Hidayət
Orucov: “Son 20 ildə məni göydə Allah, yerdə ulu
öndər Heydər Əliyevlə prezident İlham Əliyev
xilas etdilər, qorudular”
– Hidayət
müəllim, Siz 14 il dövlət
müşaviri vəzifəsində
çalışmısınız, bu, şərəfli
olduğu qədər də çətin bir vəzifədir,
başqa sözlə, bu yolun əzabları da çox olub...
– Siz bir
ifadə işlətdiniz, “’əzabları da çox olub”. O
uzun dövrü, xüsusilə də 1990-cı illəri əzablı
və xatalı yollar kimi xatırlayıram. Mənə
o illərdə nə gecə, nə də gündüz
vardı. Gün ərzində ya kabinetdə,
ya da müxtəlif səfərlərdə 16-17 saat konkret
olaraq işləyirdim. Səfərlərdə
də gecə saat 2-3-dək işləyirdim, Bakıda olanda
da. O illərdə sözün əsl mənasında əzablı,
xatalı yollar keçdim. O yolların, o zəhmətin
çox müsbət nəticələri oldu, ona görə
də o illər xoş hisslərlə xatırlanır.
“Əzab” deyəndə ümumi səslənir, o illərdə
mən çoxsaylı təhlükəli səfərlərin
və tədbirlərin, görüşlərin ifadəsi,
nümunəsi olaraq yalnız bir epizodu danışmaq istəyirəm. 1997-ci ildə
Çeçenistanın Vedeno şəhərində Şeyx
Şamilin doğumunun 200 illiyi münasibəti ilə
böyük tədbir keçirilməli idi və Azərbaycan
da oraya dəvət edilmişdi. Bilirsiniz ki, Vedeno Şeyx
Şamilin İmamatının paytaxtı olub, Şeyx 22 il oradan fərmanlar verib və nəhəng bir
imperiyaya qarşı meydan oxuyub.
O da məlumdur
ki, 1997-ci ildə Çeçenistan prezidenti Aslan Mashadov
başda olmaqla hökumət o ərazilərə nəzarət
edə bilmirdi, Şamil Basayev Mashadov hökumətinə
müxalifətdə idi və Vedenonun
administrasiyasının başçısı da Basayevin
qardaşı olduğunu nəzərə alsaq vəziyyətin
nə qədər mürəkkəb və təhlükəli
olduğu aydın təsəvvür olunar. Bəli, bu çox
təhlükəli səfər idi...
...Əvvəl
Dərbəndə dayandım, ağsaqqal Seyid Camaloğlu, onun
oğlu Maqomed (indi Dağıstanın Azərbaycandakı
nümayəndəsidir), digər oğlu Qurban (hazırda Dərbənd
Rayonu Administrasiyasının başçısıdır) həmişə
olduğu kimi, məni çox əziz qonaq kimi
qarşıladılar, qonaq evinə düşməyə
qoymadılar, təkidlə Qurbanın yan-yana bir neçə
mənzildən ibarət evinə gətirdilər.
O vaxt
Prezident statusunda olan Dağıstan Dövlət
Şurasının sədri Maqomedəli Maqomedov da gəlişimdən
xəbərdar idi və Dərbənddə də,
Mahaçqalada da mənim bu səfərə getməyim
üçün çox narahat idilər, arqumentləri də
bu idi ki, Sizin təhlükəsizliyinizə zəmanət
yoxdur və həqiqətən də təhlükəsizliyə
zəmanət yox idi. Hətta həmin gün gecə saat 11-də
Maqomedəli Maqomedov mənə zəng etdi, məsləhət
gördü ki, Vedenoya getməyim, Dağıstandan da o tədbirə
gedən yox idi (yeri gəlmişkən, xeyli irəliyə
gedib deyim ki, Dağıstanın və Gürcüstanın bu
tədbirə qatılmaması ordakı
çıxışlarda dönə-dönə
xatırlandı, çox mənfi qiymətləndirildi,
yalnız çıxışçıların deyil,
iştirakçıların da bu həqiqəti həm təəssüf,
həm də qəzəb hissilə
qarşıladıqları qabarıq nəzərə
çarpırdı). O vaxtlar Çeçenistanda şiddətli
müharibə formal şəkildə olsa da, susmuşdu, amma
ölkə idarəolunmaz vəziyyətdə idi. Maqomedəli
Maqomedoğlu onu da çox ehtiyatla mənə dedi: “Əgər
Sizə ora getməmək barədə qərar qəbul etmək
çətindirsə, Heydər Əlirza oğlu ilə mən
danışım”. Mən qəti etiraz etdim.
Axı, prezident mənə tapşırıq
verməmişdi, Vedenoya mütləq getməliydim. Prezidentlə danışmaq məsələsini iki
saat ondan öncə Seyid Camaloğlu da mənə demişdi.
Əlbəttə, ona da etiraz etmişdim.
Oxucu
düşünə bilər: belə təhlükəli
şəraitdə Vedenoya getmək nə üçün
vacib idi, gedilməsəydi nə olacaqdı? Əvvəla, mənəvi
ehtiyaca görə: söhbət Qafqazın böyük
oğlu Şeyx Şamildən gedirdisə, onun yubileyində Azərbaycan
iştirak etməli idi. Axı, Azərbaycan
Şeyx Şamili sovet rejiminin ən repressiv vaxtlarında
qorumuşdu. Bu yolda böyük filosof Heydər
Hüseynov demək olar, qətlə yetirilmişdi. Mehdi Hüseynin Şeyxdən bəhs edən pyesinə
qadağa qoyulmuşdu. Ölkəmiz
müstəqilliyini bərpa etdikdən sonra isə... dilbər
guşələrimizdən olan Zaqatalada Şeyxə heykəl
qoyulmuşdu (yeri gəlmişkən, bu heykəl dünyada
Şamilə qoyulan ilk və yeganə heykəldir). İkincisi – digər və daha əsas
səbəbləri açmadan deməliyəm ki, Azərbaycanın
bu tədbirə qatılmasının o dövrdə bölgədə
sabitliyin bərqərar
olması üçün böyük siyasi-ictimai əhəmiyyəti
vardı.
Bəs Dərbənddən sonra yola kimlə
çıxmalı? Ancaq cəsarətli adamlar vardı, Dərbənd
rayonunun polis rəisi Məmməd, Dağıstan Parlamentinin
deputatı Aydın da mənə qoşuldu və yola
çıxdıq. Bizim heç birimizdə
silah yox idi və bizi Çeçenistanla sərhəddə
qarşıladılar. Əzab da bundan sonra
başladı. Viran edilmiş Qudermesin,
dağıdılmış digər yaşayış məntəqələrinin
içi ilə, hələ tankların
tırtıllarının izləri – şırımları
qalan kələ-kötür yollarla gedirdik, yollarda çoxlu
silahlılar vardı, mənə dəyirdilər ki, erməni
təxribatçı qruplaşmaları orada çox fəaldırlar,
diversantlar bizə qarşı təxribat, hətta sui-qəsd
törədə bilərdilər, buna baxmayaraq o hər
addımı təhlükəli tozlu-torpaqlı yollarla Vedenoya
gedib çatdıq.
Dağıdılmış binaların arasında
dağıdılmış stadiona oxşar bir yerdə
keçirilirdi yubiley. Oraya təxminən 20 min adam
toplaşmışdı, hamısı da silahlı, əksəriyyətinin
iki avtomatı vardı, birinin lüləsi yuxarı, digərininki
aşağı tutulmuşdu, mənə dedilər ki, burada
azı otuz min silah var.
– Bəs Sizi orada tanıyanlar vardımı?
