Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin yubileyi ilə əlaqədar tədbirlər keçirilib

 

Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 128-ci ildönümü respublikanın hər yerində olduğu kimi dünyaşöhrətli musiqiçinin doğulduğu Ağcabədi torpağında da böyük məhəbbət və coşqu ilə təntənəli surətdə qeyd olunub. Yubiley günü bəstəkarın xatirəsi bölgə ictimaiyyəti tərəfindən hörmətlə yad edilib, rayon mərkəzində ucalan abidəsi önünə tər çiçək dəstələri qoyulub. Bu münasibətlə rayonda təşkil olunan bütün tədbirlər əsl musiqi bayramına, xalq şənliyinə çevrilib. Respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş 5-ci Beynəlxalq musiqi festivalı çərçivəsində Qarabağ Muğam Mərkəzində keçirilən silsilə tədbirlər bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Adıçəkilən muğam mərkəzinin direktoru Tofiq Cəfərovun dediklərinə görə, burada rayon mədəniyyət müəssisələri kollektivlərinin birgə hazırladıqları Üzeyir Hacıbəylinin əsərlərindən ibarət geniş konsert proqramı rəngarəngliyi, baxımlılığı ilə yadda qalıb, tamaşaçılara xoş ovqat bəxş edib.

Xanəndələr Fazil Heydərov, Tengiz Abbasaov, Cavanşir Əliyev, Həvva Əmrahova, Sevinc Abbasova, muğam mərkəzinin şagirdləri Elvin Quliyev, Ceyhunə Şirəliyeva, Arzu Mahmudova, Qəşəng Cavadovanın ifa etdikləri muğam və mahnılar tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Tədbirlərdə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin iştirakı ilə sərgilənən Üzeyir Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun” operettalarından parçalar da diqqəti çəkib. Sentyabrın 18-dən 28-dək nəzərdə tutulmuş sözügedən Beynəlxalq musiqi festivalına paytaxt Bakı şəhərində yekun vurulub. Tofiq Cəfərov söhbət zamanı Qarabağ Muğam Mərkəzinin gələcək planlarından da söz açıb. Qeyd olunub ki, muğam mərkəzinin kollektivi bundan sonra da mədəni-kütləvi tədbirləri davam etdirəcək. Hərbi hissələrdədə, rayonun ümumtəhsil məktəblərində də müntəzəm olaraq  geniş proqramlarla konsertlər təşkil olunacaq.

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet.- 2013.- 1 oktyabr.- S.7.