Təkan
(povest)
Oktyabrın 3-ü Azərbaycanın Xalq
yazıçısı İlyas Əfəndiyevin anım
günüdür. Bu məqsədlə tanınmış
yazıçı Yusif Həsənbəyin bu yaxınlarda
tamamladığı görkəmli yazıçı-dramaturq
İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş “Təkan”
povestindən bir hissəni oxuculara təqdim edirik.
Ah, nə
gözəl! Bəxtimə gün doğdu.
Qurban olum xeyirxahımı uğuruma gətirən
Tanrıma. Uşaq kimi sevinirdim. Qabağına yüyürüb boynuna atılmaq istədim.
Ancaq ürək eləmədim. Əsəbləşdiyi get-gedə yeyinləşən
addımlarından bilinirdi. Əlbətdə,
ürək yanmasa gözdən yaş çıxmaz. Məni
şillələməyə haqqı var.
Qayışını açıb mənə bir turşulu
aş yedirməyə də ixtiyarı çatar. Çünki
əsl kişidir, üzdə bir cür, sözdə başqa
cür olanlardan deyil. Əqidəsində
dönüklük yoxdu. Biganəliyə
nifrət əsərlərində qızıl xətlə
keçir. Onun “Boy çiçəyi”
pyesi insanların daşlığını, quruluğunu
parçalayan bir qılıncdır. Nargilənin
anası özünə ər tapır. Lakin
ər olacaq şəxs “Ya mən, ya da sənin qızın”
deyə şərt qoyur. Ana əri
seçir. Qızcığaz didərgindir.
O özündən xeyli yaşlı bir zavod direktoruna
sığınır. Ona ərə getməyə
də hazırdır. Müəllif zavod
direktoru Həsənzadənin diliylə insan mənəviyyatını
gəmirən biganəliyə nifrətini, qəzəbini
bildirir. Məni qolumdan tutub ayağa qaldırıb,
oturuş-duruşuma göz qoyub,
yaradıcılığımı izləyib, plenumlarda
şeirlərimdən nimunələr gətirib. Yaradıcılıq
səfərlərinə gedəndə məni öz qrupuna
saldırıb. Əlbəttə, bu qarışıq
saç-saqqalım, düymələri qırıq köynəyim,
balaqları sürtülməkdən didilən
şalvarım, burnu balıq ağzı kimi
açılmış ayaqqabılarım məni alicənablar,
şöhrətlilər, hörmətlilər cərgəsində
görmək istəyən yazıçını sarsıtmaya bilməzdi.
Ata üçün kasıblıq, əli gətirməzlik
bir müsibətdirsə övladını əfəl, nankor
görmək gündə min bir dəfə ölməkdi.
Nizə baxışları gözlərimə dikildi. Bu
baxışlar arxa tərəfimdəki əzəmətli
“Qızıl qaya” dağına tuşlansaydı dağ
parça-parça olub tökülərdi.
– Sədrəddin,
burda nə gəzirsən? Sən axı gərək
indi nəşriyyatda iş-gücdə olaydın. İslam Səfərlini nə vaxt görsəm, deyir
Muzqızdən qonorar almaqdan gəlirəm. O gün Sabir
bağında Süleyman Rüstəmə rast gəldim.
“Durna” əsərinin librettosunu göstərib gülə-gülə
dedi ki, sənin o gözəl şairin Sədrəddin
çap eləyib, sağ olsun. Mən də
sevindim ki, işlərin yaxşı gedir. Şairlərlə
müqavilələr bağlayırsan, bəstəkarlara
mahnılar sifariş verirsən, nüfuzun, hörmətin... Dayan görək, – deyə bir addım geri çəkildi.
– Bu saç-saqqal nədi? Anan Sayad bacı
qıvraqdımı?
– Bəli,
çox sağ olun, duaçıdı.
– Burda məzuniyyətdəsən
yəqin?
– Yox, nəşriyyatı
bağlayıblar.
– Hə?- Əhə, əhə, – öskürdü
iki ağız.- Deyirəm axı. Sazaq, şaxta
ağac şivlərini daha tez vurur. Tatar
şairi Musa Cəlil almanların ölüm düşərgəsində
necə nikbin şeirlər yazıb. Sənin
yaşıdın Xəlil Rza “Azadlığı istəmirəm
zərrə-zərrə, qramm-qram” deyib Sovet
İmperiyasını diz çökdürür. Ona güllə atırlar. Amma əqidəsindən
dönmür, iradəsi qırılmır. Amma nəşriyyat
bağlanıb, sənin qol-qanadın qırılıb! Burda niyə dayanmısan bəs?