– Məni
həm Dağıstanda, həm də Çeçenistanda
yaxşı tanıyırdılar, o vaxtacan
Çeçenistana bir neçə dəfə gedib-gəlmişdim,
televiziyalarda çıxışlarım olmuşdu. Bizə təklif
etdilər ki, prezident Aslan Mashadov gələnəcən qonaq
evində olaq, guya orda bir az dincələk.
Fikirləşdim ki, belə yaxşıdır, bu qədər
silahların, idarəolunmaz adamların içində
durmaqdansa, dörd divar arasında olmaq məsləhətdir. Razılaşdım.
Elə onda, qonaq evinə tərəf tərpənəndə
fikir verdim: məni azı 10-15 nəfər silahlı qoruyurdu,
ancaq onlar o silah “dəryasında” damla kimi görünürdülər.
Onlardan qəti imtina etdim.
Qonaq evinə gedəndə yolda Çeçenistanın
davakar səhra komandiri Salman Radoyevlə
qarşılaşdıq, o məni tanıyırmış, mən
həyatda birinci dəfə idi görürdüm onu. O, mənə təqdim
olunan kimi üzünə salıb, bizə qoşuldu, bizlə
birlikdə qonaq evinə gəldi, orada Radoyevin necə emosional,
fantastik düşüncəli dağıdıcı adam olduğunu gördüm. Qonaq
evində Salmandan başqa da yerli adamlar vardı, amma heç
biri qorxudanmı, ya başqa səbəbdənmi səslərini
çıxarmırdı. Yalnız o, “dil-dil
ötürdü”... Deyirdi ki, yazda Rusiyanın
çox böyük ərazisində müharibə
başlayacaq, biz Kremləcən gedib çıxacağıq.
Ulu
öndər haqqında danışarkən sərsəm
mülahizələr söyləməyə başladı,
bildirdi ki, o kommunistdir, Siyasi Büronun üzvü olub və s.
Mən elə təhlükəli yerdə də onun fikirlərinə
münasibət bildirdim, dedim ki, Heydər Əliyev kommunist
rejimi dövründə də Azərbaycan, Dağıstan,
Çeçenistan, bütün Qafqaz, ümumən müsəlman
və türk dünyası üçün çox iş
görüb.
Siyasi
Büronun üzvü olanda türk dünyası, islam aləmi onunla öyünürdü, fəxr
edirdi. Bildirdim ki, Siz o vaxt uşaq olmusunuz, gənclik
çağlarında isə – yeni tarixi oxumalı
vaxtlarınızda başınız müharibəyə
qarışıb, ona görə bunları bilmirsiniz, mən
isə vaxtın darlığından Sizə hələ
çox az dedim.
O nə qədər
emosional, davakar adam olsa da, mənim dediklərimi
sonacan sakitcə dinlədi və heç bir mənfi
münasibət bildirmədi, susdu. Dağıstandan mənlə
gələn deputat da, polis rəisi də, yerli adamlar da təəccübləndilər
və sonra mənə dedilər: “Siz bu fikirləri ona necə
dediniz və o nə əcəb belə susdu?” Onu
da söyləyim ki, Radoyevin sifəti çox qorxunc idi,
gözlərindən biri süni idi və o süni
gözü qara eynəyinin altından rəngi dəyişməyən
qırmızı işıqfor kimi yanırdı.
Ümumiyyətlə, onun görkəmi vahiməli idi və elə
bil ayrı kontinentdən qaçıb gəlmişdi, ya
qovulmuşdu... Sonralar o, Moskvada həbsxanada öldü (Kremləcən
belə “gedib çıxdı”...).
Prezident Mashadov gəldi, mənlə köhnə dostlar
kimi çox səmimi görüşdü. Dedi ki, Sizi Qroznıda
gözləyirdik. İştirakçıların
arasında eks-prezident Zəlimxan Yandarbiyev də vardı.
Oraya toplaşanların arasında Yandarbiyevin də tərəfdarları
az deyildi. O vaxtlar Çeçenistanın
müftisi, Mashadovdan sonrakı prezidenti Axmat Kadırov da orada
idi. Şeyx Şamil onları birləşdirmişdi,
ancaq hərə öz komandası ilə dayanmışdı,
istənilən an onların arasında atışma başlaya
bilərdi.
Aslan Mashadov və Zəlimxan Yandarbiyev
danışdıqdan sonra söz Azərbaycana verildi. Mərasim
başlayandan çıxışlar gedə-gedə
mitinqçilərin arxa tərəfində çeçenlərin
bizim cəngiyə oxşar milli rəqsi çox ehtirasla, fasiləsiz
oynanılırdı, mən çıxışa
başlayandan sonra onlar rəqsi dayandırdılar və diqqətlə
qulaq asmağa başladılar. Deyirlər,
mən orada həm milli ruhda, həm də səmimi
çıxış elədim.
Çıxışımı belə başladım:
“İndi bu çeçen dağlarında, çeçen
zirvələrində, çeçen səmasında Şeyx
Şamilin ruhu dolaşır...”
Çıxışımın əsas tezislərdən biri
də indiyəcən yadımdadır: “Şamil yalnız avar
deyil, çeçendir, qumuqdur, dargindir, noqaydır,
inquşdur, ləzgidir, tabasaranlıdır... Şamil
bütün Şimali Qafqaz xalqlarının böyük
oğludur. Cənubi Qafqazda isə... Şamil
Azərbaycan xalqının böyük oğludur!”
Çıxışımdan 15-20 dəqiqə sonra Aslan
Mashadova yaxınlaşıb getmək istədiyimi bildirdim, o
çox təsirləndi, məni təkidlə Qroznıya dəvət
etdi, ona təşəkkür etdim (ertəsi günü məni
başqa təxirəsalınmaz vacib işlər gözləyirdi)
və yola çıxdıq. Yollar yenə çox
qorxulu idi, buraları işıq gözü keçməyə
tələsirdim. Bizi qarşıda və
arxada yol polisi müşayiət edirdi, təsəvvür edin,
toz-torpaqdan bizi müşayiət edən yol polisi
maşınları da görünmürdü bəzən
yolda. Yolda çoxlu qəzaya uğrayan,
çaya düşmüş maşınlar gördük.
Axşama yaxın gəlib sərhədə
çatdıq, məlum oldu ki, Seyid Camaloğlu, onun
oğulları, Maqomedovun köməkçisi də sərhədçilərə
zəng edib mənlə maraqlanıblar.
Dərbəndə çatdıq. Artıq
qaranlıq düşmüşdü. Seyid
Camaloğlu yolumuzu davam etdirməyə qoymadı, axı, o
yollarda da əmin-amanlıq deyildi (xüsusilə gecələr).
Yenə də Qurbanın evində qaldım.
Oradanca Qusar rayonunun İcra Hakimiyyətinin
başçısı İkram Əmirova telefon
açdım: “Səhər saat 10-da məni sərhəddə
qarşılayın”. Qusara getməliydim, orda bir
günlük işim vardı.
Səhər saat 10-da Samuru keçdik. İkram Əmirovla rayon mərkəzinə
dönmədən birbaşa Zuxul tərəfə üz
tutduq, digər sərhəd məntəqəsinəcən
getdik, kəndlərdə olduq, insanlarla
görüşdük, məktəblərə baş çəkdik,
sərhədçilərlə söhbət etdik, hər
şeyi öz gözlərimlə gördüm, çox məsələlər
öyrənildi, müzakirə olundu. Nahar da etmədik,
Zuxulda çay içməklə kifayətləndik. Qaş qaralanda Qusara yaxınlaşırdıq.
