Azərbaycandakı məscidlər: mənəviyyat
və tarixi-memarlıq abidələri
Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində
yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir.
Keçən silsilə yazılarımızda
şəxsi müşahidələrimizə,
müxtəlif mənbələrə,
o cümlədən də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza
məlumat vermişdik.
İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin
– təxminən 95 faizdən
artığının etiqad
etdiyi islam
dininin müqəddəs
ibadətgahlarından – məscidlərdən
söhbət açacağıq.
Ölkə ərazisində, demək olar ki, hər bir
rayon və şəhərdə
böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir.
Növbəti silsilə yazılarımızda
paytaxt və Abşeron yarımadasından
başlamaqla ölkə
ərazisində fəaliyyət
göstərən məşhur
məscidlərimizdən bəhs
edəcəyik.
Paytaxtda olduğu kimi bölgələrimizdə də
istər tarixilik baxımından, istərsə
də memarlıq üslubu cəhətdən
möhtəşəm məscidlər
var. Masallı şəhər
Cümə məscidi
də belə tarixi abidələrdəndir. Füzuli küçəsində
yerləşən məscid
XIX əsrin əvvəllərində
inşa edilib, əsas və yardımçı binalardan,
həmçinin mədrəsə
binasından ibarətdir.
Məscidin daxili 354 kvadratmetr,
tutumu 400 nəfərdir.
İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə
edilib. Məscidin orta sütunları
çoxillik palıd ağaclarındandır. İçi
ağac şəbəkə
ilə kişi
və qadın ibadət yerlərinə ayrılıb. Pəncərələri ağac və
rəngli şüşə
şəbəkələrdən qurulub. Məscidin qabaq hissəsinə
sütunvarı çıxıntı
əlavə edilib.
Məscidin qabaq divarları sonradan ağ mərmər
üzlüklə örtülüb.
Məscidin minarəsi olsa
da, Sovet dövründə dağıdılıb.
Məscid sonuncu dəfə
keçən əsrin
80-ci illərində restavrasiya
olunaraq muzey kimi istifadə edilib. Hazırda məscid fəaliyyətdədir
və tarixi abidə kimi Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən qorunur.
Masallıda daha bir tanınmış
məscid – Seybətin
kənd məscidi şəhərin Seybətin
küçəsində yerləşir. Məscid 1910-cu ildə inşa edilib, dəfələrlə
restavrasiya və təmir olunub. Sonuncu dəfə məscid
1990-cı ildə tam əsaslı
təmir edilərək
sahəsi genişləndirilib.
Məscidin həyəti hasarlanaraq
qapalı hala gətirilib. Məscid su,
kanalizasiya və müasir istilik sistemi ilə təchiz edilib. Məscid tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
qorunan abidələr siyahısındadır.
XIX əsrin əvvəllərində
inşa edilmiş və dəfələrlə
təmir olunmuş Masallı rayonu Digah kənd məscidi də qorunan tarixi abidələr sırasında
yer alıb.
Cənub bölgəsinin daha bir məscidi – Lənkərandakı Böyük
Bazar məscidi şəhərin mərkəzində
yerləşir və tarixinə görə buradakı ən qədim məscid sayılır. Məscid XIX əsrin ilk illərində
inşa edilib və cənub bölgəsinin dini mərkəzi rolunu oynayıb. Sahəsi 500 kvadratmetr, tutumu
550 nəfərdir. Məscid əsas
və yardımçı
binalardan ibarətdir.
Sovet dövründə dağıdılmış
minarəsi 1995-ci ildə
yenidən bərpa edilib. Minarənin hündürlüyü 36 metrdir. Məsciddə kanalizasiya və
istilik sistemləri mövcuddur. Burada hətta
ibadət edənlərin
təhlükəsizliyini təmin
etmək üçün
təhlükəsizlik kameraları
quraşdırılıb. Məsciddə Dövlət Komitəsindən
qeydiyyatdan keçmiş
dini icma fəaliyyət göstərir.
Ölkə əhəmiyyətli tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
qorunur.
