tapır. Ayağa
qalxaraq, Azərbaycan prezidenti İlham Əliyevi təbrik edir.
Az sonra himn səslənir, Azərbaycan
bayrağı Ermənistan bayrağından yuxarıda göyə
ucalır.
Bu, təkcə ən yüngül çəkili pəhləvanımızın
deyil, Azərbaycan idmanı və Olimpiya Hərəkatının
ən nəhəng dövlətlərdən birində
ucaltdığı bayraq idi. Həmin səhnə
öz gücsüzlüyünü etiraf edəcək qədər
aciz olan Ermənistan üzərində daha möhtəşəm
qələbənin tezliklə əldə ediləcəyinin təzahürü
idi. O qələbə “Olimpiya Oyunları təkcə
idman yarışı deyil, həm də böyük siyasətdir”
deyən Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin
(MOK) rəhbəri olmasından sonra ölkəmizin dünya
miqyasında qazandığı çoxsaylı uğurlardan
biri idi.
Tarixə
baxış
Ümumiyyətlə,
Azərbaycanda Olimpiya Hərəkatı tarixini 3 şərti
dövrə bölmək olar:
İdmançılarımızın SSRİ
yığmasının tərkibində Olimpiya Oyunlarına
qatılaraq, 1952 – 1988-ci illəri əhatə edən dövr,
1988 –1992-ci illərdə Oyunlara hazırlıq mərhələsini
başa vuraraq, Müstəqil Dövlətlər Birliyi (MDB)
yığmasının tərkibində iştirak etdiyi
dövr və Azərbaycanın müstəqil dövlət
kimi beynəlxalq Olimpiya Hərəkatına qoşulduğu
1992-ci ildən sonrakı dövr.
İdmançılarımız SSRİ yığma
komandasının tərkibində Yay Olimpiya Oyunlarının
9-da 46 idmançı ilə çıxış edərək
10 qızıl, 11 gümüş və 7 bürünc medal
qazanıblar. Sərbəst güləşçi Rəşid
Məmmədbəyovun 1952-ci il Helsinki
olimpiadasında qazandığı gümüş medal ilk
Olimpiya uğurumuz kimi qiymətləndirilə bilər.
Sonrakı olimpiadalarda sprinter Yuri Konovalov, müasir
beşnövçü Viktor Mineyev, voleybolçu İnna
Rıskal, həndbolçular Rəfiqə Şabanova və
Lyudmila Şubina, qılıncoynadan İlqar Məmmədov,
futbolçu İqor Ponomaryov və başqalarının
uğurlu çıxışları Azərbaycan
idmanının nüfuzunu artırıb. 1992-ci il
Barselona Yay Olimpiya Oyunlarında MDB yığmasında cəmi
5 azərbaycanlı idmançı olsa da, onlardan 2-si –
cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belenki olimpiya
çempionu adına layiq görülüblər. Həmin il MOK-un yaradılması və onun Beynəlxalq
Olimpiya Komitəsi tərəfindən tanınması ilə
ölkəmizin Olimpiya Hərəkatında yeni dövr
başlayır.
Uğurlu
yol
MOK-un vitse-prezidenti, sərbəst güləş üzrə
dünya və ikiqat Avropa çempionu Xəzər İsayev
deyir ki, qurumun fəaliyyətə başladığı ilk
illərdə Azərbaycanda Olimpiya Hərəkatından
danışmağa dəyməzdi. Həm yeni yaradılmış
ictimai orqan, həm də qarşısında böyük vəzifələrin
durduğu idman təşkilatı kimi... “Həmin
illərdə ölkəmizdə müharibə gedirdi. Heç bir bazadan, heç bir idman növündən,
heç bir idman təşkilatından söhbət etmək
mümkün deyildi. Bunu o dövrün
bütün idman mütəxəssisləri də təsdiqləyə
bilərlər. Hesab edirəm ki, o vaxtlar
Olimpiya Hərəkatı işlək yox, kağız üzərində
fəaliyyət göstərən hərəkat idi.
Düzdür, 1992-ci il Barselona Yay Olimpiya
Oyunlarında cüdoçumuz Nazim Hüseynov və idman
gimnastımız Valeri Belenki MDB bayrağı altında
qızıl medal qazandılar. Buna baxmayaraq, həmin
illərin Olimpiya Hərəkatından söhbət etmək mənim
üçün çox çətindir. Çünki hazırda idmançılara verilən
təqaüdlər, onların mənzil-məişət
problemlərinin həlli, fəxri adların verilməsi, həyat
şəraitlərinin yaxşılaşdırılması
üçün müəyyən işlərin görülməsi,
bir sözlə, diqqət və qayğı o illərdə
yox dərəcəsində idi”.