“Axır ki, bir tikə çörək kəsərik, bir az
istirahət edəsiniz, gecə qalıb sabah Bakıya
çıxarsınız” – dedi İkram Əmirov (o illərdə
səfərlərdə olanda heç bir restorana girməzdim,
ölkə daxilində yalnız qonaq evində çörək
kəsərdim, xaricdə olanda – ya qaldığım oteldə,
ya da tədbirlər keçirilən yerlərdə). Ancaq
İkram onu bilmirdi ki, sabah da bu gün kimi
sıx qrafikli olacaq: Xaçmazda, Qubada, Dəvəçidə,
Siyəzəndə müşavirələr aparacaqdım,
çox görüşlər keçirəcəkdim,
axşamdan xeyli keçəndən sonra Bakıya qayıda biləcəkdim.
Sabahkı proqram ardıcıllıqla xəyalımdan
keçirdi; saatları hesablayırdım, bölürdüm...
Lakin... Elə bu vaxt İkramın köməkçisinin
telefon zəngi gəldi. Üç-dörd
saatdır Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev məni
axtarırlarmış, dağların arasında olduğumuz
üçün mobil telefonlarımız tutmayıb. Ramiz müəllimə zəng çaldım.
Məlum oldu ki, sabah Moskvaya uçan
prezidentə çox ciddi bir mövzuda əlavə
arayış lazımdır.
Daha Qonaq
Evinə də dönmədim (yolda bu gecənin, səhərin
iş qrafikini xəyalən təzələdim – gecə 3-4
saat yatmaqla arayışı neçə saata
hazırlayıb qurtaracağımı hesabladım, indicə
adlarını çəkdiyim rayonların icra hakimiyyəti
başçılarına avtomobildəncə telefon
açıb müşavirələrin hər birinin
vaxtını 3 saat geri çəkdim, amma belə olanda
Bakıya gecə yarıda qayıda biləcəyim barədə
heç düşünmədim də), birbaşa Bakıya,
Prezident Aparatına gəldim, kabinetdə gecələdim,
istirahət otağında hər şərait olsa da, cəmisi
üç saat yatdım (gecə saat 3-əcən işlədim,
hər ehtimal üçün Prezident Aparatının növbətçisindən
xahiş etdim ki, saat 6-da zəng çalıb, məni
oyatsın. Ancaq saat altıya on beş dəqiqə
qalmış özüm oyandım yuxudan) çünki sənədi
işləyib çatdırmalıydım və
çatdırdım. Evə də demədim, elə
bildilər – Qusardayam. Desəydim, narahat
olardılar – axı, doxsanıncı illərin ortalarınacan
davam edən dövlət çevrilişi cəhdlərinin
vahiməsi hələ bizim ailədən çıxmamışdı.
Qarşıda indicə dediyim qrafiki əhatə edən
yeni gün başlayırdı. Yenə evə
heç nə demədən Xaçmaza yola düşdüm.
Vedenodan ayrılmayaq, bu, Çeçenistana ilk gediş
deyildi, beşinci təhlükəli səfər idi, iki dəfə
də İnquşetiyada olmuşdum (hətta prezident Heydər
Əliyevin adından prezident Ruslan Auşovun andiçmə mərasiminin
iştirakçısı və
çıxışçısı idim).
Çeçenistana səfərlərin birində
Şeyxülislam Allahşükür Paşazadə ilə məni
o vaxtlar Çeçenstanın Azərbaycandakı nümayəndəsi
Əli Asayev müşayiət edirdi. O təhlükəli yollarda deyirdi
ki, siz qorxmayın, maşının arxasında qranatamyot var,
bizə atəş atanın atasını yandıraram. Mənsə,
əlbəttə, gülüşümü saxlaya bilməyib,
deyirdim: “Bizə atəş açılandan sonra sənin
qranatamyotun necə işə yaraya bilər axı, ay
Əli...”
Bununla belə
mən bu əzablı, qorxulu yollarla hər ay, bəzən hər
həftə gedirdim və təsəvvür edin – 1990-cı
illərdə 31 dəfə Dağıstanda olmuşam və
regiondakı separatçıların, Azərbaycana
qarşı olan qüvvələrin diqqət mərkəzindəydim.
O vaxtlar o regionun demək olar, bəzi məsələləri
bu qüvvələrin əlində idi.
Dağıstanın rəhbəri, çox hörmət
etdiyim Maqomedəli Maqomedovla uzun illər səmimi münasibətlərimiz
olub.
Dağıstan parlamentinin sədri, sonra ilk prezidenti Muxu
Əliyevlə, Baş nazir Xızri Şıxsəidovla,
Dövlət Şurası sədrinin müavini Taqibat
Mahmudovayla, Baş nazirinin müavini Nizami Qaziyevlə, o illərdə
Dağıstan parlamentinin deputatı, hazırda Rusiyanın
Federasiya Şurasının sədr müavini İlyas
Umaxanovla, Milli siyasət, mətbuat və xarici əlaqələr
naziri Maqomedsaleh Qusayevlə, bir çox digər nazirlərlə,
Qurbanovlar ailəsi ilə, başqa vəzifəli şəxslərlə
sıx əməkdaşlıq edirdim,
soydaşlarımızın çoxsaylı təmsilçiləri
ilə yaxın əlaqələrim vardı. Bizim Bakı,
Quba, Xaçmaz, Qusar, Dərbənd, Mahaçqala və digər
şəhərlərdə çox görüşlərimiz
olmuşdu, çox mürəkkəb tədbirlərdə
iştirak etmişdik. Maqomedsaleh mənə deyirdi: “Siz
Dağıstana gələndə deyirlər ki, Hidayət
Orucov gəlib, görəsən nə var, nə baş verib?”
O, Azərbaycan mədəniyyətinə bələd idi, filmlərimizə
baxmışdı: “Sizi “Uzaq sahillərdə” filmindəki
Mixaylo obrazına bənzədirlər”, zarafatla: “Mixaylo şəhərdədir...”
– deyirdi. Buna oxşar fikirləri mənə
gürcüstanlı iki həmkarım da söyləmişdi.
(Təəssüf – iki dəfə sui-qəsddən,
bir dəfə girovluqdan sağ çıxan Maqomedsaleh
üçüncü sui-qəsddə qətlə yetirildi).
Demək olar, hər həftə təhlükəli
epizodlar olurdu, Azərbaycanın şimal və cənub
rayonlarında da sakitlik deyildi. Əlikram Hümbətov
“respublika” qurmuşdu, mən ona “yay hökuməti” deyirdim.
Mən bu vəzifəyə təyin edilənə
qədər Şimal rayonlarında “sadval”çılar
“tüğyan” edirdilər. Gecəmiz-gündüzümüz
mübarizədə, mücadilədə keçirdi. Çox rəqiblər, bədxahlar, hətta
düşmənlər peyda olmuşdu, istər ölkənin
daxilində, istər xaricində. “Sadval”ın Samurun
qırağında keçirdiyi mitinqlərdə səslənən,
bəzi bədnam dairələr üçün “bəyanat”,
“qərar” kimi qəbul edilən 5 iddiasından biri Hidayət
Orucovun istefası tələbi idi.
Prezident Heydər Əliyev Dağıstanın rəhbərlərdən
ibarət nümayəndə heyətini qəbul edərkən
bu tələbləri nəzərdən keçirdi, mənim
adım olan bəndə çatanda çox kəskin tonla “Bu,
nə cəfəngiyatdır yazırlar?” söylədi. Bu, yerində deyilən, həmin
qüvvələrə ünvanlanan sərt, qəti mesaj idi:
Prezident, Hidayət Orucovu yerindən tərpətməyəcək!
Düşünülmüş şəkildə
deyilirdi ki, “sadval” çılara çatdırılsın.
Dağıstanlı qonaqlar da, sağ olsunlar,
çatdırmışdılar. Prezidentin
sözünü iki-üç gün sonra Dağıstanda
hamı eşitmişdi. Ölkəmizin
daxilində əlləri xaricilərin ciblərində olan mənfur
qruplar da ayağımın altını qazırdılar.
