TRT-nin baş direktoru İbrahim Şahin Bakıda
mükafatlandırılıb
Ötən gün Odlar Yurdu Universitetində TRT – Türkiyə Radio və Televiziya Qurumunun baş direktoru İbrahim Şahinə sözügedən universitetin
fəxri doktor diplomunun təqdimolunma mərasimi keçirilib.
İbrahim Şahinə Odlar
Yurdu Universiteti və TRT işbirliyi çərçivəsində rektorluq tərəfindən
fəxri doktor diplomu Türk mədəniyyətlərinin dünyaya
tanıdılması, Azərbaycanın
Qarabağ problemi və Xocalı soyqırımı həqiqətlərini
hazırlanan xəbər
və proqramlarla bütün dünyaya çatdırılmasında, iki
ölkə arasında
münasibətlərin daha
da gücləndirilməsi
və genişləndirilməsində
göstərdiyi xidmətlərə
görə verilib.
Tədbiri açan Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev qonaqlara rəhbərlik etdiyi ali məktəb
haqqında məlumat verib. Universitetin 1995-ci ildə ulu
öndər Heydər
Əliyevin xeyir-duası
və özünün
təşəbbüsü ilə yaradıldığını
bildirən rektor universitetdə gənclərin
yüksək səviyyədə
təhsil alması üçün hər cür şəraitin yaradıldığını diqqətə
çatdırıb. Universitetin
beynəlxalq əlaqələrindən
danışan rektor, xüsusilə Türkiyə
ali məktəbləri
ilə əməkdaşlığa
üstünlük verildiyini
qeyd edib: “ Biz qərara almışıq ki, daha çox qardaş Türkiyənin ali məktəbləri və müxtəlif təşkilatları ilə
bağlantılarımızı, əlaqələrimizi genişləndirək”.
Ə.Vəliyev TRT-nin Azərbaycan
həqiqətlərini, Dağlıq
Qarabağ problemini hər zaman dünyaya olduğu kimi çatdırdığını
və bundan sonra da bu
istiqamətdə məqsədyönlü
işlərin həyata
keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Çıxışdan sonra TRT-nin tanıtım
videosu yayımlanıb. Çarxda
TRT-nin Azərbaycanla
bağlı çəkdiyi
verilişlərdən, reportajlardan
görüntülər təqdim
edilib. Tanıtım çarxında “Azərbaycanın gündəmi
TRT-nin gündəmidir.
Azərbaycan Prezidenti İlham Əliyevin “ Azərbaycanın ən birinci dostu və müttəfiqi
Türkiyədir” fikri
xüsusi vurğulanıb.
Millət
vəkili, Azərbaycan-Türkiyə
parlamentlərarası dostluq
qrupunun sədri, Azərbaycan Atatürk Mərkəzinin rəhbəri
Nizami Cəfərov
TRT rəhbərinə Odlar
Yurdu Universitetinin fəxri doktor adının təqdim olunmasını çox gözəl hadisə kimi dəyərləndirib:
“Doktor olmaq kolay deyil, amma
fəxri doktor olmaq heç kolay deyil. İstər-istəməz həm məsuliyyət, həm də şöhrət artır.
Bundan sonra İbrahim müəllim Odlar Yurdu Universiteti ilə fəxr edəcək, həm də Odlar Yurdu
Universiteti İbrahim bəylə qürur duyacaq. Arzu edirəm ki,
TRT həmişə olduğu
kimi bundan sonra da Azərbaycanla
bağlı olsun”.
Millət
vəkili Qənirə
Paşayeva İbrahim Şahinin həyat yoluna nəzər salıb, TRT haqqında ətraflı çıxış
edib: “İbrahim Şahin bəyin Azərbaycan-Türkiyə münasibətlərinin
inkişafında böyük
xidmətləri var. TRT həmişə
bizim kanalımız olub. İbrahim Şahin bəy
2007-ci ildə TRT rəhbərliyinə
gəlməsi ilə
“bizim kanalımız”
missiyasını daha uğurla həyata keçirməyə başlayıb.
TRT özündə 14 televiziya,
15 radio, 35 dil və ləhcədə xidmət
göstərən, 3 dərgini
təqdim edən nəhəng bir qurumdur. 2009-cu ildən
TRT-Avaz fəaliyyətə
başlayaraq bütün
türk dünyasını
birləşdirməyə xidmət
edir. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında bir media rəhbəri kimi İbrahim bəyin müstəsna xidmətləri
var. TRT-nin Azərbaycanla
bağlı etdiyi hər şeyə görə minnətdarlığımızı
bildiririk. Bu minnətdarlığımız həm də ona görədir ki, xüsusilə Qarabağ problemi, Xocalı soyqırımı
hər zaman TRT vasitəsilə yayımlanıb.
Türkiyənin heç bir
kanalı TRT qədər
Azərbaycanın səsini
dünyaya duyurmadı.
TRT həqiqətən bizim səsimizdir və hər zaman Azərbaycanın uğurlarını öz
uğurları kimi görür. İndiyə qədər TRT Azərbaycanla
bağlı 13 mindən
artıq xəbər hazırlayıb. Bu çox ciddi bir rəqəm deməkdir. Azərbaycanın tanıdılması ilə bağlı təxminən mindən yuxarı 30 dəqiqəlik
proqram çəkilib”.
Q.Paşayeva həmçinin İ. Şahinin keçdiyi həyat yolundan danışıb.
Daha sonra İ.Şahinə fəxri
doktor diplomu və hədiyyələr
təqdim olunub.
Təqdimatdan sonra çıxış
edən fəxri doktor öz növbəsində universitet
rəhbərliyinə və
kollektivinə təşəkkürünü
ifadə edib, bu günün həyatında xüsusi bir gün olduğunu
vurğulayıb: “Bu gün
həyatımda xüsusi
bir gündür. Bu gün Türkiyədən
kənarda ilk fəxri
diplom alıram. Türkiyə hazırda beynəlxalq
aləmdə söz sahibi olan bir
ölkədir, bundan qürur duyuruq. Əminəm
ki, yaxın illərdə öz hədəflərimizə çatacağıq”.
Azərbaycanın sürətli inkişafından
danışan İ.Şahin
9 oktyabrda keçiriləcək
prezident seçkilərində
xalqımızın daha
bir demokratik sınaqdan uğurla keçəcəyinə əminliyini
ifadə edib.
Türkiyənin Azərbaycandakı səfiri
İsmayıl Alper Coşqun çıxışında
qardaş ölkənin
dostluğunun əbədi
olduğunu və Türkiyənin gələcəkdə
də Azərbaycanın
yanında olmaqda davam edəcəyini bildirib.
Qeyd edək
ki, bununla yanaşı, İbrahim Şahin Azərbaycanın
üç qeyri-hökumət
təşkilatı tərəfindən
Türk Dünyası
Üstün Xidmət
Mükafatına layiq görülüb. Azərbaycan Mətbuat Şurası, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu
İctimai Birliyi, Avrasiya Beynəlxalq Mətbuat Fondu İbrahim Şahini Türk Dünyasına göstərdiyi xidmətlərə
və TRT AVAZ kanalının
iş fəaliyyəti,
göstərdiyi nailiyyətləri
münasibəti ilə
mükafatlandıracaq.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 1 oktyabr.- S.7.