–
Münasib maşın düşsə Bakıya getmək istəyirəm.
Timuçin
geri çevrilərək:
– Ata, Sədrəddin
Bakıya getmək istəyirsə, gəl aparaq avtovağzala,
ordan da yola salaq da, – dedi.
– Yox, –
deyə bir an fikrə getdi İlyas müəllim.
Sonra da – Burada məsələ bir az
ciddidi, – deyə başını narazılıqla bulaya-bulaya
Timuçinə yaxınlaşdı. – Arşını
yüz ölç, bir biç, – deyiblər. Sən
də məsələnin mahiyyətini öyrənməyə
çalış. Tez-təcili başından eləmə!
– Qulaqlarımı şəkləmişdim. – Eşitmişəm
içkiyə də qurşanıb, – dedi. Yer
yarılsaydı yerə girərdim. – Yoxsa
Bakıya yola salmağa nə var ki. Amma bu
çıxış yolu deyil. Görək
neynərəm, ay Timuçin – deyib mənə tərəf
çevrildi. – Sədrəddin, Bakıda cırcırama
qabıq tökür. Bu istidə neyləyəcəksən
orda?
–
Yazıçılar İttifaqımızın sədri Mehdi
Hüseynlə dalaşacam.
İlyas
müəllimin nəzərləri sərtləşdi:
– Mehdi Hüseyn qartaldı. Adı gələndə
bayquşlar tük tökür. Ölkəmizdəki
durğunluq dövrlərində Yazıçılar
İttifaqında bir “çalpapaqlar” qruppası yarandı.
“Kora vermə, mənə ver, şilə vermə,
mənə ver” deyirdi başçıları. “Rusiyada orta bir yazıçıya bağ evi,
maşın, itə baxan, aşbaz, bağban da verir Litfond
deyirdi: – Tolstoyun harası artıqdı məndən? Mənə də iki katibə ver, ildə bir dənə
“Hərb və sülh” qoyum ortaya”. Əlbəttə,
Mehdi Hüseyn də “xox”dan qorxan deyil. İpini
çəkib oturtdu yerində. Nöqsanı
üzə, pisə pis dediyinə görə çoxu qanlı
bıçaqdı Mehdiynən. Amma
yaxşı əsər yaz, ol gözünün
işığı. O gün Anarın bir povestini
müzakirə etdik. Şirin dili, zəngin müşahidəsi
var, dedi hamı. Mehdi
də birotaqlı mənzil verdirdi ona. Ə...ə...ə,
Sədrəddin... Çöhrəsi
allanmışdı. – Ay bala qoç döyüşünə
qoç gərəkdi. Mehdi Hüseynlə
dalaşanıma bax ey. Ə... ə... kimsən
axı? Nəyin var? “Məktub
yetişmədi”, “Poçt qutusu”, “Şeyx Şaban” hekayələri
kimi bir hekayə, Mircəlalın “Bir gəncin manifesti”, Mirzə
İbrahimovun “Gələcək gün”...
Özümü
saxlaya bilmədim:
–
İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” romanı...
– Hə,
heylə sanballı əsərlərin birini yazaydın. Yoxdu hələ,
amma keçən il yeni şeirlərin
rezonans doğuranda Mehdi məni təbrik elədi. Təəssübkeşliyimi o da yaxşı bilir.
Onun nəyindən narazısan? Bəlkə hansı redaksiyadasa səni get-gələ
salıblar? Bəlkə gedib Peredelkino,
yaxud Yalta yaradıcılıq evində havanı dəyişəsən?
Bəlkə Mehdi Moskvadakı “Xarici komissiya” şöbəsindən
xahiş eləsin ki, səni Avropa ölkələrindən
birinə ezam etsinlər?
– Yox!
Mehdi müəllim bir qulluğa qoysun, bir iş versin, işləyim.
– Nə
iş? Sənə iş veriblər də. Yazıçılar
İttifaqının üzvüsən. Mehdi
Hüseyn şəhərin mərkəzində
üçotaqlı mənzil verib sənə. Yaxşı bişmiş qələmin var. Problem məsələlər
qoy. Yazıçısansa
demək xalqın yükünə çiyin verməlisən.