O illərdə və sonralar məni göydə Allah, yerdə
ulu öndər Heydər Əliyevlə, prezident İlham
Əliyev xilas etdilər, saxladılar, qorudular.
– Siz o illərdə
demək olar ki, bütün səfərlərə bilavasitə
Heydər Əliyevin tapşırığı ilə
gedirdiniz?
– Bəli,
başqa cür ola da bilməzdi və
qayıdandan sonrada bu və digər məsələlərlə,
proqnozlarla əlaqədar ona məruzə edirdim. Ulu öndər
o qədər dərin, bənzərsiz adam
idi, mənə tapşırıqlar verəndə ən
mürəkkəb məsələləri belə 3-4 cümlə
ilə təqdim edirdi. Onun cümlələri elə
sadə, həmdə elə sanballı və ətraflı
olurdu ki, əlavə sual verməyə ehtiyac qalmırdı.
Yadıma gəlmir ki, ondan tapşırıq
alanda nəysə, hansı məqamsa mənə aydın
olmasın, sual verim, nəyisə soruşum, nəyisə dəqiqləşdirim.
1997-ci ildə Şeyx Şamilin anadan olmasının 200
illiyi ilə əlaqədar Mahaçqalada keçirilən tədbirə
Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi
getmişdim. Mən orada ulu öndərin təbrik məktubunu
oxudum və çıxış etdim. Təbrik
hərarətlə qarşılandı,
çıxışım bəzən hər cümlədən
sonra alqışlanırdı. Sonra yubiley
Bakıda keçirildi. Ulu öndər tədbirdə
iştirak edirdi. Dağıstandan parlamentin
sədri Muxu Əliyevin rəhbərliyi ilə nümayəndə
heyəti də tədbirə qatılmışdı. Muxu Qimbatoviç mənim Mahaçqaladakı
çıxışımı unutmamışdı və bu
barədə Heydər Əlirzaoğluna həvəslə
danışırdı.
– Siz o
dövrdə Gürcüstanda da çox olmusunuz.
– Eduard
Şevardnadzenin prezidentliyi dövründə mən 14 dəfə
Gürcüstanda səfərdə olmuşam, bir dəfə
ulu öndəri müşayiət etmişəm. Bir dəfə Milli Məclisin sədri Murtuz Ələsgərovla
getmişəm. 12 dəfə öz səfərim olub və bu 12 səfərdə
10 dəfə E.Şevardnadze ilə təkbətək
görüşmüşəm. O görüşlərdə
çox problemlər, ancaq hər dəfə Gürcüstanda
yaşayan azərbaycanlıların və vətənə
qayıtmaq həsrətli Ahıska türklərinin problemləri
müzakirə olunub. Eduard Amvrosiyeviç hər iki məsələrdə
mənim dönməzliyimi görüb bir dəfə dedi:
“Əziz Hidayət, əmin ol, bu problemləri həll etməyincə,
mən prezident kreslosundan getməyəcəyəm”.
1994-cü ilin noyabr ayının son günləri idi,
dövlət müşaviri olaraq Gürcüstana ilk dəfə
gedirdim və Marneuli rayonunun prefekti (icra hakimiyyəti
başçısı) Levan gəlib məni Qazaxda
qarşıladı. Qırmızı körpüdə isə
Gürcüstanın Millətlərarası Münasibətlər
üzrə Dövlət Komitəsinin sədri Aleksandr Kafsadze,
digər rəsmilər, mühafizə və yüksək
rütbəli yol polis zabitlərinin müşayiəti ilə
gözləyirdilər. Oradan birbaşa
rayonun Qaçağan kəndinə getdik, kənd mədəniyyət
evində soydaşlarımızla görüş
keçirdik. Mədəniyyət evi soyuq
olduğundan hamı palto və papaqla oturmuşdu, onların
çoxu ayaq üstə idi. Biz
üç saatdan çox ən müxtəlif problemləri
çözələdik, soydaşlarımızın ən
müxtəlif suallarına cavab verdik. O vaxtadək
qısa bir zamanda Gürcüstanı 80 min azərbaycanlı tərk
etmişdi, qalanları da yır-yığış
etmişdilər, evlərindən çıxmağa
hazırlaşmışdılar. Belə bir vaxtda biz çox iş görə bildik, hakimiyyət
orqanlarının nümayəndələri ilə müxtəlif
səviyyəli danışıqlar apardıq. Bir neçə
gün ərzində Marneuli, Bolnisi, Dumanisi, Msxeti, Qardabani
rayonlarının mərkəzlərində, kəndlərində,
Rustavi, Tbilisi şəhərlərində rəhbərlərlə,
əhali ilə görüşlər keçirdik,
soydaşlarımıza dayaq olduq, vəziyyəti izah etdik,
çox problemlər həll olundu.
Dekabrın
2-də Eduard Şevardnadze ilə görüşə gedəndə,
düşündüm: ölkə başçısı ilə
üzbəüz oturacağam, protokol bir yana,
sadəcə yaxşı deyil, isti sviteri çıxardım,
köynək-qalstukla qaldım, otağa daxil olanda gördüm
ki, bura çox soyuqdur. Bir neçə dəqiqədən
sonra E.Şevardnadze otağa daxil oldu və gördüm ki,
qırmızı sviter geyinib, qırmızı qalstuk
taxıb (o, qırmızı qalstuk taxmağı sevirdi),
özü də üşüyür (prezidentin kabinetini də
qızdıra bilmirdilər). O vaxt prezidentlə çox
uğurlu görüşümüz oldu.
Ancaq
görüşün sonu... Bir saatdan çox
idi danışıqlarımız gedirdi, prezidentin köməkçisi
otağa daxil oldu və onun qarşısına bir kağız
qoydu. Prezident kağızı oxuyub
çox fikrə getdi, ancaq pörtmədi, qızarmadı, sifətində
heç bir ifadə dəyişmədi.
Onun
çox bəd xəbər aldığını dərhal
hiss etdim. Elə məqam idi – bütün problemlər
müzakirə olunmuşdu, görüşü
beş-altı dəqiqə uzatmaq da olardı, dərhal
qurtarmaq da...
Əlbəttə, vəziyyəti nəzərə
alıb söhbətimizi dərhal yekunlaşdırdım. Mən və
məni müşayiət edənlər prezidentlə
vidalaşıb ayrıldıq. Görüşdə
iştirak edən Aleksandr Kafsadze, Borçalı bölgəsinin
qubernatoru Levan Mamaladze içəridə qaldılar. Qəbul
otağında məni müşayiət edənlərə
dedim: “Prezident çox ağır bir xəbər aldı”. Təəccübləndilər:
– Haradan bildiniz ?
– Ona gələn
kağızı oxumağından.
– Axı,
halı dəyişmədi...
– Şevardnadze o kateqoriyalı siyasətçilərdən
deyil ki, qonaqların yanında halı dəyişə. Kağızı oxuyandan
sonra çox dərin fikrə getdi...
Biz hələ
qəbul otağında paltolarımızı geyərkən
A.Kafsadze ilə L.Mamaladze prezidentin yanından
çıxdılar, ilk sözləri: “Ağır xəbər
var, Giya Çanturiyanı evinin qabağındaca qətlə
yetiriblər”. G.Çanturiya o illərdə
Gürcüstanın əsas partiyalarından birinin rəhbəri
idi.
Ölkədə
vəziyyət ağır idi – həm iqtisadi, həm kriminogen,
həm ictimai-siyasi... Mən prezidentin iqamətgahının
əsas korpusunda qalırdım. Oranı
qızdırmaq üçün də çox əziyyət
çəkirdilər.
Elə o səfərdə azərbaycanlılar yaşayan
Dmanisi rayonuna getdik, möhkəm qar yağmışdı. Bolnisi-Dmanisi magistralında
İrəvana yol ayrılan yerdən o yana
bizim maşınlarla (“Çayka”, müşayiət edən
yüngül avtomobillərlə) getmək mümkün
deyildi. Rayonun prefekti də “hər işi əvvəlcədən
görmüşdü” ki, mənim ora getməyim baş tutmasın.
