Opera sənətimizin “Leyli və Məcnun”
təntənəsi...
Payızı
çox sevirəm... Hüznünə,
yağışlarına, rənglərinə, gətirdiyi
ovqata görə! Bir də teatra görə! Bitmək bilməyən
yay tətilindən, passiv və yorucu istirahətdən sonra,
payızda, mövsüm açılır-açılmaz
gündə bir tamaşaya baxıb düşünmək zövq deyilmi?! Əlbəttə, o zövqün də,
düşüncənin də yönü teatr
rejissorlarımızdan, dramaturqlardan, aktyorlardan çox
asılıdı. Daha doğrusu, onların işinin keyfiyyətindən!
Düzü, son dövr Azərbaycan teatr
repertuarlarını izləyən biri kimi deyə bilərəm
ki, tamaşaların səviyyə nisbəti əlli əlliyədi.
Hər il əcnəbi və yerli
dramaturqlara müraciət olunsa da, yeni pyeslərə
quruluş verilsə də, “amma”larsız, “heyif”lərsiz
keçinmək mümkünsüzdü hələ ki... Bəzən çox uğurlu aktyor oyununu dramaturqun
publisistik dili, gözəl pyesi rejissorun əndrəbadi
yanaşması heç edir. Hələ
xarici müəlliflərin əsərlərinin bərbad tərcümələrindən,
artist nəfəsi kəsən, dili bilinməyən cümlələrdən
danışmıram. Yəqin elə bu səbəbdən, nədisə
son zamanlarda tamaşalara güzəştlə baxmalı
oluram. Teatrsız payız darıxdırıcıdı,
ona görə qüsurları görəndə
üzümü yan tutmağa, diqqəti yaxşı nələrəsə
yönəltməyə çalışıram. Amma
insafən uğurlu, sevindirici hadisələr də az deyil, əvvəlki
illərlə müqayisəyə gəlməz bir inkişaf
var, sadəcə səbrli olub gözləmək
lazımdı.
...Elə
həmin sevindirici teatr hadisələrindən biri də
Akademik Opera və Balet Teatrı səhnəsində
sentyabrın 29-da vaqe oldu. Üzeyir bəy
Hacıbəylinin “Leyli və Məcnun” operasının daha
bir təntənəsi baş tutdu. Xalq
artistlərimiz Mənsum İbrahimov və Nəzakət
Teymurovanın adlarını afişdə görəndə
düşündüm ki, tamaşaya mütləq baxmaq
lazımdı. Əməkdar incəsənət
xadimi Hafiz Quliyevin quruluş verdiyi klassik əsərdən yeni
nə isə istəmir, Füzuli sözünün, Üzeyir
bəy musiqisinin növbəti dəfə, layiqli səhnə
həllini gözləyirdim.
Dirijor Səbinə Hacıyeva əllərini havada bircə
dəfə yellədən kimi Üzeyir bəy ruhu, musiqisi
salonu aldı və elə həmin andan yaranan aura sona kimi dəyişilmədi. Heç zaman
yormayan, doyulmaz musiqi həm düşündürür, həm
də qürrələndirirdi. Müsəlman Şərqində
ilk opera bizimdi... Bununla yüz ildən çoxdu
fəxr edirik. Hər dəfə bu
operanı dinlədikcə kədər, sevinc, təəssüf,
heyranlıq hamısı qarışır bir-birinə. Üzeyir bəyin böyüklüyünə, sənətkar
kimi cəsarətinə heyrət etməyə bilmirsən.
Hələ, XX əsrin əvvəlində 22 yaşlı gənc
Üzeyir Füzulinin “Leyli və Məcnun” poeması əsasında
liberetto yazır. Daha sonra muğam ilə Avropa
operasının vəhdətindən yaranmış yeni opera
janrının — muğam operasının ilk nümunəsini
yaradır. Ənənəvi opera
formalarını — ariya, ariozo, reçitativ, vokal ansambllarını
muğamlarla əvəz edir. Füzuli mətni ilə
eksperiment, poemasıyla
işləmək cəsarətin, özünəinamın
nümunəsi idisə, opera kimi qəliz bir janrda ilk əsəri
yazmaqdan çəkinməmək dahiliyin göstəricisiydi.
Lakin bəstəkar özü əsl sənətkar təvazökarlığı
ilə “Leyli və Məcnun”dan “Koroğlu”ya qədər” məqaləsində
bu hadisəni belə şərh edirdi: “Mən xalq
yaradıcılığının klassik nümunələri
olan muğamlardan musiqi materialı kimi istifadə etməyi nəzərdə
tutmuşdum. Vəzifəm ancaq Füzuli
poemasının sözlərinə forma və məzmunca zəngin,
rəngarəng muğamlardan musiqi seçmək, hadisələrin
dramatik planını işləyib hazırlamaq idi”.