Oğlanlarımız yad ölkələrə çörək
dalınca
qaçır, qızlarımız evdə
qarıyır. Hansını deyim? İş istəyirsən, balam, yaz, yarat da.
– Yox, mən
dəqiq bir əmək meydanı, front istəyirəm. Çalışım, özümü göstərim.
Yaradıcılığımla fərəhlənim.
Qürur hissim dəryalara sığmasın.
Get-gedə artaram, ucalaram mən.
– Səni
gözəl başa düşürəm, Sədrəddin –
dedi İlyas müəllim. – Gələcəyin,
yaradıcılığın səni narahat edir. Bu məni çox sevindirir. Sən
çıxış yolu axtarırsan.
Birdən sanki qulağının dibində
qırıcı təyyarə şığıdı. Diksinən
kimi oldu. Başını geri ataraq:
– Topu
meydandan çıxartmısan. Güvəndiyim
dağlara qar yağdırmısan. Amma səni
qırılmağa qoymayacağam. İstedadlı
şairsən. Bəlkə hələ
iliyinə tam işləməyib, qanını qaynatmır sənət
atəşi? Əlindəki ağac sənə
düyünlü görünür. Amma mən
elə ki, bir əsərimin sonunucu nöqtəsini qoydum,
sevincim yerə-göyə sığmır, məni təbrik
edəcəklər, teleqramlar, telefon zəngləri gələcək.
Amma bir bağlı qapı açacaqmı, kor
gözə bir iynə ucu işıq olacaqmı? Əsərlərim həyəcan təbilləridir.
Mən onların əks-sədalarını eşitmək istəyir,bu təbillərin daha gur səslənməsinə
çalışıram. Arada İspan
yazıçısı Servantesin ədəbi taleyinə
küsənməyim də olur. O Servantes hələ
sağlığında böyük xalq məhəbbəti
qazanıb. Onun “Don Kixot” romanının qəhrəmanlarına
heykəllər qoyulub. Əsər Avropa
dillərinə tərcümə olunub. Bəs sən də
sənətkarsan axı, ay Sədrəddin, xalqın məhəbbətini
qazanıb,millətin adına şərəf
gətirməkdi vəzifən. Böyük
Viktor Hüqo Fransa mərkəzinin Paris yox, elə Hüqo
adlandırılmasını istəyirdi. Bəlkə
gələcək nəsillər böyük
yazıçının həyəcan təbillərini daha
yaxşı eşidər, yazıçının
arzularını həyata keçirərlər. Sədrəddin, inanıram ki, sən söz sənətinin
Olimp zirvəsinə qalxacaqsan.
Bilirdim, yaxşı başa düşürdüm ki,
indi onu hövsələdən çıxaran mənim
düşkünlüyüm, miskinliyimdi. Həyan olmaq,
sığınana qucaq açmaq, quyudakına ip sallamaq, səhraya
su, kor gözə işıq olmaq istəyi İlyas müəllimin
xislətindəydi. O, mənim xətrimi çox istəyirdi.
Başqası olsaydı indi bu “Yoxuş
başı”nda məni toza-tüstüyə basıb
uzaqlaşardı.
Səhnəmizə
onlarla xeyirxah, insanpərvər obrazlar gətirən sənətkarın
həyatı gözəl bir roman mövzusu ola bilərdi. Hələ gənclik illərində yasaqlara,
qadağalara çox məruz qalmışdı. Yaxşı ki, yaxşılardan xali deyil dünya.
“Kommunist” qəzetinin redaktoru Əli Vəliyev
onu dəfələrlə cəlladların əlindən
alıb, cəhənnəmin qapısından geri
götürmüşdü. Başı bəlalar
çəkən yazıçı indi mənim miskin taleyimə
biganə qala bilməzdi.
Maşına tərəf gəldiyimi görən
Timuçin kabinədən çıxıb mənə
yaxınlaşdı. Altdan-altdan gülümsəməyindən
sözlü adama oxşayırdı.
– Nərd
aləmində təzə bir şey öyrənmisən bu
keçən vaxt ərzində, yoxsa yenə həmən –
köhnə hamam, köhnə tasdı?
–
Əşşi, yox ey! Ha çalışdım ki, zərləri
cütləməyi öyrənim. Ancaq bunu
özümə ar bildim. Ancaq zəri
ovcumda atıb səni udmağa hazıram.
Maşına oturduq. Timuçin
ayağını qaza qoydu. Sərvlər,
çinarlar arasıyla uzanan “bulvar” arxada qaldı.