Özü guya piyada ora gəlmişdi.
Soruşdum: “Sizdə “Villis”, “Niva” yoxmu?” Dedi: “Yox”.
Gözümə
deyən, kimin olduğunu bilmədiyim “Niva” markalı
maşına yaxınlaşdım: “Onda mən bu
maşınla gedirəm”. Maşına əyləşdim.
Kafsadze də gəlib yanımda oturdu, tərpəndik.
Prefekt gördü-hiyləsi baş tutmadı, dərhal
“Villis”lər, “Niva”lar “tapıldı”, məni
müşayiət edənlər arxamızca gəldilər. Belə bir vaxtda, belə çətinliklərlə
gedib soydaşlarımızla görüşdük,
işığın, qazın olmamasından, digər onlarca
problemdən şikayətlənirdilər. Səfər zamanı bir dəfə azərbaycanlı
evində, ikinci dəfə gürcü evində çörək
kəsirdik. Həmin gün naharda məlum
oldu ki, bu, prefektin evi imiş və nahardan sonra bildim, prefekt
milliyyətcə ermənidir. Sonra mənə dedilər:
“Bu adam azərbaycanlılara “qan uddurur”.
Eduard
Şevardnadze ilə görüşəndə bu faktı ona
dedim. “Mən onun evində erməni olduğunu
bilmədən olsa da, çörək kəsmişəm,
duz-çörəyi ayaqlamaq fikrim də yoxdur, amma o, Sizə
yaxın adamdırsa, qoy Cavaxetiyada ermənilərin prefekti
olsun”. Şevardnadze on günün
içində həmin ermənini oradan götürdü.
Sonralar mənə məlumat verildi ki, Bolnisinin
icra başçısı da xalis ermənidir, Laqodexinin icra
başçısının isə anası ermənidir.
Onlar da soydaşlarımıza qarşı
ayrı-seçkilik edirlər: torpağı azərbaycanlılardan
alıb başqa xalqların nümayəndələrinə
mülkiyyət kimi veriblər, azərbaycanlılar isə
öz torpaqlarında icarəçi kimi, muzdla işləyirlər
və addımbaşı problemlə
qarşılaşırlar. Torpaq haqqında
qanunda belə ayrı-seçkiliyə imkan yaradırdı.
Şevarnadze özü də açıqca etiraf etdi: “Da, gto
bıl diskriminaüionnıy podxod”. Bundan sonra Bolnisi və
Laqodexi rayonlarının prefektlərinin dəyişdirilməsinə
də nail oldum.
Mən dövlət müşaviri kimi fəaliyyətə
başlayanda həm Qafqaz regionunda, həm də ümumiyyətlə,
MDB məkanında milli-dini sahədə vəziyyət
çox mürəkkəb idi. MDB-dən olan həmkarlarımla
müntəzəm olaraq görüşür, milli siyasət
məsələlərini müzakirə edirdik. Onların arasında məndən yaşlı adamlar
da vardı, amma məni ağsaqqal sayır, mənə
xüsusi münasibət bəsləyirdilər.
Eduard
Şevadnadze Aleksey Gerasimovu özünə millətlərarası
münasibətlər üzrə köməkçi təyin
edəndə ona tapşırmışdı ki, Hidayət
Orucovla görüşüb ondan məsləhət al. O mənə
zəng etdi, mən onu təbrik etdim, Bakıya səfərini
təşkil etməyə vaxtım yox idi, ona görə bir
günlüyə Qazaxda görüşdük, Qonaq Evində
neçə saat söhbət etdik, sonra Damcılıya getdik.
Süfrə ətrafında da milli məsələlər,
Gürcüstanda yaşayan soydaşlarımızın problemləri
ilə əlaqədar geniş fikir mübadiləsi oldu, ona bir
sıra məsləhətlər verdim.
Prezident
Heydər Əliyev Şimali Osetiyanın mərkəzi
Vladiqafqazın əsasının qoyulmasının 200 illiyi və
Osetiyanın Rusiyanın tərkibinə daxil olmasının
250 illiyi münasibəti ilə
keçirilən mərasimə dəvət
edilmişdi.
Ulu
öndər məni yanına çağırıb dedi:
“Qalazov (Şimali Osetiyanın prezidenti) təkidlə xahiş
edir, amma mən, əlbəttə, oraya getməyəcəyəm,
gedin, mənim təbrikimi oxuyun, çıxış edin... Qalazov deyir orada yaxşı Azərbaycan diasporu var,
onlarla da görüşün”.
Osetinlərlə inquşlar arasında dəhşətli
müharibə getdiyi üçün hava yolları da
bağlı idi. Prezidentin tapşırığı ilə mənə
xüsusi təyyarə ayrıldı, təhlükəsizlik
orqanları Bakıdan yalnız saat 10-dan sonra uçmağa
icazə verdi.
Məni Vladiqafqaz hava limanında yüksək səviyyədə
qarşıladılar. Qarşılayanların başçısı
Konstitusiya Məhkəməsinin sədri Kazbek Yanonoviç
dedi ki, “Dəyirmi masa” başlayıb, amma bununla belə, hava
limanının VİP salonunda zəngin süfrə
açıb mənim başımı qatmaq istəyirdilər,
mənsə təkid elədim və birbaşa Prezident
sarayına yollandıq. Biz oraya çatanda “Dəyirmi
masa” yekunlaşmaq üzrə idi. Qəbul
olunacaq bəyanata baxdım, orada nələr yox idi. Milli, dini separatizmə, ekstremizmə açıqca dəstək
sənədi idi. Sən demə, burada
qondarma Dağlıq Qarabağ və Abxaziya, Şimali Osetiya
“respublikalarının” parlamentlərinin sədrləri də
iştirak edirmiş. Ermənistanı isə
bu ölkənin Rusiyadakı səfiri təmsil edirdi.
Aydınca görünürdü: müzakirəyə guya
regionda etnik azlıqlar, millətlərarası münasibətlərin
tənzimlənməsi, sabitliyin bərpa olunması ilə əlaqədar
bir sənəd çıxarılıb. Əslində bu, həqiqətləri,
ədalətli əks etdirməyən, Azərbaycanın və
Gürcüstanın maraqlarına uyğun olmayan, milli
azlıqlarla bağlı beynəlxalq hüquq normaları ilə
bir araya sığmayan, təxribat xarakterli bir sənəd
layihəsi idi. Tədbirin əvvəlindən
iştirak edən Gürcüstan baş nazirinin müavini
İrakli Menaqaraşvili (o, sonralar uzun müddət öz
ölkəsinin xarici işlər naziri vəzifəsini tutdu)
isə nədənsə susmuşdu və susurdu, ya problemlərdən
başı çıxmırdı, ya da risk eləmirdi.
Mən dərhal söz alıb bildirdim ki, qeydlərim
var və ilk iradımı söylədim. Dəyirmi
masaya sədrlik edən Şimali Osetiyanın prezidenti Askarbek
Qalazov laqeyd şəkildə dedi ki, ekspertlər baxsınlar,
nəzərə alınar. Sonra mən ikinci,
üçüncü, dördüncü... on birinci dəfə
qeydimin olduğunu bildirəndə və iradlarımı deyəndə
çaşqınlıq yarandı, diqqətlər mənə
yönəldi, Dəyirmi masa çox uzandı... Orada iştirak edən Rusiyanın Federasiya işləri
və millətlər naziri Vyaçeslav Mixaylov dili ilə
deyil, başı ilə də olsa, mütəxəssis kimi mənim
qeydlərimi təsdiq etmək məcburiyyətində
qaldı (hər halda onun başı bu məsələlərdən
az-çox çıxırdı). Bu, separatizm
mövqeyində olan, yalnız xalqların öz müqəddəratını
təyin etmək hüququnu qabardan və müdafiə edən
bir sənəd layihəsi idi və mən söz alanda qəbul
olunmağına, necə deyərlər, beş
saniyə qalırdı. Layihədə qeyd
edilirdi ki, Dağlıq Qarabağın, Abxaziyanın, Cənubi
Osetiyanın öz müqəddəratlarını təyin
etmək hüququ əsasdır. Ona görə
də mən bu sənədin qəbul olunmasına imkan vermədim.
