Sonaladı əcəl məni

 

Sonaladı əcəl məni,

Ölümümdən keçib gəldim.

Neynim, bu gün yoxdu çəmi,

Sabaha and içib gəldim.

 

Qana tutma qızıl teşti,

Canım birdi, qəmi beşdi.

Qaş qaraldı, gördüm gecdi,

Qəmə yoldaş uçub gəldim.

 

Gümanımın üzü soyuq,

Sinəm viran, oyuq-oyuq.

Sənsən qibləm - səndən buyruq,

Gor evimi seçib gəldim.

 

 

Qərib quşlar məni necə ağlasın?

 

Qərib quşlar köçün qara bağlasın,

Yükün tutsun yaman günə saxlasın.

Gəlib-getsin, öz dərdinə ağlasın,

Mənim dərdim ağlamalı dərd deyil.

 

Dərin düşmüş yara üstə köz qoyun,

Ahdan yanan sinə üstə buz qoyun.

Viran olmuş can evimə göz qoyun,

Gözsüz qalmış pəncərəsi qaralmış.

 

Gözsüz qalmış pəncərəsi qaralmış,

Yolsuz qalmış iydə günlər daralmış.

İynə boyda ümidini qar almış

Kökdən düşən qapısını yel döyür.

 

Kökdən düşən qapısını yel döyür,

Dil deyirəm, məndən betər dil deyir.

Düşdüyüm yer heç ölməli yer deyil,

Qan-qan deyir qoyduğum varaqlar.

 

Qan-qan deyir qoyduğum varaqlar,

İtkin düşüb haqdan gələn soraqlar.

Siz deyin and içdiyim sabahlar,

Qərib quşlar məni necə ağlasın?

 

Qərib quşlar məni necə ağlasın?

Ağı deyib dağlarımı dağlasın. ...

Dağlar aşsın, uzaqları addasın,

Mənim dərdim ağlamalı dərd deyil.

 

 

Olum, ölüm haqq işidir...

 

Olum, ölüm haqq işidir

O da gözəl, bu da gözəl.

Yarın yara can borcu var

Yar bağrımı buda gözəl.

 

Sığmır səbətə hər çiçək

Tər çiçəyin özü gerçək.

Söz zamanında göyçək

Aynasında buta gözəl.

 

Əsgəroğlum, eşqimdi şah.

Şahələnib budaq-budaq.

Qüdrətdən çəkilib bu dağ

Könlümcədir bu dağ, gözəl

 

 

Ədalət Əsgəroğlu

525-ci qəzet.- 2013.- 2 oktyabr.- S.7.