Adətən klassik sevgi əsərləri sadəliyi ilə
insanı təsirləndirir, amma çağdaş dövrdən
baxanda, bu günün kriteriləri ilə yanaşanda nələrinsə
çox adi, hətta bəlkə dayaz, primitiv olduğunu
başa düşürsən. Lakin istər Üzeyir
bəyin, istərsə də Füzulinin
böyüklüyü ondadı ki, onların qələminin
məhsulu həmişə aktualdı, hər zaman müasirdi.
Üzeyir bəy poemanın əsas ideya-məzmununu,
şeirləri olduğu kimi saxlayaraq orta əsr Şərq aləminin
ziddiyyətli mühitini daha qabarıq verməyə müvəffəq
olub. Lakin sənətkar
keçmişin obrazları vasitəsilə
yaşadığı dövrün qaydalarını,
mühitin qəlizliklərini də ifadə edib. Amma yalnız o dövrünmü? Məgər
indi “Ah, görün bu azğınlar dərsdən
qaçıb nə edirlər?!”, “...qoyma məktəbə
getsin”, “Qızını Məcnuna vermə...” (bunlar
operadakı xor partiyalarıdır) deyən mühit, sevgidən
“yayındırmaq”dan ötrü
“Qızsan, ucuz olma, qədrini bil...” məsləhətləriylə
övlad tərbiyə edən
analar yoxdurmu? Var və bəlkə də daha çoxdu! Bu mənada hələ yüz illər bu operanın
təkcə klassika kimi deyil, həm də aktual əsər
olaraq seviləcəyinə şübhə yoxdu.
Bu əsərin daha bir özəl cəhəti
yazıldığı dövrdən hərtərəfli
uğur qazanmasıdır. 1908-ci ildə
Tağıyev teatrında Ə.Haqverdiyevin dirijorluğu ilə
H.Ərəblinskinin quruluş verdiyi tamaşa Azərbaycan və
dünya səhnələrindən düşmədi. Bundan əlavə “Leyli və Məcnun” operası
elmin, musiqişünaslığın,
üzeyirşünaslığın da diqqətini cəlb
etdi, tədqiqat mövzusuna çevrildi. 1983-cü
ildə musiqişünas alim Zemfira Səfərovanın ön
sözü və şərhləri ilə operanın
partiturası çap edildi. Bu gün də
musiqisevərlər üçün “Leyli və Məcnun” nə
qədər maraqlıdırsa, tədqiqatçılar
üçün o qədər aktualdı.
Lakin bütün bu sadalanan üstünlüklər
sığortadırmı? Çox dəyərli
bir əsərin, şedevrin müasir quruluşda
“korlanması” azmı olub?! Bu mənada 29
sentyabrda Üzeyir bəyin musiqi, Füzulinin söz
qonaqlığına yığışanların bəxti
xeyli gətirmişdi. Çünki Mənsum
İbrahimovla Nəzakət Teymurovanın ifası, oyunu
tamaşaya yeni nəfəs, gözəllik bəxş
etmişdi.
Doğrusu, bəzən opera artistlərinin yaxşı səs,
amma zəif aktyorluqları da müşahidə olunur. Əsasən
musiqinin, səsin üzərində qurulan tamaşalarda bu kimi
“xırda” qüsurlara bəzən heç fikir də verilmir.
Bu tamaşada isə, görünür, həm
rejissorun, həm də aktyorların zəhmətinin göstəricisi
idi ki, baş rolların ifaçılarının səsi ilə
oyunu eyni səviyyədə gözəl və mükəmməldi.
Hər zaman fərqli layihələri, qeyri-adi ifası ilə
seçilən Nəzakət xanım zirvədəydi... Eşqin, musiqinin, sənətin zirvəsində.
Elə təkcə anasının məsləhətlərini
dinləyərkən, ayağına düşüb yalvararkən
aldığı görkəm, düşdüyü hal bir
çox “mən-mən” deyənlərimizə nümunə ola bilər. Leylinin ölüm səhnəsində
“Ölürəm” deyə oxuyarkən yanğısı,
ağrısı və bunu özünəməxsus ifadəsini
göz yaşlarsız izləmək mümkün deyil.
Hələ bir neçə ay öncə televiziya
verilişlərindən birində Nəzakət xanımın
söz xəsisliyinə təəccüblənmişdim. Aparıcının
suallarını qısa cavablandırır, tez ifaya keçirdi. Onun
Leylisinə baxdıqca bunun səbəbini anlayırdım.
Ondan ötrü söz də, ədəbiyyat
da, sənət də, hamısı musiqidən, muğamdan
ibarətdi. Bütün ruhunu, hissini,
enerjisini ora yönəldib.