Sonra keçirilən mətbuat konfransında
ermənilərin, Cənubi və Şimali Osetiyadan, Abxaziyadan
olanların diqtəsi ilə əsas suallar mənə yönəldi
və mən yenə də öz mövqeyimi ortaya qoydum, sənədi
alt-üst etdim.
Axşam tədbirlərin zirvə mərasimində ulu
öndərin məktubunu oxudum və çıxış
etdim, həm təbrik, həm də çıxış
yaxşı qarşılandı. Tədbirin rəsmi hissəsindən
sonrakı fasilədə Vladiqafqazdakı
soydaşlarımızın fəallarından bir qrup gözlənilməz
halda hökumət otağına daxil oldular, sevincləri yerə-göyə
sığmışdı, yalnız təntənəli
iclasdakı çıxışım üçün yox, “Dəyirmi
masa”dakı mövqeyim, iradlarım sən demə, şəhərə
yayılıbmış... Dedilər: “Şəhərdə
danışırlar ki, Azərbaycan nümayəndəsi
milli-məsələlər haqda sənədi alt-üst etdi, qəbul
olmağa qoymadı”.
Mixaylov bizə 20 Yanvar müsibətindən bəlli olan
şəxsdir.
Sonralar Mixaylovla müxtəlif ölkələrdə çox
tədbirlərdə görüşdük,
sıxıla-sıxıla dedi: “Çoxdandır Bakını
görməmişəm, istərdim gələm Azərbaycana”, xahiş etdi: “Məni
dəvət edin”.
Dedim:
“Sizi Bakıya dəvət edə bilmərəm”.
Soruşdu:
“Bakıya gəlsəm, məni qəbul etməzsinizmi?”
Cavab
verdim: “Bakı mənim evimdir, azərbaycanlı qonağı
qapıdan qaytarmaz, amma sizin kimi qonağı dəvət də
etməz. 1990-cı il, yanvarın 18-də
Azərbaycan televiziyasındakı
çıxışınızda qəti bildirdiniz ki,
qoşun Bakıya girməyəcək və komendant saatı
elan edilməyəcək. Sonra məlum oldu ki, siz televiziyada
bütöv bir xalqa yalan satıb onu arxayın salanda başkəsənlər
ordusu artıq şəhərə daxil olurmuş... Fəqətqoşunlar
vəhşi kimi Bakıya soxuldu və bu nəhəng şəhəri
viran etdi, 150-yə yaxın adam güllələndi,
bu, kimin adına yazılmalıdı? Mən
sizi öz evimə necə dəvət edə bilərəm?”
Sonralar bəzi həmkarlarım onu Bakıya dəvət
etməyi məndən təkidlə xahiş etdilər. Sözümdən
dönmədim, dönə bilməzdim.
–Ulu
öndər Heydər Əliyevlə 10 il
işləmisiniz. Onunla işləmək həm asan, həm də
çətin idi...
– 1980-ci
illərin ikinci yarısından başlayaraq Heydər
Əliyev haqqında mətbuatda çıxış etmişəm.
Bilirsiniz, o vaxtlar mən Heydər Əliyev
haqqında mətbuatda müsbət fikirlər deyəndə hətta
bəzi yaxın qohum və dostlarım da məni bu yoldan
çəkindirməyə çalışırdılar.
Əvvəllər mənə hərdənbir zəng
edənlər, 20 Yanvar müsibəti ərəfəsi və
sonralar uzun müddət gündə səhər və
axşamlar zəng vurmağa başlamışdılar. Mən bunun səbəblərini anlamağa
çalışırdım. Sonralar onlar etiraf etdilər:
“Sənin üçün çox qorxurduq, zəng edirdik
görək sağ-salamatsan, ya yox...”
Bir
axşam bir ən yaxın qohumum-doğmam xanımı ilə
gəldi bizə, elə uşaqların yanındaca mənə
dedi: “Çəkil bu yoldan, yazma Heydər Əliyev
haqqında, çıxışlarında, söhbətlərində
onun adını çəkmə, bir gün səni ya
tutacaqlar, ya da vuracaqlar, tutmağa bəhanə tapmayacaqlar,
çox güman ki, vuracaqlar, mən sənin uşaqlarına
baxmayacam, bax, indidən deyirəm...” Deyilənlər
həqiqət olsa da, bu sözləri gülə-gülə
qarşıladım. Və çəkilmədim
o yoldan.
Əlbəttə, ölkəmizin o vaxtkı rəhbərləri
mənim bu istiqamətdəki dönməzliyimi unutmadılar,
çox yerdə qabağımı kəsdilər, çox
yerdən adımı pozdular, 1990-cı ilin parlament seçkilərində
isə mənə qarşı görünməmiş
irticalar törətdilər ki, parlamentə keçməyim. O vaxtın yetkililərindən
biri demişdi: “Heydər Əliyev özü azdır, hələ
onun müdafiəçisi də Ali Sovetə keçsin?”
Bəli, mən çəkilmədim bu yoldan, heç nə
məni qorxutmadı, çünki mən ulu öndərin
böyüklüyü ilə fəxr edirdim, ideyalarına
inanırdım. Hətta səksəninci
illərin sonlarından istəyirdim ki, Xalq Cəbhəsi Heydər
Əliyevə müraciət etsin, onunla birləşsin.
Birinin romantikası, o illərdəki kütləviliyi, birinin
müdrikliyi, zəkası, dövlətçilik təcrübəsi...
Sonralar
jurnalist Andrey Karaulov bir ifadə işlətdi: “Master vlasti”, doğrudan da o, “Hakimiyyət ustadı”
idi. Mən hər yerdə açıq deyirdim
ki, Xalq Cəbhəsi Hakimiyyət Ustadına müraciət edərək
onunla birləşməlidir. Mən bu məsələ
ilə əlaqədar Əbülfəz Elçibəylə
üç dəfə danışmışdım, onun Heydər
Əliyevə münasibəti çox yaxşı idi, ancaq ətrafında
elə adamlar vardı, qəti şəkildə buna
qarşı idilər. Bu ideya o illərdə gerçəkləşsəydi,
bu gün də əminəm, ağır itkilərimiz
olmayacaqdı, lap başlıcası,
Qarabağ və ətrafı düşmən
tapdağına düşməyəcəkdi. O ki, qaldı
Heydər Əliyevlə işləməyə, ulu öndərlə
çalışmaq şərəfli və məsuliyyətli
idi. İşə can yandıranda, məsuliyyətli olanda
onunla işləmək asan idi. Əgər məmur tənbəldirsə,
saxtakardırsa, xəyanət edirsə , o
belələri ilə işləyə bilmirdi.
Amma ulu
öndərin bilavasitə rəhbərliyi ilə işlədiyim
illəri xatırlayanda onun qeyri-adi iş qabiliyyətini,
yorulmazlığını qeyd etməmək olmur. Çox məqamlarda məni heyrətləndirirdi.