Azərbaycanda Olimpiya və idman Hərəkatının
genişlənməsinin təşəbbüskarı
ümummilli lider Heydər Əliyevdir. Ölkəmizin sabiq
prezidenti 1994-cü ilin aprelində Beynəlxalq Olimpiya Komitəsinin
o vaxtkı rəhbəri Xuan Antonio Samarançı qəbul
edərək, Azərbaycan Olimpiya Hərəkatının vəziyyəti
və onun inkişaf perspektivləri haqqında geniş fikir
mübadiləsi aparır. Bu
görüşdən bir neçə ay sonra Gənclər və
İdman Nazirliyi yaradılır. Dövlətin gənclər
və idman siyasətinin həyata keçirilməsi
üçün Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanının böyük tarixi əhəmiyyəti
var idi. Bu mənada 1994-cü ili ölkəmizin
idman həyatında dönüş ili adlandırmaq olar. Digər tərəfdən, Azərbaycan Beynəlxalq
Olimpiya Hərəkatına müstəqil dövlət kimi
qoşularaq, öz idman potensialını tam nümayiş
etdirmək imkanı əldə edir. İlk dəfə
1996-cı il Atlanta olimpiadasında 23 nəfərdən
ibarət milli Olimpiya komandamız müstəqil Azərbaycanın
üçrəngli bayrağı altında
çıxış edir. 197 ölkənin
iştirak etdiyi Oyunlarda gənc dövlətin 61-ci yeri tutması
idmanımızın uğuru sayıla bilər. Sərbəst güləşçimiz Namiq
Abdullayevin qazandığı gümüş medal isə
müstəqil Azərbaycan idmanının ilk yüksək nəticəsi
kimi qiymətlidir. Həmin vaxt prezident Heydər
Əliyev bu medalı qızıla bərabər sayır, pəhləvanımızı
gələcək uğurlara ruhlandırır.
1997-ci il iyulun 31-də isə Azərbaycanın
Olimpiya Hərəkatında mühüm hadisə baş verir.
MOK-un Baş Məclisində təşkilati məsələlərə
baxılaraq, yeni heyətin seçilməsinə qərar
verilir. Komitənin prezidenti vəzifəsinə
hazırkı dövlət başçısı İlham
Əliyev seçilir. Bu proseslərdə fəal
iştirak edən X.İsayev xatırlayır: “İlham
Əliyev 1997-ci ildə Dövlət Neft Şirkətinin I
vitse-prezidenti, millət vəkili kimi fəaliyyət göstərirdi,
gərgin iş qrafiki var idi. Bununla belə, idman
mütəxəssisləri, məşhur idmançılar
ölkəmizdə idmanın daha da geniş inkişaf etdirilməsi
məqsədilə yekdilliklə qərara aldılar ki,
İ.Əliyev MOK-a başçılıq etsin. O
dövrdə mən bu hərəkatın içində olan
bir şəxs kimi proseslərin hamısını yaxından
izləmişdim və həmin müraciətlərə mən
də imza atmışdım. Razılığını
aldıqdan sonra onu MOK-un prezidenti seçdik. Bu gün biz
fəxrlə deyə bilərik ki, MOK-a Azərbaycan
Prezidenti İlham Əliyev rəhbərlik edir”.
Bu dəyişiklik ölkəmizdə Olimpiya Hərəkatının
sürətli inkişafına təkan verir və onun Beynəlxalq
Olimpiya Hərəkatına fəal qoşulmasını təmin
edir. MOK Olimpiya Hərəkatı və idmanın
inkişafı ilə bağlı məqsədyönlü,
ardıcıl fəaliyyət göstərərək, qısa
müddətdə uğurlu göstəricilər əldə
edir. Atlantada Namiq Abdullayev gümüş medal
qazanmışdısa, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında
ölkəmiz 2 qızıl, 1 bürünc, 2004-cü il Afina
olimpiadasında 1 qızıl, 4 bürünc, 2008-ci ildə
Pekində 1 qızıl, 2 gümüş, 4 bürünc
medal qazanır. 2012-ci il London Yay Olimpiya
Oyunlarında isə idmançılarımız nailiyyətlərini
daha da yüksəldərək, 2 qızıl, 2
gümüş, 6 bürünc medal əldə edirlər. 4
Yay Olimpiya Oyunlarında üst-üstə 6 idmançı – sərbəst
güləşçilər Namiq Abdullayev (2000), Toğrul
Əsgərov, Şərif Şərifov (hər ikisi 2012),
stend atıcısı Zemfira Meftahəddinova (2000), yunan-Roma
güləşçisi Fərid Mansurov (2004) və
cüdoçu Elnur Məmmədli (2008) qızıl medala sahib
olur.