Yol ayrıcına çatırdıq. Timuçin sürəti
azaltdı və İlyas müəllimə baxdı:
–
Maşını hara sürüm, ata? Bakıya evimizə,
yoxsa burda “Baharlı” qəsəbəsində yaşayan bibimgilə? Sən axı hərdən raykomun qonaq evinə də
düşürsən? – barmaqlarını
sükan üstdə oynatdı narahat Timuçin.
İlyas müəllim yay aylarını Kslovodsk
kurortlarında keçirirdi. Ancaq Bakıya dönərkən
yolüstü Qubada bacısı Məhbubəgildə bir neçə
gün qalır; məktəbli uşaqlarına təzə
pal-paltar, dəftər-kitab da alırdı. Sonra raykomun təşkilatçılığı
ilə Susay, Buduq, Xınalıq yaylaqlarında
sağıcılarla görüşür. Çoban alaçıqlarında gecələyir,
obaşdan durub şehli otlar üstündə ayaqyalın gəzməyi
xoşlayırdı. Qubada ləngiməyinin
başlıca səbəbi də ailəsini şimalın sərt
havasından Bakının bürkülərinə birdən-birə
atmamaq, bu yerlərə tədricən uyğunlaşdırmaq
idi.
–
Maşını hara sürüm?
– Bizi
qovan var, hara tələsirsən? İki
gündü yollardayıq. Bir sərin yerdə
nəfəsimizi dərək də. Ə,
Sədrəddin, – deyə çiyninin üstündən geri
qanrılanda baxışlarımız kəsişdi. – Bu
tərəflərə sən daha yaxşı bələdsən,
bir az harda dincələk
yaxşı-yaxşı? – deyə
İlyas müəllim əllərini bir-birinə
çırpıb dodaqlarını islatdı. – Heyif deyil
öz xörəklərimiz, makaron, borş, kotlet bezdirdi bizi. Hara sürsün Timuçin?
Mən İlyas müəllimin qulluğunda
gözümü qırpmadan günlər nədi, həftələrlə
durmağa hazır idim. Ona görə yox ki, kitablarımı
plana saldırsın, Moskva qurultayına nüməyəndə
seçdirsin. Ona görə ki, o sözü bütöv,
haqqın tərəfində duran, bununçun canından
keçməyə hazır bir adamdı. SSRİ
Yazıçılar İttifaqından çox dəyərli bir məktub
almışdıq. Moskva bir neçə
yazıçımızı Almaniyaya yaradıcılıq
ezamiyyətinə göndərmək istəyirdi. Təklif bizim Prezidium islasına
çıxarıldı. Və bundan sonra
da hənəklər, həngamələr başladı.
Oturuşmuş, yaxşı təmin olunmuş,
orden-medallı yazıçılar arasında “sən getmə,
mən gedim” davası düşdü. Mən
İlyas müəllimin diplomatiyasına heyran oldum. O,
birinin əlindən tutur, birinin boynunu qucaqlayır, hamıya
mehriban nəzərlərlə baxaraq: – Ay yoldaşlar, bəlkə
ezamiyyətə bir-iki gənc yazar göndərək?! – dedi.
– Öz balalarımız, gələcəyimizdilər. Modernizm, ekssentirizm və bir çox başqa ədəbi
cərəyanlarla qaynayır bu günkü Avropa. Gənclik yeniliyi daha tez götürür. Onlar özlərindən nəsə təzə bir
şey artıra da bilərlər bu günkü inkişafa.
Nəticədə ədəbiyyat zənginləşər,
oxucu qazanar. Gəlin gənc, özü də fəal
yazıçılardan göndərək, – dedi. Təklif qəbul olundu. Ancaq elə bircə bu gözütoxduğuna
görə İlyas müəllimə ürəyimin
yağını yedirməyə hazır idim. Qəçrəş
bulağının ən yaraşıqlı köşkündə yeri
görünürdü İlyas müəllimin. Bəs ora da necə
aparım qonaqları?
Bulağın
müdiri Babayla uşaq bağçasına bir yerdə
getmiş, məktəbdə də bir parta arxasında
oturmuşduq. Sonralar Qubanın keçmiş birinci katibiylə
buralara yolumuz düşəndə, yüyürüb
qabağımıza gələr “Hə, bu Sədrəddin
uşaqlıq dostumdu” – deyə yalmanar, özünə xal
qazandırıb, yerini isti eləməyə
çalışırdı.