Elə hallar olurdu gecə saat 1-dən, 2-dən
sonra müraciət etməli olurdum. Belə vaxtlardakı
ilk zəngim bu gün olduğu kimi yadımdadır: bazar ertəsinə
keçən gecəydi, 6-7 saat sonra xaricə səfərə
getməli idim, yeni problem çıxdı, gecə saat 2-də
bağdan hökumət telefonu ilə Prezidentin iqamətgahındakı
bir nömrəni yığdım. Dəstəyi
general Bəylər Eyyubov qaldırdı. İstəyimi
bildirdim, nömrə verdi, dedi – zəng
edin. Soruşdum: “Bəlkə istirahət edir?” Dedi: “Xeyr, zəng
edin”. Arxayınca nömrəni
yığa-yığa, fikirləşdim, mühafizədən
kimsə dəstəyi qaldıracaq, prezidentlə danışmaq
istədiyimi bildirəcəyəm. Nömrəni
yığdım və... birinci zummerdən sonraca prezidentin səsini
eşitdim. İlk saniyələrdə
özümü itirən kimi oldum, ancaq dərhal məruzəmi
etdim, məsləhətlərini aldım. Səsində,
danışığında yorğunluq qəti hiss olunmurdu.
Sonralar hərdən
belə vaxtsız telefon zəngləri etməyə məcbur
idim, ancaq bilirdim: telefonu özü qaldıracaq, birinci, ikinci
zummerdəncə sonra. Belə də olurdu.
Heyrətamiz iş qabiliyyəti vardı.
Mən səhər saat 9-da artıq işdə olurdum və
gecə saat 2-3-ə qədər işləyirdim. Bir dəfə gecə saat
2-də hiss etdim ki, daha o gecəlik işim yoxdur və
yorulmuşam, prezidentin köməkçisi Tariyel Ağayevdən
soruşdum: “Yəqin, bundan sonra cənab prezident məni dəvət
etməz, evə gedə bilərəm?” Dedi: “Gedin, yəqin ki,
dəvət etməz”.
Növbətçi maşınla Aparatdan
çıxdım, evə çatanda gördüm
oğlanların ikisi də məni həyətdə gözləyir. Saat üçün
yarısı idi, mən narahat oldum: görəsən evdə
nə olub, nə üçün uşaqlar məni
küçədə gözləyirlər? Onlar məni
gülə-gülə qarşıladılar, dedilər:
“Tariyel müəllim zəng etdi və dedi ki, elə həmin
maşınla da geri qayıtsın”. Mən qayıtdım,
prezident məni qəbul etdi, sualları oldu,
tapşırıqlarını verdi və
evə getdim.
O vaxt hələ
mobil telefonlar yox idi. Sonra bir dəfə də
belə epizod oldu və hər iki epizod yeni dərs idi mənə.
Sonra çalışdım ki, daha təkrarlanmasın.
Prezident evə gedəndən sonra kabinetdən
çıxırdım. Bu da adətən
gecə saat 1-dən 2-dən tez olmurdu. Gecə
ha vaxt getsəm də, dediyim kimi, səhər saat 9-da işdə
idim. O vaxt biz belə işləyirdik və yenə deyirəm,
mən o illəri xoş təəssüratla
xatırlayıram. Ulu öndərin iş prinsipləri, idarəetmə
ustadlığı ilə bağlı hər epizod
böyük bir mövzudur və bir müsahibədə
danışmaqla qurtarmaz.
– Siz Heydər
Əliyevi müdafiə edəndə düşmənləriniz
də artmışdı...
– Bəli,
mən ulu öndəri açıq-aydın müdafiə edəndə,
onu əsassız tənqid edənlər, ona böhtan atanlar təbi
ki, mənim düşmənimə çevrilmişdilər. Məsələn, hamının
tanıdığı bir nəfər Moskvada çap edilən
erməni profilli jurnallardan birində ulu öndər
haqqında hədyanlar yazmış, hətta onu millətçilikdə
ittiham etmişdi. O adam mənə
qarşı çıxışlar etdi, şair olmaya-olmaya mənə
qarşı həcv də “qoşmuşdu”. Redaksiyalara ayaq
döyməkdən yorulmadan çap etdirmək istəmişdi
o “həcvi”, heç kim yaxına
buraxmamışdı. “Ədəbiyyat və incəsənət”
qəzetində ona demişdilər ki, Hidayət haqqında
yazılan hədyanı Azərbaycanda heç bir qəzet verməz.
Ondan sonra sakitləşdi. Mən
dövlət müşaviri olandan sonra belələrinin
sayı daha da artmışdı.
Heydər
Əliyev hakimiyyətə qayıdandan sonra elə adamlar ona
yarınmağa, ətrafında
cəmləşməyə can atdılar. Onlar
öz səhvlərini səmimi etiraf etsəydilər, mən
bunu normal qarşılayardım. Amma təəssüf
ki, o adamlar öz şəxsi maraqları naminə ulu öndərə
yaxınlaşır və məni məhv etmək
üçün bütün imkanlardan istifadə edir, onun
gözündən salmağa çalışırdılar.
Heydər Əliyev Azərbaycan Prezidenti seçiləndən
sonra ictimaiyyətin bəzi nümayəndələri ilə
keçirdiyi ilk görüşdə həmin şəxs
prezidentə müraciət etdi: “Niyə Siz Hidayət Orucovun
işdən çıxarılması haqqında fərmanı
dünən verməmisiniz, bu günə
saxlamısınız?”
Ulu
öndər çox təmkinlə bildirmişdi: “Filankəs
Filankəsoğlu (haqq dünyasında olduğu
üçün adını yazmıram- H.O.), o işləyir!”
Həmin
görüşdə təkcə o şəxs deyil, onun kimi
iki-üç adamın da kefi pozulmuşdu, hətta törətmək
istədikləri baş tutmadığından o şəxsin
yanında oturan bir xanımın halı guya pisləşmişdi
və həmin şəxs onun qoluna girərək bayıra
çıxmışdılar, pərtliklərini gizlədə
bilməmişdilər, qəbul otağında kresloda oturub təzə
təxribatları barədə “dərdləşmişdilər”.
Bir dəfə
mən özüm bu barədə cənab prezident İlham
Əliyevə dedim, təəccübümü gizlətmədim:
“Haqqımda ulu öndərə o qədər dedilər,
heç bir reaksiya vermədi. Bilirəm, Sizə də həmişə
haqqımda xoş sözlər söyləmirlər...” Cavab
cümləsini olduğu kimi deyirəm: “Mən elə sözlərə
inanmıram!”
Heydər
Əliyev nəinki məni işdən
uzaqlaşdırmadı, mənim normal fəaliyyətim
üçün şərait yaratdı, on il
bilavasitə mənim rəhbərim oldu, bir dəfə demədi,
hətta hiss etdirmədi ki, səndən mənə bunları
deyirlər. Allah ona rəhmət eləsin, O,
böyüklük mücəssəməsi idi.
O illər
mən gecə-gündüz işlədim,
çalışdım, əsəb gərginliyi və
çoxlu düşmən qazandım...
– Hidayət
müəllim, Azərbaycan-Qırğızıstan əlaqələri
hansı səviyyədədir, nədən
başlamısınız, hansı işləri görmək
fikrindəsiniz?
– Azərbaycan
və Qırğızıstan qardaş ölkələrdir.
Ulu öndər deyirdi: “Manas” dastanı bizim ümumi dilimizdə
yazılıb. Onu da deyirdi ki, bizim
kökümüz və tariximiz birdir. Məlum
olduğu kimi, Heydər Əliyev “Manas”ın
Qırğızıstanda keçirilən minilliyi yubileyində
dərin məzmunlu çıxış etmişdi. Çıxışında deyirdi ki, “Manas”
qırğız xalqının iradəsini, qəhrəmanlığını,
varlığını və bütün türk
dünyasının bu keyfiyyətlərini özündə əks
etdirən dastandır. “Manas” eyni zamanda Azərbaycan
xalqının əzmini, qətiyyətini, mənəviyyatını
əks etdirən bir əsərdir, “Manas” bizim
hamımızın ulu əcdadıdır. Ulu öndər onu da deyirdi ki, türkdilli
xalqların dillərində müəyyən fərqlər
var, amma biz bir-birimizi ürəyimizlə başa
düşürük.