Az qala
iyirmi ildir ki, həm Azərbaycanın, həm də
dünyanın müxtəlif opera səhnələrində Məcnunu
oynayan (oxuyan!) Mənsum İbrahimov bu dəfə
də öz tərəf-müqabili ilə ideal bir harmoniya
yaratmışdı. Səsinin
gücünə, eyni zamanda həzinliyinə, həlimliyinə
söz olmayan, yaşı əllini ötmüş aktyorun
“Ata, ana, eşqin havası məni Məcnun edəcəkdir...”
oxuyanda yeniyetmə görünüşü, ovqatı
insanı heyran qoyur. Tamaşa boyu bu cür ürək əsdirən,
ruh çırpındıran anlar çox idi, lap çox,
lakin ən heyrətləndirən məqam Mənsum
İbrahimovun səsini yalnız içindən, qəlbindən
keçirərək oxumasıydı. O, iki saatda bir an belə
Mənsum olmadı, ancaq Məcnun oldu!
Bu günə kimi Məcnun rolunu Qulu Əsgərov, Arif Babayev, Əlövsət Sadıxov, Əbülfət Əliyev, Canəli Əkbərov, Baba Mirzəyev, Alim Qasımov, Leylini isə Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova, Səkinə İsmayılova və başqaları ifa ediblər. Belə böyük, öz möhürü olan sənətkarlardan sonra bu rolu oynamaq, əlbəttə ki məsuliyyətdi. İndiki dövrdə istər ölkəmizdə, istərsə də xaricdə bu operaya müasir, bəzən eksperimental quruluşlar verilir. Məncə, çağdaş zamanda Nəzakət Teymurova ilə Mənsum İbrahimovun “Leyli və Məcnun”u bu əsərin ən uğurlularından biri, bəlkə də birincisidi.
Tamaşaya aid əsas üstünlükləri vurğulamaqla yanaşı, eyni zamanda üzümü yan tutub baxmadığım, bəzi məqamda “yəqin belə olmalıdı” deyib özümü aldatdığım məsələləri də sadalamaq istərdim. Məncə, son zamanlarda Azərbaycan teatrında bir ciddi çatışmazlıq var. O da ikinci dərəcəli rolları ifa edən aktyorların öz üzərlərində işləməmələri, bilmirəm, bəlkə tənbəllikləri, həvəssizlikləridi. Əlbəttə, bu fikir hamıya aid deyil. Lakin bir neçə tamaşada müşahidə etdiyim bu qüsuru, təəssüf ki, “Leyli və Məcnun”da da gördüm. Bunun nədən irəli gəldiyini ayırd etmək çətindi və axır vaxtların “qüsurgəzənlər”i tək həmin məsələni şişirdib faciəyə çevirmək, yaxud millətin psixologiyasını, xarakterini araşdırmaq fikrim yoxdu. Sadəcə, deməyim odur ki, tamaşada bəzi yerlərdə baş rolun ifaçısı ilə digər epizodik rolu oynayan aktyorun yanaşmasında fərq hiss olunurdu, bu da auranı müəyyən mənada dağıdırdı.
...Lakin çox səmimi etiraf eləməliyəm ki, tamaşaçı səhvləriylə müqayisədə bunlar bağışlanılandı. Doğrusu, son vaxtlarda özü, sanbalı, səviyyəsi şübhə altında olanların əsl sənət tələbləri insanı bezdirir.
Hələ uşaqlıqdan zövqünü, ağlını etalon saydığım bir nəfərin heç vaxt operaya getmədiyini eşidəndə xeyli təəccüblənmişdim. Səbəbi soruşanda cavabından yüz qat artıq təəccüblənmişdim. “Məndə xroniki bronxit var, tez-tez öskürürəm” – demişdi. Uşaq ağlımla təhlil edib heç nə anlamamışdım onda. Öskürəndə nə olar ki...buna görə operaya getməməlisən? Bu qədər il keçəndən sonra “Leyli və Məcnun”a baxanda həmin dialoq yadıma düşdü, səbəbi başa düşdüm. Doğrudan da tamaşanın ortasında adi bir səs, pıçıltı, xışıltı belə əsəblərə toxunurdu. Və o məqamda düşündüm ki, sənətə sevgi, ehtiram təkcə teatra getmək yox, həm də getməməkdi. Özünü, pıçıltını, öskürəyini, qırmaq istədiyin qeybəti, yadına düşən lətifəni, dünənki serialı müzakirə ehtirasını, telefonunun səsini idarə edə bilmirsənsə, getmə teatra! Və Sən! Bunların hamısını doğrudan da bacarmırsansa, səhnədəkilərdən əsl sənət tələb eləmək haqqın varmı, layiqsənmi buna?
... Amma Mənsum İbrahimov və Nəzakət Teymurova baxmadılar bunların heç birinə, onlar bizim qüsurlarımıza fikir vermədilər, səhnədə əsl sənət nümayiş etdirdilər. O gün! Sentyabrın 29-u!
PƏRVİN
525-ci qəzet.-
2013.- 2 oktyabr.- S.7.