Cəlilabad şəhərindəki Cümə məscidinin də maraqlı inşa tarixi var: 1916-cı ildə Çar Rusiyasının valisi Anukiyevdən qızıl pulla alınmış ərazidə yerli əhali tərəfindən
inşa edilən məscid sovet hakimiyyəti dövründə
məsciddən müxtəlif
məqsədlər üçün,
həmçinin anbar,
kino, idman zalı kimi istifadə edilib. 1993-cü ildə məscid əsaslı təmir edilərək dindarların istifadəsinə
verilib. Məscidin sahəsi 816 kvadratmetr,
tutumu 856 nəfərdir.
Məsciddə dövlət qeydiyyatından
keçmiş dini icma fəaliyyət göstərir. Bu ibadət ocağı Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən yerli əhəmiyyətli tarixi
abidə kimi qorunur.
Cənub regionunda diqqəti çəkən məscidlərdən
biri də Astara şəhərindəki
mərkəzi Qum məscididir. Məscidin xeyli
yaşı var. Qum məscidi
1898-ci ildə yerli əhali tərəfindən
inşa edilib. Məscidin tikintisinə Hacı
Zeynalabdin Tağıyev yardım edərək çatışmayan
tikinti materiallarına
köməklik göstərib.
Məscid əsas və
yardımçı binalardan
ibarətdir. Ötən
110 il ərzində
bir neçə dəfə əhali tərəfindən əsaslı
təmir ən məscidin sahəsi
221kvadratmetr, tutumu 200 nəfərdir.
Maraqlı bir fakt da odur ki,
sovet hakimiyyəti dövründə bölgədə
yalnız bu məscid fəaliyyətini
davam etdirə bilib. Mərkəzi Qum məscidi tarixi
abidə kimi Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən qorunmaqdadır.
Ölkənin şimal, şimal-qərb bölgəsində də
xeyli möhtəşəm
Allah evləri fəaliyyət
göstərməkdədir.
Quba şəhərindəki Cümə məscidi də tarixilik baxımdan maraq doğurur. 1802-ci ildə Qazi Nəsrulla əfəndinin və oğlu Hacı İsmayılın təşəbbüsü, maddi yardımı ilə tikilən məscidi məşhur memar Ömər Əbu Bəkr oğlu Naxçivani ərsəyə gətirib. 1933-cü ildə məsciddə iki mədrəsə, minarə və digər tikililər dağıdılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidin ətrafına şəbəkəli hasar çəkilərək su, kanalizasiya xətləri bərpa edilib, dəstəmazxana və digər köməkçi binalar və 41 m hündürlüyündə minarə ucaldılıb. Məscid səkkiztinli prizma şəklində olub içəri tərəfdən hündürlüyü 28 m, sahəsi 400 kvadratmetrdir. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
Quba şəhərinin daha bir ilginc tarixi abidəsi Səkinə Xanım məscididir. Məscidi 1854-cü ildə böyük Azərbaycan yazıçısı və tarixçisi Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün həyat yoldaşı Səkinə xanım tikdirib. Məscid dördbucaqlı formasındadır, doqquz pəncərəsi və iki qapısı var. Hündürlüyü 27 metrdir. 1930-cu illərdə məscid Sovet hakimiyyəti tərəfindən bağlanan məscidin ətrafındakı mədrəsə və köməkçi binalar sökülərək dağıdılıb. Bir çox məscidlər kimi təyinatı dəyişdirilən məsciddən əvvəllər anbar kimi, daha sonra tikiş sexi kimi istifadə ediblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 1990-1993-cü illərdə dəstəmazxana və baş köməkçi binalar tikilərək məscid əsaslı təmir edilib.
Quba rayonu, Rustov kənd məscidi 1903-cü ildə Azərbaycanın böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin köməyi ilə tikilib. Sovet hakimiyyəti illərində məscid bağlanaraq taxıl anbarı kimi istifadə edilib,bu möhtəşəm dini və tarixi abidə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dindarların istifadəsinə verilib. Məscid 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yenidən bərpa edilib, ətrafında köməkçi binalar tikilib. Məsciddə dövlət qeydiyyatından keçmiş dini icma fəaliyyət göstərir.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.-
2013.- 1 oktyabr.- S.6.