Mən bu ölkədə Azərbaycana doğmalıq və
qardaşlıq münasibəti görürəm. Əslində biz tarixi köklərimizə
qayıdış prosesindəyik və elə bilirəm ki, bu
proses ritmik gedir.
Azərbaycanla Qırğızıstan arasında siyasi,
iqtisadi, sosial, humanitar sahələrdə əməkdaşlıq
qardaşlığımızın səviyyəsini və
ölkələrimizin iqtisadi potensialını əks etdirmir. Son vaxtlar bu
sahədə canlanma var, həm Azərbaycanda, həm də
Qırğızıstanda. Azərbaycan
Prezidenti İlham Əliyev və Qırğızıstan
Prezidenti Almazbek Atambayev bu sahədə məqsədyönlü,
perspektivli siyasət aparırlar.
Çox tədbirlər planlaşdırılır, ancaq
gəlin əvvəlcədən danışmayaq, gözləyək
və şahidləri olaq. Çoxdandır belə bir qənaət
formalaşıb məndə: “Əgər Allahı
özünə güldürmək istəyirsənsə, ona
öz planlarından danış”.
–
Böyük qırğız yazıçısı
Çingiz Aytmatovla dostluq əlaqələriniz olub...
– Çingiz Aytmatov mənim uşaqlıq və gənclik
dövrümün yazıçısıdır, ən
çox sevdiyim qələm sahiblərindən biridir. Mən onu
yalnız sevməmişəm, həm də onunla fəxr
etmişəm. Bu gün də fəxr edirəm
ki, qardaş qırğız xalqının və türk
dünyasının belə bir fikir sahibi var. Mən demək
olar ki, onun bütün əsərlərini oxumuşam. Onu da deyim ki, Qırğızıstandan və
Rusiyadan sonra Çingiz Aytmatovun əsərləri (“Cəmilə”dən
tutmuş “Edam kötüyü”nə və ondan sonrakı əsərlərinəcən)
ən çox Azərbaycanda çap edilib.
Tale elə
gətirdi ki, mən onunla 1982 və ya 1983-cü ildə İrəvanda
tanış oldum, xeyli söhbət etdik. Yazıçılar İttifaqının akt
zalında ictimaiyyətlə keçirilən
görüşündə də iştirak etmişəm.
Yazıçılar İttifaqının İrəvan
yaxınlığında səfalı bir yerdə
yaradıcılıq evi vardı, sonra Ç.Aytmatovu ora
apardılar. Adını ermənicəyə
dəyişib “Caxkacor” qoysalar da, çoxu qədim, əsl
adını – elə “Dərəçiçək” deyirdi.
Çingiz Dərəçiçəkdə dincələndə
elə oldu ki, mən təcili olaraq SSRİ Mədəniyyət
Nazirliyinin kollegiya iclasına dəvət aldım, Moskvaya
getdim və o müddətdə onunla yenə görüşə
bilmədim. İrəvandakı söhbətlərimdə mən
erməni millətçiliyindən danışdım və
bu məlumatlar ona yeni idi, dediklərimi diqqətlə, səbirlə
dinləyirdi. İllər keçəndən
sonra biz Moskvada Yazıçılar Evində
görüşdük. Dedi: “Səni tez-tez
xatırlayıram”, onda artıq Bakıda “Gənclik” nəşriyyatının
baş redaktoru işləyirdim.
Bakıya köçdükdən sonra onun povestlərindən ibarət iri həcmli kitabınıbizim nəşrlər evində çap etdirdim. Moskvaya telefon açdım, danışdıq, müqavilə ona göndərildi, imzalayıb Bakıya qaytardı. Sonra o mənə zəng etdi.
Keçmiş SSRİ-nin dağılması ərəfəsində yenidən Moskvada görüşdük. Artıq Dağlıq Qarabağ problemi başlamışdı, biz erməni məsələlərindən danışdıq. O mənə dedi ki, neçə illər əvvəl İrəvanda görüşəndə mənə bu haqda danışmışdınız və çox dərin bir fikrə getdi.
Mən çox təəssüf edirəm ki, Çingiz Aytmatov sonuncu dəfə Bakıya gələndə mən xaricdə idim, əlbəttə, o məni soruşmuşdu. Bişkekdə işə başlayandan bir az sonra Qırğızıstanın bir qrup görkəmli yazıçısı ilə “Ata Beyit”ə gedib Çingiz Aytmatovun məzarını ziyarət etdim.
Biz tez-tez görüşməsək də münasibətlərimiz səmimi idi. Yaşda məndən on altı il böyük olsa da ona sadəcə “Çingiz” deyə müraciət edirdim. İlk öncə nə üçün belə müraciət etdiyimin izahını da vermişdim: “Sizə Çingiz ağa, Çingiz mırza, ya Çingiz Terequloğlu – deyə müraciət etsəm nəhəngliyinizi, “statusunuzu” kiçiltmiş olaram. O Çingiz tarixin fəthlər Çingiziydi, Siz onun tarixdəki obrazını ədəbiyyatda yaradırsınız, beləliklə, dünya ədəbiyyatının Çingizisiniz”.
Gülə-gülə deyirdi: “Mənə elə belə də müraciət et, belə xoşuma gəlir”.
Prezident İlham Əliyevin göstərişinə əsasən, bu il yazıçının 85 illiyi Azərbaycanda dövlət səviyyəsində geniş qeyd olunacaq.
– Bu müsahibəyə “əzablı yollar”dan başladıq, çox mətləblər açdınız. Ancaq Sizi sevənlər çoxdur...
– Çünki dünyada ədalətli insanlar ədalətsizlərdən, haqlılar haqsızlardan çoxdur.
– Siz Azərbaycanda da, ölkəmizdən kənarda da çox tanınan, nüfuzlu adamsınız. Qarşıdan prezident seçkiləri gəlir. Siz isə Azərbaycanda deyilsiniz.
– Müstəqilliyimiz illərində ilk seçkidir ki, mən Azərbaycanda olmayacağam. Ancaq harda olsam da, Azərbaycandayam, xüsusilə seçkilərdə! Bir daha vurğulayıram: məni son 20 ildə göydə Allah, yerdə ulu öndər Heydər Əliyevlə prezident İlham Əliyev xilas etdilər, qorudular. Özü də yalnız məni deyil, başqalarını da. Onlar olmasaydı, çox haqsızlıqlar baş verəcəkdi. Tale elə gətirib ki, dünyada çox dövlət başçısı ilə görüşmüşəm, bəziləri ilə dönə-dönə ünsiyyətdə olmuşam. Dövlət başçılarını bir-birinə yaxınlaşdıran protokol qaydaları, öz ölkəsinin milli maraqlarını qorumaq prinsipləri ilə yanaşı hər birinin öz təbiəti, təhkiyyəsi, dünyagörünüşü, iş üslubu... Hamısı yadımdadır. Onların arasında prezident İlham Əliyev mükəmməl professional təhsili, yetkin dövlətçilik təcrübəsi, qlobal dünyagörüşü, səmimi mədəniyyəti, yüksək intellekti, təbiiliyi, mənəvi paklığı ilə diqqəti çəkir. Elə bu müsahibədən istifadə edərək məni sevənlərə, mənə inananlara üz tuturam: hamını yaxınlaşan seçkilərdə prezident İlham Əliyevə səs verməyə çağırıram. O, Azərbaycanın yalnız bu gününə deyil, gələcəyinə də çox lazımdır.
Söhbəti
apardı: Qulu KƏNGƏRLİ
525-ci qəzet.-
2013.- 1 oktyabr.- S.4-5