21
yaşlı Olimpiya Hərəkatı
Bunların hamısı uzun müddətdir görülən
işlərin təməlinin möhkəmliyindən,
düzgün aparılmasından və tam həyata keçməsindən
irəli gəlir. Bakı şəhər Gənclər və İdman
Baş İdarəsinin rəisi Raqif Abbasovun sözlərinə
görə, tarix baxımından Olimpiya Hərəkatı
üçün 21 il böyük müddət
deyil. Amma əldə olunmuş nailiyyətlər onu deməyə
əsas verir ki, Azərbaycanın Olimpiya Hərəkatında
yetərincə uğur mövcuddur: “İlham Əliyev MOK
prezidenti seçildikdən sonra hər bir Olimpiya
dövründə uğurlarımız medal, təmsil
olunduğumuz idman növləri, hakimlərin sayı və
ümumi komanda hesabındakı yerin artımında
özünü göstərir. Olimpiadaya
lisenziya qazandığımız növlərin
coğrafiyası da genişlənir. Ənənəvi
növlərlə yanaşı, yeni növlərdə də
uğurlarımız mövcuddur. İdmançılarımız
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, Avropa Gənclərinin
Olimpiya Festivalında, İslam Həmrəyliyi Oyunlarında,
Ümumdünya Yay Universiadasında, Avropa və dünya
çempionatlarında yetərincə medal əldə edib.
Ölkəmizdə də xeyli sayda nüfuzlu
beynəlxalq yarış təşkil olunub”.
Prezident
İlham Əliyevin Pyer de Kubertenlə müqayisəsi
İdmanın maddi-texniki bazası da mühüm əhəmiyyət
kəsb edir. Bu gün elə bir bölgəmiz qalmayıb ki, orada
Olimpiya Kompleksi istifadəyə verilməsin. Artıq ölkəmizdə irimiqyaslı,
böyük tutumu olan idman qurğuları da tikilməkdədir.
Hazırda Bakıda 65 minədək tamaşaçı
tutumuna malik Olimpiya Stadionu, 5000 nəfərlik Gimnastika Kompleksi,
Boks Zalı, Cüdo Mərkəzi, Hovuz Kompleksi tikilir. Heydər
Əliyev adına İdman-Konsert Kompleksi,
Bakı İdman Kompleksi, Tofiq Bəhramov adına Respublika
stadionunu yenidən qurulub. Onlar 12 – 28 iyun 2015-ci ildə ilk dəfə
Bakıda təşkil olunacaq Avropa Oyunları və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları
üçün hazırlanırlar.
R.Abbasov I
Avropa Oyunlarının təşkilinə Prezident İ.
Əliyevin verdiyi dəstəyi müasir Olimpiya
Oyunlarının yaradıcısı Pyer de Kubertenin xidmətləri
ilə müqayisə edir: “Əgər Olimpiya
Oyunlarının yaradıcısı Pyer de Kuberten öz
adını Olimpiya Hərəkatı tarixinə
yazdırıbsa, İlham Əliyev I Avropa Oyunlarının təşkilinə
qitədə hamıdan əvvəl verdiyi dövlət dəstəyi
ilə beynəlxalq Olimpiya fəlsəfəsinə və
ideyalarına sadiq insan olduğunu təsdiqləyib. Digər tərəfdən, İslam Həmrəyliyi
Oyunlarının sayca 4-cüsünün məhz Azərbaycanda
keçirilməsi bu hərəkatın daha da genişləndirilməsinin
əyani sübutudur”.
İdman və Olimpiya Hərəkatı perspektivləri
I Avropa Oyunları 19 idman növü üzrə keçiriləcək. Azərbaycana təşkilatçı ölkə kimi bu növlərin hamısında təmsil olunmaq imkanı yaradılacaq. Ona görə də ölkəmizdə təkcə ənənəvi növlərin deyil, digər növlərin də inkişafı vacibdir. R.Abbasov deyir: “Bu gün ənənəvi növlər siyahısında cüdo, boks və güləşi xüsusi qeyd edə bilərik. Eyni zamanda, yeni idman növləri üzrə idmançı və mütəxəssislər cəlb olunurlar. Bunlar ənənəsi olmayan, amma qısa müddətdə populyarlıq qazanan, ənənəsi olub bu və ya digər səbəbdən müəyyən müddət zəifləmiş, hətta unudulmuş növlərdir. Olimpiya proqramına yeni salınan və salınmağa namizəd növlər də diqqət mərkəzindədir”.
X.İsayev isə hər bir sahədə olduğu kimi, idmanda da dövlət proqramının mövcudluğunu xatırladaraq, gələcəkdə daha böyük uğurların əldə olunması üçün möhkəm təməlin qoyulduğunu bildirir: “2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkil ediləcəyinə dair qərarlar gələcək perspektivlərdən xəbər verir. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da idmançılarımızdan yüksək nəticələr gözləyirik. Hazırda qarşımızda duran ən başlıca məqsəd 2 böyük tədbiri ən yüksək səviyyədə keçirməkdən ibarətdir. Buna nail olsaq, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyimizin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qiymətləndirilməsi göz qabağında olacaq”.
Elşən
MƏMMƏDOV
525-ci qəzet.-
2013.- 1 oktyabr.- S.8.