– Ay
Timuçin! Bakı nədi, sovxoz nədi?
Bu istidə camaat canını alıb
çölə, meşəyə qaçır. Əşşi, sür Qəçrəş
bulağına. Beş günlük dünyada biz də
bir gün insan kimi yaşayaq da, – dedim.
Timuçin dinmədi.
– Hə,
Qəçrəş bulağı, – deyə bir an fikrə getdi İlyas müəllim. Sonra da – Gələn-gedəni, qonaq qarası
çox olur o bulağın yenə? – soruşdu.
– Köşklərdə yer tapılmır! Daşların, qayaların üstündə süfrə açırlar. Bəziləri bufetin, kababçıların böyründə ayaqüstü yeyib-içirlər. Hamı doğmalaşır burda. Tanıyan, tanımayan bir-birini qonaq eləyir.
Maşın “Qəçrəş” bulağına tərəf istiqamət götürdü. Uzaqda ortası yəhər kimi çökək, yanlarda iki qaşı ağaran Şahdağ görünürdü. Asfalt yolun sağında və solundakı çinarlar gəmi göyərtəsində cərgəyə düzülmüş ağ-yaşıl köynəkli matrosları xatırladırdı. Get-gedə çinarlar seyrəkləşdi. Yolətrafı xəndək kənarlarında qaratikan, böyürtkən kolları sıxlaşıb keçilməz oldu. Meşəyə girdik. İri gövdəli palıd, qovaq ağaclarının enliyarpaqlı budaqları üst-üstə təpilir, günəşin şəfəqləri bu təbii talvarın üstündə əriyib itir, meşə qaranlıqlaşırdı. Palıd qozaları təkərlərin altında tir tüfənginin pistonları kimi şaqqıldayırdı. Az sonra açıqlığa çıxdıq. Ot dizdən yuxarı, baldırğanlar adam boyu. Talanın qurtaran yerində baş-başa verən ağacların arasındakı boşluq mağara ağzı kimi qaralırdı. Bu yaşıl bir tunelin girəcəyi idi.
Yumşaq, hamar meşə yolunda maşın sakit, səssiz gedirdi. Sağ tərəfdə dəmir lövhədə nida işarəsinin “aşağı sürət” əmrini görən Timuçin ayağını əyləcə qoydu. Maşın silkələndi. İlyas müəllim:
– Nooldu,
niyə yavaşıtdın?
– Ata, ora
bax!
Qabaqda burnu baltalı traktorlar qayaları çapır,
sarı candonlu fəhlələr külünglərlə,
lomlarla xəndəklər, çalalar qazıyırdılar. Sağ tərəfdəki
ekskolatorçu iri dişli çömçəsini zərblə
yerə çırpır, qaldırdığı
daş-torpaqı böyründəki maşının
banına boşaldanda yarısı yerə tökülür,
toz dumana qarışırdı.
Biz maşından düşdük. Meşədən təngnəfəs
çıxan üzü təmiz qırxılı,
qırmızısifət oğlan bizə tərəf gəldi:
– Adın
nədi, oğlum? – deyə iş
icraçısının əlindən tutdu İlyas müəllim.
– Bənna Həşimin nəvəsiyəm. Adım
Zülfüqardı.
İlyas
müəllim mənə tərəf çevrildi:
– Sədrəddin,burda gördüyümüz zəhmət adamlarının işindən, həyatından canlı bir oçerk yaza bilərsən. Birləşdirən, qovuşduran körpülər şairlərin romantik uçuşlarına qol-qanad verər. “Azərbaycan gəncləri” qəzeti üçün çox zəngin material var burda.Dərələr, çaylar üstündə salınan körpülər ölkələri, xalqları, mədəniyyətləri birləşdirir. Dünyamız sabahlara, insanlıq qardaşlığa gedir körpülərdən keçib. “Zülfüqar körpüsü” ola bilər qəzetə göndərəcəyin reportajın adı.
Arifə bir işarə bəs elər. Mən də
fil qulağında yatanlardan deyildim. Anlayır,
yaxşı başa düşürdüm ki, İlyas müəllim
bu oçerk söhbəti ilə məni təzədən ədəbi
aləmə qovuşdurmaq istəyir. Tək-tək
qığılcımları görünən ocağın
külünü eşələyib, üfürüb
alovlandırmağa çalışırdı.
Yusif Həsənbəy
525-ci qəzet.-
2013.- 3 oktyabr.- S.7.